Read More9
Read More9

Vergilər və sosial ödənişlər üzrə borcların silinməsi hansı ardıcıllıqla həyata keçirilir?

posted in: Xəbər | 0

borcların silinməsi, Azərbaycan Vergi Məcəlləsi, gəlir vergisindən azad, əməkhaqqıdan tutulan vergi, vergi güzəşti, maliyyə sanksiyaları və faizlər, Vergi Məcəlləsi, Vergi Məcəlləsində maliyyə sanksiyaları, ƏDV, Qeyri-rezident şəxslər, Sahibkarlıq subyektləri, Sahibkarlıq subyektlərinin təsnifatı, təkrarsığortalanmış əsas vəsaitlər, Məlumatların üzləşdirilməsi, kameral vergi məktubları, Aksiz vergisi, Vergi Məcəlləsində dəyişikliklər, vergi məcəlləsi, Azərbaycan Vergi Məcəlləsi,Mövzunu “Business Service Centre” şirkətinin maliyyə və mühasibatlıq işləri üzrə 2-ci dərəcəli mütəxəssisi Ağahüseyn Əsədov şərh edir.

Vergi Məcəlləsinin 88.1-ci maddəsinə əsasən, vergilər üzrə yaranmış borc bu Məcəllənin 85.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı sıra qaydası ilə ödənilir:

  • yaranma tarixi ardıcıllığı ilə hesablanmış verginin məbləği;
  • hesablanmış faizlərin məbləği;
  • tətbiq edilmiş maliyyə sanksiyalarının məbləği.

Misal 1: Vergi ödəyicisinin 2023-cü ilin 1-ci və 2-ci rübləri uzrə müvafiq olaraq 550 manat və 670 manat vergi borcu vardır. Vergi ödəyicisi 15 iyul 2023-cü il tarixdə 300 manat ödəniş edərsə, bu halda əvvəlcə birinci rüb uzrə borc azaldılacaq.

Misal 2: Vergi ödəyicisinin cari tarixə 500 manatlıq vergi borcu, 300 manat faiz borcu və 400 manatlıq maliyyə sanksiyası mövcuddur. Vergi ödəyicisi 650 manat ödəniş etdikdə, vergi borcu üzrə məbləğ tam ödənilir və 300 manatlıq faiz borcunun 150 manatı ödənildikdən sonra 150 manat faiz borcu qalır. Həmçinin, 400 manatlıq maliyyə sanksiyası ödənilməmiş qalır. Vergi ödəyicisi 1 həftə sonra 250 manat ödəniş edərsə, o halda 150 manatlıq faiz borcu tam silinir və 100 manat maliyyə sanksiyası üzrə borcun bir hissəsinin ödənilməsinə yönəldilir.

Qeyd edək ki, Vergi Məcəlləsinin 59.1-ci maddəsi üzrə faiz hesablanması yalnız vergi və cari vergi ödəmələrinə şamil edilir. Vergi ödəyicisinin faiz və maliyyə sanksiyası üzrə borcuna faiz hesablanması vergi qanunvericiliyində nəzərdə tutulmayıb.

Vergi Məcəlləsinin 88.2-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığortası üzrə yaranmış borc aşağıdakı sıra qaydası ilə ödənilir:

  • cari rüb üzrə borc;
  • cari rübdən geriyə doğru (daha əvvəl yaranan borclar üzrə) yaranan borclar ardıcıl olaraq;
  • yaranma tarixi ardıcıllığı ilə hesablanmış faizlərin məbləği;
  • yaranma tarixi ardıcıllığı ilə tətbiq edilmiş maliyyə sanksiyalarının məbləği.

Misal 3: Vergi ödəyicisinin 2022-ci ilin 3-cü və 4-cü rübləri uzrə müvafiq olaraq 480 manat və 690 manat məcburi dövlət sosial sığorta ayırması üzrə borcu vardır. Vergi ödəyicisi 15 yanvar 2023-cü il tarixdə 560 manat ödəniş edərsə, bu halda həmin məbləğ cari rüb, yəni 4-cü rüb uzrə borcun ödənilməsinə sərf olunacaq. Cari rüb uzrə borclar tam ödənildikdən sonra əvvəlki rüblər üzrə yaranan borclar geriyə doğru müvafiq ardıcıllıqla ödəniləcək.

Vergi ödəyicisinin rüb ərzində olan ödənişləri vergi ödənişlərində olduğu kimi onun şəxsi vərəqəsinə birbaşa işlənilmir. Həmin ödənişlər “Sosial üzrə bölüşdürülməmiş ödənişlər” kimi qeyd edilir və hesabat bəyan edildikdən sonra yaranan borc qədər şəxsi hesab vərəqəsinə işlənilir.

Misal 4: Vergi ödəyicisi aprel, may və iyun aylarında hər ay üzrə 2500 manat sosial ayırma ödəyib. Vergi orqanı rüb ərzində daxil olan 7500 manatı (2500 manat x 3 ay) “Sosial üzrə bölüşdürülməmiş ödənişlər”də qeyd edir. Vergi ödəyicisinin 2023-cü ilin II rübü üzrə təqdim etdiyi vahid bəyannaməyə əsasən, 2023-cü ilin 2-ci rübü üzrə sosial ayırma öhdəliyi 7200 manat təşkil edib. Bu halda vergi orqanı tərəfindən vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə 7200 manat işlənir, 300 manat isə “Sosial üzrə bölüşdürülməmiş ödənişlər” bölməsində qeyd edilir.

Vergi Məcəlləsinin 88.3-cü maddəsinə əsasən, cari rüb üzrə borc ödənildikdən sonra sığortaedənin artıq vəsaiti qaldığı təqdirdə, həmin vəsait bu Məcəllənin 88.2.2 – 88.2.4-cü maddələrində göstərilən qaydada əvvəlki borcların ödənilməsinə aid edilir.

Misal 5: Vergi ödəyicisinin 2023-cü ilin I rübü üzrə məcburi dövlət sosial sığortası üzrə 1200 manat ödənilməmiş borcu qalıb.Vergi ödəyicisi aprel və may aylarında cəmi 3500 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı ödəyib. Vergi ödəyicisinin 2023-cü ilin II rübü üzrə təqdim etdiyi vahid bəyannaməyə əsasən, 3300 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı öhdəliyi yaranıb. Bu zaman ödənilən 3500 manatın 3300 manatı cari rüb üzrə borca, 200 manatı isə 1200 manatlıq borca aid ediləcək. Vergi ödəyicisinin öncəki dövrdən qalan 1000 manat borcuna faiz hesablanması davam etdiriləcək.

Kənd təsərrüfatı istehsalçısı mütləq VÖEN almalıdır?

posted in: Xəbər | 0

Kənd təsərrüfatı istehsalı ilə məşğul olan subyektlərin bir qrupu da ailə kəndli təsərrüfatlarıdır. Onların uçot və hesabatları ilə bağlı suallara iqtisadçı ekspert Anar Bayramov aydınlıq gətirir. 

Kənd təsərrüfatı ilə məşğul olan şəxslərin uçotu əsasən üç formada aparılır:

  • Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqlan istifadə edən;
  • Vergi orqanlarında uçota alınaraq sahıbkarlıq fəaliyyəti ilə məşğul olan;
  • Ailə kəndli təsərrüfatları kimi uçota alınan.

Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslərə sırf öz ehtiyacları üçün kənd təsərrüfatı ilə məşğul olanlar aid edilir. Bu şəxslər pay torpaqlarında becərdikləri məhsuldan sahibkarlıq məqsədləri üçün istifadə etmirlər.

Vergi orqanlarında uçota alınaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər – Vergi Məcəlləsinin müvafiq maddələrinə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) hüquqi və fiziki şəxslərin bu fəaliyyətdən əldə etdikləri gəlirləri 2014-cü il yanvarın 1-dən 10 il müddətinə vergidən azaddır. Azadolmaya baxmayaraq, bu tip vergi ödəyiciləri gəlir və xərclərinin uçotunu aparmalı və vergi orqanlarına bəyan etməlidirlər.

Ailə kəndli təsərrüfatları kimi uçota alınan şəxslər isə ailə üzvlərinin və onlarla birgə fəaliyyət göstərən şəxslərin fərdi əməyi və mülkiyyətində və ya icarəsində olan əmlak əsasında hüquqi şəxs yaratmadan kənd yerlərində istehsal və digər təsərrüfat fəaliyyətini (məhsulların istehsalını, emalını, saxlanmasını, daşınmasını və satılmasını) birgə həyata keçirirlər.

Ailə kənd təsərrüfatı ilə bağlı qanunvericilikdə diqqət yetirilməli məqamlar aşağıdakılardır:

  • Bütün iqtisadi fəaliyyət növləri ilə məşğul ola bilərlər və onların fəaliyyəti sahibkarlıq sayılmır;
  • Kənd yerlərində fəaliyyət göstərən hüquqi şəxslər, sahibkarlıqla məşğul olan fiziki şəxslər və bağçılıq təsərrüfatları ailə kəndli təsərrüfatına aid edilmir;
  • Ailə kəndli təsərrüfatının illik dövriyyəsinin yuxarı həddi Nazirlər Kabineti tərəfindən müəyyən edilib. 12 iyun 2013-cü ildən etibarən ailə kəndli təsərrüfatının illik dövriyyəsinin yuxarı həddi bu təsərrüfatın bir üzvü üçün 5.000 manat miqdarında müəyyən olunub;
  • Ailə kəndli təsərrüfatının uçotunu müvafiq ərazilər üzrə bələdiyyələr aparır;
  • Ailə kəndli təsərrüfatı üzvləri Sosial sığorta şəhadətnaməsi əldə etməlidir;
  • Ailə kəndli təsərrüfatı üzvlərinin vəsiqələri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən elektron formada tərtib edilir və bələdiyyələr həmin sənədin elektron formada yüklənməsini həyata keçirirlər;
  • Təsərrüfatın başçısı illik dövriyyə barədə məlumatı statistika orqanının müəyyən etdiyi formada növbəti il yanvarın 20-dən gec olmayaraq uçotda olduğu bələdiyyə orqanına təqdim etməlidir;
  • İllik dövriyyəsinin müvafıq icra hakimiyyəti orqanının müəyyən etdiyi həddən çox olmasına görə statusunu itirmiş ailə kəndli təsərrüfatları barədə məlumatlar bu statusun itirildiyi gündən sonrakı 3 gün müddətində bələdiyyə tərəfindən müvafiq ərazi vergi orqanına təqdim edilir.

Göründüyü kimi, ailə kəndli təsərrüfatının üzvü Kənd Təsərrüfatı Nazirliyi tərəfindən elektron formada tərtib olunan və müvafiq bələdiyyə tərəfindən təqdim edilən vəsiqəyə malik olmalıdır. Bu cür vəsiqəyə malik olmayan və kənd təsərrüfatı satışını həyata keçirən şəxslər sahibkarlıq fəaliyyətinə görə vergi orqanlarında uçota durmalıdırlar.

Mənbə: Anar Bayramov: “Vergi uçotu” kitabı / vergiler.az


Əmək müqaviləsinin məzmunu

posted in: Xəbər | 0

Əmək müqaviləsi nədir?

Kadr uçotunun əsas sənədi olan əmək müqaviləsi aşağıdakı şəxslər arasında bağlanır:

  • işçi (iş yerində çalışan fiziki şəxs);
  • işəgötürən (müdiriyyәt, müəssisənin rəhbəri).

Bu müqavilə müəssisə, yaxud təşkilatlarda işəgötürənlə  işçi arasındakı əmək münasibətlərini rəsmiləşdirən yeganə sənəddir. Bu sənəddə işçi və işəgötürənin əsas hüquq və vəzifələri əks olunur. Əmək müqaviləsi vasitəsilə işəgötürən işçini işlə təmin edir, ona görə əməkhaqqı ödəyir. Bunun müqabilində işçi:

  • səmərəli işləməyi;
  • iş qrafiki qaydalarına əməl etməyi;
  • öz vəzifələrini yerinə yetirməyi bir  öhdəlik  kimi  öz üzərinə  götürür.

Bu sənəd əmək münasibətlərində ortaya cıxacaq hər hansı bir problemin həlli üçün hüquqi əsas yaradır. Müqavilə hər iki tərəfin razılığı ilə yazılı formada iki nüsxədən az olmamaqla bağlanır, yəni bunun üçün heç bir məcburiyyət olmamalıdır.

“Əmək müqaviləsi nədir?” sualına daha ətraflı cavabı buradan ala bilərsiniz.

Əmək müqaviləsinin məzmunu

Bu müqavilə işçi və işəgötürən arasındakı əmək münasibətlərini tənzimləyir. Onun məzmunu tərəflərin razılaşdığı müqavilə şərtlərindən ibarətdir. Müqavilənin məzmunu qanuni olmalı, yəni qanunla müəyyən edilmiş bütün tələblərə uyğun gəlməlidir. O, həmçinin tərəflərin əldə etdikləri razılıq əsasında görülən işə dair bütün mümkün ziddiyyətləri həll edə bilməsi üçün kifayət qədər dolğun və dəqiq olmalıdır.

Əmək Məcəlləsində hər hansı şərt və ya hal nəzərdə tutulmadıqda, onun şərtlərini tərəflərdən biri dəyişə bilməz. Məcəlləyə əsasən  müqavilədə işəgötürən üzrə tələb olunan məlumatlar aşağıdakı şəkildə verilib:

işəgötürən dövlət orqanı (qurumu), hüquqi şəxs və ya xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda adı:

  • işəgötürən funksiyasını həyata keçirən vəzifəli şəxsin vəzifəsi, soyadı, adı və atasının adı,
  • vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN),
  • faktiki fəaliyyət göstərdiyi ünvanı,

işəgötürən fiziki şəxs olduqda:

  • soyadı, adı və atasının adı,
  • vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN),
  • faktiki fəaliyyət göstərdiyi ünvanı,
  • fərdi identifikasiya nömrəsi (FİN);
  • faktiki fəaliyyət göstərdiyi ünvanı;
  • fərdi identifikasiya nömrəsi (FİN).

Əmək müqaviləsi tərtib edilərkən Hüquqi şəxs üzrə VÖEN, fiziki şəxslər üzrə habelə şəxsiyyət vəsiqəsi məlumatları lazımdır

İşçi üzrə məlumatlar sonrakı emal üçün kadr uçotu mütəxəssisi tərəfindən belə qruplaşdırılır:

  • soyad, ad, ata adı, şəxsiyyəti təsdiq edən sənəd üzrə məlumatlar;
  • iş yeri, vəzifəsi;
  • əsas iş yeridir yoxsa əlavə;
  • əmək funksiyaları;
  • sosial sığorta qeydiyyatının nömrəsi;
  • əmək şəraiti üzrə şərtlər;
  • imzalanma və işə başlama tarixi;
  • müqavilə üzrə müəyyən edilmiş müddət;
  • müqavilə üzrə tərəflərin öhdəlikləri;
  • idman, reabilitasiya, idman-sağlamlıq turizmi, peşəkar-tətbiqi məşqlərlə məşğul ola bilməsi üçün şəraitin yaradılması;
  • digər məlumatlar.

Göstərilən şərtlər və məlumatlar məcburidir. Hər iki tərəf bu şərtlər barədə razılığa gəldikdə artıq müqavilə  bağlanmış hesab olunur. Lakin bu şərtlərdən istənilən biri müqaviləyə daxil edilməyə bilər. Belə faktlar aşkar edildikdə, müqavilə tərəflərdən birinin istəyi ilə etibarsiz sayıla bilər və işəgötürən onların əmək müqaviləsinə əlavə edilməsini təmin etməyə borcludur. Bu zaman müqavilə bağlandığı tarixdən etibarlı hesab edilir. İşəgötürənlər pozuntulara görə cərimələnə bilər. İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsində əmək qanunvericiliyinin pozulmasına görə cərimələr müəyyən edilib.

Məcburi şərtlərlə yanaşı, tərəflər onun məzmununa əlavə şərtlər də daxil edə bilərlər. Belə əlavə şərtlərə:

  • sınaq müddəti;
  • məxfilik;
  • əlavə öhdəliklər və sairi göstərmək olar.

Əlavə şərtlər işçinin vəziyyətini  əmək qanunvericiliyi ilə pisləşdirməməli, müqavilə bağlanan andan xitam verilən ana qədər işçi üçün təyin edilən hüquqların və təminatların səviyyəsi azaldılmamalıdır.

Müqavilə bağlanan zaman işçiyə:

  • vəzifə təlimatları;
  • daxili nizam intizam və əməyin mühafizəsi qaydaları;
  • kommersiya sirri;
  • digər təlimatlar barədə məlumatlar verilməlidir.

Müqavilə üzrə öhdəliklərin üçüncü şəxsə həvalə olunması yolverilməzdir. İşçi müəyyən olunmuş əmək funksiyasının vaxtında, keyfiyyətlə yerinə yetirilməsini təmin etməlidir.

Əgər tərəflərdən biri digərinin əmlakına,  istehsal, kommersiya maraqlarına zərər vurmuş olarsa, qanunvericiliklə müəyyən olunmuş qaydada maddi və mənəvi məsuliyyətə cəlb olunmalıdır. Bir çox hallarda işəgötürən əmək müqaviləsi bağlayarkən əlavə olaraq tam maddi məsuliyyət haqqında da müqavilə imzalaya bilər.

Mühasiblər əmək müqaviləsində hansı məlumatlara diqqət etməlidir? 

Əmək müqaviləsi özündə işçi və işəgötürən arasında bütün əmək münasibətlərini tənzimləyir. Bu münasibətlərin bəziləri mühasibatlığın səlahiyyət dairəsinə aid deyil və mühasiblər üçün maraqlı deyil.

Bəs mühasiblər əmək müqaviləsində daha çox hansı məlumatlara diqqət etməlidir? Buraya aşağıdakıları aid etmək olar:

  • işçinin şəxsiyyətini təsdiq edən sənəd üzrə məlumatlar;
  • sosial sığorta qeydiyyatının nömrəsi;
  • işə başlama tarixi, müqavilənin müddəti;
  • əməkhaqqı, mükafat sistemi haqqında məlumatlar, onların ödəniş qaydası.

Bu məlumatlar əsasən müqavilənin 1 və 2-ci paraqraflarında, 4-cü paraqrafın 4.1-4.8 maddələrində öz əksini tapıb.

Mühasiblər və kadr uçotu mütəxəssisləri əmək müqaviləsinin (kontraktın) nümunəvi forması ilə Əmək Məcəlləsində tanış ola bilərlər.


“Accounting.Az” PrimeGlobal assosiasiyasına üzv seçilən ilk və yeganə Azərbaycan şirkəti oldu

posted in: Xəbər | 0

Mühasibat xidmətləri bazarında 10 ildən artıqdır fəaliyyət göstərən “Accounting.Az” dünya reytinq cədvəlində ilk 3-lükdə olan, bir çox nüfuzlu beynəlxalq mükafatlara layiq görülmüş “PrimeGlobal” assosiasiyasına üzv seçilən ilk və yeganə Azərbaycan şirkəti oldu.

Məsləhətçi və Mühasibat Firmaları Assosiasiyası “PrimeGlobal” mühasibat uçotu və biznes məsləhətçiliyi sahəsində fəaliyyət göstərən müstəqil firmaların birliyidir.

2020 və 2022-ci illərdə “İlin assosiasiyası” mükafatına layiq görülən “PrimeGlobal” 112 ölkədən 300-dən çox müstəqil üzv firmanı özündə birləşdirir. “PrimeGlobal”ın müstəqil üzv firmalarında ümumilikdə 3400-dən çox partnyor və 34000-dən çox işçi çalışır. 112 ölkədə 1000-dən çox məkanda fəaliyyət göstərən “PrimeGlobal”, geniş əhatə dairəsi baxımından dünyada ən yaxşı birlik kimi möhkəm əsas üzərində qurulub. Assosiasiyanın ümumi illik gəliri 4.3 milyard dollardan çoxdur.

“PrimeGlobal” öz üzvlərini eksklüziv təlim kurslarına, sertifikatlara və resurs kitabxanalarına çıxışla təmin edir. “PrimeGlobal” üzvləri regional, milli və beynəlxalq səhnədə öyrənmək, paylaşmaq və inkişaf etmək üçün lazım olan alətlərə malikdirlər.

Yüksək daxili paylaşma mədəniyyətinə malik “PrimeGlobal”a üzv olmaq Azərbaycan mühasiblərinə “Accounting.Az” konsaltinq şirkəti vasitəsi ilə ən son sənaye tendensiyaları, ən yaxşı təcrübələr və mühasibatlıq peşəsində baş verən dəyişikliklərdən operativ xəbərdar olmaq imkanı yaradır.

“Accounting.Az” şirkətinin direktoru Ramin Ramazanov vurğulayıb:

“Biz “PrimeGlobal”a qoşulmaqdan və dünyadakı həmfikirlərimizlə ünsiyyət  qurmaqdan qürur duyuruq. Odur ki, regionda yüksək keyfiyyətli xidmətlər təqdim etməyi və assosiasiyanın əhatə dairəsini genişləndirməyi səbirsizliklə gözləyirik”.

“PrimeGlobal”ın Avropa, Yaxın Şərq və Afrika ölkələri üzrə icraçı direktoru Thierry Delvaux isə bunları səsləndirib:

“Azərbaycandan “PrimeGlobal”a qoşulan ilk şirkət olaraq, “Accounting.Az”ı Avropa, Yaxın Şərq və Afrika ölkələri regionunda salamlamaqdan məmnunuq. Sənayenin geniş spektrini əhatə edən etibarlı xidmətlər təklif edərək, biz onların qlobal şəbəkəmizin güclənməsinə verəcəkləri töhfəni və Avropa ilə Asiyanın kəsişməsində yerləşən, özünəməxsus müxtəlifliyə malik bu regiona təqdim edəcəkləri bilikləri səbirsizliklə gözləyirik”.

✔Bizimlə əlaqə:
📞+994 12 310 09 29
📱+994 50 225 82 05

1 525 526 527 528 529 530 531 2. 690
error: Content is protected !!