Read More9
Read More9

Texnologiyalar parkının rezidentlərində çalışan işçilərin vergi öhdəlikləri

posted in: Xəbər | 0

Vergi Məcəlləsinə əsasən, fiziki şəxslərin gəlirləri onların neft-qaz, dövlət və ya özəl sektorda çalışmasından asılı olaraq, fərqli formada vergiyə cəlb edilir. Bəs bu halda texnologiyalar parkının rezidentləri kimi fəaliyyət göstərən sahibkarlıq subyektlərində çalışan işçilərin vergi öhdəliyi və sosial ödənişləri necə hesablanır?

Mövzu ilə bağlı suala əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov aydınlıq gətirir. 

Vergi Məcəlləsinin 3-cü maddəsinə əsasən, texnologiyalar parkının rezidenti – müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada texnologiyalar parkının qeydiyyat şəhadətnaməsini almış və texnologiyalar parkında və ya texnologiyalar parkından kənar fəaliyyət göstərən hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxsdir.

Texnologiyalar parkının rezidenti olaraq fəaliyyət göstərən sahibkarlıq subyektlərində çalışan işçilərdən gəlir vergisi və sosial sığorta haqqının hesablanması ilə bağlı müvafiq qanunvericilik aktarında dəyişiklik edilib. Vergi Məcəlləsinin 101.7-ci maddəsinə əsasən, tutulma aşağıdakı şəkildə müəyyən olunub:

  • 2023-cü il yanvarın 1-dən 3 il müddətində aylıq gəlir 8.000 manatadək olduqda 0 faiz, 8.000 manatdan çox olan məbləğin 5 faizi;
  • 2026-cı il yanvarın 1-dən isə 7 il müddətində aylıq gəlirin 5 faizi həcmində.

Misal 1

Texnologiyalar parkının rezidenti olaraq texnologiyalar parkından kənar fəaliyyət göstərən sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən vergi ödəyicisində çalışan işçinin 2023-cü ilin sentyabr ayında muzdlu işdən gəliri 9.500 manat (əməkhaqqı) olub. İşçinin əməkhaqqından tutulmalı olan gəlir vergisinin məbləğini hesablayaq:

Vergi Məcəlləsinin 101.7.1-ci maddəsinə əsasən, aylıq gəlir 8.000 manatadək olduqda gəlir vergisi tutulmur. 8.000 manatdan yuxarı olduqda isə yuxarı olan hissənin 5%-i məbləğində gəlir vergisi tutulmalıdır. Yəni:

9.500 – 8.000 = 1.500 manat;
1.500 x 5% = 75 manat.

Bu güzəşt 2026-cı il yanvarın 1-dək qüvvədədir. Ondan sonra isə 7 il müddətinə gəlirin 5 faizi həddində gəlir vergisi hesablanacaq. Yəni:

9.500 x 5% = 475 manat.

“Sosial sığorta haqqında” Qanunun 14.8-ci maddəsinə əsasən, texnologiyalar parkının rezidenti (o cümlədən sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslər), onun podratçısı və podratçı ilə birbaşa müqavilə bağlamış subpodratçı, habelə bu şəxslər tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən fiziki şəxslər (əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istisna) üzrə 2023-cü il yanvarın 1-dən 10 il müddətində məcburi dövlət sosial sığorta haqqı, öz seçimlərindən asılı olaraq, aşağıdakılardan biri kimi müəyyən ediləcək:

• minimum aylıq əməkhaqqı məbləğinin dörd misli miqdarından və ya

• muzdlu işdən əldə edilən gəlirlərdən.

Sığortaolunan, yəni işçi hər il yanvar ayının 15-dək öz seçimi barədə yazılı məlumatı sığortaedənə, yəni işəgötürənə təqdim edir və təqvim ilinin sonunadək həmin seçim dəyişdirilmir. Növbəti təqvim ili üçün sığortaolunan qeyd olunan müddətdə seçimi barədə yazılı məlumatı təqdim etmədikdə sığortaedən əvvəlki ildə həmin sığortaolunanın seçimini tətbiq edir. Təqvim ili ərzində qeyd edilən kateqoriyadan olan yeni işə götürülən şəxsə münasibətdə isə müqavilə bağlamaq üçün ərizədə qeyd etdiyi seçimi tətbiq olunur.
Misal 2: Texnologiyalar parkının rezidenti olaraq texnologiyalar parkından kənar fəaliyyət göstərən sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən vergi ödəyicisində çalışan işçinin 2023-cü ilin sentyabr ayında muzdlu işdən gəliri 9.500 manat (əməkhaqqı) olub. İşçinin müəyyən edilmiş seçimlərin hər biri üzrə ödəməli olduğu sosial sığorta haqqının məbləğini müəyyənləşdirək:

1. Minimum aylıq əməkhaqqı məbləğinin dörd misli miqdarından:

Hazırda minimum aylıq əməkhaqqının 345 manat olduğu nəzərə alınaraq hesablama belə olacaq:

345 x 4 = 1.380 manat.

a) Dövlət sektoru üzrə sosial sığorta haqqına cəlbedilmə olarsa;

Sığortaedən: 1.380 x 22% = 303.6 manat;
Sığortaolunan: 1.380 x 3% = 41.4 manat.

b) Özəl sektor üzrə sosial sığorta haqqına cəlbedilmə olarsa;

Sığortaedən: (200 x 22% ) + (1.180 x 15%) = 221 manat;
Sığortaolunan: (200 x 3%) + (1.180 x 10%) = 124 manat.

2. “Sosial sığorta haqqında” Qanunun 14.3-cü və 14.4-cü maddələrinə uyğun olaraq

a) Dövlət sektoru üzrə sosial sığorta haqqına cəlbedilmə olarsa;

Sığortaedən: 9.500 x 22% = 2.090 manat;
Sığortaolunan: 9.500 x 3% = 285 manat.

b) Özəl sektor üzrə sosial sığorta haqqına cəlbedilmə olarsa;

Sığortaedən: (200 x 22% ) + (9.300 x 15%) = 1.439 manat;
Sığortaolunan: (200 x 3%) + (9.300 x 10%) = 936 manat.

Mənbə: vergiler.az

Fiziki şəxslərin əmlak icarəsindən yaranan vergi öhdəlikləri

Nağd alınmış mallara görə ödəmə mənbəyində vergi tutulması

posted in: Xəbər | 0

Hansı halda vergi ödəyiciləri vergi ödəyicisi olmayan şəxslərdən malları nağd qaydada ala bilər? Nağd alınmış mallara görə ödəmə mənbəyində vergi tutulması necə aparılır?

Nağd alışa icazə verilən mallar

“Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanunu hüquqi və fiziki şəxslər arasında aparılan əməliyyatlar zamanı nağd puldan istifadə qaydalarını tənzimləyir. Belə əməliyyatlar həm də nağd pul kütləsinin nağdsız hesablaşma ilə əvəzləməklə bank sisteminin inkişafına təkan verir.

Yuxarıda qeyd edilən qanunun 3.5-ci maddəsi vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən bəzi malların nağd qaydada satın alınmasına icazə verir (vergi ödəyiciləri haqqında bizim vergitutma elementləri haqqında məqaləmizdən oxuya bilərsiniz). Bunlar aşağıdakılardır:

  • kənd təsərrüfatı məhsulları (istehsalçılardan alınan məhsullar istisna olmaqla);
  • əlvan və qara metal qırıntılarının qəbulu;
  • utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatların qəbulu;
  • utilizasiya məqsədləri üçün işlənmiş şinlərin qəbulu;
  • xam dərinin tədarükü (alışı).

Təcrübədə vergi ödəyicisi kimi uçotda olmayan şəxslərdən nağd alınmış mallara görə ödəmə mənbəyində vergi (ÖMV) tutulması ilə bağlı müəyyən suallar yaranır.

Nağd alınmış mallara görə ödəmə mənbəyində vergi

Problemi iqtisadçı ekspert Anar Bayramov vergiler.az saytına nümunələr əsasında aşağıdakı kimi şərh edib.

Misal: Tutaq ki, “AA” MMC vergi uçotunda olmayan şəxslərdən 20.000 manat məbləğində mallar alıb. Bunun 12.000 manatlığı kənd təsərrüfatı mallarıdır. Kənd təsərrüfatı mallarının 5.000 manatı birbaşa kənd təsərrüfatı məhsulları istehsalçısından alınıb. 3.500 manatlıq mal şüşə məmulatı, 4.500 manatlıq mal isə metal qablardır.

Kənd təsərrüfatı istehsalçısı olmayan şəxsdən alınan mallara görə ödənilən 7.000 manatdan (12.000 – 5.000 = 7.000) ödəmə mənbəyində 2 faiz məbləğində, yəni 140 manat vergi tutulmalıdır: 7.000 x 2% = 140 manat.

Kənd təsərrüfatı məhsulu istehsalçısından alınan 5.000 manat məbləğində mal üzrə ödəmə mənbəyində vergi hesablanmır. Çünki Vergi Məcəlləsi kənd təsərrüfatı məhsulu istehsalçılarının gəlirlərini vergidən tam azad edir.

Vergi orqanlarında uçotda olmayan vətəndaşdan alınan 3.500 manatlıq şüşə məmulatı üzrə ödəniş edildikdə ödəmə mənbəyində 70 manat vergi tutulur: 3.500 x 2% = 70 manat.

Şüşə məlumatları da “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.5-ci maddəsində göstərilən malların siyahısına aiddir.

Vergi orqanlarında uçotda olmayan vətəndaşdan alınan 4.500 manatlıq metal qabların alınması zamanı isə ödəmə mənbəyində hər hansı vergi tutulmur. Çünki metal qablar “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların siyahısında yoxdur.

Onu da yadda saxlamaq lazımdır ki, vergi ödəyicisi qeyd edilən bütün malların alınması zamanı Vergi Məcəlləsinin 71-2.1-ci maddəsinin tələblərinə uyğun olaraq alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib etməlidir.

Diqqət etməli məqamlar

Ekspert Anar Bayramovun şərhindən göründüyü kimi, nağd alınmış mallara görə ödəmə mənbəyində vergi tutulması zamanı bəzi şərtlərə diqqət etmək lazımdır. Bunlar aşağıdakılardır:

  • nağd alınmış mallar “Nağdsız hesablaşmalar haqqında” AR qanununun 3.5-ci maddəsinə uyğun gəlirmi?;
  • mallar birbaşa kənd təsərrüfatı məhsulları istehsalçısından alınıbmı?

Bu şərtlərə diqqət etməklə həmin əməliyyatlar Vergi Məcəlləsinin və digər qanunvericilik aktlarının tələblərinə uyğun vergiyə cəlb edilə bilər.

Fiziki şəxslərin əmlak icarəsindən yaranan vergi öhdəlikləri

“Kartdan karta” üsulu ilə işləyən daha 258 sahibkara maliyyə sanksiyası tətbiq edilib

posted in: Xəbər | 0

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhərində iaşə və pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan daha 258 vergi ödəyicisinə maliyyə sanksiyaları tətbiq edib.

Məlumata görə, pərakəndə ticarət və iaşə obyektlərində nağd pul hesablaşmaları qaydalarının pozulması, istifadəsi məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və nağdsız ödənişlərin qəbulundan imtina hallarının qarşısının alınması məqsədilə vergi nəzarəti tədbirlərini davam etdirilir.

Nəzarət tədbirləri nəticəsində indiyədək 258 pərakəndə ticarət və iaşə obyektlərində ödənişlərin POS-terminal deyil, kartdan-karta köçürmə əməliyyatları vasitəsilə həyata keçirilməsinə şərait yaradılması halları aşkarlanıb. Həmçinin araşdırmalar zamanı 40-a yaxın sahibkarlıq subyektində POS-terminalların quraşdırılmadığı halları müəyyənləşdirilib. Həmin sahibkarlıq subyektləri ilə bağlı protokollar tərtib olunub və maliyyə sanksiyalarının tətbiqi barədə qərarlar qəbul edilib.

Xatırladaq ki, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə onların quraşdırılmaması və nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə, vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1 000 manat, ikinci dəfə yol verildikdə 3 000 manat, üç və daha çox dəfə yol verildikdə isə 6 000 manat məbləğində maliyyə sanksiyası tətbiq olunur.

“Nağdsız vəsaitin qəbulu yalnız POS-terminal vasitəsilə həyata keçirilməli və bu zaman vətəndaşlara POS-terminalın qəbzi ilə yanaşı nəzarət-kassa aparatının çeki də təqdim edilməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna uyğun olaraq POS-terminalların quraşdırılması, “Elektron ticarət haqqında” Qanuna əsasən isə istehlakçıların elektron ödəniş etmək imkanının yaradılması vergi ödəyicilərinin birbaşa vəzifələrinə aiddir”, – deyə məlumatda qeyd olunub.

Mənbə: report.az

513 saylı “Qısamüddətli hüquqi öhdəliklər” hesabı üzrə uçot

Fiziki şəxslərin əmlak icarəsindən yaranan vergi öhdəlikləri

posted in: Xəbər | 0

Təcrübədə fiziki şəxslərin öz evlərini, villalarını, digər əmlaklarını vergi ödəyicisi olan və ya olmayan şəxslərə icarəyə verdiklərinin şahidi oluruq. Bu zaman onların hansı vergi öhdəlikləri yaranır? Suala “Turan” Tədris Mərkəzinin təlimçisi və vergi eksperti Cavid Vəlizadə aydınlıq gətirir. 

Fiziki şəxslər öz evlərini, digər əmlaklarını vergi ödəyicisi olan və ya olmayan şəxslərə icarəyə verdikdə aşağıda göstərilən vergi öhdəlikləri yaranacaq:

1-ci hal

Fiziki şəxsə icarə haqqı vergi ödəyicisi kimi uçotda olan şəxslər tərəfindən ödənildikdə icarədən gəlirlər üzrə vergi öhdəliyi ödəmə mənbəyində (14 faiz dərəcə ilə) icarəyə götürən şəxslər tərəfindən yerinə yetirilir. Fiziki şəxsin gəlirləri yalnız icarədən olduğu halda vergi uçotuna alınmaq və bununla bağlı bəyannamə təqdim etmək öhdəliyi yaranmır. İcarə müqaviləsində qeyd olunan məbləğdən 14 faiz dərəcə ilə gəlir vergisi tutulmalı və qalan vəsait icarəyə verən şəxsə ödənilməlidir.

Misal 1: Fiziki şəxs Vəliyev Zəfər öz qeyri-yaşayış obyektini “BY” MMC-yə aylıq 2.000 manata icarəyə verib. Yəni, müqavilədə göstərilən məbləğ 2.000 manatdır. “BY” MMC şəxsə ödəniş edən zaman həmin məbləğdən 280 manat vergi tutacaq və icarəçiyə 1.720 manat ödəniş edəcək.

2000 x 14% = 280 manat;
2000 – 280 = 1720 manat.

2-ci hal

İcarə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi uçotda olmadıqda isə icarəyə verən fiziki şəxs özü vergi ödəyicisi kimi vergi orqanında uçota alınmalı (VÖEN almalı) və bu fəaliyyətdən əldə etdiyi gəlirdən 14 faiz dərəcə ilə vergini hesablamalıdır. Hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə həmin müddətdə hesablanmış gəlir vergisinin məbləğini dövlət büdcəsinə ödəməlidir.

Misal 2: Şəxs Qəbələdə olan villasını vergi ödəyicisi olmayan şəxslərə günlük icarəyə verməklə məşğuldur. İl ərzində o icarədən 80.000 manat gəlir əldə edib. Bu zaman şəxsin illik gəlir vergisi 11.200 manat təşkil edəcək:
80000 x 14% = 11200 manat.

Qeyd edək ki, bu halda həmin şəxsə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə əsasən, muzdlu işə və sahibkarlıq fəaliyyətinə aid olmayan gəlirlər (faiz gəliri, dividend, əmlakın icarəyə verilməsindən gəlir, royalti, sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin təqdim edilməsindən gəlir, hədiyyə və mirasların məbləği, idman oyunları ilə əlaqədar aparılan mərc oyunlarından, lotereyaların keçirilməsindən, habelə digər yarışlardan və müsabiqələrdən pul şəklində əldə edilən uduşlar) üzrə məcburi dövlət sosial sığorta haqqı hesablanmır.

Mənbə: vergiler.az

Fiziki şəxslərin xidməti müqavilə və muzdlu işlə əlaqədar gəlirlərindən ÖMV tutulması

1 267 268 269 270 271 272 273 2. 692
error: Content is protected !!