Məzuniyyət hüququ
Məzuniyyətlər üzrə işçi heyəti ilə hesablaşmalar əhatəsinə görə mühasibatlıqda diqqət ediləcək əsas sahələrdən biridir. Əmək Məcəlləsinin 110-cu maddəsinə görə işçi iş yerindən, vəzifəsindən asılı olmayaraq məzuniyyət hüququna malikdir. İşçi heyəti ilə məzuniyyətlər üzrə hesablaşmalar apararkən nəzərə almaq lazımdır ki, bu hüquqdan istifadə zamanı, onların orta əməkhaqqı saxlanıla bilər. Məzuniyyətin hesablanması prosesində orta əməkhaqqının saxlandığı və saxlanmadığı hallar Əmək Məcəlləsi ilə müəyyən edilir.
Təqdim edilmə səbəblərinə görə işçilərə verilən məzuniyyətlərin növləri bunlardır (ƏM, maddə 112):
- əmək (əsas və əlavə) məzuniyyət;
- sosial məzuniyyət;
- ödənişsiz məzuniyyət;
- təhsil və yaradıcılıq məzuniyyəti.
Əmək müqaviləsi yaxud kollektiv müqavilələrdə başqa məzuniyyət növləri nəzərdə tutula bilər.
Məzuniyyətin hesablanması
Məzuniyyətə çıxmış işçiyə mühasibatlıq tərəfindən məzuniyyətin hesablanması aparılır və ona ən geci məzuniyyətin başlanmasına 3 gün qalmış ödəniş edilir. İşçi heyəti ilə məzuniyyətlər üzrə hesablaşmalar zamanı əməkdaşa veriləcək məbləğ müəyyən edilərkən məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əməkhaqqı əsas götürülür.
Əmək məzuniyyətinin hesablanması zamanı həmin aylardakı əməkhaqqı toplanır və ayların sayına bölünür. İşçi həmin müəssisədə 12 aydan az çalışıbsa elə faktiki tam aylar götürülür. Bu yolla orta aylıq əməkhaqqı tapılır. Bundan sonra həmin məbləğ 30.4 ( bir aydakı günlərin orta sayı) bölünür və orta günlük əməkhaqqı tapılır. Son olaraq alınmış məbləğin məzuniyyət günlərinin sayına vurulması kifayətdir. İstifadə edilməmiş məzuniyyət üçün pul əvəzi məbləği də bu yolla tapılır.
İşçilərə məzuniyyətin hesablanması haqqında buradan daha ətraflı oxumaq olar.
Məzuniyyətin hesablanması və ödənişi zamanı müxabirləşmələr
Təbii ki, ödənişsiz məzuniyyətlərdən danışırıqsa, mühasibat uçotu qeydləri ilə bağlı sual yaranmır. Axı, məbləği olmayan müxabirləşmə yoxdur və məzuniyyətin hesablanması aparılmırsa müxabirləşmə yazılmır.
Məzuniyyət üçün ödənişi zamanı müxabirləşmələr əməkhaqqı məbləğlərinin uçotuna bənzəyir. İstənilən növdə məzuniyyət ödənişləri (əsas, əlavə məzuniyyət üçün – Əmək Məcəlləsinə uyğun olaraq, korporativ – kollektiv müqaviləyə uyğun olaraq), habelə istifadə olunmamış məzuniyyətə görə kompensasiya mühasibat uçotu registrlərində işçilərin əməkhaqqının hesablanması ilə eyni şəkildə əks etdirilir.
Tutaq ki, istehsal sahəsində fəaliyyət göstərən “A” MMC-də işçi heyəti ilə məzuniyyətlər üzrə hesablaşmalar aparılıb. Bu zaman müxabirləşmələr aşağıdakı hesablar üzrə aparılacaq.
533 saylı mühasibat uçotu hesabı
“Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar” adlı 533 saylı hesab Hesablar Planının 53-cü maddəsi (“Qısamüddətli kreditor borclar”) üzrə açılan hesablardan biridir.
Bu hesab üzrə müxabirləşmələr AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” ilə tənzimlənir. Tənzimləmə zamanı qaydaların 43.19-43.25 bəndləri tətbiq edilir.
Məzuniyyətin hesablanması və uçotu zamanı aşağıdakı beynəlxalq uçot standartlarının tələbləri nəzərə aalınmalıdır:
- 2 №-li “Pay alətləri əsasında ödəmə” MHBS (İFRS 2) ;
- 19 №-li “İşçilərin mükafatlandırılması” MUBS (İAS 19) ;
- 24 №-li “Əlaqəli tərəflərlə bağlı məlumatların açıqlanması” MUBS (İAS 24) .
İstehsal fəaliyyəti ilə bağlı olan və istehsalla bağlı olmayan sahələrdə müxabirləşmə nümunələri ilə buradan daha ətraflı tanış olmaq olar.

