Debitorlar: ümidsiz və şübhəli borclar

posted in: Xəbər | 0

Nisyə satışın mənfi və müsbət tərəfləri

Rəqabət sizdən çoxlu satış tələb edir, buna nisyə satış etmədən nail olmaq çox çətindir. Nisyə satış isə riskdir. Belə risklər gözə alınmalı, debitor borclar iqtisadi əsaslarla müəyyən çərçivəyə salınmalıdır. Sahib olduğunuz bütün aktivlər nisyə satıla bilməz. Bu “intihara” bərabər olardı.

Aktivlərin 40% ilə nisyə satış edirsinizsə,  onun 2%-inin ümidsiz borclara çevrilə bilinməsinə nəzərə alın. Bu rəqəmlər şərtidir, şübhəli və ümidsiz borclar fəaliyyət sahəsindən asılı olaraq dəyişə bilər.

Ümidsiz borc, borclu subyektin maliyyə durumundan, o cümlədən borc öhdəliyinin icra etmək qabiliyyəti aşağı olmasından asılı olaraq qaytarılmaq ehtimalı az olan debitor borcdur. Başqa sözlə qaytarılmasına ümid az olan ya heç olmayan alacaqlardır.

Lakin nisyə (başqa sözlə kreditlə) satış sizi çox da qorxutmasın. Onun öz üstünlükləri var:

Nisyə (kreditlə) satış satış gəlirlərini artırır, ümumi aktivləri artırır.

Mühasibat xidmətləri

Adətən, satışla məşğul olan əksər müəssisələrdə debitor borclarının idarə olunması ilə bağlı ayrıca şöbə yaradılır. Ticarət, istehsal müəssisələrində debitorların idarə olunması ilə bağlı şöbə “Kredit”, banklarda isə “Problemli kreditlər” şöbəsi adlanır. Həmin şöbənin əməkdaşları debitorlarla mütəmadi əlaqə saxlayır, borcların vaxtında qaytarılmasına çalışırlar.

Kreditlə (nisyə) satışın aşağıdakı çatışmayan cəhətlərini nümunə vermək olar:

Debitorların borclarını vaxtlı-vaxtında qaytarmaması nəticəsində müəssisə əlavə məsrəflərə yol verə bilər, bir qisim satışların nəticəsi ümidsiz borca çevrilə bilər

Ümidsiz borcların uçot metodları

Xarakterinə görə ümidsiz borclar 2 cür ola bilər:

  1. Debitorun (borclunun) başına ciddi bir iş gəldikdə, məsələn vəfat etdikdə, yaxud borclu müəssisədirsə – müflis olduqda, borcun qaytarılmasına ümid demək olar tamamilə azalır, mühasibatlıqda belə vəziyyətə uyğun yazılış aparılır;
  2. Debitorların vəziyyətində çətinlik yarandıqda, məsələn, ailə başçısı işini itirdikdə, yaxud müəssisənin maliyyə böhranı ilə bağlı satış problemi baş verdikdə və s.

Ümidsiz borcun yaranma səbəbindən asılı olaraq ümidsiz borcların mühasibat uçotunun iki üsulundan istifadə olunur:

  • birbaşa silinmə metodu;
  • ehtiyatlar metodu.

Əgər debitorumuz, istər müəssisə olsun, istərsə də fərdi sahibkar, məhkəmə qaydasında iflas elan edilibsə, “birbaşa silinmə” metodundan istifadə etməklə, ümidsiz borcu xərcə silmək olar. Çünki bu pulun geri qayıtmaması qanunla təsdiq edilib. Nəticədə “Mənfəət/Zərərlər haqqında hesabatda” ümidsiz borclar üzrə xərc artacaq, balansda isə debitor borcları azalmış olacaqdır:

DT  731-6                         KT  211            (məbləğ)

Lakin bir qədər ümidverən halı düşünsək, hansıdakı, məsələn, debitorumuz sadəcə müəyyən sıxıntı yaşayır deyə ödəmələri gecikdirir, satıcı olaraq biz alacaqlarımız barədə şübhəyə düşürük, məna etibarıyla ehtimal edirik ki, borcun müəyyən hissəsinin qaytarılmasında problem olsun. Belə vəziyyətdə mühasibatlıq debitor borcunu birbaşa deyil, dolayı yolla silməyə üstünlük verəcəkdir. Belə ki, debitor borcu hesabına əks olan “Şübhəli borclar üzrə ehtiyat” hesabı açaraq xərcə siləcəkdir.

Şübhəli borc üzrə ehtiyatın yaradılması  

Şübhəli borclar qaytarılmasına şübhə olan, lakin 100% qaytarılmayacağını deyə bilmədiyimiz borclardır. Ola bilsin ki, həmin məbləğ müəyyən müddətdən sonra bərpa olunsun. Yəni borclunun vəziyyəti düzəlsin, nəticədə o, öz borclarını qaytarsın. Ehtiyatlılıq prinsipinə əsasən debitor borcunun şübhəli hissəsi “Şübhəli borclar üzrə düzəlişlər” hesabına, həm də xərcə silinir:

DT  731-6                         KT  218            (məbləğ)

Bəzən elə olur, artıq silinmiş ümidsiz borclar üzrə məbləğlər gözlənilmədən qayıdır. Yəni ümidsiz borclarla bağlı bəzən şirkətin xeyrinə olan vəziyyət də yarana bilər. Borcu qara dəftərdən silinən müştərinin vəziyyəti düzəldikdən sonra onun borcunun müəyyən məbləğini qaytarması mümkündür. Belə vəziyyətdə şirkət həmin debitor borcu məbləğini bərpa edərək, pul vəsaitinin mədaxilini qeyd etməlidir. Nəticədə bərpa edilməylə bağlı yazılış ümidsiz borcların silinməsi metodundan asılı olaraq aşağıdakı qaydada verilir:

DT  223                         KT  211               (məbləğ)

DT  218                         KT  731-6            (məbləğ)

“Şübhəli və ümidsiz borclar üzrə xərclər” hesabının kreditində yazılış əslində “Ümidsiz borcların bərpası üzrə gəlir” hesabını əvəz edir.

Əgər ümidsiz borcun bərpası növbəti hesabat dövrlərində baş verərsə, xərclər əvvəlki illərdə bölüşdürülməmiş mənfəətdən çıxıldığı üçün cari dövrdə bərpa olunan dəyəri yenidən gəlir kimi tanımaq lazım gələcək. Bu zaman yazılış aşağıdakı kimi olmalıdır:

DT  223                         KT  211            (məb.)

DT  218                         KT  611-6        (məb.)

Əgər ümidsiz borcların silinməsi birbaşa metodla aparılmışdırsa o zaman bərpa edilən məbləğin yazılışı 2 üsulla aparılır. Birinci üsul zamanı əvvəlcə debitor borcu məbləği bərpa edilməklə, yenidən gəlir olaraq tanınmalı, debitor borcundan kassaya pul mədaxil edilməlidir. Belə yazılış aşağıdakı formada olur:

DT  211                         KR  611-6        (məb.)

DT  223                         KT  211            (məb.)

İkinci üsula görə bərpa edilən məbləğ birbaşa kassaya ümidsiz borcların bərpası olaraq mədaxil edilir. Bu yazılış aşağıdakı formada olur:

DT  223                         Kred.  611-6     (məb.)

Qeyd edək ki, bu debitor borc üzrə yazılışların daha qısa variantdır. Lakin burada əsas çatışmayan cəhət, ümidsiz borcun hansı müştəridən daxil olduğunun görünə bilinməməsidir.

182 saylı “Verilmiş uzunmüddətli borclar” hesabı üzrə uçot