Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin verilməsi dövrü

posted in: Müavinət, Xəbər | 0

Sosial müavinətlər

Sosial sığorta iqtisadi fəal vətəndaşların konstitusiya hüququnun “Sosial sığorta haqqında” AR Qanununda nəzərdə tutulan hallarda həyata keçirilməsini təmin etməyə yönəlmiş sosial müdafiə sistemidir. Bu sistem aşağıdakı hallarda fiziki şəxslərin itirilmiş əməkhaqlarının, gəlirlərinin qarşısının alınmasını və ya əlavə xərclərinin ödənilməsini təmin edir:

  • pensiya yaşına çatdıqda;
  • xəstəlik səbəbindən əmək qabiliyyətinin itirilməsi zamanı;
  • tam və ya qismən əlillik dövründə;
  • ailə başçısını itirildikdə;
  • uşaq anadan olduqda, habelə ona qulluq üçün məzuniyyət vaxtı;
  • dəfn üçün və sair.

Sosial sığorta vasitəsi ilə dövlət öz sosial siyasətini həyata keçirir. Sosial sığorta paketinə daxil olan ən geniş yayılmış müavinət növü tibb müəssisəsi tərəfindən verilmiş xəstəlik vərəqəsi (əmək qabiliyyətini itirmək vərəqəsi) əsasında verilən əmək qabiliyyətinin müvəqqəti itirilməsi müavinətidir. Sosial müavinətlərin növləri haqqında ətraflı məlumatı bu səhifədə tapmaq olar.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin verilməsi dövrü

Fiziki şəxsin əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət almaq hüququ aşağıdakı şərtlər daxilində yaranır:

  • işçinin 6 aydan az olmayan sosial sığorta stajı olmalıdır;
  • sığorta hadisəsi dövlət sosial sığorta haqqı hesablanan əmək fəaliyyəti dövründə baş verməlidir.

Müavinət veriləcək dövr əmək qabiliyyətinin itirildiyi birinci gündən başlayaraq sağalanadək olan dövr sayılır. Əgər tibbi sosial ekspert komissiyası (TSEK) işçiyə əlillik müəyyən edərsə, əlilliyin müəyyən edildiyi tarix dövrün sonu hesab olunur. Nəzərə almaq lazımdır ki, bu müddət bir ildən çox olmamalıdır (AR ƏM, 74-cü maddə).

Əgər işçi işdən çıxarılmasının düzgünlüyünün mübahisələndirildiyi dövrdə əmək qabiliyyətini müvəqqəti itirərsə, müavinət işçi işə bərpa olunduqda, müəssisənin vəsaiti hesabına verilir.

Növbəti məzuniyyət (əsas yaxud əlavə) vaxtı xəstəlik və ya zədə nəticəsində əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət dövrü müəyyən olunarkən, xəstəlik vərəqəsi əsasında işçinin əmək qabiliyyətini itirdiyi iş günləri nəzərə alınır.

Aşağıdakı dövrlər üçün əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət verilmir:

  • əməkhaqqı saxlanılmadan məzuniyyət zamanı;
  • uşağa qulluq etməkdən ötrü məzuniyyət müddətində.

Əgər işçinin əmək qabiliyyətini itirməsi bu məzuniyyətlərdən sonra da davam edərsə, müavinət  dövrü, ümumi qayda üzrə onun işə başlamalı olduğu gündən başlayaraq hesablanır. Hamiləlik və doğum zamanı da işçi əmək qabiliyyətini müvəqqəti itirir, amma bu hal “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”-nin 3-cü fəslində də ayrıca sosial sığorta hadisəsi kimi baxılır. Uyğun səhifəmizdən hamiləliyə və doğuma görə müavinət haqqında ətraflı oxuya bilərsiniz.

İşləyən əlillərə müavinətin verilməsi dövrü

Müharibə ilə bağlı əlilliyi olan şəxslər istisna olmaqla, işləyən əlliyi olan şəxslərə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət aşağıdakı dövrlər üçün təyin edilir.

a) istehsalat qəzası, peşə xəstəliyi səbəbindən əmək qabiliyyəti müvəqqəti itirildikdə:

  • xəstə sağalanadək, yaxud;
  • əlilliyi yenidən müəyyən edilənədək.

b) digər hallarda, ardıcıl yaxud təkrar xəstələnmə zamanı əmək qabiliyyəti müvəqqəti itirildikdə:

  • təqvim ilində altı aydan çox olmamaqla.

Vərəm xəstəliyi olan əlilliyi olan şəxslər istisna olmaqla, işləyən əlilliyi olan şəxslər vərəm xəstəliyi ilə əlaqədar əmək qabiliyyətini müvəqqəti itirdikdə müavinət aşağıdakı dövr üçün verilir:

  • xəstə sağalanadək, yaxud;
  • vərəm xəstəliyi ilə bağlı əlilliyi yenidən müəyyən edilənədək.

Sonuncu halda müddət 12 aydan artıq olmamalıdır.

Digər hallarda müavinətin verilmə dövrü

Aşağıdakı hallarda əmək qabiliyyətinin müvəqqəti itirilməsi baş verərsə, müavinətin dövrü həmin hallar bitdikdən sonra işçinin işə başlamalı olduğu gündən hesablanır:

  • müvəqqəti olaraq işin dayandırıldığı müddətdə;
  • hərbi toplanışlar zamanı;
  • təhsil müəssisələrində istehsalatdan ayrılmamaqla təhsillə əlaqədar verilən əlavə məzuniyyətlərdə.

Əgər işçi əmək qabiliyyətini qanunvericiliyə uyğun əməkhaqqı dayandırılmaqla işdən kənarlaşdırıldığı dövrdə müvəqqəti itirmişsə və bu işə başlamağa icazə verildikdən sonra da davam edərsə müavinət dövrü onun işə başlamalı olduğu gündən müəyyən edilir.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin mənbəyi

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət aşağıdakı mənbələrdən ödənilir:

  • fasiləsiz, ardıcıl davam edərsə ilk 14 təqvim günü üçün müavinət xəstəlik vərəqələrinin sayından asılı olmayaraq, yalnız bir dəfə sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir.
  • fasilələrlə davam edərsə ilk 14 təqvim günü üçün müavinət xəstəlik vərəqələrinin sayından asılı olaraq, hər dəfə sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsi işçinin işdən çıxarılmasının düzgünlüyünün mübahisələndirildiyi dövrə düşərsə, müavinət müəssisənin vəsaiti hesabına, işçi işə bərpa olunduqda verilir.

Müavinət dövrü AR Səhiyyə Nazirliyinin “Vahid Səhiyyə İnformasiya Sistemi” vasitəsi ilə əldə edilən (elektron formada, habelə müvafiq qaydada müraciət olduqda kağız daşıyıcıda çap olunmuş formada) xəstəlik vərəqəsi əsasında müəyyən edilir.

Xeyriyyə fondlarına ianənin vergiyə cəlb olunan mənfəətdən azaldılması qaydası

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinəti almaq hüququ olan şəxslər

posted in: Müavinət, Xəbər | 1

Əmək qabiliyyətinin müvəqqəti itirilməsi

Əmək qabiliyyətinin müvəqqəti itirilməsi – işçinin xəstəliyi, zədələnməsi və ya qanunla nəzərdə tutulmuş digər səbəblər üzündən əmək funksiyası üzrə vəzifə öhdəliklərin nisbətən qısa müddət ərzində yerinə yetirə bilməməsidir. Bu hal sosial sığorta hadisəsi sayılır. Belə hal baş verdikdə işçinin əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət almaq hüququ var.  Hüququn təmin edilməsi (müavinətin təyini, hesablanması və ödənilməsi) AR NK-nın qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığorta edənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə” əsasında həyata keçirilir.

Müavinət hüququn yaranması üçün əsas şərt əmək qabiliyyətinin müvəqqəti itirilməsi halının məcburi dövlət sosial sığorta haqqı hesablanan əmək fəaliyyəti dövründə baş verməsidir. Sığorta haqqı ödəyən şəxslərdə bu xəstəlik vərəqəsi (büllüten) ilə təsdiq olunur. Xəstəlik vərəqəsi  aşağıdakı hallarında verilir:

  • xəstəlik;
  • zədələnmələr;
  • şikəstlik.

AR NK tərəfindən təsdiq edilmiş  Sığortaolunanlar üçün xəstəlik vərəqələrinin elektron sənəd formasında tərtib edilməsi qaydası haqqında təlimat” ın VII bölməsi ilə nizamlanan bəzi xüsusi hallarda xəstəlik vərəqəsi əvəzinə arayışlar verilə bilər və şəhadətnamədən istifadə edilə bilər, amma onlar müavinətin verilməsi üçün əsas deyil.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət hüququ

Qeyd etdiyimiz kimi, sığorta haqqı ödəyən şəxslərin əmək qabiliyyətini müvəqqəti itirməsi sığorta hadisəsi sayılır və onların sosial müavinət almaq hüququ yaranır. Müavinət sığorta olunanlara itirilmiş əməkhaqqı, gəlirlər, habelə əlavə xərcləri (müayinə, müalicə, dərman xərcləri və sair) kompensasiya etməyə kömək edir və əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddətinə görə iki formada ödənilir:

  • əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı fasiləsiz olaraq ardıcıl davam etdikdə, ilk 14 təqvim günü üçün müavinət sığortaedən tərəfindən onun vəsaiti hesabına, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta vəsaiti hesabına sığortaçı tərəfindən;
  • əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı fasilələrlə davam etdikdə, ilk 14 təqvim günü üçün müavinət hər dəfə sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta vəsaiti hesabına sığortaçı tərəfindən.Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət hüququ olan şəxslərə verilən məbləğin işəgötürən tərəfindən verilən hissəsi gəlir vergisinə cəlb edilir

Şəxsin əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət almaq hüququ yaranması üçün aşağıdakı şərtlər olmalıdır:

  • sığorta hadisəsi dövlət sosial sığorta haqqı hesablanan əmək fəaliyyəti dövründə baş verməlidir;
  • eyni zamanda işçinin 6 aydan az olmayan sosial sığorta stajı olmalıdır.

Gəlin müxtəlif situasiyalarda bu hüququn yaranması hallarına baxaq.

Situasiya 1.

İşçi əməkhaqqı saxlanılmadan məzuniyyət hüququndan istifadə edir (öz hesabına yaxud ödənişsiz məzuniyyət. Həmin dövrdə o, əmək qabiliyyətini müvəqqəti itirir (xəstələnir, zədələnir və sair). Məzuniyyət ödənişsiz olduğundan, ona bu dövr üçün  dövlət sosial sığorta haqqı hesablanmayıb.  İşçi  xəstəlik vərəqəsi təqdim edilsə belə, əmək qabiliyyətini müvəqqəti itirməyə görə müavinət ala bilməyəcək. Bu, uşağa qulluq etməkdən ötrü məzuniyyət müddətində əmək qabiliyyətinin müvəqqəti itirilməyə də aiddir.

Situasiya 2.

İşçi “ABC” MMC-də əmək müqaviləsi ilə 01.10.2022-ci il tarixdən əmək fəaliyyətinə başlayıb. Bu onun ilk iş yeridir.  01.02.2023-cü il tarixdən 01.04.2023-cü il tarixədək ödənişsiz məzuniyyətdə olan işçi 01.05.2023-ci il tarixdə əmək qabiliyyətini müvəqqəti itirir. Bu zaman o, büllüten təqdim edərək müavinət ala bilərmi?

İşçinin əmək stajı 7 ay olsa da, ona sosial sığorta stajı 5 aydır. Belə ki, ödənişsiz məzuniyyət müddətində onun iş yeri saxlanılsa da, əməkhaqqı ödənilməyib və dövlət sosial sığorta haqqı hesablanmayıb. Sosial sığorta stajı 6 aydan az olduğu üçün ona əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət verilməyəcək.

Bəzən müavinətin verilməsi zamanı işçidən işlədiyi müəssisəyə münasibətdə 6 aylıq sosial sığorta stajının olması tələbinə rast gəlinir. Bu doğru deyil.

Situasiya 3.

İşçinin 2 illik ümumi sosial sığorta stajı var.  “ABC” MMC-də 01.02.2023-cü il tarixdən əmək fəaliyyətinə başlayıb, 01.05.2023-cü il tarixdə isə əmək qabiliyyətinin müvəqqəti itirib. Xəstəlik vərəqini (bülleten) təq­­dim edib. Baxmayaraq ki, yeni iş yerində stajı 2 aydır, işçi müavinət alacaqdır. Belə ki, onun ümumi sosial sığorta stajı əvvəlki iş yerlərindəki 2 ili nəzərə almaqla 6 aydan çoxdur.


ƏDV hansı halda ticarət əlavəsindən yox, ümumi dövriyyədən tutulur?

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin verilməməsi halları

posted in: Müavinət, Xəbər | 0

Əmək qabiliyyətinin müvəqqəti itirilməsi

İşçinin əmək qabiliyyətinin müvəqqəti itirilməsi sosial sığorta hadisəsi sayılır və qanunvericilikdə müəyyən edilmiş qaydada ona müavinət verilir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət:

  • itirilmiş əməkhaqqı və gəlirlərin;
  • habelə yarana biləcək xərcləri kompensasiya edilmiş formasıdır.

Amma əmək qabiliyyətinin müvəqqəti itirilməsi zamanı sığortaolunana müavinətin verilməməsi halları da olur. Bu halları araşdırmazdan öncə bəzi məsələlərə aydınlıq gətirək.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsini təsdiq edən sənəd

Müavinət almaq hüququ bu sosial sığorta hadisəsinin məcburi dövlət sosial sığorta haqqı hesablanan əmək fəaliyyəti dövründə baş verdiyi halda yaranır. Ödəniş yalnız xəstəlik vərəqəsi təqdim edildikdə həyata keçirilir, başqa sənədlər əsas hesab edilmir.

Xəstəlik vərəqləri AR Nazirlər Kabinetinin təsdiq etdiyi “Sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydası haqqında təlimat” əsasında, onun verilməsi səlahiyyəti tibb müəssisələri tərəfindən verilir.

Müavinətin verildiyi hallar

Təqdim edilmiş xəstəlik vərəqəsi əsasında işçiyə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin verilməsi hallarına aşağıdakılar nümunə göstərilə bilər:

  • xəstəlik, məişət zədəsi zamanı;
  • vərəm, psixi və zöhrəvi xəstəliklər;
  • protez-ortopedik müəssisənin nəzdindəki stasionarda olduğu və stasionara gedib-qayıtdığı vaxt üçün;
  • sanatoriya-kurort müalicəsi zamanı;
  • xəstələnmiş ailə üzvlərinin qulluğa ehtiyacı olduqda;
  • epidemioloji hallarda karantin zamanı;
  • AR NK-nın müəyyən etdiyi əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət almaq hüququ verən postvaksinal fəsadların siyahısına daxil olan postvaksinal fəsadla əlaqədar;
  • hamiləlik və doğuşa görə məzuniyyət zamanı.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin verilmədiyi hallar

Belə hallar  AR NK təsdiq etdiyi “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə” ilə nizamlanır. Bu sənədin 2.2-ci maddəsinə görə aşağıdakı hallarda əmək qabiliyyətinin müvəqqəti itirilməsi zamanı sığortaolunana müavinət verilmir:

  • sosial sığorta stajı 6 aydan az olduqda;
  • əmək qabiliyyətinin müvəqqəti itirilməsi ödənişsiz, qismən ödənişli sosial, təhsil və yaradıcılıq məzuniyyəti dövründə baş verdikdə;
  • sığortaolunan qəsdən sağlamlığına işdən və ya başqa vəzifədən boyun qaçırmaq məqsədi ilə qəsdən zərər vurduqda;
  • əmək qabiliyyətini müvəqqəti itirilmisi sığortaolunanın törətdiyi cinayət zamanı alınan zədə nəticəsində baş verərsə.

“Sosial sığorta haqqında” Qanunun 14.5-ci maddəsində göstərilən muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlara münasibətdə əmək qabiliyyətinin müvəqqəti itirilməsi zamanı da sığortaolunana müavinət verilmir:

  • sığorta hadisəsoinin baş verdiyi baş verdiyi aydan etibarən əvvəlki son 4 rübün 6 ayına münasibətdə məcburi dövlət sosial sığorta haqqını qanunvericiliklə müəyyən edilmiş məbləğdə ödəmədikdə;
  • əmək qabiliyyətinin müvəqqəti itirilməsinin baş verdiyi tarixə məcburi dövlət sosial sığorta haqqı üzrə borcu olduqda;
  • fəaliyyəti müvəqqəti dayandırıldıqda.

 

Müavinət verilmədiyi digər hallar

Məzuniyyətin aşağıdakı növləri zamanı əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin verilmir:

  • əməkhaqqı saxlanılmayan məzuniyyət;
  • uşağa qulluq etməkdən ötrü məzuniyyət.

Əgər əmək qabiliyyətinin müvəqqəti itirilməsi bu məzuniyyətlərdən sonra da davam etdikdə, işçi işə başladığı gündən verilir (Əsasnamə, maddə 13).

İşçinin tibbi müayinədən keçirildiyi, o cümlədən stasionarda müayinə edildiyi vaxt üçün, habelə işçinin hərbi xidmətə çağırıldığı zaman xəstəxanaya yerləşdirildikdə müavinət verilmir.

Müavinətin verilməsinin müvəqqəti dayandırılması

Habelə, yuxarıda qeyd edilən Qanunun 10-maddəsinin ikinci hissəsinin üçüncü abzasına uyğun olaraq hesabat verməli olan şəxslər diqqətli olmalıdırlar. Belə ki, hesabatlar təüdim edilmədikdə, yaxud düzgün təqdim edilmədikdə müavinətin verilməsi dayandırıla bilər. Ödənişin dayandırılması və sonradan bərpa edilməsi Qaydanın 2.3 və 2.4 maddələri ilə tənzimlənir.

Əgər məcburi dövlət sosial sığortası üzrə qanunvericilikdə müəyyən edilmiş hesabat təqdim edilməyən dövrdə əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı baş verərsə, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin verilməsi hesabat təqdim edilən tarixə kimi dayandırılır.

Əgər sığortaedən hesabat əvəzinə fəaliyyətin olmaması barədə arayış təqdim edərsə, bu dövr müvəqqəti olaraq işin dayandırıldığı dövr hesab olunur və bu müddət zamanı əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı baş verdikdə müavinət verilmir.

Əsas və əlavə məzuniyyət müddətlərinin cəmlənməsi qaydası

Əmək qabiliyyətinin müvəqqəti itirilməsi

posted in: Xəbər | 0

İşəgötürənlə əmək münasibətlərində olan işçinin müəyyən səbəblərdən (məsələn, xəstəlik) əmək funksiyasını yerinə yetirə bilməməsi təbii haldır, hər bir işçi ilə baş verə bilər.  Bu zaman həmin işçiyə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət ödənir. Bəs bunu kim və necə edir?  Suala cavabı bu səhifədə tapa bilərsiniz.

Sosial sığorta hadisəsi nədir?

Sosial sığorta hadisəsi mahiyyətcə elə bir riskdir ki, onun başlanması ilə işdən əldə edilən gəlir şəklində əsas dolanışıq mənbəyinin itirilməsi, habelə əlil ailə üzvlərinin saxlanmasına əlavə xərclərin yaranması ehtimalı yaranır. Nəticədə həyat səviyyəsi aşağı düşür, maddi təminat zəifləyir. Bunun qarşını almaq üçün itirilmiş qazancı kompensasiya etmək zərurəti yaranır. “İtirilmiş qazanc” anlayışı aşağıdakıları əhatə edir:

  • əməkhaqları;
  • gəlirlər;
  • xəstəlik zamanı əlavə xərclər və sair.

Əksər hallarda sosial sığorta hadisəsi əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə müşayiət olunur.

Əməkhaqqı, gəlir və əlavə xərclərin itirilməsinin qarşısının alınması yaxud kompensasiya edilməsi müavinətlər formasında sosial sığorta tərəfindən təmin edilir.

Məcburi dövlət sığortası və könüllü sığorta kimi iki formadan ibarət olan sosial sığorta Azərbaycan Respublikasının “Sosial sığorta haqqında” qanunu ilə tənzimlənir.

Əmək müqaviləsi (kontraktı) əsasında işləyənlər, habelə qanunla nəzərdə tutulmuş müəyyən hallarda bəzi şəxslər məcburi dövlət sosial sığortasına cəlb edilir. Onlar sığortaolunanlar sayılır.

Sığortaolunanların xeyrinə məcburi dövlət sosial sığorta haqlarını sığortaedənlər – özünü yaxud başqasını sosial sığortaedən şəxslər ödəyir. Bunlar mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq respublika ərazisində fəaliyyət göstərən hüquqi şəxslər, fərdi sahibkarlar və fiziki şəxslərdir.

Sığorta hadisəsi baş verdikdə yığılmış məcburi dövlət sosial sığorta haqları hesabına itirilmiş qazancın qarşılanması üçün sığortaolunanlara əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlər – sosial sığorta ödənişi ödənir.

Sosial sığorta hadisəsinin tərkibi

Sığortaolunanlara sosial sığorta ödənişlərinin həyata keçirilməsi hallarına aşağıdakılar nümunə göstərilə bilər.

  • pensiya yaşına çatma;
  • sanatoriya-kurort müalicəsi zərurəti;
  • hamiləlik və doğum;
  • uşağın anadan olması;
  • uşağa qulluq və sair.

Sosial sığorta hadisələrinin tam tərkibi yuxarıda qeyd edilən qanunun 4-cü maddəsində əks olunub. Əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı da bu sıradandır.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsi 

Bu sosial sığorta hadisəsi hesab olunur və işçiyə müəyyən edilmiş qaydada və məbləğdə müavinət ödənilir. Müavinət və onun verilməsi qaydaları AR Nazirlər Kabinetinin təsdiq etdiyi əsasnamə əsasında verilir. Mahiyyətcə o, xəstəlik və ya başqa səbəblərə görə itirilmiş qazanca görə işçiyə ödənilən kompensasiyadır. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət təyin edildiyi hallara bunları nümunə göstərmək olar:

  • istehsalatda bədbəxt hadisələr zamanı;
  • hamiləliyə və doğuşa görə;
  • xəstə ailə üzvlərinə qulluq məqsədilə;
  • vərəm, peşə xəstəlikləri zamanı;
  • AR NK-nin müəyyən etdiyi siyahıda adı keçən postvaksinal fəsadlar səbəbindən əmək qabiliyyətinin itirilməsi zamanı.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsi zamanı müavinət xəstəlik vərəqi əsasında əmək qabiliyyətinin müvəqqəti itirildiyi təqvim günlərinə görə təyin olunur. Xəstəlik vərəqəsi elektron sənəd formasında AR NK-nın 8 yanvar 1993-cü il tarixli 9 nömrəli qərarı ilə təsdiq edilmiş təlimata uyğun hazırlanır və AR Səhiyyə Nazirliyinin “Vahid Səhiyyə İnformasiya Sistemi”ndən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin   Mərkəzləşdirilmiş elektron informasiya sisteminə ötürülür.

Müavinət hansı şərtlər daxilində verilir?

Müavinətin verilməsi üçün əmək qabiliyyətinin müvəqqəti itirilməsi məcburi dövlət sığortası hesablanan əmək fəaliyyəti dövrünə təsadüf etməlidir.

6 aylıq sosial sığorta stajına malik işçilərə şamil edilən müavinətin aylıq məbləği aşağıdakı hədlərin heç birindən yuxarı olamamalıdır:

  • əmək pensiyasının minimum həddinin 25 mislindən;
  • sığortaolunanın əsas və əlavə iş yerində cəmi qazancı nəzərə alınmaqla aylıq vəzifə maaşı və ya tarif dərəcəsinin (vaxtamuzd yxud işəmuzd əməkhaqqı) iki qatından.

Bu şərtlər istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarına aid deyil.

Xəstəlik vərəqəsindən (əmək qabiliyyətini itirmək vərəqəsi) başqa sənəd müavinət verilməsi üçün əsas sayıla bilməz.

Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı fərdi əmək mübahisələri zamanı müavinətin verilməsi yuxarıda qeyd edilən Qaydaların 9-cu maddəsi ilə tənzimlənir. Müavinətin verilməsi şərtləri mübahisənin nəticəsindən asılı olaraq dəyişir.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin verilməsi şərtləri haqqında buraya keçid edərək daha ətraflı məlumat ala bilərsiniz.

Bəzi hallarda işçilər bu müavinəti almaya da bilər. Həmin hallar haqqında buradan daha ətraflı oxuya bilərsiniz.

Müavinətin məbləği

Sosial sığorta hadisəsi sayılan əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin məbləği işçinin əmək qabiliyyətinin müvəqqəti itirildiyi aydan əvvəlki ardıcıl gələn 4 rübə münasibətdə sığortaolunan üçün ödənilmiş (həmin dövr üçün hesablanmış) məcburi dövlət sosial sığorta haqqının dörd mislindən hesablanır.

Əgər ardıcıl gələn 4 rübdə əmək fəaliyyəti olmamışdırsa, bir təqvim gününə düşən orta gündəlik qazanc minimum aylıq əməkhaqqı məbləğinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydakı təqvim günlərinin sayına bölünməsi ilə tapılır.

Qeyd ediləmn yuxarı hədlər nəzərə alınmaqla hesablanmış əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət sığortaolunanlara 100 faiz miqdarında ödənilir. (Qaydaların 2.16-cı bəndi).

Bizim saytın bu səhifəsinə keçid etməklə hesablama nümunələri ilə tanış ola bilərsiniz.

1 5 6 7 8 9 10 11 2. 699