Yoxlamaların dayandırılması müddəti artırılacaq?

posted in: Vergi, Xəbər | 0

Prezident İlham Əliyev tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim olunan «Sahibkarlıq fəaliyyətində yoxlamaların dayandırılması haqqında» Qanun layihəsinin parla­ment­də qəbul edilməsindən sonra 2015-ci il noyabrın 1-dən sahibkarlıq subyektlərində yoxlamalar iki il müddətinə dayandırıldı. Qanunun müddəalarına əsasən, iki il ərzində yalnız vergi yoxla­ma­ları, insanların həyat və sağlamlığına, düvlətin təhlükəsiz­liyi­nə və iqtisadi maraqlarına təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparılmalıdır. Həmin yoxlamalar isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla həyata keçirilir.

Qeyd edək ki, bu qanun vergi yoxlamalarına şamil olunmasa da, Vergilər Nazirliyinin kollegiya iclasının qərarı ilə kiçik sahibkarlıq subyektlərində səyyar vergi yoxlamalarının və operativ nəzarət tədbirlərinin (əmək müqavilələrinin bağlanmasına və aksizli məhsulların satışı zamanı aksizlərin tətbiqinə nəzarət və dövriyyənin müəyyənləşdirilməsi üçün xronometraj metodu ilə müşahidələrin aparılması istisna olmaqla) keçirilməsi də müvəqqəti olaraq azaldılıb.  Burada kiçik və orta bizneslə məşğul olan sahibkarlar dedikdə, illik dövriyyəsi 200 min manatdan aşağı və sadələşdirilmiş vergi ödəyiciləri olan sahibkarlıq subyektləri nəzərdə tutulur. Həmin sahibkarlıq subyektlərində səyyar vergi yoxlamaları əhəmiyyətli dərəcədə məhdudlaşdırılmışdır. Operativ nəzarət tədbirləri zamanı isə  əmək müqavilələrinin bağlanmasına, vergi ödəyicilərinin dövriyyəsinin müəyyənləşdirilməsi məqsədilə xronometraj metodu ilə yoxlamaların keçirilməsi və aksizli məhsulların satışı zamanı aksizlərin tətbiqinə nəzarət istisna olmaqla, digər yoxlamaların keçirilməsi məhdudlaşdırılıb. Bu məhdudlaşdırmadan sonra vergi yoxlamaları təxminən iki dəfə azalıb.

Kiçik və orta sahibkarlıq subyektlərinin büdcə daxilolmalarında xüsusi çəkisi böyük olmadığı üçün yoxlamaların dayandırılmasının büdcə gəlirlərinə əhəmiyyətli təsiri olmayıb. Ölkəmizdə vergi siyasətinin əsas məqsədi vergi ödəyiciləri ilə münasibətlərin partnyorluq səviyyəsində olması, kiçik və orta biznesin inkişafı, onlarla nəzarətdən çox əməkdaşlıq münasibətlərinin yaradılmasıdır.

Bütün bu müsbət tendensiyalar nəzərə alınaraq, sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddətinin yenidən artırılması nəzərdə tutulur. «Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi»nin yarımillik monitorinq və qiymətləndirmə hesabatında qeyd olunub ki, «Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında» Qanunun tətbiqindən sonrakı 20 ay ərzində vergi yoxlamaları istisna olmaqla, sahibkarlıq subyektlərində cəmi 96 yoxlama, o cümlədən 2017-ci ilin ilk 6 ayı ərzində 26 yoxlama keçirilib. Yoxlamaların dayandırılmasından əvvəlki 20 ay ərzində isə vergi yoxlamaları istisna olmaqla, sahibkarlıq subyektlərində keçirilmiş yoxlamaların sayı 100 mindən çox olub…

Ölkədə sahibkarlığın inkişafının stimullaşdırılması məqsədilə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasının növbəti müddətə artırılması üçün qanunvericilik aktlarının layihələri hazırlanıb və baxılması üçün aidiyyəti qurumlara təqdim edilib. Yaxın vaxtlarda bu məsələ ilə bağlı yeni qərarların qəbul olunacağı gözlənilir.

© vergiler.az

Qanunsuz sahibkarlıq üçün 4 qat cərimə və 5 il həbs gəlir

posted in: Xəbər | 0

Azərbaycanda qanunsuz sahibkarlıqla xüsusilə külli miqdarda ziyan vuran və xüsusilə külli miqdarda gəlir əldə edənlərlə bağlı ayrıca cəzalar tətbiq edilir.

Bununla bağlı Cinayət Məcəlləsinin (CM) 192-ci maddəsinə (Qanunsuz sahibkarlıq) yeni 3.1 və 3.2 bəndlərinin əlavə edilməsi təklif edilir.

Layihəyə görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) almadan, həmçinin lisenziyalaşdırılma şərtlərinin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə həyata keçirilən sahibkarlıq fəaliyyəti ilə məşğul olma vətəndaşlara, təşkilatlara və ya dövlətə xeyli miqdarda ziyan vurduqda, habelə xeyli miqdarda gəlir əldə etməklə törədilən əməllər xüsusilə külli miqdarda ziyan vurma və ya xüsusilə külli miqdarda gəlir əldə etməklə törədildikdə xüsusi cəzalar tətbiq olunacaq. Bu, 3 ilədək müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, yaxud edilməməklə cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilən gəlirin) 4 misli miqdarında cərimə və ya 5 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə cəzasıdır.

Layihə sentyabrın 29-da ictimai dinləmədən keçdikdən sonra Milli Məclisdə müzakirəyə çıxarılacaq.

©  APA

Şirkətin hüquqi sənədlərində dəyişikliklər edilməsi proseduru

posted in: Hüquq, Xəbər | 0

Qanunvericilik: Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu

 

Dövlət qeydiyyatına alınmalı olan dəyişikliklər:

Kommersiya və publik hüquqi şəxslərin aşağıdakı məlumatları dəyişərkən dövlət qeydiyyatına alınması üçün müraciət olunur:

– kommersiya və publik hüquqi şəxsin adı;

– təsis sənədlərində- hüquqi şəxsin nizamnaməsində və onun idarəetmə orqanlarının formalaşdırılması barədə qərarlarındakı məlumatlar;

– rəhbərinin adı, soyadı, atasının adı;

– hüquqi ünvanı;

– təşkilati-hüquqi forması;

– maliyyə ili;

– hər bir təsisçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri, təsisçi hüquqi şəxsdirsə, onun adı, hüquqi ünvanı və qeydiyyatı haqqında, təsisçi dövlət olduqda təsisetmə səlahiyyəti verilmiş dövlət orqanının adı, hüquqi ünvanı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (olduğu halda), təsisçi bələdiyyə olduqda – bələdiyyənin adı, hüquqi ünvanı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi;

– hər bir qanuni təmsilçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri;

– kommandit ortaqlığında – hər bir kommanditçinin mayasının miqdarı;

– məhdud məsuliyyətli cəmiyyətdə və ya səhmdar cəmiyyətində – nizamnamə kapitalının miqdarı, hər bir təsisçinin mayasının miqdarı, direktorlar şurası (müşahidə şurası) yaradıldığı halda, onun hər bir üzvünün adı, soyadı, atasının adı və yaşayış yeri;

– publik hüquqi şəxsdə – nizamnamə fondunun miqdarı, təsisçi tərəfindən verilmiş əmlakın miqdarı, direktorlar şurası (müşahidə şurası) yaradıldığı halda, onun hər bir üzvünün adı, soyadı, atasının adı və yaşayış yeri.

 

Müraciət forması: Kağız (əlbəəl və ya poçt vasitəsi ilə)

 

Ərizənin təqdim olunduğu vergi orqanı: Ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı şöbəsi, Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi, Ərazi Vergilər Departamentinin (İdarəsinin) inzibati binalarında yerləşən vergi ödəyicilərinə xidmət mərkəzləri (xarici investisiyalı kommersiya hüquqi şəxslər və onların nümayəndəlik və filialları, maliyyə-sənaye qrupları, banklar, investisiya fondları,  sığorta və auditor təşkilatları istisna olmaqla).

Ərizənin emal olunduğu vergi orqanı: Ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VN-nin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı şöbəsi, Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi (Ərazi Vergilər Departamentinin (İdarəsinin) ərazisində olan xarici investisiyalı kommersiya hüquqi şəxsləri, xarici kommersiya hüquqi şəxslərin filial və nümayəndəlikləri, maliyyə-sənaye qrupları, banklar, investisiya fondları, sığorta və auditor təşkilatları daxil olmaqla), Ərazi Vergilər Departamentinin (İdarəsinin) Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu şöbələrinin Qeydiyyat və uçot bölmələri (xarici investisiyalı kommersiya hüquqi şəxslər və onların nümayəndəlik və filialları, maliyyə-sənaye qrupları, banklar, investisiya fondları, sığorta və auditor təşkilatları istisna olmaqla).

 

Yerinə yetirilməli olan prosedurlar: Kommersiya və publik hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmış faktlarının hər bir sonrakı dəyişikliyinin qeydiyyata alınması üçün dəyişikliyin baş verdiyi andan 40 iş gündən gec olmayaraq “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında” və ya “Publik hüquqi şəxsin qeydiyyatı haqqında” ərizə ilə müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Kommersiya və publik hüquqi şəxsin nizamnaməsindəki məlumatlarda baş vermiş dəyişiklik faktının dövlət qeydiyyatına alınması zamanı aşağıdakı sənədlər təqdim olunur:

– ərizə;

– təsisçinin (təsisçilərin) qərarı;

– nizamnaməyə dəyişiklik;

– təsisçi dəyişikliyi zamanı yeni təsisçinin (təsisçilərin) şəxsiyyətini təsdiq edən sənəd;

– hüquqi ünvan dəyişikliyi zamanı yeni hüquqi ünvanı təsdiq edən sənəd;

– ərizə səlahiyyətli şəxs tərəfindən təqdim olunduqda onun səlahiyyətini təsdiq edən sənəd.

 Dövlət reyestrində qeydə alınmış faktların sonrakı dəyişikliyinin qeydiyyata alınması zamanı aşağıdakı sənədlər təqdim olunur:

– ərizə;

– təsisçinin (təsisçilərin) qərarı;

– idarəetmə orqanlarının tərkibində (rəhbəri, idarə heyətinin və müşahidə şurasının üzvlərində) dəyişiklik olunduqda həmin şəxslərin şəxsiyyətini təsdiq edən sənəd;

– ərizə səlahiyyətli şəxs tərəfindən təqdim olunduqda onun səlahiyyətini təsdiq edən sənəd.

Dəyişiklik barədə 40 iş günü müddətində qeydiyyat orqanına müraciət olunmaması İnzibati Xətalar Məcəlləsinin 405-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

Kommersiya və publik hüquqi şəxslərin adının dəyişdirilməsi faktının dövlət qeydiyyatına alınması zamanı qeyd olunan sənədlərlə yanaşı həmin hüquqi şəxslərin  möhürü və şəhadətnaməsi qeydiyyat orqanına təhvil verilməlidir. Möhür itirildiyi halda bu barədə mətbuatda dərc edilmiş elan və onun tapılmaması haqqında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş arayış təqdim edilməlidir.

Dəyişiklikliyin dövlət qeydiyyatına alınmasından imtina olunan hallar:

Dəyişiklikliyin dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina oluna bilər:

-təqdim olunmuş sənədlər Azərbaycan Respublikasının Konstitusiyasına, ”Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olduqda;

-ərizədə göstərilən məlumatlar və (və ya) ona əlavə edilən sənədlər yanlış olduqda.

Dəyişikliyin dövlət qeydiyyatına alındığı müddət:

Təqdim olunmuş sənədlər qanunvericiliyin tələbinə zidd olmadıqda qeydiyyat  orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır.

Müraciət olunmadan dövlət qeydiyyatına alınan dəyişikliklər

Kommersiya qurumları və publik hüquqi şəxslər üzrə aşağıdakı məlumatlar birbaşa Vergilər Nazirliyinin qeydiyyat  strukturları tərəfindən əldə edilərək qeydiyyata alınır:

– Azərbaycan Respublikasının Prezidentinin və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin aktları ilə təsis sənədlərində və qeydə alınmış faktlarda edilmiş dəyişikliklər;

-qeydə alınmış faktlarda şəxslərin şəxsiyyətini təsdiq edən sənədlərdəki məlumatlarda dəyişikliklər.

Dövlət mülkiyyətli və ya dövlətin iştirakı ilə yaradılmış hüquqi şəxslərin təsis sənədlərində və qeydə alınmış faktlarındakı dəyişikliklər Azərbaycan Respublikasının Prezidentinin və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin aktları əsasında, Azərbaycan Respublikası vətəndaşlarının şəxsiyyətini təsdiq edən sənədlərdəki məlumatlar Daxili İşlər Nazirliyindən və Dövlət Miqrasiya Xidmətindən onlayn rejimdə əldə olunmuş məlumatlar əsasında 5 gün müddətində Vergilər Nazirliyinin qeydiyyat strukturları tərəfindən qeydiyyata alınır.

Qeyd: Xarici hüquqi şəxslərin Azərbaycan Respublikasındakı nümayəndəliyinin və ya filailının hüquqi şəxslərin təsis sənədlərinin və dövlət reyestrində qeydə alınmış faktlarının  dəyişikliyinin qeydiyyata alınması kommersiya və publik hüquqi şəxslərin məlumat dəyişikliyinin qeydiyyata alınması qaydasında həyata keçirilir.