Torpaq vergisi üzrə kameral vergi məktubları barədə tövsiyələr

posted in: Xəbər | 0

Məqalədə Azərbaycan Respublikasında torpaq vergisi üzrə kameral vergi yoxlaması, onun məqsədləri şərh olunur. Həmçinin torpaq vergisi üzrə kameral vergi məktublarının hazırlanması üçün tövsiyələr də araşdırılır.

Kameral vergi yoxlaması nədir?

Kameral vergi yoxlaması vergi nəzarətinin əsas formasıdır, yerlərə getmədən vergi orqanının ofisində aparılır. Onun məqsədi vergi ödəyicisi, habelə vergi agenti tərəfindən qanunvericiliyə riayət olunmasına nəzarət etməkdir. Kameral yoxlama nəticəsində uyğunsuzluq aşkar edilərsə, tam adı “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub” olan kameral vergi məktubu yazılır, müəyyən müddət ərzində uyğunsuzluğu aradan qaldırmaq tərtib olunur.

Torpaq vergisi üzrə kameral yoxlamanın aparılma müddəti

Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 37-ci maddəsi kameral vergi yoxlamasına həsr olunub. Torpaq vergisi üzrə kameral vergi yoxlamasının aparılması müddəti vergi bəyannaməsi təqdim edildiyi tarixdən 30 iş günü müddətində həyata keçirilir (VM, maddə 37.2). Bu müddət gəlir və mənfəət vergisi istisna olmaqla digər vergi növləri, habelə ödəmə mənbəyində tutulan gəlirlər və xüsusi notariusun gəlir vergisi bəyannaməsi üçün də keçərlidir. Müddət bitdikdən torpaq vergisi üzrə kameral vergi yoxlaması keçirilə bilməz.

Aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması üçün tələb olunan sənədlərin təqdim edilmə müddəti kameral vergi məktubunda qeyd olunur.

Torpaq vergisi üzrə kameral vergi yoxlamasının predmeti

Azərbaycan Respublikasında kameral yoxlama aşağıdakı istiqamətlərdə aparılır:

  1. Formal yoxlama – qanunla müəyyən edilmiş hesabat formaları və sənədlərin tam tərkibdə mövcudluğu;
  2. Hesablamaların yoxlanması – bir yaxud bir neçə göstərici üzrə hesablamaların düzgünlüyünün qiymətləndirilməsi, məsələn, vergitutma bazasının məbləğinin müəyyən edilməsinin düzgünlüyü;
  3. Normativlərə uyğunluğun yoxlanması – təqdim edilmiş hesabatların məzmununun mövcud qanunvericiliyə uyğunluğu;
  4. Birbaşa vergi yoxlaması – vergi ödəyicisinin büdcəyə ödəməli olduğu verginin məbləğini müəyyən edən rəqəmsal məlumatların uyğunluğunun məntiqi yoxlanışı həyata keçirilir.

Məhz bu istiqamətlər torpaq vergisi üzrə kameral vergi yoxlamasının predmetlərini müəyyən edir. Nümunə kimi bunları göstərə bilərik:

  • əvvəlki və yoxlanılan bəyannamələrin göstəricilərinin müqayisə edilməsi;
  • dəqiqləşdirilmiş bəyannamələrdə mümkün azalmaların səbəbinin araşdırılması;
  • binalar, tikililər və qurğular üzrə əsas vəsaiti olan, amma bəyannamə təqdim etməyən torpaq vergisi ödəyicilərinin təhlili;
  • bəyannamədə torpaq vergisi üzrə güzəştlərin düzgünlüyün yoxlanması və sair.

Qeyd edilən istiqamətlərdə kameral yoxlama zamanı uyğunsuzluq aşkar edilərsə, vergi ödəyicisinə torpaq vergisi üzrə kameral vergi məktubu yazılır.

Torpaq vergisi üzrə kameral vergi məktubları

Qeyd etdiyimiz kimi, vergi orqanı kameral yoxlama zamanı aşkar edilmiş uyğunsuzluq barədə vergi ödəyicisinin şəxsi elektron kabinetinə kameral vergi məktubu göndərir. Məktubun forması standartdır, özündə aşağıdakıları əks etdirir:

  • vergi ödəyicisinin adı, ünvanı, telefonunu;
  • təqdim edilmiş bəyannamənin məlumatlarını;
  • kameral yoxlamanı davam etdirmək üçün lazımı olan sənədləri;
  • həmin sənədlərin təqdim edilmə müddətlərini;
  • mümkün risklər və sair.

Fərqli olan kameral yoxlamanın başa çatmasına imkan verməyən uyğunsuzluqların məzmunudur. Aşağıda torpaq vergisi üzrə kameral vergi yoxlaması məktubunda uyğunsuzluqlara nümunə verilib.

Nümunə 1: Tərəfinizdən 14 may 2022 tarixində təqdim olunmuş bəyannaməniz üzrə aşağıda göstərilən səbəbdən (səbəblərdən) kameral vergi yoxlamasının aparılması mümkün olmamışdı.

Səbəblər:

1. Tərəfinizdən təqdim edilmiş bəyannamənin 2 saylı Əlavəsinin 611-ci (Sənaye, tikinti, nəqliyyat, rabitə,ticarət-məişət xidməti və digər xüsusi təyinatı torpaq sahələri, yaşayış fondları, həyətyanı və vətəndaşların bağ sahələri üzrə torpaq sahələrinin cəmi) sətirində əks etdirilmiş vergiyə cəlb edilən torpaq sahəsi (“Ümumi sahə” ilə “o, cümlədən vergiyə cəlb olunmayan sahə”nin fərqi) əvvəlki il üzrə təqdim edilmiş bəyannamənin müvafiq sətrində göstərilmiş vergiyə cəlb edilən torpaq sahəsi (“Ümumi sahə” ilə “o, cümlədən vergiyə cəlb olunmayan sahə”-nin fərqi) ilə müqayisədə 12177.00 kv.m az əks etdirilmişdir.

Bununla əlaqədar olaraq kameral vergi yoxlamasının basa çadırılması üçün aşağıdakı zəruri sənədləri (məlumatları) təqdim etməyiniz tələb olunur.

Nümunə 2: Tərəfinizdən 12 may 2023 tarixində təqdim olunmuş bəyannaməniz üzrə aşağıda göstərilən səbəbdən (səbəblərdən) kameral vergi yoxlamasının aparılması mümkün olmamışdı.

Səbəblər:

1. Uçot-baza məlumatlarına əsasən mülkiyyətinizdə təsərrüfat subyektiniz (obyektiniz) olmasına baxmayaraq tərəfinizdən cari il üçün “Torpaq vergisinin bəyannaməsi” göstəricilər olmadan təqdim edilmişdi.

2. Tərəfinizdən təqdim edilmiş bəyannamənin 1 saylı Əlavəsinin 600-cü (kənd təsərrüfatı təyinatlı üzrə cəmi) sətrində əks etdirilmiş vergiyə cəlb edilən torpaq sahəsi (“Ümumi sahə” ilə “o, cümlədən vergiyə cəlb olunmayan sahə”-nin fərqi) əvvəlki il üzrə təqdim edilmiş bəyannamənin müvafiq sətrində göstərilmiş vergiyə cəlb edilən torpaq sahəsi (“Ümumi sahə” ilə “o, cümlədən vergiyə cəlb olunmayan sahə”-nin fərqi) ilə müqayisədə 568,28 ha az əks etdirilmişdir.

Bununla əlaqədar olaraq kameral vergi yoxlamasının basa çadırılması üçün aşağıdakı zəruri sənədləri (məlumatları) təqdim etməyiniz tələb olunur.

Torpaq vergisi üzrə kameral vergi məktubları barədə tövsiyələr

Vergi orqanı tərəfindən göndərilən torpaq vergisi üzrə kameral məktuba cavab dəqiləşdirilmiş vergi bəyannaməsi, izahat məktubu yaxud bunların hər ikisindən istifadə etməklə verilə bilər. Bu zaman lazım olan təsdiqləyici sənədlər cavaba əlavə edilir.

Cavabın hazırlanması zamanı istifadə edə biləcəyini tövsiyələr burada verilib. Cavab məktublarına nümunələr ilə bizim aşağıdakı məqalələrimizdə tanış ola bilərsiniz:

Qeyd etdiyimiz kimi uyuşuqluqlara heç də həmişə məktubla cavab vermək lazım deyil. Məsələn, yuxarıda verdiyimiz torpaq vergisi üzrə kameral vergi məktubları haqqında onu deyə bilərik ki, təqdim edilmiş vergi bəyannamələri bir daha analiz edilməli, səhvlər aradan qaldırılmalı və kameral vergi yoxlamasının başa çadırlıması üçün  müvafiq dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi lazımdır.


Kapital Bank-ın Müştəri Bank sistemi yenilənərək Birbank Biznes oldu

posted in: Xəbər | 0

Müştəri Bank, Birbank Biznes,Kapital Bank hər zaman hüquqi şəxslər və fərdi sahibkarlar üçün rahat və əlçatan funksiyalar, o cümlədən fərqli məhsullar təqdim edir. Rəqəmsal bank xidmətlərinin çeşidini genişləndirən Kapital Bank Müştəri Bank sistemini yeniləyərək Birbank Biznes etdi. Məlumat üçün bildirək ki, bu yenilik Müştəri Bank sisteminin daha müasir və funksional versiyasıdır.

Artıq Müştəri Bank istifadəçisi olan müştərilər tətbiqlərini yeniləyərək yeni interfeysə sahib ola və qiymətli vaxtlarına qənaət edərək funksiyadan rahatlıqla istifadə edə bilərlər.

Birbank Biznes tətbiqində bir sıra bank xidmətlərini onlayn həyata keçirmək mümkündür: biznes bank hesablarının açılması, milli və xarici valyutada köçürmələr, təcili köçürmələr, HÖP ödənişləri, biznes kartlarının sifarişi və çatdırılması, biznes müştərilərinə özəl tarif paketləri, Mobil POS, cari və kart hesabından QR nağlaşdırma, e-ticarət, kliklə ödə xidməti, sənəd dövriyyəsi, toplu imzalama, biznes krediti üçün müraciət, bank qarantiyası, gömrük kredit kartı, açıq API platforması, əməkhaqqı layihəsinə qoşulma, əməkhaqqı kartlarına mədaxil və əməkhaqqı kartlarının sifarişi və çatdırılması, POS əməliyyatlarının onlayn izlənməsi və çıxarışların əldə edilməsi, canlı çat funksiyası ilə sualların cavablandırılması, POS terminal sifarişi və s.

Qeyd edək ki, istifadəsi rahat və təhlükəsiz olan Birbank Biznes tətbiqini həm iOS, həm də Android əməliyyat sistemli cihazlar dəstəkləyir. Tətbiqi yükləmək üçün qeyd olunan linkə keçid etmək kifayətdir – https://my.birbank.business.


 

Əmək müqaviləsinin forması

posted in: Xəbər | 0

Əmək müqaviləsi nədir, onu kim bağlayır?

İşəgötürənlə işçi arasında münasibətləri rəsmiləşdirmək üçün müəssisə, yaxud təşkilatlarda, onların kadr uçotu mütəxəssisləri tərəfindən əmək müqaviləsi tərtib edilir. Nümunəvi əmək müqaviləsinin forması  Əmək Məcəlləsində verilib. Əmək müqaviləsi vasitəsilə işəgötürən işçini işlə təmin edir, ona görə əməkhaqqı ödəyir. Bunun müqabilində işçi:

  • səmərəli işləməyi,
  • iş qrafiki qaydalarına əməl etməyi,
  • vəzifələrini yerinə yetirməyi öhdəsinə götürür.

İşçi və işəgötürənin fərdi qaydada, nümunəvi əmək müqaviləsi formasına uyğun razılaşma, onların hüquqlarını və vəzifə öhdəliklərini şərh edir.

Əmək müqavisinin tərəfləri işçi (fiziki şəxs) və işəgötürəndir (müdriyyət, müəssisənin rəhbəri)

Əmək müqaviləsi haqqında daha ətraflı buradan məlumat almaq olar.

Əmək müqaviləsinin forması

Müqavilənin məzmunu tərəflərin hüquq və vəzifələrini müəyyən edən şərtlərdən ibarətdir. Bu sənəd iki tərəfin razılığı ilə nümunəvi əmək müqaviləsinin forması əsasında sərbəst bağlanır, yəni bunun üçün heç bir məcburiyyət yoxdur. Əmək Məcəlləsində edilmiş son dəyişikliyə əsasən, Məcəllənin 7.2.1. və 7.2.2. maddələrində qeyd edilən hallar istisna olmaqla, əmək müqaviləri elektron informasiya sistemində yalnız online formada bağlanılır və həm işçi, həm də işəgötürən tərəfindən təsdiləndikdən sonra qüvvəyə minir. Bəzi müəssisələrdə online əmək müqavilələri struktur bölmələrə məlumat üçün göndərilə bilər. Məsələn:

  • işçiyə;
  • insan resursları;
  • mühasibatlıq şöbəsinə verilə bilər.

Artıq qanunvericilikdə müəyyən  olunmuş hallar xaricində, yazılı əmək müqavilə bağlamağa ehtiyac yoxdur. Online əmək müqaviləsi işçi və işəgötürən tərəfindən ey I gündə imzalandıqdan sonra qüvvəyə minir və əmək münasibətləri başlanmış hesab olunur. Ən geci işçi işə başladığı gün online əmək müqaviləsini bağlamaq lazımdır. Əks halda, əmək haqqı ödənilsə belə, işəgötürən qanunsuz şəkildə işçini işə cəlb etmiş sayılacaqdır. Bu hal isə müəssisə üçün inzibati cərimə ödənilməsi ilə nəticələnə bilər.

Nümunəvi əmək müqaviləsi forması Əmək Məcəlləsinə əlavə olunub.

Əmək müqaviləsinin tərkibi

Nümunəvi əmək müqaviləsinin forması 11 paraqrafdan ibarətdir. Həmin bölmələrdə qeyd olunan məlumatlar aşağıdakılardır:

  • Müqaviləni (kontraktı) bağlayan tərəflər haqqında məlumatlar

İşçinin məlumatları onun şəxsiyyət vəsiqəsi əsasında doldurulur. İşəgötürənin adı, ünvanı, eyni zamanda işçinin vəzifəsi, habelə işlədiyi struktur bölmə haqqında məlumatlar müqavilədə qeyd olunmalıdır.

  • Müqavilənin müddəti

Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən müddətsiz yaxud müddətli olmaqla 5 ilədək tərtib edilir. İkinci halda müddət 5 ildən artlq ola bilməz, əks halda belə müqavilə müddətsiz kimi qəbul olunur.

  • İşçinin əmək funksiyası

Bölmə müqavilənin ən mühüm hissəsi sayılır. Əmək funksiyası dedikdə müqavilə üzrə işçinin yerinə yetirilməli olduğu işlər başa düşülür. Bu funksiyaları dəyişmək yaxud onlara əlavələr etmək üçün tərəflərin razılığı vacibdir.

  • Əmək şəraitinin şərtləri

Müqavilədə əməkhaqqı, ona əlavələr, iş və istirahət müddəti, əməyin mühafizəsi, məzuniyyət  kimi şərtlər qeyd olunmalıdır.

  • Vurulmuş ziyana görə tərəflərin qarşılıqlı maddi məsuliyyəti

Tərəflərdən biri digərinə əmlaka, maddi, istehsal, digər ziyan vurmuş olarsa, qanunvericilikdə müəyyən olunmuş qaydalara əsasən məsuliyyətə cəlb olunmalıdır.

  • Sosial müdafiə məsələləri

İşçi müxtəlif güzəştlər, sosial yardım və təminatlar, sosial sığorta hüququ ilə təmin edilməlidir.

  • Mülkiyyət münasibətlərinin tənzimlənməsi

İş prosesi zamanı işəgötürənin mülkiyyətindəki əmək vasitələrindən, eyni zamanda işçinin şəxsi vəsaitlərindən istifadə olunur. Həmin əmlakın qorunması barədə razılaşmalar müqavilənin bu bölməsində əks olunur.

  • Dəyişikliklər və əlavələrin edilməsi barədə məlumatlar

   Müqavilədə hər hansı dəyişiklik etmək üçün  hər iki tərəfin  razılığı vacibdir. Birtərəfli qaydada edilmiş dəyişikliklər  hüquqi cəhətdən əsassızdır.

  • Müqaviləyə xitam verilməsi

Sənədin ləğvi əmək münasibətlərinin bitməsini bildirir. Müqaviləyə xitam verilməsi Əmək Məcəlləsinə əsasən tərəflərdən birinin istəyinə uyğun həyata keçirilir. Belə olduqda  işçi yaxud işəgötürənin  qabaqcadan xəbərdarlıq edilməsi zəruridir.

  • Yekun qaydalar

Müqavilə tərəflərin hüquqları pozulmadan, onların arasında mümkün  əmək mübahisələrinin qarşılıqlı razılıq yolu ilə həllinin təminatıdır.  Müqavilədə qeyd olunan öhdəlikləri üçüncü şəxslərə həvalə etmək olmaz.

  • Tərəflərin imzaları və ünvanları

Nümunəvi formaya uyğun tərtib olunmuş əmək müqaviləsində tərəflərin ünvanı, rekvizitləri. ad, soyad, ata adı kimi məlumatlar qeyd edilir və gücləndirilmiş elektron imza ilə təsdiq edilir.


Kapital Bank-ın İdarə Heyətinin sədri, Baş İcraçı direktoru Fərid Hüseynov ilə müsahibə

posted in: Xəbər | 0

Kapital Bank-ın İdarə Heyətinin sədri, Baş İcraçı direktoru Fərid Hüseynov: “Ölkənin birinci bankı” adını layiqincə daşımağa davam edəcəyik”

5 may 2023-cü il tarixində keçirilən Kapital Bank-ın Səhmdarlarının Ümumi Yığıncağı və Müşahidə Şurasının toplantısı zamanı bir sıra məsələlər müzakirə olunub və qərarlar qəbul edilib. Qərarların birinə əsasən Kapital Bank-ın İdarə Heyəti sədrinin birinci müavini Fərid Hüseynov bankın İdarə Heyətinin sədri, Baş İcraçı direktoru təyin edilib. Yeni vəzifəsinin icrasına başlaması ilə əlaqədar Fərid Hüseynov növbəti illər üçün olan strateji hədəflərdən, rəqəmsal innovasiyalardan, kadr siyasətindən və bankın fəaliyyəti ilə bağlı digər maraqlı mövzulardan danışıb.

  • Fərid müəllim, sizin təyinatınızdan sonra Kapital Bank-ı nələr gözləyir?
  • İlk növbədə qeyd etmək istərdim ki, əvvəlki sədrimiz Rövşən Allahverdiyev Kapital Bank-ın Müşahidə Şurasının sədri vəzifəsinə təyin olunub. Bu baxımdan rəhbərlikdə olan dəyişikliklər bankın ümumi strategiyasına və prioritetlərinə təsir göstərməyəcək. Ötən dövrlərdəki kimi, Kapital Bank-ın əsas hədəfi  yerli maliyyə sektorunda lider mövqeyini qoruyub saxlamaq və gücləndirmək, sahib olduğu böyük müştəri bazasına xidmət keyfiyyəti səviyyəsini daha da artırmaqdır. Əminəm ki, “ölkənin birinci bankı” adını layiqincə daşımaq üçün fəaliyyətimizi daha da gücləndirəcəyik.
  • Hamı bilir ki, Kapital Bank-ın əsas səhmdarı ölkənin ən böyük şirkətlər qrupu olan PAŞA Holding-dir. Bildiyimiz qədər holdinqdə də struktur dəyişikliyi baş verib və yeni ekosistem yaradılıb. Bu ekosistem Kapital Bank-a necə təsir edəcək?
  • Bəli, PAŞA Holding-də də struktur baxımdan müəyyən dəyişikliklər var. Kəsişən sahələr üzrə müştərilərə daha faydalı ola bilmək və xidmət keyfiyyətini artırmaq məqsədilə PAŞA Holding-in nəzdindəki bəzi şirkətlər ekosistem altında bir araya gətirildi. Bu ekosistemə daxil olan şirkətlərdən biri, hətta deyərdim ki, ən önəmlisi Kapital Bank-dır, digərləri isə Competo və PashaPay-dir. Ekosistem müştərilərin bütün istəklərini bir mərkəzdən idarə etmək və müştəri təcrübəsini maksimum rahatlaşdırmaq üçün yaradılıb. Ekosistemdəki strateji aktivlərin vahid mexanizm kimi işləməsi, inteqrasiya hesabına bir-birlərini maliyyə və texnoloji cəhətdən tamamlaması nəzərdə tutulur. Bu yenilik həm Kapital Bank-ın, həm də “Umico”, “MilliÖn”, “M10”, “Uklon”  və “Trendyol” brendlərinin müştərilərinə geniş imkanlar yaradacaq.
  • Bankın cari strateji dövrü bitmək üzrədir. Növbəti strateji dövr üçün Kapital Bank-da hansı istiqamətlərin inkişafı gözlənilir? Yəni əsas inkişaf etdiriləcək sahələr hansılardr?
  • Bizim 2024-2026-cı illər üçün strategiyamızın mərkəzində məhz müştəri məmnuniyyəti və rahat müştəri təcrübəsi dayanıb. Belə ki, biz təklif etdiyimiz xidmətləri müştəriyə dəyər yaradacaq şəkildə, tam stabil və əlçatan olmasını təmin etməyi özümüzə əsas prioritet kimi götürmüşük. Buna nail ola bilmək üçün artıq bir neçə ildir ki, biz dataya, yəni məlumatlara əsaslanan biznesin qurulması istiqamətində çalışırıq. Müvafiq infrastruktur yaradırıq və data sahəsinə ciddi investisiyalar edirik. 2024–2026-cı illəri əhatə edən növbəti strateji dövrdə də bu istiqamətdə daha təkmil və kompleks tədbirlər görəcəyik. Pərakəndə sektorla yanaşı, KOS və mikro istiqamətlərində xidmətlərin data əsaslı olmasını və  maksimum rəqəmsallaşmasını təmin edəcəyik.

Lakin istər pərakəndə, istərsə də KOS və korporativ sektorda rəqəmsallaşma, data əsaslı biznesin aparılması bankın insan resurslarına ciddi investisiya tələb edir. Bu baxımdan önümüzdə duran strateji dövrdə mövcud komandamızın inkişafı və potensialının artırılması, o cümlədən bankın bazarda olan peşəkarlar üçün cəlbedici iş yerinə çevrilməsinə diqqət yetiriləcək.

  • Rəqəmsal innovasiyalar sahəsində nə kimi addımlar atmağı planlaşdırırsınız?
  • İnnovasiyalar bütövlükdə Kapital Bank-ın həyatında əhəmiyyətli yer tutur. Biz daima xidmətlərimizə müsbət təsir edən müasir texnologiyaları gətirməyə, onları tətbiq etməyə çalışırıq ki, müştərilərimiz yeni imkanlardan faydalana bilsinlər. Bildiyiniz kimi, Kapital Bank maliyyə bazarında ən böyük müştəri bazasına sahibdir və bu prizmada texnologiyalar bizə xidmətin yaxşılaşdırılmasında yardımçı olur. Texnoloji yeniliklər həm pərakəndə, həm KOS müştərisi üçün data əsaslı risk və kreditləşmə modellərinə, özəl-individual təkliflərə, bütün istiqamətlər üzrə xidmət kanallarına və biznesin digər aparıcı və dəstəkləyici istiqamətlərinə tətbiq olunur. İnnovativ həllər həm bankın gündəlik fəaliyyətinin tərkib hissəsi, həm də müxtəlif startaplarla partnyorluq kimi banka inteqrasiya olunur.
  • Bəs Birbank-da hansı yeniliklər olacaq? Ümumiyyətlə rəqəmsal bankçılığın inkişafı gələcəkdə filial şəbəkəsinin kiçilməsinə, ixtisarlara zəmin yarada bilərmi?
  • Birbank istifadəçilərinə öz xərclərini təhlil etmək, onlara nəzarət və düzgün idarəetmə imkanı yaradan köməkçi modulun təqdim olunması gözlənilir. Həmçinin Birbank-lıların birjaya giriş, qiymətli kağızların alqı-satqısını həyata keçirmək imkanını verən investisiya modulunun tətbiqi planlaşdırılır. Tam funksional rəqəmsal debet kartının istifadəyə verilməsi gözlənilir. Onu da qeyd edim ki, hal-hazırda sahibkarların ixtiyarında olan Müştəri Bank sistemi tezliklə tam yeni Birbank Biznes tətbiqi ilə əvəz olunacaq. Ümumiyyətlə Birbank-ın inkişaf strategiyasından danışsaq, o insanlara maliyyə sektoru ilə bağlı istənilən növ xidmətə çıxışı təmin edən rəqəmsal bank və maliyyə xidmətləri göstərən super maliyyə tətbiqi istiqamətində inkişaf etdirilir.

O ki qaldı filial şəbəkəsinin kiçildilməsinə, hal-hazırda Kapital Bank Azərbaycanın ən böyük xidmət şəbəkəsinə malik maliyyə qurumudur. Ölkənin demək olar hər bir regionunda bankın filialı və ya şöbəsi mövcuddur. Bugünkü dövrdə filial şəbəkəsinin kiçildilməsi müzakirə olunmur, hətta ilin sonuna qədər yeni xidmət nöqtələrinin və iş yerlərinin açılması nəzərdə tutulur. Rəqəmsallaşmadan danışarkən bir çox insan onu fiziki təmas nöqtələrinin azaldılması kimi qəbul edir. Lakin daha əvvəl də qeyd etdiyim kimi, bankımızın strateji istiqamətlərindən biri maliyyə xidmətlərinin hər bir vətəndaş üçün əlçatan və rahat olmağını təmin etməkdir. Bankımızın filialları da bu mənada istisna deyil.

  • Son illər ərzində sahibkarlara dəstək göstərilməsi baxımından Kapital Bank xeyli layihələr təqdim edib. Mikrobiznes, kiçik və orta sahibkarlıq sahələrində hansı yeniliklər gözlənilir?
  • Mikrobiznes, kiçik və orta sahibkarlıq Kapital Bank-ın fəaliyyətinin vacib istiqamətlərindən hesab olunur. Bu seqmentdəki sahibkarlıq subyektləri üçün mütəmadi olaraq ölkənin bank sektorunda yenilik sayılan innovativ xidmətlər istifadəyə veririk. Nümunə kimi hal-hazırda bizim regionda ilklərdən sayılan sahibkarlara smartfon vasitəsilə təmassız ödənişləri qəbul etmək imkanını verən Mobil POS xidmətini qeyd etmək olar. Azərbaycanda mikrokreditlərin tam onlayn verməyə də ilk dəfə məhz Kapital Bank başlayıb. Kiçik və orta sahibkarların kreditləşməsinin məsafədən həyata keçirilməsi üçün də müəyyən işlər görmüşük. Artıq mikrobiznes sahibkarları tam rəqəmsal şəkildə kredit rəsmiləşdirə bilirlər. Kreditin rəqəmsallaşması prosesi hazırda da davam etdirilir. Məqsəd biznes sahibləri üçün maksimum rahat bankçılıq yaratmaqdır. Xatırladım ki, qeyri-kredit əməliyyatlarımız isə artıq 2 ilə yaxındır ki, bütövlükdə onlayna keçirilib.
  • Kapital Bank-ın artıq 5000-dən çox əməkdaşı var. Bugünkü reallıqlarda yerli maliyyə sektorunun ən böyük işə götürəninə istedadları cəlb və idarə etmək çətindirmi?
  • Hamımız bilirik ki, istedadları cəlb etmək asan deyil, çünki əmək bazarında rəqabət artıb və əmək bazarının sərhədləri çox genişlənib. Eyni zamanda innovasiyaların və rəqəmsallaşmanın gətirdiyi müəyyən yeni peşələrlə bağlı ölkənin əmək bazarında kadr qıtlığının olduğunu da bilirik. Pandemiya şəraitində yerli şirkətlərdə, xüsusilə də texniki rollarda çalışan əməkdaşlar Avropa ölkələrindən, hətta daha da uzaqlardan iş təklifləri aldılar və çoxları ölkəni tərk etmədən, məsafədən xarici şirkətlərdə çalışmağa başladılar. Hazırda bu proses nisbətən azalsa da, belə imkanlar mütəmadi olaraq yaranır. Cəlb etdiyimiz istedadları idarə etmək, onları şirkətdə saxlamaq o qədər vacibdir ki, hətta biz bunu strateji hədəflərimiz arasında görürük. Dəyişkən və dinamik dünya, şirkətlərin tətbiq etdiyi innovasiyalar rəqabəti artırır və istedadların saxlanılmasını daha da çətinləşdirir. Biz də bu dinamikaya uyğunlaşmaq, ən yaxşı kadrları cəlb etmək, saxlamaq və inkişaf etdirmək üçün müəyyən addımlar atırıq. Məsələn, daha cəlbedici və rahat iş şəraiti yaratmaq məqsədilə pandemiya dövründə tətbiq etdiyimiz hibrid iş rejimini pandemiyadan sonra da saxladıq. Həmçinin baş ofislərimizdə ofisin dizaynını gənclər üçün daha maraqlı və komfortlu etdik, əməkdaşlar üçün bankla assosiasiya olunan ciddi dres-kodu, rəsmiliyi aradan qaldırdıq, daha sərbəst və kreativ iş mühiti formalaşdırdıq. Hətta təzəlikcə həftənin bəzi günlərində test rejimində bir neçə filiallarda da qismən sərbəst geyim tərzini tətbiq etməyə başlamışıq. Əgər müştərilərimiz bu dəyişikliyi müsbət qarşılasalar, yanaşmanı bütün filial və şöbələrimizdə tətbiq edəcəyik. Gənclərin və eyni zamanda öz əməkdaşlarımızın yeni peşələrə yiyələnə bilmələri üçün biz müxtəlif təcrübə, daxili təlim, ixtisasartırma və ixtisasdəyişmə (“reskilling” və “upskilling”) proqramlarını da həyata keçiririk, öyrədici platformalardan istifadə edirik, yerli və xarici universitetlərlə əməkdaşlıq aparırıq. Son bir il ərzində Kapital Bank-a bir sıra xarici mütəxəssislər cəlb olunub. Onların əsas vəzifəsi yeni sahələrdə kadr çatışmazlığını aradan qaldırmaqla yanaşı, bilik və beynəlxalq təcrübəni əməkdaşlarımızla paylaşmaq, bankda kadrların yetişdirilməsinə töhfə verməkdir.
  • Hazırda əksər banklar dələduzluq hallarının aradan qaldırılması istiqamətində silsilə tədbirlər görür. 5 milyondan artıq müştərisi olan Kapital Bank müştərilərini necə qoruyur?
  • Dələduzluq hallarının qarşısının alınması ilə bağlı Kapital Bank kompleks işlər görür. Sosial şəbəkələr, televiziya, radio, Birbank, filial və ATM şəbəkəsi daxil olmaqla bankın müxtəlif kommunikasiya kanalları vasitəsilə maarifləndirmə işləri aparılır, müştərilərin diqqət yetirməli olduğu məqamlar göstərilir. Eyni zamanda bizim informasiya təhlükəsizliyi ofisimiz internet monitorinqini həyata keçirir. Monitorinq nəticəsində Kapital Bank və Birbank-ın adından istifadə edilərək dələduzluq məqsədilə yaradılan saytlar aşkarlandıqda, müvafiq dövlət qurumları ilə birgə səylər nəticəsində həmin saytların fəaliyyəti ölkə ərazisində dərhal qadağan olunur. Bu monitorinqi biz xüsusi brend mühafizəsi sistemi vasitəsilə həyata keçiririk.

Müəyyən meyarlardan istifadə etməklə internet məkanında şübhəli tranzaksiyaların izlənilməsi icra olunur. Həmin meyarlara uyğun gələn və riskli hesab edilən bütün əməliyyatlar real vaxt rejimində müştəriyə əvvəlcədən məlumat verməklə bloklanır ki, müştərinin kartından vəsaitin mənimsənilməsinin qarşısı alınsın. Eyni məqsədlə şübhəli və riskli kateqoriyaya daxil olan saytlarda Kapital Bank kartları ilə hər hansı bir ödəniş yerinə yetirilərsə, həmin kartlar həmin anda bloklanır və bu barədə müştəriyə məlumat verilir. Rəqəmsal məkanda görülən işlərə paralel olaraq, biz daxili proseslərə də ciddi tələblər qoymuşuq.

  • Müştəri məmnuniyyəti banklar üçün hər zaman prioritet məsələ sayılıb. Kapital Bank-ı müştəri yönümlü bir bank adlandırmaq olarmı?
  • Əminliklə deyə bilərəm ki, Kapital Bank-ı müştəri yönümlü bir bank adlandırmaq olar. Bankın hər yeni xidməti və məhsulu müştərinin səsini eşidərək işlənib hazırlanır və istifadəyə verilir. Yeniliklər tətbiq olunduqdan sonra mütləq qaydada müştərilərin rəyləri nəzərdən keçirilir, qarşıya çıxan çətinliklər aradan qaldırılır, lazımdırsa məhsul və xidmətlərə dəyişikliklər olunur və onlar müştərilərin ixtiyarına təkrar verilir. Lakin bu o demək deyil ki, biz bu sahədə bütün işləri görmüşük. Daimi inkişaf müştəri məmnuniyyətinin əsasıdır. Bunun üçün həm infrastruktur, həm keyfiyyət, həm xidmət və həm də proses tərəfdən davamlı təkmilləşdirmə işləri aparılacaqdır.
  • Bankın korporativ sosial məsuliyyət layihələri haqda da danışardıq. Kapital Bank gələcək illərdə cəmiyyətə necə töhfə verəcək?
  • Kapital Bank hər il onlarla KSM layihə həyata keçirir və sosial yönümlü təşəbbüslərə töhfə verir. Bankın fəaliyyətinin əsas məqsədi təkcə mənfəət qazanmaq və müştərilər üçün dəyər yaratmaq deyil, həmçinin cəmiyyətimizə faydalı ola biləcək istiqamətləri dəstəkləməkdir. Mühüm sayılan istiqamətlər sırasında təhsil layihələrini, kiçik və orta sahibkarlığı, innovasiyaları, ətraf mühitin mühafizəsini qeyd etmək olar. Bu kontekstdə, bankımızın əməkdaşlarının təşəbbüsü ilə yaranmış daha sonra isə tam işlək QHT-yə çevrilmiş “Qırmızı Ürəklər” Fondunu da xüsusi qeyd etmək istərdim.  Daha bir əhəmiyyətli və diqqət çəkmək istədiyim məqam isə Kapital Bank-ın “Yaşıl bankçılıq” konsepsiyasına keçididir. Hətta deyərdim ki, Azərbaycanda ilk bu konsepti tətbiq edən bank məhz Kapital Bank-dır. Bildiyiniz kimi, bankımız sürətli şəkildə rəqəmsallaşır. Həm pərakəndə, həm də KOS sahəsində əsas xidmətlər artıq məsafədən, heç bir kağız materialları tələb olunmadan icra olunur. Biz son iki ayda filial şəbəkəmizdə də “kağızsız kreditləşmə” sisteminə keçid etmişik. Belə ki, filiallarda nağd pul krediti və kredit kartı rəsmiləşdirən müştərilərə əvvəllər olduğu kimi imza üçün bir topa sənəd təqdim olunmur. Bu proses bütövlükdə onlayna keçirilərək, kağız istifadəsi sıfırlanıb. Bu yeniliyi mərhələli şəkildə bütün xidmətlərə tətbiq edəcəyik. Növbəti hədəfimiz isə plastik kartların istifadəsini minimuma endirməkdir. Tezliklə Birbank-lılar tam funksional rəqəmsal debet və kredit kartlarından istifadə edə biləcəklər. Bununla da əhalinin plastikə tələbatını azaltmış olacağıq. Filiallar və rəqəmsal bankçılıqla yanaşı, baş ofisdə də elektron sənəd dövriyyəsinə keçid etmişik. Əlbəttə ki, ofis və filiallarımızda kağız sərfiyyatının azaldılması ilə paralel, elektrik enerjisi və su sərfiyyatının da minimuma endirilməsi istiqamətində müəyyən kiçik görünsə də, böyük təsir dərəcəsi olan addımlar atırıq. Misal olaraq eko-lampalardan və sensorlu su kranlarından istifadəni göstərmək olar.

1 524 525 526 527 528 529 530 2. 690