Read More9
Read More9

6 günlük iş rejimi əslində necə olmalıdır?

posted in: Xəbər | 0

Məlum olduğu kimi dünyanın əksər ölkələrində, o cümlədən ölkəmizdə də geniş yayılmış və Beynəlxalq Əmək Təşkilatının konvensiyalarına əsasən tətbiqinə rəvac verilən 5 günlük standart iş rejimindən fərqli olaraq 6 günlük iş rejimi də tətbiq edilə bilir. Əslində 6 günlük rejim üzrə faydalı iş əmsalının 4 günlük rejimə münasibətdə getdikcə azalması bu yanaşmanın tezliklə sıradan çıxacağını deməyə əsas verir. Ölkə qanunvericiliyinə münasibətdə 6 günlük rejimin tətbiq edildiyi bəzi müəssisələrin olmasını nəzərə alaraq, bu rejim üzrə başlıca diqqət yetirilməli məqamları aşağıdakı kimi formalaşdırmaq mümkündür:

  • Gündəlik iş vaxtının rejimi 8 saatdan, 6 günə paylanacaq bir qrafik baxımından isə cəm halında 40 saatdan çox olmayaraq gündəlik saatın tətbiq edilməsı zərurəti mövcuddur.

Bu halda 5 gün 7 saatlıq, 6-cı gün 5 saatlıq qısaldılmış rejimin tətbiqi mümkündür.

  • Həftələr arası istirahət günləri 1 gündən az ola bilməz.
  • Gündəlik və ya həftəlik qrafikdən kənara çıxma halında, vaxtamuzd sistem üçün hər əlavə saat iki qat həcmdə ödənilməlidir.
  • Günlər arası istirahət saatının müddəti 12 saatdan az ola bilməz. Misal üçün şəxsin iş saatı 20:00-da bitirsə, onun növbəti gün işə başlama saatı 08:00-dan tez ola bilməz.
  • Gündəlik iş saatı müəyyən edilmədiyi halda belə iş vaxtı 8 saatdan çox ola bilməz.
  • Ölkə üzrə müəyyən edilmiş istehsalat təqvimi 5 günlük rejimə münasibətdə təsdiq edildiyi üçün həmin təqvim üzrə iş günlərinə və ya saatlarına münasibətdə istisnalar tətbiq edilməsi mümkündür.

Göründüyü kimi 6 günlük rejimdə işəgötürənlərin xüsusi diqqət yetirməli olduqları məsələlər iş vaxtının uçotunun düzgün tənzimlənməsidir. Əks halda işçi tərəfindən əmək müqaviləsinə xitam zamanı rahatlıqla hər əlavə saat üçün iddia verilməklə ödəniş tələb edilə bilər.

Xeyriyyə fondlarına ianənin vergiyə cəlb olunan mənfəətdən azaldılması qaydası

Hamiləliyə və doğuma görə müavinət hansı dövr üçün verilir?

posted in: Xəbər | 0

Hamiləliyə və doğuma görə müavinət kimə verilir?

Bəzən analıq pulu adlanan bu müavinət uşağa qulluqla əlaqədar müavinətdən fərqli olaraq yalnız qadınlara verilir. Sosial müavinətlərin bir növüdür, əhalinin aşağıdakı işləyən kateqoriyalarının sosial sığorta hadisəsi yarandığı halda bu müavinəti almaq hüququ var:

  • AR vətəndaşları;
  • daimi yaşamaq hüququ olan əcnəbilər;
  • daimi yaşamaq hüququ olan vətəndaşlığı olmayan şəxslər;
  • habelə, qaçqınlar.

Müavinətin təyin edilməsi üçün altı aydan az olmayan sosial sığorta stajı lazımdır. Hamiləliyə və doğuma görə müavinət sığortaolunan qadınlara hamiləliyə və doğuşa görə məzuniyyətdən (yaxud dekretdən) istifadə müddətində hesablanaraq ödənilir. Müavinətin təyin edilməsi xəstəlik vərəqi əsasında aparılır. Digər sənədlər müavinətin təyin olunması üçün əsas vermir. Xəstəlik vərəqi işçinin əsas iş yerində (əmək kitabçasının saxlandığı yerdə) rəhbərliyə təqdim olunur. Rəhbərlik uyğun bölmələrdə qeydlər apardıqdan sonra, müdiriyyətin müavinət təyin edən komissiyası (yaxud səlahiyyətli komissiya üzvü) müavinətin təyin edilməsi məsələsinə baxır.

Hamiləliyə və doğuma görə müavinət, doğuma görə müavinət, müavinət

Hamiləliyə və doğuşa görə məzuniyyətin müddəti Azərbaycan Respublikası Əmək Məcəlləsinin 125-ci maddəsi ilə tənzimlənir.

Hamiləliyə və doğuma görə müavinət hansı müddət üçün verilir?

Həmin məzuniyyətlərin müddəti hamilə qadınların işlədiyi sahədən, həmçinin doğuşun normal, ya da çətin keçməsi, iki, daha çox uşağın doğulmasından asılı olaraq müəyyən olunur (Əmək Məcəlləsi, maddə 125). Kənd təsərrüfatında çalışan hamilə qadınlar istisna olmaqla analıq məzuniyyətinin müddəti:

  • doğuşa qədər – 70 gün;
  • doğuşdan sonra – 56 gün olmaqla 126 gün müddətində təyin edilir.

Əgər doğuş çətin şəraitdə keçərsə, doğumdan sonrakı məzuniyyətin 70 günə qədər uzadılması mümkündür.

Kənd təsərrüfatında fəaliyyət göstərən  qadınlarda hamiləliyə və doğuma görə müavinət dövrü aşağıdakı kimidir:

  • normal keçən doğuma görə 140 günlük (doğuma qədər və doğumdan sonra 70 gün);
  • ağır keçən doğum üçün 156 günlük (doğuma qədər – 70, doğumdan sonra – 86 gün);
  • 2, yaxud daha çox uşaq olduqda 180 günlük (doğuma qədər – 70 gün, doğumdan sonra – 110)  məzuniyyətlər tətbiq olunur.

Buradan hamiləlik, doğuşa görə məzuniyyətlər haqqında  ətraflı məlumatın əldə edilməsi mümkündür.

Erkən doğuş zamanı məzuniyyətin müddəti

Qeyd etdiyimiz kimi, məzuniyyət doğuşa qədər və doğuşdan sonrakı kimi iki dövrdən ibarətdir. Əgər doğuş, məsələn 20 gün tez baş veribsə, işçi daha tez işə çıxır. Hamiləliyə və doğuma görə müavinət faktiki məzuniyyət günlərinə görə hesablandığından, erkən doğuş zamanı artıq hesablanmış müavinət məbləği yaranır. Həmin məbləğ Əsasnamənin (Nazirlər Kabinetinin 189 saylı qərarı) 116-cı maddəsinə görə işçidən tutulur. Müavinətin hesablamasına məsul işəgötürən olduğundan, DSMF orqanlarına rəsmi məlumat verməli, onların rekvizitlər barədə yazılı məktubu əsasında müvafiq ödəniş edilir.

Müavinət dövrünün təyini zamanı xüsusi hallar

Müəyyən səbəblərdən doğuş normal olmaya bilər. Uşaq salınması zamanı hamiləliyə və doğuma görə müavinət ümumi əsaslarla təyin olunur.

Əmək müqaviləsinin düzgün xitam verilməməsi nəticəsində işçi və işəgötürən arasında fərdi əmək mübahisəsi yarana və proses bir müddət uzana bilər. Sığortaolunanın işdən azad olunmasının düzgünlüyü mübahisələndiyi dövrə düşən hamiləliyə və doğuma  görə müavinət bütün hallarda verilir. Hesablanma hamiləliyə və doğuşa görə məzuniyyətin bütün dövrünə düşən iş günləri üçün aparılır.

Hamiləliyə və doğuma görə məzuniyyət müddəti növbəti (əsas və ya əlavə) məzuniyyət və ya uşağa qulluq edilməsi üçün verilən məzuniyyət (həmçinin əməkhaqqı saxlanılmadan) dövrünə təsadüf edərsə, bu zaman xəstəlik vərəqəsinə əsasən hamiləliyə və doğuşa görə məzuniyyətin bütün günləri üçün müavinətin ödənilməsi təmin edilməlidir.

2 aylıq yaş həddinə qədər uşaqları övladlığa götürən, övladlığa qəbul etmədən uşaq böyüdən qadınlar da doğumdan sonrakı 56 günlük məzuniyyətlərdən istifadə hüququna malikdir.

Həbsdə olan vaxt, məhkəmə-tibb ekspertizası zamanı, habelə məhkəmənin qərarına görə məcburi müalicə (ruhi xəstələrdən başqa) zamanı hamiləliyə və doğuma görə müavinət verilmir.

 Müavinətin məbləği

“Əmək pensiyaları haqqında” AR qanununa əsasən müavinətlərin maksimum həddi əmək pensiyasının minimum məbləğinin 25 mislinə qədər olmalıdır.

Hamiləliyə və doğuma görə müavinət bütün hallarda əmək qabiliyyətinin müvəqqəti itirilməsi zamanı müavinətin hesablanmasında nəzərə alınan orta gündəlik qazancın 100 faizi miqdarı nəzərə alınmaqla verilir və müraciət müddəti məhdudlaşdırılmadan ödənilir.

Hamiləlik, doğuma görə müavinətlər əmək münasibətlərində olan işçinin faktiki gəlirindən hesablanaraq sosial sığorta haqqı hesabına ödənilir.

Müavinətin ümumi məbləği orta gündəlik müavinət məbləğinin hamiləliyə və doğuma görə məzuniyyət dövründəki iş günlərinin sayına vurulması ilə hesablanır.

Müavinət məbləği = (((əvvəlki 12 ayın qazancı) / (əvvəlki 12 aydakı iş günləri) x (məzuniyyət müddətindəki iş günlərinin sayı)

Məzuniyyət müddətində sığortaolunanın vəzifə maaşında hər hansı bir dəyişiklik olduğu halda, müavinətin məbləği əməkhaqqının artmış miqdarı nəzərə alınaraq təzədən hesablanmalıdır.

Analıq məzuniyyətinin müddəti bitdikdə nə etməli?

Ana işə getməyə yaxud qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatanadək uşağa qulluğa görə müavinət almağa özü qərar verir. Əgər işə getməyə qərar versə, uşağa qulluğa görə müavinət faktiki uşağa baxacaq ailə üzvünə verilə bilər. Müavinətin bu növü hamiləliyə və doğuma görə müavinətdən fərqli olaraq, işçinin əməkhaqqısına görə deyil, qanunvericilikdə müəyyən olunmuş məbləğdə verilir.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin verilməsi dövrü

2024-cü il üçün əməkhaqqıdan hansı tutulmalar olacaq?

posted in: Xəbər | 0

2018-ci ildən başlayaraq hər il olduğu kimi bu il də bu ənənəyə sadiq qalaraq yeni il öncəsi növbəti il üçün işçinin əməkhaqqısından hansı tutulmaların olması barədə məlumatları təqdim edirik.

“Vergi Məcəlləsi”, “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Qanun layihələrində əməkhaqqına tətbiq ediləcək yeniliklərin olmamasını nəzərə alaraq 2024-cü ildən əməkhaqqıdan tutulmaların aşağıdakı kimi olacağını demək mümkündür:

Hesablamalar 2022-ci ildən olduğu kimi aşağıdakı qaydada hesablanacaq:

  • Dövlət sektoru və neft-qaz sahəsində əmək müqaviləsi əsasında çalışan şəxslərin əməkhaqlarının 8000 manatdan yuxarı hissənin 0.5%-i, 8000 manatadək isə 2%-i məbləğində;
  • özəl sektorda çalışanlar, mülki-hüquqi müqavilə əsasında çalışanların əməkhaqlarından 8000 manatadək hissənin 2%-i, (2021-ci ildə 1% olmuşdu), 8000 manatdan yuxarı hissənin 0.5%-i məbləğində.

Beləliklə hesablanma formasını təqdim edirik.

1) Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslər

Hesablamaları təqdim edirik.

1.1) Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslər

Əməkhaqqısı 400 AZN olanlar üçün nümunə

a) gəlir vergisi – tutulmur (8000 AZN-dək)

b) sosial sığorta haqqı – 400 AZN əməkhaqqının 200 AZN hissəsinə görə 3%-i, yəni 6 AZN, 200 AZN-dən yuxarı hissə üçün isə 200 AZN-in 10%-i, yəni 20 AZN, ümumilikdə 6+20=26AZN

c) işsizlikdən sığorta haqqı – 400 AZN-in 0.5%-i = 2 AZN

d) icbari tibbi sığorta haqqı – 2% = 8 AZN

400-(0+26+2+8)=400-36=364

Netto məbləğ 364 AZN olacaq.

1.2) əməkhaqqısı 8000 AZN-dən çox olanlar üçün nümunə

8100 AZN əməkhaqqı üzrə

a) gəlir vergisi – 8000 AZN-dən yuxarı məbləğin 14%-i

8100-8000=100 AZN

100 AZN-in 14%-i = 14 AZN

b) sosial sığorta haqqı – 8100 AZN-200 AZN=7900 AZN

200 AZN-ə görə 6 AZN (200 AZN-in 3%-i)

7900 AZN-ə görə 790 AZN (7900 AZN-in 10%-i)

c) işsizlikdən sığorta haqqı – 8100 AZN-in 0.5%-i = 40.5 AZN

d) icbari tibbi sığorta haqqı – 8000 manata görə 2%, yuxarı olan 100 manata görə 0.5%=160+0.5=160.5

8100-(14+790+6+40.5+160.5)=8100-1011=7089 AZN

Netto məbləğ 7089 AZN olacaq.

2) Neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslər

2.1) Əməkhaqqısı 400 AZN olanlar üçün nümunə

a) gəlir vergisi – 400 AZN-in 200 AZN-dən artıq hissəsi üzrə 14%

400-200=200

200-ün 14%-i=28AZN

b) sosial sığorta haqqı – 400 AZN-in 3%-i = 12AZN

c) işsizlikdən sığorta haqqı – 400 AZN-in 0.5%-i = 2AZN

d) icbari tibbi sığorta haqqı – 400 AZN-in 2%-i = 8AZN

400 AZN-(28+12+2+8)=400-50=350

Netto məbləğ 350 AZN olacaq.

2.2) əməkhaqqısı 2500 AZN-dən çox olanlar üçün nümunə

8100 AZN əməkhaqqı üzrə

a) gəlir vergisi – 8100 AZN-2500 AZN=5600 AZN

2500 AZN-ə görə həmin məbləğin 14%-i = 350 AZN

5600 AZN-in 25%-i = 1400 AZN

b) sosial sığorta haqqı – 8100 AZN-in 3%-i = 243 AZN

c) işsizlikdən sığorta haqqı – 8100 AZN-in 0.5%-i = 40.5 AZN

d) icbari tibbi sığorta haqqı – 8000 AZN-in 2%-i və 100 AZN-in 0.5%-i = 160.5 AZN

8100-(350+1400+243+40.5+160.5)=8100-2194=5906 manat

Netto məbləğ 5906 AZN olacaq.

Qeyd: Bu normativ sənədlərə heç bir düzəliş olmadıqda hesablama bu qaydada aparılacaqdır.

Müəllif: Praktiki Hüquqşünas | Şəhriyar Həbilov

Minimum əməkhaqqı, yaşayış minimumu və ehtiyac meyarı məbləğlərinin illər üzrə artım tempi

Əməkhaqqıdan tutulmaların aparılması qaydası

posted in: Xəbər | 0

Əməkhaqqıdan icbari ödənişlərin tutulması qaydaları işçi və işəgötürənlər, eyni zamanda insan resursları sahəsində çalışanlar və mühasiblər üçün ən çox maraq doğuran mövzulardandır. Əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov 2024-cü ildən əməkhaqqıdan tutulmaların aparılması qaydasını şərh edir.

Qüvvədə olan qanunvericiliyə əsasən, hazırda əməkhaqqıdan aşağıdakı icbari ödənişlərin tutulması aparılır:

1. Fiziki şəxslərin gəlir vergisi üzrə tutulma – fiziki şəxsin gəliri əsasında müəyyən olunmuş qayda və dərəcədə tutularaq dövlət büdcəsinə ödənilən vəsait.

2. Məcburi dövlət sosial sığorta haqqı üzrə tutulma – sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir. Şəxsin pensiya kapitalının formaşlaması və müəyyən olunmuş müavinətlərdən istifadə etməsinə hüquq verən ödəniş.

3. İşsizlikdən sığorta haqqı üzrə tutulma – nəzərdə tutulmuş hallarda sığortaolunanların itirilmiş əməkhaqlarının kompensasiya edilməsinə yönəldilmiş təminat forması;

4. İcbari tibbi sığorta haqqı üzrə tutulma – xidmətlər zərfinə daxil olan tibbi xidmətlərdən istifadə etmək üçün ilkin səhiyyə xidmətlərinin, təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsinə təminat verən ödəniş forması.

Fiziki şəxslərin gəlir vergisi üzrə tutulma

Fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi aşağıdakı cədvələ uyğun olaraq tutulur:

• Neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən vergi ödəyicilərində

 

Vergi tutulan aylıq gəlirin məbləği Verginin məbləği
2500 manatadək 14 faiz
2500 manatdan çox olduqda 350 manat + 2500 manatdan çox olan məbləğin 25 faizi

 

• Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində (2019-cu il yanvarın 1-dən 7 il müddətində)

 

Vergiyə cəlb edilən aylıq gəlir Verginin dərəcəsi
8000 manatadək 0 faiz
8000 manatdan çox olduqda 8000 manatdan çox olan məbləğin

14 faizi

 

Məcburi dövlət sosial sığorta haqqı üzrə tutulma

Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir.

Neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən vergi ödəyicilərində

• sığortaedən tərəfindən ödənilən sığorta haqqı – hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi;

• sığortaolunan tərəfindən ödənilən sığorta haqqı – işçinin əməkhaqqının və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 3 faizi.

Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində (2019-cu il yanvarın 1-dən 7 il müddətində)

 

Sığorta haqqına cəlb edilən aylıq gəlir sosial sığorta haqqı dərəcəsi
cəmi sığortaolunanın gəlirlərindən tutulan sığortaedənin vəsaiti hesabına ödənilən
200 manatadək 25 faiz 3 faiz 22 faiz
200 manatdan çox olduqda 25 faiz 6 manat + 200 manatdan çox olan hissənin 10 faizi 44 manat + 200 manatdan çox olan hissənin 15 faizi

 

İşsizlikdən sığorta haqqı üzrə tutulma

İşsizlikdən sığorta üzrə sığorta tarifləri aşağıdakı faiz dərəcələri ilə müəyyən edilir:

• sığortaedən tərəfindən ödənilən sığorta haqqı üzrə – hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi;

• sığortaolunan tərəfindən ödənilən sığorta haqqı üzrə – işçinin əməkhaqqının 0,5 faizi.

İcbari tibbi sığorta haqqı üzrə tutulma

İcbari tibbi sığorta haqqı üzrə tutulma aşağıdakı şəkildə aparılır:

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq bağlanmış və hüquqi qüvvəyə minmiş əmək müqaviləsinə əsasən işləyən şəxslərin gəlirlərindən

• sığortalı tərəfindən

– işçinin əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz,

– 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz,

• sığortaolunan tərəfindən

– əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz,

– 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz;

2024-cü ildən muzdla işləyən şəxslərin gəlirlərindən tutulmalar eyni şəkildə aparılacaq. Hazırkı vəziyyətdə növbəti il üçün qeyd edilən tutulmaların dərəcələrinə hər hansı dəyişikliyin edilməsi gözlənilmir.

İndi isə bir neçə nümunə ilə tutulmaların aparılmasına nəzər salaq:

Neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən vergi ödəyicilərində

Misal 1: Hesablanan aylıq əməkhaqqı: – 600 manat

Vergiyə cəlb olunan məbləğ: – 600 manat

Gəlir vergisi: 56 manat (600-200) x14%)

DSMF ayırmaları: 18 manat (600 x 3%)

İşsizlikdən sığorta haqqı: 3 manat (600 x 0.5%)

İcbari tibbi sığorta haqqı: 12 manat (600 x 2%)

“NETT” əməkhaqqı: 511 manat (600-56-18-3-12)

Misal 2 : Hesablanan aylıq əməkhaqqı: – 3.000 manat;

Vergiyə cəlb olunan məbləğ: – 3.000 manat;

Gəlir vergisi: 475 manat (2500 x14%) + (3000-2500) x 25%)

DSMF ayırmaları: 90 manat (3000 x 3%)

İşsizlikdən sığorta haqqı: 15 manat (3000 x 0.5%)

İcbari tibbi sığorta haqqı: 60 manat (3000 x 2%)

“NETT” əməkhaqqı: 2.360 manat (3000 – 475 – 90 – 15 – 60)

Misal 3: Hesablanan aylıq əməkhaqqı: – 8.500 manat;

Vergiyə cəlb olunan məbləğ:– 8500 manat;

Gəlir vergisi: 1.850 manat (2500 x14%) + (8500-2500) x 25%)

DSMF ayırmaları: 255 manat (8500 x 3%)

İşsizlikdən sığorta haqqı: 42,50 manat (8500 x 0.5%)

İcbari tibbi sığorta haqqı: 162,50 manat (8000 x 2%) + (8500 – 8000) x 0.5%)

“NETT” əməkhaqqı: 6.190 manat (8500 -1850 – 255 – 42.5 – 162.5)

Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində

Misal 4: Hesablanan aylıq əməkhaqqı: – 600 manat;

Vergiyə cəlb olunan məbləğ: – 600 manat;

Gəlir vergisi: 0 manat (8000 manatadək 0 faiz)

DSMF ayırmaları:46 manat (200 x 3%) + (600 – 200) x 10%)

İşsizlikdən sığorta haqqı: 3 manat (600 x 0.5%)

İcbari tibbi sığorta haqqı: 12 manat (600 x 2%)

“NETT” əməkhaqqı: 539 manat (600 – 46 – 3 -12)

Misal 5: Hesablanan aylıq əməkhaqqı: 3.000 manat;

Vergiyə cəlb olunan məbləğ: – 3.000 manat;

Gəlir vergisi0 manat (8000 manatadək 0 faiz)

DSMF ayırmaları: 286 manat (200 x 3%) + (3000 – 200) x 10%

İşsizlikdən sığorta haqqı: 15 manat (3000 x 0.5%)

İcbari tibbi sığorta haqqı: 60 manat (3000 x 2%)

“NETT” əməkhaqqı: 2.639 manat (3000 – 286 -15 – 60)

Misal 6: Hesablanan aylıq əməkhaqqı: 8.500 manat;

Vergiyə cəlb olunan məbləğ: – 8.500 manat;

Gəlir vergisi: 70 manat (8500 – 8000) x 14%)

DSMF ayırmaları: 836 manat (200 x 3%) + (8500 – 200) x 10%)

İşsizlikdən sığorta haqqı: 42,50 manat (8500 x 0.5%)

İcbari tibbi sığorta haqqı:162,50 manat (8000 x 2%) + (8500 – 8000) x 0.5%)

“NETT” əməkhaqqı: 7.389 manat (8500 – 70 – 836 – 42.5 -162.5)

Mənbə: vergiler.az

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin verilməsi dövrü

1 443 444 445 446 447 448 449 2. 685
error: Content is protected !!