1,6 milyard vergi ödəyən yerli şirkət

posted in: Vergi, Xəbər | 0

Azercell mobil rabitə şirkətinin 20 illik fəaliyyəti ərzində investisiyaları 1,467 milyard dollar təşkil edib.

Bu barədə Azercell-in mətbuat konfransı zamanı bildirilib.

Qeyd edilib ki, təkcə ötən il şirkət 24,6 milyon dollardan çox təşkil edib.

Azercell-in dövlət büdcəsinə ödənişlərinə gəlincə, bildirilib ki, 2016-cı ildə şirkət tərəfindən dövlət büdcəsinə 179,7 milyon manat ödənilib.

Mobil rabitə şirkətinin 1996-2017-ci illərdə dövlət büdcəsinə ödəmələri 1,637 milyard manatı ötüb.

Mənbə: xeberler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Təhsil müəssisələrində çalışan işçilərin əmək haqları artırıldı

posted in: Xəbər | 0

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, təhsil müəssisələrində çalışan işçilərin sosial müdafiəsini daha da gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə qərara alıram:

1. Dövlət büdcəsindən maliyyələşdirilən təhsil müəssisələrində (ali təhsil müəssisələri istisna olmaqla) çalışan işçilərin aylıq vəzifə maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 fevral 2018-ci il.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Əmək qanunvericiliyini pozduğuna görə Vergilər Nazirliyi 4 şirkəti 99 min manat məbləğində cərimələyib

posted in: Vergi, Xəbər | 0
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci il 9 oktyabr tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı” təsdiq edilib. Ötən müddətdə Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası tərəfindən bu sahədə əmək münasibətlərinin tənzimlənməsi, işəgötürən-işçi əməkdaşlığının rəsmiləşdirilməsi, əməyin ödənişinin təşkilinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, işçilərin sosial müdafiəsinin gücləndirilməsi və s. sahələrdə mühüm tədbirlər həyata keçirilib.
Həyata keçirilən tədbirlər çərçivəsində cari ilin yanvar ayı ərzində Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən Bakı şəhəri və Şamaxı rayonunda 4 müəssisədə (“Grand Hospital, Kərimov Rəhman Firuz oğluna məxsus ərzaq mağazası, Zəkiyev Saleh Mirabas oğluna məxsus mağaza, “İmplant Art” Dental Klinika”) qeyri-rəsmi məşğulluqla mübarizəyə dair yoxlamalar aparılıb və bir sıra qanun pozuntuları aşkar edilib. Həmin dörd müəssisə ümumilikdə 99 min manat məbləğində cərimə olunub.
Vergilər Nazirliyi tərəfindən Bakı şəhəri və Şamaxı rayonunda adıçəkilən müəssisələrdə aparılan vergi nəzarəti tədbirləri zamanı 99 nəfərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmək müqavilələri hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən muzdla işə cəlb olunduğu aşkar edilib ki, bunlardan 93 nəfəri Bakı şəhərində fəaliyyət göstərən müəssisələrin, o cümlədən 90 nəfəri “Grand Hospital” tibb müəssisəsinin, 3 nəfər digər müəssisələrin, 6 nəfər isə Şamaxı rayonunda fəaliyyət göstərən Kərimov Rəhman Firuz oğluna məxsus ərzaq mağazasının payına düşür.
Bildirilir ki, yoxlama aparılan 4 müəssisədə əmək müqaviləsi ilə işləyənlərin sayı 106 nəfər olub, o cümlədən əmək müqaviləsi olmadan işləyən 99 nəfərdən 31 nəfərinin əmək müqaviləsinin bağlanması rəsmiləşdirilərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sisteminə (ƏMBEİS) daxil edilib. Əmək müqaviləsi bağlamadan işləməsi aşkarlanan 99 nəfərdən 92 işçinin əsas iqtisadi fəaliyyət növü əhaliyə səhiyyə xidmətlərinin göstərilməsi, 7 nəfər isə xidmət (mağazalarda satış) sahəsinə daxil olduğu aşkar edilib.
Vətəndaşlarımızın sağlam və normal yaşayış tərzinin təmin edilməsində mühüm rol oynayan və səhiyyə sahəsində fəaliyyət göstərən bəzi özəl klinika və xəstəxanalarda belə halların baş verməsi yolverilməzdir.
Eyni zamanda, cari ilin yanvar ayı ərzində Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən də Bakı şəhəri üzrə ümumilikdə 10 tikinti obyekti olmaqla (“MVVL Verus Praedium” Mənzil Tikinti Kooperativi, “Babək-94” Müstəqil Kiçik Müəssisəsi, “TTF-A” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Laura” Firması, “Kaspian Park” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Evian Konstruksiya” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Piramida-F.R.” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Gözəl Bakı” Mənzil-Tikinti Kooperativi, Xəlilov Azər Rəfail oğluna məxsus sair fərqi xidmətlərin göstərilməsi) 6 səyyar monitorinq həyata keçirilib. Tikinti obyektlərində keçirilmiş monitorinqlər zamanı 70 nəfər əmək müqaviləsi olmadan çalışan işçi aşkar edilib. Yoxlama tədbirlərindən öncə həmin müəssisələrdə qüvvədə olan əmək müqavilələrinin sayı 791 olduğu halda, yoxlamadan sonra isə əmək müqavilələrinin sayı artaraq 975 olub.
Cari ilin yanvar ayı ərzində ölkə üzrə rəsmiləşdirilən əmək müqavilələrinin sayı 64.140 ədəd, xitam verilən müqavilələrin sayı 50.475 ədəd olub, bağlanan əmək müqavilələrinin sayında artımı ümumilikdə 13.665 ədəd təşkil edib.
Onu da qeyd etmək lazımdır ki, Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan üç min manatadək miqdarda, vəzifəli şəxslər üç min manatdan beş min manatadək miqdarda, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək miqdarda cərimə edilir. Cinayət Məcəlləsinin 162-1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yeddi min manatdan on min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Eyni əməllər təkrar törədildikdə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 162-1-ci maddəsinin “Qeyd” hissəsinə əsasən həmin maddədə “xeyli sayda” dedikdə, on nəfər və ondan çox olan işçilərin sayı nəzərdə tutulur.
Məlum olduğu kimi, əmək haqlarının leqallaşdırılması ilk növbədə vətəndaşların sosial maraqlarının təmin olunmasına yönəldilib və vətəndaşlar işəgötürənlər tərəfindən onlara ödənilən qeyri-rəsmi əmək haqları ilə razılaşmaqla özlərini gələcəkdə dövlətin sosial təminatından məhrum etmiş olurlar. Əmək haqqını qeyri-rəsmi alan işçilər ödənişli məzuniyyət haqqının, xəstəlik və işdənçıxma müavinətinin tam həcmdə ödənilməməsi ilə rastlaşır, güzəştli ipoteka və digər kreditləri almaq hüququndan və ən əsası gələcəkdə layiqli pensiya təminatından məhrum olurlar. İşəgötürənlə əmək müqaviləsi bağlamaqla və yalnız rəsmi əmək haqqı ödəməyi tələb etməklə hər bir vətəndaş özünün firavan gələcəyini indidən düşünmüş olacaq. Çünki işçiyə ödənilən rəsmi əmək haqları – gələcək üçün sabit sosial təminatın təməlidir.
Mənbə: qaynarinfo.az

“İnzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edildi

posted in: Xəbər | 0

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 765, № 9, maddə 1650, № 10, maddə 1789; Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1746 nömrəli və 22 dekabr tarixli 1753 nömrəli fərmanları) ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. aşağıdakı məzmunda 11-1-ci, 28-1-ci, 31-1-ci, 54-1-ci, 55-1-ci, 66-1-ci və 73-1-ci hissələr əlavə edilsin:

“11-1. Məcəllənin 185-188-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi adından ― Agentliyin İdarə Heyətinin sədri, İdarə Heyətinin üzvləri, Aparatın rəhbəri, onun müavini, şöbə müdiri, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi.”;

“28-1. Məcəllənin 379-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol:

28-1.1. fərdi məlumatların informasiya sistemlərinə münasibətdə ― bu Siyahının 26-cı hissəsində nəzərdə tutulan vəzifəli şəxslər;

28-1.2. digər informasiya sistemlərinə münasibətdə ― bu Siyahının 28-ci hissəsində nəzərdə tutulan vəzifəli şəxslər.”;

“31-1. Məcəllənin 394-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi adından ― Komitənin sədri, onun müavinləri, Aparatın rəhbəri, şöbə müdiri.”;

“54-1. Məcəllənin 515.0.2 ― 515.0.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol:

54-1.1. inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi adından ― bu Siyahının 36.3-cü bəndində nəzərdə tutulan vəzifəli şəxslər;

54-1.2. inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi adından ― bu Siyahının 1-ci hissəsində nəzərdə tutulan vəzifəli şəxslər.”;

“55-1. Məcəllənin 517-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol:

55-1.1. inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi adından ― bu Siyahının 1-ci hissəsində nəzərdə tutulan vəzifəli şəxslər;

55-1.2. inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti adından ― bu Siyahının 28-ci hissəsində nəzərdə tutulan vəzifəli şəxslər.”;

“66-1. Məcəllənin 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar (Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində törədilən inzibati xətalar istisna olmaqla) haqqında işlər üzrə protokol Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi adından ― bu Siyahının 26-cı hissəsində nəzərdə tutulan vəzifəli şəxslər.”;

“73-1. Məcəllənin 602.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol:

73-1.1. yoxlayıcı orqanlara (yoxlayıcılara) münasibətdə yuxarı dövlət orqanının rəhbəri, onun müavini, Aparatın rəhbəri, onun müavini, şöbə müdiri, onun müavini, baş məsləhətçi, böyük məsləhətçi;

73-1.2. yoxlayıcı orqanlara (yoxlayıcılara) münasibətdə yuxarı dövlət orqanının olmadığı hallarda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi adından ― bu Siyahının 44.2-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər.”;

1.2. 23-cü hissədə “286-cı maddəsində” sözləri “286 və 459-1-ci maddələrində” sözləri ilə əvəz edilsin;

1.3. 26-cı hissəyə “369” rəqəmlərindən əvvəl “325.1, 326,” rəqəmləri əlavə edilsin;

1.4. 41.3-cü bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 41.4-cü bənd əlavə edilsin:

“41.4. audiovizual əsərlərə, fonoqramlara, kompüter proqramlarına, məlumat toplularına, kitab nüsxələrinə münasibətdə Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi adından ― bu Siyahının 11-1-ci hissəsində nəzərdə tutulan vəzifəli şəxslər.”;

1.5. 48.3-cü bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 48.4-cü bənd əlavə edilsin:

“48.4. audiovizual əsərlərə, fonoqramlara, kompüter proqramlarına, məlumat toplularına, kitab nüsxələrinə münasibətdə Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi adından ― bu Siyahının 11-1-ci hissəsində nəzərdə tutulan vəzifəli şəxslər.”;

1.6. 54-cü hissədə “515” rəqəmləri “515.0.1” rəqəmləri ilə əvəz edilsin;

1.7. 55-ci hissə üzrə:

1.7.1. 55.1-ci bəndə “Azərbaycan Respublikasının” sözlərindən və 55.2-ci bəndə “yerli icra hakimiyyəti” sözlərindən əvvəl “inzibati xətanı aşkar etmiş” sözləri əlavə edilsin;

1.7.2. 55.2-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 55.3-cü bənd əlavə edilsin:

“55.3. inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi adından ― bu Siyahının 1-ci hissəsində nəzərdə tutulan vəzifəli şəxslər.”.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 fevral 2018-ci il

Mənbə: president.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.