Norm şirkətində Yay Təcrübə proqramı

posted in: Xəbər | 0

Norm şirkəti 2018-ci il üzrə Yay Təcrübə proqramını elan edir.

Təcrübə proqramına aşağıdakı ixtisaslar üzrə tədris müəsisəsinin III və IV kurslarında və ya magistr pilləsində təhsil alan şəxslər qatıla bilərlər:

  • İnşaat mühəndisliyi,
  • İqtisadiyyat, Logistika, Nəqliyyat
  • İnşaat Materialları, Yapışdırıcı Materiallar və Beton istehsalı Texnologiyası
  • Avtomatika, İdarəetmə Sistemləri, Elektrik, Energetika, Elektronika
  • Maşınqayırma, Texnoloji maşınlar və Metallurgiya
  • Kimya və Kimya texnologiyası
  • İdarəetmə, insan resursları,  inzibati idarəetmə, təsərrüfat

Tələblər

  • Proqrama müraciət forması
  • Norm Sement zavodunda təcrübə keçməkdə məqsədi və gələcək karyera planlarını əks etdirən niyyət məktubu (Letter of purpose)
  • Tələbə olduğunu təsdiq edən sənəd
  • Elmi işlərin siyahısı (əgər varsa)
  • İştirak etdiyi əlavə kurs və ya təlimləri təsdiqləyən sənəd (əgər varsa)
  • Magistrlər üçün – bakalavr diplomunun surəti

Şərtlər

İş qrafiki: Bazar ertəsi – Cümə

Müddət: 2-3 ay

Əlavə olaraq: nahar və nəqliyyat xidməti

Müraciətlər

Müraciətlərinizi aşağıda qeyd olunmuş formanı yükləyib doldurdurdan sonra 06 may 2018-ci il tarixinədək  email ünvanına mövzu hissədə “Internship” qeyd edərək göndərməyiniz xahiş olunur:

Təcrübə proqramına müraciət forması

Qeyd: Təcrübə proqramı ödənişsizdir və Şirkət təcrübəçiləri mütləq qaydada işə götürmək öhdəliyi daşımır.

Mənbə: norm.az

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Əmək haqqı və əmək haqqına əlavələr barədə bilmədiklərimiz

posted in: Xəbər | 1

Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

Əmək müqaviləsində razılaşdırılmış əmək haqqı və əlavələr birtərəfli qaydada dəyişdirilə və ya azaldıla bilməz.

Ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir.

Əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır.

İşçinin heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Minimum əmək haqqı — iqtisadi, sosial şərait nəzərə alınmaqla qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əmək haqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir.

Əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir:

  • Tarif (vəzifə) maaşı — işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir.
  • Əmək haqqına əlavə — əmək şəraiti ilə əlaqədar əvəzödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir.
  • Mükafat — əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir.

İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əmək haqqı tarif maaşının iki mislindən aşağı olmamaqla ödənilir. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işləmiş işçinin arzusu ilə ona əmək haqqı əvəzinə başqa istirahət günü verilə bilər.

İşçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla ödənilir.

Boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir. İşçinin təqsiri üzündən boşdayanma vaxtı ödənilmir.

İşəgötürən əmək haqqının hesablanması, ödənilməsi və ondan tutulmaların aparılması barədə bütün mühasibat hesablamaları əks etdirilən işçilərin haqq-hesab sənədlərini (kitabçalarını, vərəqələrini, çeklərini) tərtib edir.İşçilərin haqq-hesab sənədlərində (kitabçalarında, vərəqələrində, çeklərində) aşağıdakı məlumatlar göstərilir: hesablanmış əmək haqqının ümumi məbləği; əmək haqqına əlavələr, mükafatlar, habelə digər ödənclər, onların növü və məbləğləri; əmək haqqından tutulan məbləğlər — tutulmanın adı, növü, səbəbi və məbləği; faktik ödənilən məbləğ; tərəflərin birinin digərinə ödənilməmiş pul borcu və onun məbləği. Haqq-hesab sənədləri (kitabçaları, vərəqələri, çekləri) onları tərtib edən mühasib tərəfindən imzalanır və hər dəfə əmək haqqı verilərkən işçiyə təqdim edilir.

Ağır və zərərli işə görə əlavə ödənişlər: Azərbaycan Respublikasının müəssisə, idarə və təşkilatlarında iş yerlərinin attestasiyasının nəticələri əsasında əmək şəraiti ağır və zərərli olan işlərdə çalışan işçilərin tarif (vəzifə) maaşlarına əmək şəraitinin ağır və zərərlik səviyyəsindən asılı olaraq artımın (əmsalın) minimum miqdarı aşağıdakı kimi ödənilir:

əmək şəraiti ağır və zərərli işlərdə əmək şəraitinin ağır və zərərliliyin:

aşağı səviyyəsində – 1,04
orta səviyyəsində – 1,08
yuxarı səviyyəsində – 1,12

əmək şəraiti xüsusilə ağır və xüsusilə zərərli işlərdə əmək şəraitinin ağır və zərərliliyin:

aşağı səviyyəsində – 1,16
orta səviyyəsində – 1,20
yuxarı səviyyəsində – 1,24

Susuzluğa görə əlavə ödəniş: Azərbaycan Respublikasının susuz torpaq ərazilərində daimi içməli su mənbəyindən 20 km-dən 40 km-dək uzaqda yerləşən müəssisə, idarə, təşkilatlarda və ya iş yerlərində çalışan işçilərin əmək haqqına artımın (əmsalın) minimum miqdarı 1,2 40 km və ondan çox olduqda isə artımın (əmsalın) minimum miqdarı 1,4 məbləğində müəyyən edilsin.

Dəniz əmsalına görə əlavə ödəniş: Xəzər dənizində yerləşən obyektlərdə çalışan işçilərin tarif (vəzifə) maaşlarına sahillə əlaqə şəraitindən asılı olaraq artımın (əmsalın) minimum miqdarı aşağıdakı kimi müəyyən edilsin:

sahillə quru yol əlaqəsi olduqda – 1,4
quru yol əlaqəsi olmadıqda və sahildən aşağıdakı uzaqlıqda yerləşdikdə:
0,5 km-ə qədər
-1.5
0,5 km-dən 70 km-ə qədər 1,65
70- km-dən artıq 1,75

Hündürlük əmsalına görə əlavə ödəniş: Azərbaycan Respublikasında dəniz səviyyəsindən hündürlükdə yerləşən müəssisə, idarə, təşkilatlarda və ya iş yerlərində çalışan işçilərin əmək haqqında hündürlük 1200 metrdən 1500 metrədək olduqda, artımın (əmsalın) minimum miqdarı 1,1, 1500 metrdən 2000 metrədək olduqda, artımın (əmsalın) minimum miqdarı 1,2, 2000 metrdən yuxarı olduqda isə artımın (əmsalın) minimum miqdarı 1,3 məbləğində əlavə ödəniş edilir.

Gecə vaxtına görə əlavə ödəniş: gecə vaxtı yerinə yetirilən işin hər saatına görə işçiyə onun saatlıq tarif (vəzifə) maaşının 20 faizi, çoxnövbəli iş rejiminin axşam növbəsində işin hər saatına görə işçinin saatlıq tarif (vəzifə) maaşının 20 faizi, gecə növbəsində isə 40 faizi həddində əlavə haqq müəyyən edilsin.

Çoxnövbəli iş rejimi deyildikdə mülkiyyət və təşkilati-hüquqi formasından, idarə tabeçiliyindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda (fasiləsiz iş axını olan istehsalatlar da daxil olmaqla) gün ərzində iki və daha çox növbədə təşkil olunmuş, növbə müddəti Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 89-cu maddəsinə uyğun olaraq 40 saatlıq iş həftəsində (nahar fasiləsi nəzərə alınmadan) 8 saatdan çox olmayan iş rejimi başa düşülür. Bu halda işçilərin iş rejimi növbə cədvəlləri üzrə qurulur və adətən iş saatları həftələr üzrə bərabər bölüşdürülür.

Dəniz nəqliyyatında işə görə əlavə ödəniş: dəniz nəqliyyatında ezamiyyə xərcləri əvəzinə üzücü heyətin üzvlərinə sutkalıq ödənişlərin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 4 may tarixli 75 nömrəli qərarı ilə işçilərə ödənilən əlavə mükafatlar.

Mükafat — əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir. Mükafatların məbləği: işçilərlə bağlanmış Əmək müqavilələri, Kollektiv müqavilələr, müəssisədaxili və ya yuxarı təşkilatların daxili normativ sənədləri (əsasnamə, qaydalar və sair) ilə tənzimlənə bilər.

İşçilərə verilən mükafatlar: hər bir işə görə birdəfəlik, aylıq, rüblük, yarımillik və ya illik qaydada nəzərdə tutula bilər.

Peşəkarlığı və ya yerinə yetirdiyi hallar istisna olmaqla mükafatların verilməsində ayr-seçkiliyə yol verilə bilməz.

Mənbə: nhmt-az.org

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Avtonəqliyyat xidməti göstərən şəxslərin vergi öhdəlikləri

posted in: Vergi, Xəbər | 0

Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyiciləri hər ay üçün vergi ödəməlidirlər. Mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsilə həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləri hesab olunurlar. Bu şəxslərin mülkiyyətində və ya istifadəsində olan avtomobil nəqliyyatı vasitələri sadələşdirilmiş verginin vergitutma obyektidir və sözügedən vergi cədvəldəki kimi müəyyən olunmuşdur:

Daşınma növü Ölçü vahidi Verginin aylıq məbləği
Sərnişin daşınması ( taksi istisna olmaqla ), oturacaq yerlərinin sayına görə 1 oturacaq üçün yer 1,8 manat
Taksi ilə sərnişin daşınması 1 ədəq nəqliyyat vasitəsi üçün 9 manat
Yük daşınması Yük götürmə qabiliyyəti üçün (hər tona) 1 manat

Sadələşdirilmiş verginin məbləği sərnişin və yük daşınmasının həyata keçirildiyi ərazidən asılı olaraq, cədvəldə göstərilmiş vergi məbləğinə xüsusi əmsallar tətbiq olunmaqla müəyyən edilir. Daşımalar Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) və Bakı şəhəri ilə ölkənin digər yaşayış məntəqələri arasında həyata keçirildikdə bu əmsal 2-yə, Abşeron rayonu, Sumqayıt, Gəncə şəhərlərində və həmin rayon və şəhərlərlə digər yaşayış məntəqələri arasında (Bakı şəhəri istisna olmaqla) həyata keçirildikdə 1,5-ə bərabər olur. Daşıma digər şəhər və rayonlarda və həmin şəhər və rayonlarla yaşayış məntəqələri arasında həyata keçirildikdə (Bakı, Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonu istisna olmaqla) 1,0 əmsal tətbiq edilir.

Avtomobil nəqliyyatı vasitələrində (taksi istisna olmaqla) oturacaq yerlərinin sayı və ya yükgötürmə qabiliyyəti avtomobil nəqliyyatı vasitələrinin qeydiyyat şəhadətnaməsinə əsasən müəyyən edilir.

Avtomobil nəqliyyatı vasitələrindəki (taksi istisna olmaqla) oturacaq yerlərinin sayı və ya yükgötürmə qabiliyyəti həmin nəqliyyatı vasitələrinin qeydiyyat şəhadətnaməsində göstərilmədikdə, bu göstəricilər Daxili İşlər Nazirliyi tərəfindən vergi orqanlarına verilmiş arayışlar əsasında müəyyən edilir. Oturacaq yerlərinin sayını avtomobil nəqliyyatı vasitələrinin qeydiyyat şəhadətnaməsi və ya Daxili İşlər Nazirliyi tərəfindən verilmiş arayışlar əsasında müəyyən etmək mümkün olmadıqda, sadələşdirilmiş verginin məbləği yerlərin faktiki sayına görə müəyyən edilir.

Avtomobil nəqliyyatı vasitəsilə sərnişin və yük daşımalarına görə aylıq sadələşdirilmiş vergi hər bir avtonəqliyyat vasitəsi üçün – cədvəldə göstərilmiş sadələşdirilmiş verginin ölçü vahidini verginin aylıq məbləğinə və daşımanın həyata keçirildiyi ərazidən asılı olaraq müəyyən edilmiş əmsala vurmaqla hesablanır və dövlət büdcəsinə ödənilir.

Misal: Oturacaqlarının sayı 17 olan mikroavtobusla Bakı şəhərində sərnişin daşımasını həyata keçirirsiniz. Bu zaman ödəyəcəyiniz verginin aylıq məbləği aşağıdakı kimi hesablanacaq:

Oturacaqların sayı 17 olduğu halda, sadələşdirilmiş verginin aylıq məbləği 17 x 1,8 = 30,6 manat olacaq və sizin fəaliyyətiniz Bakı şəhərində həyata keçirildiyindən ödəyəcəyiniz sadələşdirilmiş verginin aylıq məbləği 30,6 x 2= 61,2 manat olacaqdır.

Vergi ödəyicisi təqvim ayının sonunadək ərizə ilə birlikdə sadələşdirilmiş verginin tam məbləğdə ödənilməsini təsdiq edən bank ödəniş sənədini təqdim etməklə öz istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarımil və ya il üçün ciddi hesabat blankı olan «Fərqlənmə nişanı» alır. Artıq taksi fəaliyyəti üçün lisenziya və fərqlənmə nişanı «ASAN xidmət» tərəfindən verilir. Bu yenilik Prezident İlham Əliyevin imzaladığı «Dövlət xidmətlərinin göstərilməsində şəffaflığın artırılması, yaşayış yeri üzrə qeydiyyat və lisenziyalaşdırma prosedurlarının elektronlaşdırılması sahəsində bəzi tədbirlər haqqında» fərmanda öz əksini tapıb. Fərmana əsasən, «ASAN xidmət»in göstərdiyi xidmətlərin sırasına taksi fəaliyyəti üçün xüsusi razılıq (lisenziya), eləcə də taksi avtomobillərinə «Fərqlənmə nişanı»nın verilməsi əlavə edilib. Həmçinin, Nəqliyyat Nazirliyinə tapşırılıb ki, taksilərə lisenziya və «Fərqlənmə nişanı»nın verilməsi xidmətlərinin «ASAN xidmət» mərkəzlərində həyata keçirilməsini təmin etsin.

«Fərqlənmə nişanı» vergi ödəyicisinin ərizəsinə əsasən 2 iş günündən gec olmayaraq verilir. Avtonəqliyyat xidməti göstərən şəxslər tərəfindən ödənilmiş vergi onların həmin ayda fəaliyyət göstərib-göstərməməsindən asılı olmayaraq, geri qaytarılmır və növbəti ayın vergiləri ilə əvəzləşdirilmir. Avtonəqliyyat vasitəsinin sahibi və ya istifadəçisi dəyişdikdə, həmin nəqliyyat vasitəsinə sonrakı aylar üçün əvvəlki sahib və ya istifadəçi tərəfindən qabaqcadan ödənilmiş vergilər nəzərə alınır və verginin ödənildiyini təsdiq edən «Fərqlənmə nişanı»nın yenidən rəsmiləşdirilməsi tələb olunmur.

Sadələşdirilmiş verginin ödənilməsinə avtonəqliyyat vasitəsinin sahibi, nəqliyyat vasitəsi vəkalətnamə (etibarnamə) və ya icarə müqaviləsi əsasında istifadə edildikdə isə vəkalətnamə (etibarnamə) və ya icarə müqaviləsi ilə idarə edən şəxslər məsuliyyət daşıyır. Hüquqi şəxs özünə məxsus avtomobil nəqliyyatı vasitələri ilə daşımaları həyata keçirdikdə, sadələşdirilmiş vergi onun tərəfindən ödənilməlidir. Fəaliyyəti yalnız avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarından ibarət olan vergi ödəyiciləri vergi orqanlarına bəyannamə vermirlər.

Vergi ödəyicilərinin mülkiyyətində olan avtomobil nəqliyyatı vasitələri ilə öz istehsal fəaliyyətini təmin etmək üçün işçilərinin və özünə məxsus yüklərinin daşınmasında istifadə olunan avtomobil nəqliyyatı vasitələri sadələşdirilmiş vergiyə cəlb edilmir və bu nəqliyyat vasitələri üçün heç bir haqq ödənilmədən «Xüsusi fərqlənmə nişanı» alınır. Bu nişanı almış vergi ödəyiciləri avtomobil nəqliyyatı vasitələrini satarkən və ya icarəyə verərkən, habelə digər məqsədlər üçün istifadə edərkən ən azı 1 iş günü əvvəl bu nişanı geri qaytarmalıdır.

Xüsusi nişan və avadanlıqlarla təchiz olunmuş xüsusi təyinatlı (sahibkarlıq fəaliyyəti çərçivəsində onlara digər vergi ödəyiciləri tərəfindən göstərilən bu cür xidmətlər istisna olmaqla), habelə dövlət hakimiyyəti orqanlarının, büdcə təşkilatlarının və yerli özünüidarəetmə orqanlarının, Mərkəzi Bankın, hasilatın pay bölgüsü, əsas ixrac boru kəməri haqqında və bu qəbildən olan digər sazişlər çərçivəsində fəaliyyət göstərən xarici podratçıların və subpodratçıların, dövlət fondlarının, xarici ölkələrin diplomatik və konsulluq nümayəndəliklərinin, beynəlxalq təşkilatların nümayəndəliklərinin rəsmi istifadəsi üçün nəzərdə tutulan avtomobil nəqliyyatı vasitələri üçün «Fərqlənmə nişanı» və ya «Xüsusi fərqlənmə nişanı» alınmır. «Fərqlənmə nişanı» olmadan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və ya yük daşınmasına görə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Müəllif: Rəşad Sadıqov

www.vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.