Hesablar planı nədir?
Mühasibat uçotunun hesablar planı – uçotun obyektlərindən və məqsədlərindən asılı olaraq onların sayını, qruplaşdırılmasını və rəqəmsal qeydiyyatını təmin edən mühasibat hesabları sistemidir. O özündə sintetik (birinci dərəcəli hesablar) və əlaqəli analitik hesabların (subhesablar və ya ikinci dərəcəli hesablar) adlarını və nömrələrini ehtiva edir.
İqtisadi subyektlərdə hesablar planının tətbiqini zəruri edən nədir? Məlumdur ki, hüquqi şəxslər və sahibkarlıqla məşğul olan fiziki şəxslər öz iqtisadi fəaliyyəti prosesində müxtəlif təsərrüfat əməliyyatları həyata keçirirlər. Bu əməliyyatların qeydiyyatı üçün çoxsaylı mühasibat uçotu hesabları tələb olunur. Həmin hesablarda əks olunan mühasibat uçotu məlumatları idarəetmə qərarlarının qəbulunda menecerlərə yardımçı olmaqla yanaşı, həm də informasiyanın kənar istifadəçilərinin də tələblərini ödəməlidir. Bütün bunlar mühasibat uçotunun prinsiplərinə və standartlarına cavab verən vahid uçot sisteminin mövcudluğunu tələb edir. Hesablar planının qurulması belə sistemin əsasını, uçot göstəricilərinin mövcud hesabatlılıqla uyğunluğunu təmin edir.
Vahid uçot sisteminin qurulması, mühasibat uçotu hesabatlarının, hesablar planının dövlət tərəfindən tənzimlənməsi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir.
Dövlət tənzimlənməsinin məqsədi aşağıdakılardır:
- beynəlxalq uçot standartlarına cavab verən vahid mühasibat uçotu sisteminin formalaşmaşı;
- müvafiq hüquqi və metodiki bazanın hazırlanması;
- uçot subyektlərini uçot və hesabat formaları ilə təmin edilməsi.
Bu məqsədlərin həyata keçirilməsində mühasibat uçotunun hesablar planı mühüm rol oynayır.
Qısa tarixi icmal
Tarixin gedişatı elə gətirib ki, Azərbaycanda mühasibat uçotunun elm kimi inkişafı (həm də praktik inkişafı) Rusiya (sonradan isə SSRİ) uçot sisteminin təsiri altında baş verib. Odur ki, Azərbaycanda mühasibat uçotunun hesablar planının tətbiqinin bir sıra mərhələləri SSRİ uçot sisteminin inkişafı ilə sıx bağlıdır.
- 1940-1954-cü illər – SSRİ Xalq Maliyyə Komissarlığı tərəfindən 10.09.1940-cı il tarixdə təsdiq edilmiş sənaye müəssisələrinin əsas fəaliyyətinin cari uçotu üzrə Hesablar Planı qüvvədə idi;
- 1955-1959-cu illər – SSRİ Maliyyə Nazirliyinin 4 noyabr 1954-cü il tarixli 1149 nömrəli məktubu ilə qüvvəyə minmiş ittifaq və respublika tabeliyində olan dövlət sənaye müəssisələrinin əsas fəaliyyətinin uçotu üzrə Nümunəvi Hesablar Planı və onun tətbiqi təlimatı qüvvədə olmuşdur;
- 1960-1968-ci illər – SSRİ Maliyyə Nazirliyinin 28 sentyabr 1959-cu il tarixli 295 nömrəli məktubu ilə ittifaq, respublika və yerli tabeliyində olan müəssisələrin, tikinti sahələrinin və təsərrüfat təşkilatlarının istehsal-təsərrüfat fəaliyyətinin uçotu üzrə Hesablar Planı tətbiq edilib;
- 1969-1985-ci illər – SSRİ Maliyyə Nazirliyinin 30 may 1968-ci il tarixli 130 nömrəli məktubu ilə təsdiq edilmiş müəssisələrin, tikinti sahələrinin və təsərrüfat təşkilatlarının istehsal-təsərrüfat fəaliyyətinin uçotu üzrə Hesablar Planı qüvvədə olmuşdur;
- 1986-1993 – cü illər SSRİ Maliyyə Nazirliyinin 28 mart 1985-ci il tarixli 40 nömrəli əmri ilə təsdiq edilmiş birlik, müəssisə və təşkilatların istehsal-təsərrüfat fəaliyyətinin uçotu üzrə Hesablar Planı və onun tətbiqi Təlimatları qüvvədə olmuşdur;
Keçən əsrin 80 və 90-cı illərində baş verən hadisələr, yeni iqtisadi münasibətlərin formalaşması dövrün tələblərinə cavab verən yeni hesablar planının hazırlanması məsələsini meydana çıxartdı. Bu işlərə 1989-cu ildən başlandı və 1993-cü ilə qədər davam etdirildi.
- 1993-1996 – cı illər – AR Maliyyə Nazirliyinin 26 fevral 1993-cü il tarixli, A – 21 №-li əmri ilə təsdiq edilmiş «Müəssisələrin maliyyə- təsərrüfat fəaliyyətinin mühasibat uçotunun hesablar planı və onun tətbiqinə dair təlimat» qüvvədə olub;
- 1996-2008-ci illər – AR Maliyyə Nazirliyinin 20 sentyabr 1995-ci il tarixli İ-94 saylı əmri ilə təsdiq olunmuş və 1 yanvar 1996-cı il tarixdən qüvvəyə minmişdir.
2006-cı ildə qüvvədə olan hesablar planına yenidən baxılmış, dəyişikliklər AR MN-nin 18 aprel 2006-ci il tarixli 1-38 saylı əmrləri ilə təsdiq edilmiş və 2008-ci ildən qüvvəyə minmişdir (mənbə: «Maliyyə və uçot».-2014.-№5.-S.11-26).
Mövcud normativ baza
Hazırda Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən kommersiya təşkilatları, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər (kredit təşkilatları istisna olmaqla) 2018-ci ildən qüvvəyə minmiş “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” əsasında tətbiq edilən hesablar planından istifadə olunur.
Kredit təşkilatları mühasibat uçotunun aparılması zamanı Mərkəzi Bankın 25 dekabr 2012-ci il tarixli 32 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının bank sistemi üçün Hesablar Planı və onun tətbiqinə dair Metodiki Göstərişlər” tətbiq edilir.
Büdcə təşkilatları, bələdiyyə orqanları, publik hüquqi şəxslər və qanunla müəyyən edilmiş digər qeyri-kommersiya təşkilatları mühasibat uçotu hesablarının tərkibini “İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması qaydaları” əsasında tənzimləyir.
Kiçik və Orta Sahibkarlıq Subyektlərində mühasibat uçotunun qurulması zamanı istifadə olunan mühasibat uçotunun hesablar planı ilə buradan tanış olmaq olar.
Hesablar planının strukturu
Bu gün mühasibat uçotu subyektlrində Hesablar Planının əsasını sintetik hesablar təşkil edir. Bu hesablar nömrələnir və onların nömrələnməsi məcburidir. Maliyyə hesabatlarının elementləri üzrə (aktivlər, öhdəliklər və kapital, habelə gəlir və xərclər) haqqında müəyyən edilmiş növ və əlamətlərə görə ümumiləşdirilmiş informasiyalar sintetik hesablar üzrə qruplaşdırılır. Subhesablar Sintetik hesabın bir hissəsini təşkil edir, özündə qruplaşdırılmış analitik uçot məlumatlarını əks etdirir. Hər bir sintetik hesab göstərilən sintetik hesabda maliyyə hesabatlarının elementləri barədə ümumiləşdirilmiş informasiyanı açıqlayır.
Sadə şəkildə ifadə etsək, hesablar planı mühasibat uçotunda təsərrüfat fəaliyyətinə dair faktların (aktivlər, öhdəliklər, maliyyə, təsərrüfat əməliyyatları və s.) qeydə alınması və qruplaşdırılması sxemidir. O, özündə sintetik hesabların (birinci dərəcəli hesablar) və subhesabların (ikinci dərəcəli hesablar) adlarını və nömrələrini ehtiva edir. O, iyerarxik quruluşa malikdir, uçot hesabları iqtisadi mahiyyətindən asılı olaraq 9 bölmə üzrə qruplaşdırılıb. Rahat işləmək məqsədi ilə onun strukturu cədvəl şəklində tərtib edilir.
Beləliklə, nəyi yadda saxlamaq vacibdir?
- hesablar planı mühasibat uçotu hesablarının siyahısıdır.
- bu sənəddən istifadə bütün mühasibat uçotu subyektləri üçün məcburidir;
- hesablar planında sintetik hesablar və subhesablar var;
- respublikamızda bu sahədə tənzimləmə, kredit təşkilatları istisna olmaqla, AR Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir.

