Vergi bəyannamələri: vaxtında təqdimatın əhəmiyyəti

posted in: Xəbər | 0

Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikasının Konstitusiyasında qeyd edilən bu məqam vergi ödəməyin əhəmiyyətinə diqqəti çəkir. Çünki ödədiyimiz vergilər dövlət büdcəsinin artmasına, iqtisadi inkişafa və sosial rifahımızın yüksəlməsinə birbaşa təsir edir. Azərbaycanın vergi sistemində aparılan islahatlar dünyanın qabaqcıl vergi sistemlərində tətbiq edilən təcrübələri yerli biznes mühiti ilə uzlaşdırmaqla vergi ödəyiciləri üçün əlverişli vergi inzibatçılığı formalaşdırıb. Vergi ödəyicilərinin sayında müşahidə edilən davamlı artım, vergi daxilolmaları üzrə dinamika və yerli vergi sisteminə beynəlxalq etimadın artmasını nümayiş etdirən qlobal reytinqlər vergi inzibatçılığının inkişafını səciyyələndirən indikatorlardır. Yerli vergi sistemində şəffaflığın, hesabatlılığın və çevikliyin təmin edilməsi üçün müxtəlif xidmətlər və alətlər istifadəyə verilir. Bu xüsusda, ölkəmizdə vergitutmanın ən optimal metodları tətbiq edilir.

Ölkəmizdə vergitutmanın formaları

Vergi Məcəlləsinə əsasən vergitutma 3 formada həyata keçirilir. Bilavasitə mənbədən vergitutma metodunda verginin gəlir və ya mənfəət əldə edilməsinədək tutulması, bəyannamə üzrə üsulda verginin gəlir və ya mənfəət əldə edilməsindən sonra tutulması, bildiriş üzrə dedikdə isə vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsi nəzərdə tutulur. Azərbaycanda vergi ödəyicilərinin əksəriyyəti öz öhdəliklərini yerinə yetirərkən vergitutmanın formaları arasında vergi bəyannaməsinin təqdim edilməsi metodundan istifadə edilər. Vergi hesabatının tərtib edilməsi və verilməsi qaydası Vergi Məcəlləsi ilə tənzimlənir. Burada bəyannamələrin təqdim edilməsi ilə bağlı müddətlər və digər qaydalar öz əksini tapıb. Vergi ödəyiciləri bəyannamənin verilməsinin müəyyən edilmiş vaxtınadək son hesablamanı aparmalı və vergini ödəməlidirlər. Əks təqdirdə qanunverciliklə müəyyənləşmiş cərimə və sanksiyalara məruz qala bilərlər.

Ölkəmizdə vergi bəyannamələrini elektron formada da təqdim etmək mümkündür. Vergi sisteminin vergi ödəyicilərinin tələblərə uyğunlaşdırılması istiqamətində inkişaf prioritetlərinə uyğun olaraq bəzi bəyannamələrin sadələşdirilməsi və optimallaşdırılması da həyata keçirilir. Bu istiqamətdə “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə” təkmilləşdirilməsi istiqamətində müvafiq işlər aparılıb və sadələşdirilmiş vahid bəyannamə forması hazırlanıb. Bu, vergi ödəyicilərinin inzibati yükünü azaltmaqla yanaşı, mikro və kiçik sahibkarlıq subyektlərinin xidmət mərkəzlərinə müraciət etmədən bəyannanmənin rahat şəkildə təqdim olunmasına imkan verir. Hazırda isə digər bəyannamələrin əvvəlcədən doldurulması (prifiling) sisteminin tətbiqi imkanları araşdırılır. Bütün bunlar vergi orqanlarının vergi ödəyiciləri üçün əlverişli fəaliyyət imkanlarının yaradılmasına xidmət edir. Başqa sözlə ifadə etsək vergi orqanı vergi ödəyicilərinin öhdəliklərini yerinə yetirmələri üçün əlverişli şərtlər yaratmaqla partnyor rolunda çıxış edir.

İntizamlı vergi ödəyicisi olmaq biznesin sosial məsuliyyətidir

Vergi ödəyicilərinin işini asanlaşdıran islahatlar biznes mühitində qarşılıqlı etimad mühitini formalaşdırır. Vergi xidmətlərinin genişləndiyi bu əlverişli ekosistemdə vergi ödəyicilərinin də öz öhdəlikləri var. Bu öhdəlik qanun çərçivəsində fəaliyyəti dəstəkləmək və hesabatlılığı təmin etməkdir. Vergi bəyannaməsinin vaxtında təqdim edilməsi vergi orqanları və vergi ödəyiciləri üçün eyni əhəmiyyəti daşıyır. Bəyannamələrinin vaxtında təqdim edilməsi qanunvericiliyin tələbi olsa da bu, həm də sosial məsuliyyətdir. Bu proses vergi ödəyicisinin qanunlara əməl etməsinin, şəffaflığa töhfə verməsinin və hesabatlılığın təmin edilməsində fəal iştirakının göstəricisidir. Bu öhdəliyinin yerinə yetirilməsi biznes mühitində intizamlı vərdişləri artırır. Qanuna riayət etmək, vergi bəyannamələrini vaxtında və düzgün təqdim etmək biznesin məsuliyyətli olduğunu nümayiş etdirir. Bu məqam potensial müştərilər, tərəfdaşlar və tənzimləyici orqanlar qarşısında biznesin nüfuzunu artırır. Eyni zamanda maliyyə əməliyyatlarında şəffaflığı əks etdirməklə, etimadı və maraqlı tərəflərlə münasibətləri gücləndirir.

Mənbə: vergiler.az

Nağdlaşdırmaya görə ödəmə mənbəyində vergi tutulması

İş və istirahət günlərinin yerləri dəyişdirildi – Ardıcıl 7 gün iş olmayacaq

posted in: Xəbər | 0

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarına əsasən, 2024-cü il 30 dekabr və 2025-ci il 3 yanvar iş günləri, müvafiq olaraq, 2024-cü il 28 və 29 dekabr istirahət günləri ilə əvəz olunub. Bu dəyişiklik iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədi daşıyır.

Qərara əsasən yeni ildə ardıcıl 7 gün iş olmayacaq. Belə ki, 30-31 dekabr, 1-5 yanvar tarixləri qeyri-iş günü olacaq.

Yeni ilin ilk iş günü yanvarın 6-sı olacaq.

İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında

“Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli 194-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 dekabr tarixli 489 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

İş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 30 dekabr və 2025-ci il 3 yanvar iş günləri ilə müvafiq olaraq 2024-cü il 28 və 29 dekabr istirahət günlərinin yerləri dəyişdirilsin.

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Mənbə: nk.gov.az

Əmək kitabçalarının işçilərə qaytarılması ilə bağlı vacib məqamlar

posted in: Xəbər | 0

Əmək Məcəlləsində edilmiş son dəyişikliklərlə bağlı Qanunun keçid müddəasında qeyd edilir ki, bu Qanun qüvvəyə mindiyi tarixdən elektron informasiya sistemində məlumatları mövcud olan əmək kitabçaları işəgötürənlər tərəfindən işçilərə təhvil verilir. Mövzu ilə bağlı sualları cavablandıran iqtisadçı-ekspert Anar Bayramov qeyd olunan maddədə bəzi diqqətçəkən məqamlara aydınlıq gətirir: 

Birinci məqam işəgötürən tərəfindən hansı tarixdən etibarən əmək kitabçalarının qaytarılması ilə bağlıdır. Keçid müddəasında bildirilib ki, bu Qanun qüvvəyə mindiyi tarixdən əmək kitabçaları geri qaytarılmalıdır. Əmək Məcəlləsində dəyişikliklər haqqında Qanunun parlamentdə qəbul tarixi 29 iyun 2024-cü il, dərc edildiyi tarix isə 12 avqust 2024-cü ildir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 85.1-ci maddəsində qeyd edilir ki, qanunlar, fərmanlar və Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir. Bu səbəbdən də Əmək Məcəlləsində edilmiş dəyişikliklər barədə Qanunun qüvvəyə minmə tarixi 12 avqust 2024cü il tarix hesab edildiyindən, işəgötürənlər həmin tarixdən etibarən əmək kitabçalarını işçilərə təhvil verə bilərlər.

İkinci məqam işəgötürən tərəfindən hansı müddətə qədər əmək kitabçalarının təhvil verilməsidir. Keçid müddəasında əmək kitabçalarının təhvil verilməsi ilə bağlı son müddət müəyyən edilməyib. O səbəbdən də əmək kitabçalarının hansı müddətdə işçilərə təhvil verilməsi işəgötürənlər tərəfindən müəyyən edilir.

Üçüncü məqam təhvil verilən əmək kitabçalarında işəgötürənin hər hansı qeydlər aparıb-aparmaması ilə bağlıdır. Dəyişikliyədək əmək kitabçası işəgötürənlər tərəfindən əmək müqaviləsinə xitam halında təhvil verildiyi üçün xitam haqqında qeydlər imza və möhürlə təsdiq edilirdi. İndiki halda isə işəgötürənlər cari, yəni əmək müqaviləsinə xitam verilməyən işçilərin əmək kitabçalarını təhvil verdikləri üçün kitabçada hər hansı qeyd aparılmasına ehtiyac yoxdur.

Dördüncü məqam işəgötürən tərəfindən hansı işçilərin əmək kitabçalarının geri qaytarılması ilə bağlıdır. Qanunun keçid müddəasında qeyd edilir ki, elektron informasiya sistemində məlumatları mövcud olan əmək kitabçaları işçilərə təhvil verilməlidir. Bu zaman sual yaranır ki, elektron informasiya sistemində məlumatları mövcud olmayan əmək kitabçaları işçilərə geri qaytarılmalıdırmı?

Misal

Tutaq ki, işçinin əmək kitabçasında 1 iyul 2014-cü il tarixədək xitam verilən əmək müqavilələri göstəriciləri qeyd edilib. Bu zaman işəgötürən həmin işçinin də əmək kitabçasını geri qaytarmalıdırmı?

Keçid müddəasından belə anlaşılır ki, elektron informasiya sistemində məlumatları mövcud olmayan əmək kitabçaları işçilərə geri qaytarılmamalıdır. Çünki keçid müddəasında qeyd edilməyib ki, bu Qanun qüvvəyə mindiyi tarixdən bütün əmək kitabçaları işəgötürənlər tərəfindən işçilərə təhvil verilməlidir. Xüsusi olaraq vurğulanıb ki, “…elektron informasiya sistemində məlumatları mövcud olan əmək kitabçaları” işçilərə təhvil verilməlidir. Bu səbəbdən də düşünürük ki, işəgötürən yalnız elektron informasiya sistemində məlumatları mövcud olan işçilərə əmək kitabçalarını geri qaytarmalıdır.

Maraqlıdır ki, niyə keçid müddəasında “1 iyul 2014-cü il tarixədək xitam verilən əmək müqavilələri” anlayışından istifadə edilməyib? Cünki 2008-2010-ci illərdə Dövlət Sosial Müdafiə Fondu tərəfindən işəgötürənlərin bəzilərindən əmək kitabçası haqqında məlumatların tələb edilməsi həyata keçirildi. Həmin tələblərlə bağlı bütün işəgötürənlər üzrə prosesi həyata keçirmək mümkün olmasa da, bəzi işçilər üzrə məlumatlar elektron informasya sistemində əks olunub. Bu səbəbdən də həmin şəxslərin əmək stajları üzrə məlumatlar elektron sistemdə əksini taparsa, işəgötürənlər onların da əmək kitabçalarını qaytara bilərlər. Bir hal da mümkündür ki, işçinin əmək stajına başladığı dövrün müəyyən hissəsi kağız formada əmək müqaviləsi imzalanan vaxta təsadüf edib. Bu zaman həmin dövr də elektron informasiya sistemində əks olunmayacaq.

Bəs əmək müqaviləsinə xitam verilən işçinin əmək kitabçası necə təhvil verilməlidir?

Əmək Məcəlləsində son dəyişikliklə bağlı Qanun qüvvəyə mindikdən sonra işçi hər hansı səbəbdən işdən azad oluna bilər. İşəgötürən əmək müqaviləsinə xitamla bağlı prosesi həyata keçirdiyi zaman əmək kitabçasını həmin şəxsə təhvil verməyib. Bu zaman işəgötürən əmək müqaviləsinə xitam verilən işçinin əmək kitabçasına xitamla bağlı qeyd etdikdən sonra sənədi işçiyə təhvil verə bilər.
Digər hal da mümkündür ki, işçinin əmək kitabçası təhvil verildikdən sonra əmək müqaviləsinə xitam verilsin. Bu zaman işəgötürən tərəfindən işçiyə təhvil verilən əmək kitabçası geri alınmaqla xitamla bağlı qeydin aparılması qanunvericilikdə nəzərdə tutulmayıb.

Mənbə: vergiler.az

Müvəqqəti əvəzetməyə görə haqqın ödənilməsi necə tənzimlənir?

Nağdlaşdırmaya görə ödəmə mənbəyində vergi tutulması

posted in: Xəbər | 0

Sadələşdirilmiş verginin ödəmə mənbəyində tutulması

Bəzi hallarda sadələşdirilmiş vergi ödəmə mənbəyində tutulur. Bu hallar aşağıdakılardır:

  • fiziki şəxslərin mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin, habelə torpaq sahələrinin təqdim edilməsi;
  • hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən bank hesabındakı vəsaitin nağdlaşdırılması.

Birinci hal vergi ödəyicisini vergi uçotuna durmaq zərurətindən azad edir. Digər hal isə vergi uçotuna durmuş şəxslərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar əməliyyatlara aid edilir. Onu da qeyd edək ki, sonuncu halda sadələşdirilmiş verginin ödəmə mənbəyində tutulması mənfəət vergisi ödəyiciləri olan hüquqi şəxslərin, habelə fərdi sahibkarların bank hesablarından pul vəsaitini nağdlaşdırdığı hallarda da tətbiq edilir. Eyni zamanda nəzərə almaq lazımdır ki, fərdi sahibkarın sahibkarlıq fəaliyyətinə aid olmayan hesabından yaxud şəxsi debet kartından vəsaiti çıxaran zaman ödəmə mənbəyində vergi tutulmur.

Nağdlaşdırma zamanı ödəmə mənbəyində vergi tutulması

Hüquqi şəxslərə və fərdi sahibkarlara münasibətdə bank hesablarındakı pul vəsaitlərini nağdlaşdıran zaman yerli banklar, xarici bankın Azərbaycan Respublikasındakı filiali və ya poçt rabitəsinin milli operatoru tərəfindən ödəmə mənbəyində vergi tutulması hallarını iqtisadçı ekspert Anar Bayramov şərh edir (mənbə: Anar Bayramov. “Vergi uçotu” kitabı / vergiler.az)

Vergi Məcəlləsinin 220.12-ci maddəsinə əsasən, hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə 1 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanır. Bu maddə ilə bağlı diqqət yetiriləsi məqamlar aşağıdakılardır:

  1. Bu tələb sırf vergi ödəyicilərinə aid olduğundan vətəndaşlardan nağdlaşdırmaya görə vergi tutulmur. Məsələn, tutaq ki, “AA” MMC işçinin əməkhaqqı kartına 500 manat köçürüb, işçi həmin vəsaiti nağdlaşdırdıqda 1 faiz vergi ödəmir. Bundan əlavə, vətəndaşın bank hesabına pul köçürülərkən həmin vəsatin nağd formada hesabdan çıxarılmasına görə 1 faiz sadələşdirilmiş vergi hesablanmır.
  2. Nağd vəsaitlərin çıxarılması ilə bağlı sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə hər hansı güzəşt nəzərdə tutulmayıb.

Yəni istər kənd təsərrüfatı ilə, istərsə də ixrac və ya istehsal fəaliyyəti də məşğul olsun, vergi ödəyicisi bank hesabından nağd pul çıxardıqda 1 faiz sadələşdirilmiş vergi ödəməlidir. Eyni hal bank hesabından çıxarılan nağd pulun təyinatı ilə də bağlıdır. Əməkhaqqı və ya təsərrüfat fəaliyyəti ilə bağlı bank hesabından nağd pul çıxarılmasına görə bütün hallarda 1 faiz vergi tutulur.

  • Bələdiyyələr bank hesabından vəsait çıxaran zaman 1 faiz sadələşdirilmiş vergi tutulmur. Çünki bu maddə hüquqi şəxs statusunda yaradılan müəssisə və təşkilatlara, həmçinin sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə aiddir.

Bu məntiqlə icarə fəaliyyətindən, yəni qeyri-sahibkarlıq fəaliyyətindən gəlir əldə edənlər də bank hesabından vəsaiti nağdlaşdırdıqda 1 faiz vergi ödəməməlidirlər.

  • Vergi ödəyicisi bank hesablarından nağdlaşdırmaya görə ödədiyi 1 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi xərcini gəlirdən çıxılan xərclərə aid etməlidir.

Yəni gəlir və ya mənfəət vergisi ödəyici müvafiq bəyannamə və cari vergi arayışlarında bu məbləği xərc kimi qeyd edə bilər.

Beləliklə…

Hüquqi şəxslər və fərdi sahibkarlar pul vəsaitlərini bankdan nağd formada alarkən, bank ödəmə mənbəyində 1 % dərəcə ilə ödəmə mənbəyində vergi tutur.

Sadələşdirilmiş verginin ödəmə mənbəyində tutulmasının bu qaydada tutulması 01.01.2017-ci ildən tətbiq edilir. Tətbiqinin ilkin mərhələsində bu müəyyən narazılıqlar yaratdı. Hazırda vergi ödəyiciləri buna adət edib.

Əmək kitabçalarının işçilərə qaytarılması ilə bağlı vacib məqamlar

1 265 266 267 268 269 270 271 2. 692