Ölkədən çıxarıla bilən milli və xarici valyuta

posted in: Xəbər | 0

Ölkədən çıxarıla bilən valyuta, milli valyuta, xarici valyuta,Ölkəyə gətirilməsi və ölkədən aparılması ilə əlaqədar milli və xarici valyutada ifadə edilən pulun və valyuta sərvətlərinin rejimləri öz-özlüyündə fərqlənir. Bununla bağlı qanunvericilik müvafiq tələblər nəzərdə tutmuşdur.

Mövcud qanunvericilik üzrə Azərbaycan Respublikasına pul gətirilməsi ilə bağlı tələblərə görə rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər xarici valyutanı gömrük prosedurlarına əməl etməklə məhdudiyyət olmadan Azərbaycan Respublikasına gətirə bilərlər.

Hazırda xarici valyuta ilə bağlı əməliyyatlar üçün rezident və qeyri-rezident fiziki və hüquqi şəxslərə dair tələblərə görə:

  • məbləği 10000 (on min) ABŞ dolları ekvivalentinədək olan xarici valyutanı gömrük orqanında şifahi formada bəyan etməklə Azərbaycan Respublikasından nağd şəkildə çıxara bilərlər.
  • 10000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən 50000 (əlli min) ABŞ dolları ekvivalenti məbləğinədək olan xarici valyutanı onun əvvəllər Azərbaycan Respublikasına nağd şəkildə gətirilməsini təsdiq edən gömrük sənədlərini və yazılı formada bəyannaməni gömrük orqanına təqdim etməklə Azərbaycan Respublikasından nağd şəkildə çıxara bilərlər.
  • bütün digər hallarda xarici valyutanın rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər tərəfindən Azərbaycan Respublikasından çıxarılması yalnız müvəkkil banklar və poçt rabitəsinin milli operatoru vasitəsilə köçürmə yolu ilə həyata keçirilə bilər.

Rezident və qeyri-rezident hüquqi şəxslər nağd milli valyutanı (kağız və metal pul nişanları), milli valyutada ifadə olunmuş qiymətli kağızları və milli valyutada ifadə olunmuş yubiley və xatirə pul nişanlarını nominal məbləğindən asılı olmayaraq gömrük orqanlarına bəyan etməklə, Azərbaycan Respublikasından çıxara və Azərbaycan Respublikasına gətirə bilərlər.

Qeyd edək ki, rezident və qeyri-rezident fiziki şəxslərin nağd əməliyyatları üzrə hazırda aşağıdakı tələblər mövcuddur:

  • 20000 (iyirmi min) manat məbləğinədək olan nağd milli valyutanı (kağız və metal pul nişanları) və milli valyutada ifadə olunmuş qiymətli kağızları gömrük orqanlarına şifahi formada bəyan etməklə,
  • 20000 (iyirmi min) manat və ondan yuxarı məbləğdə olan nağd milli valyutanı (kağız və metal pul nişanları) və milli valyutada ifadə olunmuş qiymətli kağızları gömrük orqanlarına yazılı formada tam məbləğdə bəyan etməklə, Azərbaycan Respublikasından çıxara və Azərbaycan Respublikasına gətirə bilərlər.

Rezident və qeyri-rezident fiziki şəxslər milli valyutada ifadə olunmuş yubiley və xatirə pul nişanlarını nominal məbləğindən asılı olmayaraq gömrük orqanlarına yazılı formada bəyan etməklə Azərbaycan Respublikasından çıxara və Azərbaycan Respublikasına gətirə bilərlər.

Onu da nəzərə almaq lazımdır ki, rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər milli valyutanı məhdudiyyət olmadan müvəkkil banklar və ya poçt rabitəsinin milli operatoru vasitəsilə köçürmə yolu ilə Azərbaycan Respublikasından çıxara və Azərbaycan Respublikasına gətirə bilərlər.

Bununla yanaşı qanunvericiliyin tələblərinə görə bank hesabı açılmadan Azərbaycan Respublikasının daxilində və Azərbaycan Respublikasından kənara xarici valyutada pul köçürmələri yalnız rezident və qeyri-rezident fiziki şəxslər tərəfindən aparıla bilər. Rezident və qeyri-rezident hüquqi şəxslər tərəfindən bank hesabı açılmadan xarici valyutada pul köçürməsi əməliyyatlarının aparılmasına yol verilmir.

Digər bir tələbə görə rеzidеnt və qeyri-rezident fiziki şəxs Azərbaycan Respublikasından kənara bank hеsаbı аçmаdаn хаrici vаlyutа vəsаitlərini

  • bir əməliyyаt günü ərzində 1000 (bir min) АBŞ dоllаrı,
  • təqvim ayı ərzində isə 10000 (on min) АBŞ dоllаrı еkvivаlentinədək məbləğdə köçürə bilər.

Bu isə o deməkdir ki, mövcud situasiyada konkret limitləri nəzərə aldıqdan sonra əməliyyatların aparılması məqsədəuyğundur.

Eyni zamanda hazırki tələblərə görə Azərbaycan Respublikasından kənara bank hesablarından xarici valyutada köçürmələr yalnız konkret növ əməliyyatlar üzrə aparıla bilər. Bu əməliyyatlardan biri kimi xarici ölkələrdən alınan mallara görə əvvəlcədən edilən ödənişləri misal göstərmək mümkündür. Qanunvericiliyə əsasən qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır.

Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Onu da nəzərə almaq lazımdır ki, sənədlərin təqdim edilməməsi müvafiq inzibati məsuliyyətə səbəb olur. Belə ki, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 10-20 faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20-30 faizinədək məbləğdə cərimə edilir.

Yekunda isə mövzu çərçivəsində qeyd etmək mümkündür ki, Rezidentlər Azərbaycan Respublikasının hüdudlarından kənarda xarici valyuta hesablarını sərbəst şəkildə aça bilərlər. Rezidentlər sahibkarlıq fəaliyyəti məqsədləri üçün Azərbaycan Respublikasının hüdudlarından kənarda xarici valyutada hesab açarkən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.11-ci maddəsinin tələblərinə müvafiq olaraq vergi orqanlarından şəhadətnamə-dublikat almalı və hesab üzrə əməliyyatlar aparıldığı tarixədək müvafiq qeydlər etməklə bildiriş hissəsini vergi orqanına təqdim etməlidirlər.

Normativ baza:

“Rezidentlər və qeyri-rezidentlər tərəfindən milli valyutanın nağd şəkildə və milli valyutada ifadə olunmuş qiymətli kağızların Azərbaycan Respublikasından çıxarılması və Azərbaycan Respublikasına gətirilməsi zamanı bəyan edilməsi” Qaydası

https://e-qanun.az/framework/40255

“Rezidentlər və qeyri-rezidentlər tərəfindən xarici valyutanın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması” Qaydaları

https://e-qanun.az/framework/32366

“Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması” Qaydaları

https://www.cbar.az/law-189/decision-no-451


Elektron qaimə-faktura hansı halda proqram təminatı tərəfindən təsdiqlənir?


Aksizli vergisi – vergi tutulan əməliyyatın vaxtı və məbləği

posted in: Vergi | 0

Vergi tutulan əməliyyatların məbləği

Aksiz vergisi məbləğinin hesablanması üçün vergi tutulan əməliyyatların dəyərini hesablamağı bacarmalıyıq. Aksizli malların siyahısı uzundur, çeşidi də çoxdur, odur ki, hər aksizli mallara görə tutulan məbləğ fərqlənir.

Hesablama ardıcıllığı sadədir – vergi bazasını müəyyən etmək, sonra onu aksiz dərəcəsinə vurmaq lazımdır. Əsas qayda hər bir aksizli malın ayrıca uçotudur, məsələn, spirt sənayesində neçə litr şampan şərabının, nə qədər şərabın istehsal edildiyini və satıldığını ayrıca hesablamaq lazımdır. Əgər onları bir sətirdə hesablasaq, onda ən yüksək vergi dərəcəsinə vurmalı olacağıq. Məhsulun topdansatış alıcısı, onu ayrıca sətirdə görür, çünki o, nə qədər aksiz vergisi ödəməli olduğunu bilməlidir. Pərakəndə satışda isə o, ümumi qiymətdən ayrıca məbləğ kimi ayrılmır.

Vergi tutulan əməliyyatın məbləği Vergi Məcəlləsinin 185-ci maddəsinə uyğun müəyyən olunur. Hesablamalar:

  • respublika ərazisində istehsal olunan;
  • respublikaya idxal olunan mallar üzrə ayrıca hesablanır.

Respublika daxilində istehsal olunmuş aksizli mallar üzrə vergi tutulan əməliyyatın məbləği kimi malların miqdarı götürülür (VM 185.1).

Neft məhsulları üçün vergi tutulan məbləğ hesablanarkən aksiz, yol vergisi, ƏDV çıxılır

VM-in 185.1-ci və 190.1.6.-ci maddələrini tətbiq edərkən diqqət etmək lazımdır ki, söhbət neftin özündən deyil, neftdən hazırlanan məhsullardan gedir. Çox vaxt gənc mühasiblərin buna diqqət etmədiyini görürük. Xam neft istehsal edilmir, o yerin təkindən faydalı qazıntı halında çıxarılır və ondan mədən vergisi tutulur.

Mədən vergisi barədə isə daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Nümunə 1: Vergi ödəyicisi istehsal etdiyi, 15 ton Aİ-92 benzinini və 8 ton dizel yanacağı istehsal binasının hüdudlarından kənara çıxarmışdır. Gəlin ödənməli olduğu aksizin məbləğini birgə hesablayaq. Məlum olduğu kimi, neft məhsullarının qiymətləri AR Tarif şurasının qərarı ilə tənzimlənir. Aksizə cəlb edilən dövriyyəni müəyyənləşdirmək üçün 1 ton neft məhsullarınının şirkət daxili qiymətlərini məhsulların həcminə və aksizlərin dərəcələrinə vurmaq lazımdır.

Aİ-92 markalı avtomobil benzini üçün :
751.60 azn * 15 ton * 42.5% = 4791.45 manat
Dizel yanacağı üçün:

769.88 azn * 8 ton * 18, 3% = 1127,10 manat

Respublikaya daxil olan bəzi mallar var ki, onlar üçün vergi tutulan əməliyyat mühərrikin həcminə görə müəyyən olunur. Misal olaraq yaxta, avtobus, minik avtomobilləri, istirahət ya da idman üçün yaxta, eləcə də bu kimi məqsədlərə görə istifadə olunan başqa üzən vasitələri göstərə bilərik.


Hesablamalarınızı daha asan aparmaq üçün Excel-dən istifadə edin


Nümunə 2: Avtomobil nəqliyyatı vasitələrinin idxalı ilə məşğul olan fiziki şəxs Almaniya Federativ Respublikasından Azərbaycan Respublikasına 2 ədəd Mersedes markalı minik avtomobili idxal etmişdir. Bu avtomobillərdən birinin mühərrikinin həcmi 1800 kub santimetr, digərininki isə 2500 kub santimetrdir. Bu halda, vergi tutulan əməliyyatları müəyyən etmək üçün hər iki minik avtomobilinin mühərrikinin həcmi əsas götürüləcəkdir.

İdxal olunan üçün əməliyyat məbləği VM-nin 185.2. maddəsinin şərtləri nəzərə alınaraq hesablanır. Aşağıda belə mallardan birinin nümunəsi verilib:

ALT İdxal olunan bəzi aksizli mallar üçün vergi tutulan əməliyyatın məbləği (vergitutma bazası) – onların miqdarı, bəziləri üçün isə (məsələn avtomobillər) onların mühərrikinin həcmidir. - VM 185.2

İdxal olunmuş zinət əşyalarına görə aksiz tutulan əməliyyatın məbləği aşağıdakı qaydalarla təyin edilir:

 İdxal olunan qızıla, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarına görə - qızılın min çəki vahidindəki miqdarı aksiz vergisi obyektidir

Nümunə 3: Misal 3: Vergi Ödəyicisi Türkiyə Respublikasından 26 qr platin, 999 əyarlı 90 qr qızıl və 2.2 karatlıq almaz idxal etmişdir. Bu halda bunların hər biri, platin qramın, qızıl əyarına, almaz karatına görə vergiyə cəlb ediləcək.

Aşağıdakı cədvəldə müxtəlif aksizli mallar üzrə aksiz vergisi tutulan əməliyyatların məbləğinin təyini üsulu verilib:

AR ərazisində istehsal edilmiş mallara görə vergi tutma əməliyyatının vaxtı

Malın istehsalı getdiyi binadan mallar çıxdığı an vergi tutulan əməliyyatın vaxtıdır.

Nümunə 4: Siqaret istehsal edən yerli firma istehsal etdiyi məhsulu oktyabr ayının 30-da istehsal binasından satış məntəqələrinə yola salmışdır. Bu halda oktyabr ayının 30-u aksiz vergisi tutulan əməliyyatın vaxtı hesab edilir.

Azərbaycan Respublikası Gömrük Məcəlləsində verilənlərə mütənasib aksizli mal gömrük yoxlamasından keçibsə, həmin tarix vergi tutulan əməliyyatın vaxtıdır.

Nümunə 5: Vergi ödəyicisi Azərbaycan Respublikasına spirtli içki idxal etmişdir. Həmin mal aprel ayının 7-sində gömrük xidmətinin nəzarətindən çıxmışdır. Bu halda aprel ayının 7-si aksiz tutulan əməliyatın vaxtı hesab edilir.

Aksiz vergisinin vergitutma obyektləri

posted in: Vergi, Xəbər | 0

Vergitutma obyekti

Verginin müəyyən edilmiş sayılması üçün zəruri vergi elementlərdən biri vergitutma obyektidir. Əsas vergi elementlərinin mövcudluğu hüquqi baxımdan Azərbaycan Respublikası Vergi Məcəlləsinin 12-ci maddəsində təsbit olunub. Aksiz vergisinin vergitutma obyekti, aksiz vergisi tutulan əməliyyatlar haqqında danışmazdan öncə bu əsas vergi elementi haqqında qısa məlumat verək.

Hər hansı malın (iş, xidmət) dəyəri, əşyalar, digər predmetlərin vergitutma obyekti sayılması üçün, onlar aşağıdakı iki şərtə cavab veməlidir:

  1. dəyər, kəmiyyət, fiziki əlamətlərdən birinə və ya hamısına malik olmalıdır;
  2. bu hal Vergi Məcəlləsində aydın qeyd edilmiş olmalıdır.

Dəyər xarakteristikası o deməkdir ki, bu obyekt pulla qiymətləndirilə bilər. Məsələn malın (işin, xidmətin) dəyəri, barter əməliyyatı və s.

Kəmiyyət xarakteristikası obyektin mövcudluğunu ifadə edən xüsusiyyətlər kimi başa düşülə bilər: ölçü, say, həcm, obyektin ölçülə bilmək xüsusiyyəti. Məsələn, binanın sahəsi, idxal edilən almazın karatı, minik avtomobilinin mühərrikinin həcmi və s

Fiziki xüsusiyyətlərə onun xassələri (fiziki kəmiyyətlərə misal olaraq sıxlıq, özlülük, sındırma əmsalı və s.), eləcə də texniki xarakteristikalar (məsələn, avtomobil mühərrikinin gücü) aid edilə bilər.

Hər hansı bir obyektin vergitutma obyekti hesab edilməsi üçün vergi qanunvericiliyində vergi ödəyicisində həmin obyekt olduqda onun öhdəliyinin yaranması qeyd edilməlidir. Akszi vergisinin vergitutma obyekti Məcəllənin 184-cü maddəsində şərh olunub.


Aksiz vergisi haqqında daha çox məlumat uçün keçid edin


Aksiz vergisi ödəyicilərinin vergitutma obyektləri

ƏDV kimi, aksiz vergisi də dolayı vergidir. Müəyyən bir məhsulun (işin, xidmətin) maya dəyərinə daxil edildiyi üçün son istehlakçı tərəfindən ödənilir. Xatırladaq ki, dövlət büdcəsinin, onun gəlirlərinin formalaşmasının əsas mənbəyi dolayı vergilərdir.  Aksizli malların pərakəndə satışı zamanı onun məbləği ayrıca göstərilmir.

Vergi bazasını, aksiz vergisi tutulan əməliyyatlar üzrə dövlət büdcəsinə ödənilməli olan məbləği müəyyən etmək üçün vergitutma obyektinin ayrıca təsvir etmək lazımdı. Aksiz vergisinin vergitutma obyekti AR VM-in 190.1 maddəsində əks olunan aksizli mallarla əməliyyatların məcmusudur.

Məcəlləsnin 184-cü maddəsinə görə aşağıdakılar aksiz vergisinin vergitutma obyektlərinə aiddir:

  • Ölkə ərazisində istehsal edildikdən sonra aksizli mal istehsal olunduğu binadan kənara çıxarılanda;

İstehsal binaları deyiləndə istehsalın reallaşdığı sahədə yerləşən anbarları, köməkçi anbar sahələrini, eləcə də digər oxşar binaları nəzərdə tuturlar.

Nümunə 1: Firma istehsalın olduğu anbarda olan 4000 ədəd 1 litrlik şərabı və 8000 ədəd 2 litrlik arağı anbardan çıxarmışdır. Bu, aksizli malların istehsal binasının hüdudlarından kənara buraxılması sayılır.

Bina yaşam, fəaliyyət üçün nəzərdə tutulmuş tikinti obyektidir

Nümunə 2: Alkoqollu içkiləri istehsal edən şirkət hesabat dövrü ərzində 5000 litr çaxır, 8000 litr araq istehsal etmiş və 2000 litr çaxır, 3500 litr arağı istehsal binasının hüdudlarından kənara çıxarmışdır.
İstehsal binasının hüdudlarından kənara buraxılmış 2000 litr çaxır və 3500 litr araq aksiz vergisinə cəlb olunacaq.

  • Malların İdxal zamanı – Respublika Gömrük Məcəlləsinə əsasən aksizli malların gömrük xidmətinin nəzarətindən çıxdıqda

Nümunə 3: Vergi Ödəyicisi Azərbaycan Respublikasına nazik siqaretlər və elektron siqaretlər üçün maye idxal etmişdir. Həmin mallar gömrük xidmətinin nəzarətindən çıxarkən gömrük orqanları tərəfindən aksiz vergisi tutulmalıdır.

Aksiz vergisi tutulan əməliyyatların əksəriyyətinin fərqli xüsusiyyəti onların Azərbaycan Respublikası ərazisində həyata keçirilməsidir. Aksiz vergisinin vergitutma obyektinin yuxarıda qeyd etdiyimiz dəyər, fiziki və s. əlamətlərə görə vergi bazası müəyyən edilir. Ona tətbiq edilən vergi dərəcəsi vasitəsi ilə  büdcəyə ödəniləcək  məbləğ hesablanır.


Alınan mal üçün mağazadan kassa çeki verilməmişdirsə, istehlakçı nə etməlidir?

posted in: Xəbər | 0

Hüquqi şəxs ödəniş,Mən saat almışam, saatın kassa çeki yoxdur. Saatı eyni dəyərdə başqa bir saatla dəyişmək istəyirəm. Lakin satıcı bunun mümkün olmadığını bildirir. Nə etməliyəm?

Dövlət Vergi Xidmətindən bildirilib ki, istehlakçı tərəfindən əldə edilmiş lazımi keyfiyyətli mal istifadə olunmayıbsa və onun əmtəə görünüşü, istehlak xassələri, plombu, yarlığı, həmçinin mal və yaxud kassa qəbzi və ya ona mal ilə birlikdə verilmiş digər sənədləri saxlanılıbsa, bu hallarda o dəyişdirilə bilər.

Həmçinin, Vergi Məcəlləsinin 16.1.9-cu maddəsinə əsasən nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir.

Qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə rəsmi qaydada Dövlət Vergi Xidmətinə, istehlakçı hüquqlarınızın pozulması ilə bağlı isə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edə bilərsiniz.

Mənbə: vergiler.az


1 605 606 607 608 609 610 611 2. 686