Hamiləliyə və doğuma görə müavinət hansı dövr üçün verilir?

posted in: Xəbər | 0
birbank biznes

Hamiləliyə və doğuma görə müavinət kimə verilir?

Bəzən analıq pulu adlanan bu müavinət uşağa qulluqla əlaqədar müavinətdən fərqli olaraq yalnız qadınlara verilir. Sosial müavinətlərin bir növüdür, əhalinin aşağıdakı işləyən kateqoriyalarının sosial sığorta hadisəsi yarandığı halda bu müavinəti almaq hüququ var:

  • AR vətəndaşları;
  • daimi yaşamaq hüququ olan əcnəbilər;
  • daimi yaşamaq hüququ olan vətəndaşlığı olmayan şəxslər;
  • habelə, qaçqınlar.

Müavinətin təyin edilməsi üçün altı aydan az olmayan sosial sığorta stajı lazımdır. Hamiləliyə və doğuma görə müavinət sığortaolunan qadınlara hamiləliyə və doğuşa görə məzuniyyətdən (yaxud dekretdən) istifadə müddətində hesablanaraq ödənilir. Müavinətin təyin edilməsi xəstəlik vərəqi əsasında aparılır. Digər sənədlər müavinətin təyin olunması üçün əsas vermir. Xəstəlik vərəqi işçinin əsas iş yerində (əmək kitabçasının saxlandığı yerdə) rəhbərliyə təqdim olunur. Rəhbərlik uyğun bölmələrdə qeydlər apardıqdan sonra, müdiriyyətin müavinət təyin edən komissiyası (yaxud səlahiyyətli komissiya üzvü) müavinətin təyin edilməsi məsələsinə baxır.

Hamiləliyə və doğuma görə müavinət, doğuma görə müavinət, müavinət

Hamiləliyə və doğuşa görə məzuniyyətin müddəti Azərbaycan Respublikası Əmək Məcəlləsinin 125-ci maddəsi ilə tənzimlənir.

Hamiləliyə və doğuma görə müavinət hansı müddət üçün verilir?

Həmin məzuniyyətlərin müddəti hamilə qadınların işlədiyi sahədən, həmçinin doğuşun normal, ya da çətin keçməsi, iki, daha çox uşağın doğulmasından asılı olaraq müəyyən olunur (Əmək Məcəlləsi, maddə 125). Kənd təsərrüfatında çalışan hamilə qadınlar istisna olmaqla analıq məzuniyyətinin müddəti:

  • doğuşa qədər – 70 gün;
  • doğuşdan sonra – 56 gün olmaqla 126 gün müddətində təyin edilir.

Əgər doğuş çətin şəraitdə keçərsə, doğumdan sonrakı məzuniyyətin 70 günə qədər uzadılması mümkündür.

Kənd təsərrüfatında fəaliyyət göstərən  qadınlarda hamiləliyə və doğuma görə müavinət dövrü aşağıdakı kimidir:

  • normal keçən doğuma görə 140 günlük (doğuma qədər və doğumdan sonra 70 gün);
  • ağır keçən doğum üçün 156 günlük (doğuma qədər – 70, doğumdan sonra – 86 gün);
  • 2, yaxud daha çox uşaq olduqda 180 günlük (doğuma qədər – 70 gün, doğumdan sonra – 110)  məzuniyyətlər tətbiq olunur.

Buradan hamiləlik, doğuşa görə məzuniyyətlər haqqında  ətraflı məlumatın əldə edilməsi mümkündür.

Erkən doğuş zamanı məzuniyyətin müddəti

Qeyd etdiyimiz kimi, məzuniyyət doğuşa qədər və doğuşdan sonrakı kimi iki dövrdən ibarətdir. Əgər doğuş, məsələn 20 gün tez baş veribsə, işçi daha tez işə çıxır. Hamiləliyə və doğuma görə müavinət faktiki məzuniyyət günlərinə görə hesablandığından, erkən doğuş zamanı artıq hesablanmış müavinət məbləği yaranır. Həmin məbləğ Əsasnamənin (Nazirlər Kabinetinin 189 saylı qərarı) 116-cı maddəsinə görə işçidən tutulur. Müavinətin hesablamasına məsul işəgötürən olduğundan, DSMF orqanlarına rəsmi məlumat verməli, onların rekvizitlər barədə yazılı məktubu əsasında müvafiq ödəniş edilir.

Müavinət dövrünün təyini zamanı xüsusi hallar

Müəyyən səbəblərdən doğuş normal olmaya bilər. Uşaq salınması zamanı hamiləliyə və doğuma görə müavinət ümumi əsaslarla təyin olunur.

Əmək müqaviləsinin düzgün xitam verilməməsi nəticəsində işçi və işəgötürən arasında fərdi əmək mübahisəsi yarana və proses bir müddət uzana bilər. Sığortaolunanın işdən azad olunmasının düzgünlüyü mübahisələndiyi dövrə düşən hamiləliyə və doğuma  görə müavinət bütün hallarda verilir. Hesablanma hamiləliyə və doğuşa görə məzuniyyətin bütün dövrünə düşən iş günləri üçün aparılır.

Hamiləliyə və doğuma görə məzuniyyət müddəti növbəti (əsas və ya əlavə) məzuniyyət və ya uşağa qulluq edilməsi üçün verilən məzuniyyət (həmçinin əməkhaqqı saxlanılmadan) dövrünə təsadüf edərsə, bu zaman xəstəlik vərəqəsinə əsasən hamiləliyə və doğuşa görə məzuniyyətin bütün günləri üçün müavinətin ödənilməsi təmin edilməlidir.

2 aylıq yaş həddinə qədər uşaqları övladlığa götürən, övladlığa qəbul etmədən uşaq böyüdən qadınlar da doğumdan sonrakı 56 günlük məzuniyyətlərdən istifadə hüququna malikdir.

Həbsdə olan vaxt, məhkəmə-tibb ekspertizası zamanı, habelə məhkəmənin qərarına görə məcburi müalicə (ruhi xəstələrdən başqa) zamanı hamiləliyə və doğuma görə müavinət verilmir.

 Müavinətin məbləği

“Əmək pensiyaları haqqında” AR qanununa əsasən müavinətlərin maksimum həddi əmək pensiyasının minimum məbləğinin 25 mislinə qədər olmalıdır.

Hamiləliyə və doğuma görə müavinət bütün hallarda əmək qabiliyyətinin müvəqqəti itirilməsi zamanı müavinətin hesablanmasında nəzərə alınan orta gündəlik qazancın 100 faizi miqdarı nəzərə alınmaqla verilir və müraciət müddəti məhdudlaşdırılmadan ödənilir.

Hamiləlik, doğuma görə müavinətlər əmək münasibətlərində olan işçinin faktiki gəlirindən hesablanaraq sosial sığorta haqqı hesabına ödənilir.

Müavinətin ümumi məbləği orta gündəlik müavinət məbləğinin hamiləliyə və doğuma görə məzuniyyət dövründəki iş günlərinin sayına vurulması ilə hesablanır.

Müavinət məbləği = (((əvvəlki 12 ayın qazancı) / (əvvəlki 12 aydakı iş günləri) x (məzuniyyət müddətindəki iş günlərinin sayı)

Məzuniyyət müddətində sığortaolunanın vəzifə maaşında hər hansı bir dəyişiklik olduğu halda, müavinətin məbləği əməkhaqqının artmış miqdarı nəzərə alınaraq təzədən hesablanmalıdır.

Analıq məzuniyyətinin müddəti bitdikdə nə etməli?

Ana işə getməyə yaxud qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatanadək uşağa qulluğa görə müavinət almağa özü qərar verir. Əgər işə getməyə qərar versə, uşağa qulluğa görə müavinət faktiki uşağa baxacaq ailə üzvünə verilə bilər. Müavinətin bu növü hamiləliyə və doğuma görə müavinətdən fərqli olaraq, işçinin əməkhaqqısına görə deyil, qanunvericilikdə müəyyən olunmuş məbləğdə verilir.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin verilməsi dövrü

Print Friendly, PDF & Email