Qədim Yunanıstanda vergi siyasəti (III hissə)

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Qədim Yunanıstanda vergi siyasəti (III hissə)

II hissəyə nəzər yetirin

Qədim Yunanıstanda vergi siyasəti

Həm Balkan Yunanıstanında, həm də Kiçik Asiyada aparılan davamlı müharibələrlə əlaqədar olaraq, hamı getdikcə daha çox fövqəladə hərbi vergiyə – eysforoya müraciət edirdilər. Artıq qeyd edildiyi kimi, sülh dövründə yunan polislərinin vətəndaşları birbaşa vergi ödəmirdilər və eysfora hər dəfə bu tədbirə könülsüz gedən xalq məclisinin xüsusi qərarı ilə birdəfəlik vergi kimi tətbiq edilirdi.

Bəzi hallarda onlar varlı vətəndaşları dövlətə vergi ödəməyə məcbur etmək üçün proeysforoya əl atırdılar, sonra isə onu vergi ödəyicilərindən özləri yığırdılar; buna baxmayaraq, ödənilməmiş borclar yığılıb qalırdı ki, onların yığılması üçün xüsusi komissiyalar yaradılırdı.

Demokratik siyasi sistemə malik dövlətlər hərbi ehtiyaclar üçün böyük xərclərlə yanaşı, məmurların əməyinin ödənilməsi, ictimai tikinti və ən yoxsul vətəndaşlara yardım üçün vəsait tapmalı idilər. Torpaq mülkiyyətinin sərbəst dövriyyəsi və əmtəə-pul münasibətlərinin inkişafı mülkiyyət bərabərsizliyinin artmasına səbəb olurdu. Kasıb vətəndaşların sayı artırdı.

e. ə. IV əsrdə yunan polislərində varlıların sayı və onların əllərində cəmlənmiş sərvətin həcmi e.ə. V əsrdəkindən az deyildi, ancaq, onların dövlət və ictimai ehtiyaclara pul xərcləmək istəkləri zəifləmişdi.

Yunan polisləri tarixində ilk dəfə dövlətin və şəxslərin maraqları arasındakı münaqişə belə kəskin formada özünü göstərirdi. Zəngin vətəndaşlar utanmadan lüks mallara, bahalı ev əşyalarına, zinət əşyalarına böyük vəsaitlər xərcləyirdilər, dövlətin isə ən zəruri şeylər üçün belə pulu yox idi.

Yunan tarixinin bu dövründə daimi kəskin maliyyə ehtiyacı yunan polislərinin çətin daxili vəziyyətini daha da ağırlaşdırırdı. Dövlət əvvəllər olduğu kimi, müxtəlif tədbirlərlə öz vətəndaşlarının maddi rifah səviyyəsini düzəldə bilmirdi. Varlılar və kasıblar arasındakı ziddiyyətlər, kəskin sosial təzadlar yunan şəhər dövlətlərinin həyatının xarakterik xüsusiyyətinə çevrilirdi.

Artan sosial gərginlik şəraitində dövlət xəzinəni doldurmaq məqsədilə yeni gəlir mənbələri tapmaq üçün enerjili cəhdlər edirdi. E.ə. IV əsrdə Afinada Lavrion gümüş mədənlərinin fəaliyyəti yenidən canlanırdı. Onlar dövlətə məxsus olsa da, ödənişli olaraq fərdi sahibkarlara icarəyə verilmişdi. Xarici ticarəti təşviq edən qanunlar çıxarılırdı ki, (ticarət çəkişmələrinə məhkəmələrdə təcili baxılması, əcnəbi tacirlərə, xüsusən də taxıl idxal edənlər üçün imtiyazlar və s.) bu da ticarət rüsumlarından xəzinənin gəlirlərini artırmalı idi.


Cəmiyyətimiz uçotsuz fəaliyyət göstərə bilərmi?


Peloponnes müharibəsindəki məğlubiyyətdən və Dəniz ittifaqının dağılmasından sonra xəzinə boşalmışdı, xüsusən də müharibə zamanı xərclər son dərəcə yüksəlmişdi. Varlı vətəndaşlara arxalanmaqdan başqa heç bir çarə qalmamışdı. İki maliyyə islahatının gedişi zamanı vergi rüsumlarının daha ədalətli bölüşdürülməsinə cəhdlər edilmişdi.

E.ə. 378-377-ci illərdə vətəndaşların əmlak vəziyyətinin ümumi dəyərləndirilməsi aparılmışdı və “antidosis” institutu yaradılmışdı. Buna əsaslanan, sərvətinin digərindən daha az olduğuna inanan və buna görə də liturgiyasını yerinə yetirməyə daha az borclu olduğunu hesab edən şəxslər sərvətlərinin dəyərləndirilməsini dəyişdirmək üçün məhkəməyə müraciət edə bilərdilər.

İmkanlı vətəndaşların vergi istismarı və ədalətsiz rəftarla bağlı çoxsaylı şikayətlərinə dair məlumatlar bizim günlərə qədər gəlib çatmışdır. Bunun səbəbi həm vergi yükünü daşıyan zaman həddindən artıq yüklənmə, həm də pula və əmlaka qənaət etmək istəyi idi.

Elə həmin dövrdə (Peloponnes müharibəsi zamanı), eləcə də müharibə başa çatdıqdan sonra, hərbi xərclərin dözülməz yükü altında viran qalan dövlət xəzinəsi özünün əsas vəzifələrindən birinin öhdəsindən – ehtiyacı olan vətəndaşlar kütləsini qidalandırmaq – gələ bilmirdi.

Afinanı məhkəmə çəkişmələri prossləri bürümüşdü. Bir qayda olaraq, varlı vətəndaşlar, əksər hallarda saxta ittihamlarla məhkəmə qarşısına çıxarılırdı. Nəticədə, təqsirləndirilən şəxs cərimə şəklində ondan alınan və xəzinəyə daxil olan sərvətinin əhəmiyyətli bir hissəsindən və ya hətta hamısından məhrum olurdu. Elə hallar məlumdur ki, məhkəmə tərfindən çıxarılan bir hökm belə, Afinanın dövlət xəzinəsini bir il üçün büdcə kəsirini ödəməyə kifayət edirdi.

Hamının bir-birindən şübhələndiyi, etimadsızlıq və qorxunun hökm sürdüyü bu cür qeyri-sağlam bir mühitdə Afina üçün yeni olan bir peşə, xəbərçilik edən və ya müəyyən haqq müqabilində xəbəri çatdırmaqdan imtina edənlər və ya yunanlar tərəfindən sikofant adlandırılan şəxslər ortaya çıxmışdı. Sikofantlar varlı insanları şantaj edərək, onları hər hansı bir real və ya uydurma cinayətə görə məhkəməyə cəlb etməklə hədələyirdilər və sonuncular da bunun qarşısını almaq üçün müəyyən haqq ödəməyə və yaxud öncədən uduzacaqları bir məhkəmə prosesinə başlamağa məcbur olurdular.


IV hissəyə nəzər yetirin


Print Friendly, PDF & Email