Read More9
Read More9

İşəgötürən işçilərlə bağlı hansı məlumatları təqdim etməlidir?

posted in: Xəbər | 0

Əmək Məcəlləsinin 173-cü maddəsinə edilmiş əlavənin 5-ci hissəsinə əsasən, əmək müqaviləsi elektron sənəd formasında bağlanıldıqda bu maddədə nəzərdə tutulan məlumatların verilməsi elektron informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə təmin edilir.

Yeni tələbləri iqtisadçı-ekspert Anar Bayramov şərh edir:

Əmək Məcəlləsinin 173-cü maddəsinin 2-ci hissəsinə əsasən, işçilərin haqq-hesab sənədlərində (kitabçalarında, vərəqələrində, çeklərində) aşağıdakı məlumatlar göstərilir:

  • hesablanmış əməkhaqqının ümumi məbləği;
  • əməkhaqqına əlavələr, mükafatlar, habelə digər ödənclər, onların növü və məbləğləri;
  • əməkhaqqından tutulan məbləğlər (tutulmanın adı, növü, səbəbi və məbləği);
  • faktiki ödənilən məbləğ;
  • tərəflərin birinin digərinə ödənilməmiş pul borcu və onun məbləği.

Əmək Məcəlləsinin 173-cü maddəsininin 3-cü hissəsində qeyd edilir ki, haqq-hesab sənədləri (kitabçaları, vərəqələri, çekləri) onları tərtib edən mühasib tərəfindən imzalanır və hər dəfə əməkhaqqı verilərkən işçiyə təqdim edilməlidir.

Yeni dəyişiklikdən belə anlaşılır ki, işəgötürən tərəfindən hazırlanan haqq-hesab cədvəlləri hər dəfə əməkhaqqı verilərkən işçinin elektron kabinetinə göndərilməlidir.

Misal

İşçinin 2024-cü il noyabr ayı üzrə tarif (vəzifə) maaşı 800 manat olub. İşçi ay ərzində 300 manat mükafat almaqla yanaşı, iş vaxtından artıq çalışdığı üçün əməkhaqqına 100 manat əlavə hesablanıb. Əməkhaqqından icbari ödənişlər hesablandıqdan sonra ona 750 manat ödəniş edilib.

İşəgötürən noyabr ayı üzrə əməkhaqqını işçiyə dekabr ayında ödədiyi halda, işçinin elektron kabinetinə haqq-hesab cədvəli göndərməlidir. Cədvəldə hesablanmış əməkhaqqının ümumi məbləği, əməkhaqqına əlavələr, mükafatlar, habelə digər ödənişlər, onların növü və məbləğləri, əməkhaqqından tutulan məbləğlər – tutulmanın adı, növü, səbəbi və məbləği, faktik ödənilən məbləğ və tərəflərin birinin digərinə ödənilməmiş pul borcu və onun məbləği qeyd olunmalıdır.

Göründüyü kimi, qeyd edilən tələb Əmək Məcəlləsinin 173-cü maddəsində nəzərdə tutulsa da, təcrübədə əksər işəgötürənlər tərəfindən tətbiq edilmirdi. Yeni dəyişiklikdən sonra dövlət qurumu ƏMAS altsistemi vasitəsilə işəgötürən tərəfindən işçilərə həmin məlumatların göndərilməsinə nəzarət edəcək. Dövlət qurumu, həmçinin, məlumatları fərdi əmək mübahisələrinin həllində də istifadə edəcək.

Bu səbəbdən də mühasibatlıq həmin məlumatların ƏMAS altsistemi tərəfindən işçilərə göndərilməsini təmin etməlidir. İşçi sayı çox olan işəgötürən tərəfindən hər bir işçi üzrə haqq-hesab sənədlərinin göndərilməsi kifayət qədər vaxt tələb edəcək.

Mənbə: vergiler.az

Vergi ödəyicisinin təsərrüfat subyekti (obyekti) üzrə uçota alınması və yenidən uçota alınması qaydası

Zədələnmiş pul nişanlarını harada və necə dəyişdirək?

posted in: Xəbər | 0

Bəzən yararsız vəziyyətə düşən pullar gündəlik həyatımızda xeyli çətinlik yaradır. Hətta elə hallar olur ki, mal və xidmətlərin dəyərini ödəmək istəyəndə satıcı əskinasın yararsız vəziyyətdə olmasını əsas gətirərək, onu qəbul etməkdən imtina edir. Ödəniş terminalları da bu kimi vəsaitləri qəbul etmir. Belə olan halda, çarəsiz qalan vətəndaş hara müraciət etməlidir?

Aktuallığını itirməyən bu mövzu ilə bağlı Azərbaycan Mərkəzi Bankına (AMB) sorğu ünvanlayıb. Bankdan pul nişanlarının hansı halda yararsız hesab edildiyinə və onların hansı şərtlərlə dəyişdirildiyinə aydınlıq gətirilib. 

Pul nişanları hansı halda zədələnmiş hesab edilir və dövriyyədən çıxarılır?

Pul nişanının yararsız olub-olmamasını aydınlaşdırmaq üçün Mərkəzi Bankın müəyyən etdiyi “Pul nişanlarının tədavülə yararsızlıq əlamətləri, dəyişdirilməsi və ekspertizası Qaydaları”na nəzər yetirmək lazımdır. Həmin qaydalarda açıq-aydın göstərilir ki, pulun müəyyən olunmuş ölçüdə (və ya ondan artıq) yararsızlıq göstəriciləri varsa, Mərkəzi Bank tərəfindən dövriyyədən çıxarılır. Məsələn, əskinasın üzərində çirk, ləkə, cırıq, yapışqanlı lent və s. kimi əlamətlər varsa, tədavülə yararsız hesab edilir və dövriyyədən çıxarılır.

Zədələnmiş pul nişanlarının dəyişdirilməsi qaydası

Yararsız milli pul nişanlarının dəyişdirilməsi “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanunun 40-cı maddəsi ilə tənzimlənir. Pulun dəyişdirilməsi onun həqiqiliyinin və nominal dəyərinin ödənilməsi yoxlanılmaqla həyata keçirilir. Belə ki, bütöv bir hissədən və ya eyni kağız pul nişanına məxsus ardıcıl və ya ardıcıl olmayan hissələrdən ibarət, səthinin 60 faizdən az olmayan hissəsini və üzərindəki iki seriya nömrələrindən ən azı birini tam saxlamış pul nişanının nominal dəyəri Mərkəzi Bank tərəfindən ödənilir. Metal pul nişanlarına gəldikdə, qəpiklərin nominal dəyərinin Mərkəzi Bank tərəfindən ödənilməsi üçün həmin pulun bütöv səthinin üzərindəki təsvir və yazıları onun nominalını müəyyənləşdirməyə imkan verən həcmdə saxlamış və deformasiyaya məruz qalmamış olmalıdır.

Hansı hallarda satıcı alıcıdan pulun qəbulundan imtina edə bilər?

“Mərkəzi Bank haqqında” Qanunun 40-cı, yəni pul nişanlarının dəyişdirilməsi maddəsində müəyyən edilmiş tələblərə cavab verməyən pul nişanının nominal dəyəri ödənilmir. Belə olan halda, qarşı tərəf əskinasları qəbul etməyə bilər.

Yararsız hesab olunan pul nişanları haraya təhvil verilməlidir?

Əlində yararsız hala düşmüş pul nişanı olan vətəndaşlar həmin əskinasları ölkə ərazisində fəaliyyət göstərən istənilən kommersiya bankına yaxınlaşaraq dəyişdirə bilərlər. Bundan başqa, Mərkəzi Bankın paytaxt Bakıda, Bülbül prospekti 27 ünvanında yerləşən inzibati binasında da belə əskinasları dəyişdirib yenisini almaq mümkündür. Regionlarda yaşayan vətəndaşlarımız isə eyni əməliyyatı banklarla yanaşı, Mərkəzi Bankın Yevlax Ehtiyat Mərkəzi, Biləsuvar Regional Mərkəzi və Naxçıvan Muxtar Respublikası İdarəsində təşkil olunan nağd pul ofislərində ödənişsiz əsasda həyata keçirə bilərlər. Burada bir məsələ xüsusi qeyd edilməlidir ki, ölkə ərazisində fəaliyyət göstərən kommersiya bankları və onların filiallarında yararsız pul nişanlarının dəyişdirilməsi həmin bankın daxili siyasətinə uyğun olaraq, ödənişli və ya ödənişsiz həyata keçirilə bilər.

Xarici valyutada yararsız əskinaslar da dəyişdirilə bilərmi?

AMB xarici valyutada olan pul nişanlarının dəyişdirilməsi əməliyyatını həyata keçirmir. Bu məsələ “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanunun 40-cı maddəsində açıq göstərilir. Bununla belə, vətəndaşlar yararsız hala düşmüş xarici ölkə əskinaslarını dəyişdirmək üçün kommersiya banklarına üz tuta bilərlər.

Pul nişanlarının reproduksiyası (bənzədilmiş surətdə hazırlanması) hansı qaydalar əsasında aparılır?

Bu məsələ “Pul nişanlarının reproduksiyası Qaydası”nda müəyyən edilmiş tələblər əsasında həyata keçirilir. Həmin qaydalarda göstərilən tələblər, yəni pulun ölçüləri, təsvirləri, materialı uyğun gəlmədikdə, bu, saxta pul hesab olunur və aidiyyəti üzrə istintaq əməliyyatlarının aparılması məqsədilə Mərkəzi Bank tərəfindən hüquq-mühafizə orqanlarına təqdim edilir. Kağız pul nişanının reproduksiyası Mərkəzi Bankın tədavülə buraxdığı pul nişanının orijinal kağızından fərqlənən materialdan hazırlanmalıdır. Əskinasın hər iki tərəfinin və ya müəyyən hissəsinin, eləcə də pul nişanının fərdi dizayn elementinin reproduksiyasının rəng tonu tədavüldəki pul nişanlarının əsas rəng tonundan ən azı 30 faiz tünd və ya əksinə, açıq olmalıdır. Digər vacib şərt isə odur ki, kağız pul nişanının reproduksiyasının üzərində aydın oxuna bilən şriftlə, iri hərflərlə yazılmış, silinməsi mümkün olmayan və reproduksiyanın əsas rəng tonundan seçilən “REPRODUKSİYA” sözü əks olunmalıdır.
Metal pul nişanlarının reproduksiyası isə hamar səthdə əks etdirilməli və tədavüldəki pul nişanlarındakı kimi qabarıq dizaynda olmamalı, metal olmayan və metal görüntüsü yaratmayan materialdan hazırlanmalıdır. Ölçülər isə real qəpiklərdən 1/2 dəfə kiçik və ya 2 dəfədən böyük götürülməlidir.

Bəs pullar maksimum neçə il istifadə edildikdən sonra yeniləri ilə əvəzlənir?

Pul nişanının tədavüldə ömür müddəti birbaşa onun nağd pul əməliyyatları zamanı istifadəsinin intensivliyindən asılıdır. Məsələn, aşağı nominallı pul nişanları intensiv istifadə olunduğundan daha tez aşınır. Sözsüz ki, bu da yuxarı nominallı pul nişanları ilə nisbətdə daha az tədavüldə qalması ilə nəticələnir. Ümumiyyətlə, pul nişanlarının tədavüldəki ömür müddəti bir sıra amillərdən, o cümlədən əhalinin pulla davranışından, iqlim şəraitindən, saxlanma şərtlərindən də asılı ola bilər. Təhlillər göstərir ki, kağız əskinasların tədavüldəki ömür müddəti, nominalından asılı olaraq, təqribən 2 ildən 6 ilə qədərdir. Metal pul nişanları üzrə isə bu müddət 10 ildən yuxarıdır.

Mənbə:vergiler.az

ƏDV depozit hesabı ilə bağlı qaydalarda dəyişikliklər edilib

Vergi ödəyicisinin təsərrüfat subyekti (obyekti) üzrə uçota alınması və yenidən uçota alınması qaydası

posted in: Xəbər | 0

Vergi Məcəlləsinin 34.3-1-ci maddəsinə əsasən, vergi ödəyicisinin təsərrüfat subyekti (obyekti) onun qeydiyyatda olduğu ünvandan kənarda yerləşirsə, həmin təsərrüfat subyekti ayrıca uçota alınmalıdır. Bu halda vergi ödəyicisi təsərrüfat subyektinin yerləşdiyi ünvan üzrə yenidən uçota alınır.

Bu qaydaları “Business Service Centre” şirkətinin maliyyə-mühasibatlıq işləri üzrə aparıcı mütəxəssisi Nahid İbrahim izah edir: 

Əgər vergi ödəyicisinin iki və ya daha çox təsərrüfat subyekti (obyekti) varsa, bu halda o, iqtisadi maraqlar mərkəzinin yerləşdiyi ünvan üzrə yenidən uçota alınır. İqtisadi maraqlar mərkəzi, adətən, vergi ödəyicisinin əsas idarəetmə funksiyalarının həyata keçirildiyi və ya əsas gəlir mənbələrinin cəmləşdiyi yer kimi müəyyən edilir.

Vergi Məcəlləsinin 34.3-1-ci maddəsinin tətbiqini daha yaxşı anlamaq üçün aşağıdakı misalları nəzərdən keçirək.

Tək təsərrüfat subyekti

Misal 1: “NN” MMC Şəki şəhərində qeydiyyatdan keçib və əsas ofisi də orada yerləşir. Şirkət Masallı şəhərində yeni bir mağaza açır. Bu halda “NN” MMC-nin Masallıdakı mağazası təsərrüfat subyekti sayılır və Vergi Məcəlləsinin 34.3-1-ci maddəsinə əsasən, həmin mağaza Masallı şəhərində ayrıca uçota alınmalıdır.

İki və ya daha çox təsərrüfat subyekti

Misal 2: “N-1” ASC Bakı şəhərində qeydiyyatdan keçib və əsas ofisi də orada yerləşir. Şirkət həm Şəki, həm də Masallı şəhərlərində filiallar açır. Bu halda ASC-nin iki təsərrüfat subyekti olduğundan, Vergi Məcəlləsinin 34.3-1-ci maddəsinə əsasən, şirkət iqtisadi maraqlar mərkəzinin yerləşdiyi ünvan üzrə yenidən uçota alınmalıdır. Əgər şirkətin əsas idarəetmə funksiyaları və ya əsas gəlir mənbələri Bakı şəhərində cəmlənibsə, o zaman Bakı şəhəri iqtisadi maraqlar mərkəzi hesab olunur və şirkət həmin ünvan üzrə yenidən uçota alınır.
Bu tələblər vergi orqanlarının vergi ödəyicilərinin fəaliyyətini daha dəqiq izləməsinə və nəzarət etməsinə şərait yaradır. Vergi ödəyiciləri isə uçot prosedurlarına ciddi riayət etməli və müvafiq məlumatları qanunvericiliyin tələblərinə uyğun olaraq, vaxtında təqdim etməlidirlər.

Mənbə: vergiler.az

Hansı hallarda işəgötürən və işçi arasında yazışmalar ƏMAS vasitəsilə həyata keçirilə bilər?

751-ci “Maliyyə xərcləri” hesabı üzrə uçot

posted in: Xəbər | 0

Hesablar planının “Xərclər” bölməsi

“Xərc” anlayışı bir qayda olaraq “Gəlir” anlayışı ilə birlikdə işlənir. Bu anlayışlar müəssisənin maliyyə və mühasibat hesabatlarında nəzərə alınır, müəssisənin əsas maliyyə göstəricisi olan mənfəətin hesablanmasında istifadə olunur. Məsrəflər, xərclər və mənfəət haqqında ümumi anlayışlar bizə xərclər üzrə mühasibat uçotunun qurulması prosesində kömək edir.

Mühasibat uçotunun hesablar planının 7-ci bölməsi üzrə açılan hesablarda ayrı-ayrı xərc maddələri üzrə mühasibat qeydləri aparılır. Belə hesablardan biri Hesablar Planının 75-ci maddəsi üzrə açılan 751-ci “Maliyyə xərcləri” hesabıdır. Bu bölməyə aid olan digər hesablar aşağıdakılardır:

Hesablar üzrə müxabirləşmələr, subhesabların açılması AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”  əsasında tənzimlənir.

751 №-li “Maliyyə xərcləri” hesabı üzrə tənzimləmələr

Bu hesabda, yuxarıda qeyd edilən Qaydaların 57.3 bəndinə əsasən “mühasibat uçotu subyektinin maliyyə fəaliyyətinin həyata keçirilməsi zamanı faiz xərci, konvertasiya olunan istiqrazlar üzrə faiz xərcləri, maliyyə iсarəsi üzrə faiz xərcləri, faiz xərcləri yaradan öhdəliklər üzrə məzənnə xərcləri və digər maliyyə xərcləri barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir.”

751 nömrəli “Maliyyə xərcləri” hesabı üzrə aşağıdakı subhesablar açılır (Qaydalar, 57.3):

Hesabat dövrü ərzində mühasibat uçotu subyekti tərəfindən alınmış borclara, kreditlərə görə hesablanan faizlər üzrə xərclərə uyğun mühasibat yazılışı yuxarıda qeyd edilən qaydaların 57.5-ci bəndi əsasında verilir.

Buraxılmış konvertasiya olunan istiqrazlara görə hesablanan faiz xərclərinə uyğun mühasibat yazılışı verilirkən həmin qaydaların 57.7-ci bəndi tətbiq edilir.

Maliyyə icarəsi ilə əldə edilən aktivlərə görə hesabat dövrü ərzində hesablanan faiz məbləğlərinə müxabirləşmələr qaydaların 57.10-cu bəndi əsasında nizamlanır.

Mühasibat uçotu subyektinin faiz xərcləri yaradan öhdəlikləri üzrə mənfi məzənnə fərqi yaranan zaman uyğun mühasibat yazılışı 57.13-cü bəndə uyğun olaraq verilir.

Aşağıda hesablar planının 751-ci “Maliyyə xərcləri” hesabı üzər müxabirləşmə nümunələri verilib.

İmtiyazlı səhmlərin buraxılışı ilə bağlı maliyyə xərcləri üzrə müxabirləşmələr

“A” səhmdar cəmiyyəti bir ədədi 5 AZN, ümumilikdə dəyəri 5000 AZN, olan 1000 ədəd imtiyazlı səhm buraxmışdır. Razılaşmaya əsasən sözügedən səhmlər 6 ay müddətinə alınmışdır və səhm sahiblərinə 10% həcmində pul vəsaitinin ödənilməsi planlaşdırılır. Bu müddət bitdikdən sonra səhmlər müəssisə tərəfindən geri alınacaqdır.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 İmtiyazlı səhmlər satıldıqda 223 – Bank hesablaşma hesabları 405 – “Geri alınan məhdud tədavül müddətli imtiyazlı səhmlər (uzunmüddətli)” 500.00
2 İmtiyazlı səhmlə bağlı 6 ay ərzində ödəniləcək faiz xərci hesablandıqda 242 – Gələcək hesabat dövrünün xərcləri 537 – Faizlər üzrə qısamüddətli kreditor borcları 500.00
3 Faiz borcu ödənildikdə 537 – Faizlər üzrə qısamüddətli kreditor borcları 223 – Bank hesablaşma hesabları 500.00
4 Faiz xərci maliyyə xərcinə bağlandıqda 751 – Maliyyə xərcləri 242 – Gələcək hesabat dövrünün xərcləri 500.00
5 Hesabat ilinin  sonunda faiz xərcləri ümumi mənfəət(zərər) hesabına tanındıqda 801 – Ümumi mənfəət (Zərər) 751 – Maliyyə xərcləri 500.00

Bankdan uzunmüddətli kredit alındıqda və qaytarıldıqda maliyyə xərcləri

“A” MMC istehsal prosesini fasiləsiz şəkildə davam etdirmək üçün pul vəsaitlərinin yetərsiz olduğu qənaətinə gəlmişdir. May ayında bankdan 80000 manatlıq kredit götürməklə pul problemi həll olunmuşdur. Bankla müəssisə arasında bağlanan müqavilənin şərtlərinə görə kreditin müddəti 2 il, illik faizin dərəcəsi 17% olaraq razılaşdırılmışdır. Müəssisə kreditin 50%-ni birinci il, qalan hissəni növbəti il ödəməlidir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Bankdan uzunmüddətli kredit götürüldükdə 223 – Bank hesablaşma hesabları 401 – Uzunmüddətli bank kreditləri 80000.00
2 İlk ilin faiz borcları qeydə alındıqda 242 – Gələcək hesabat dövrünün xərcləri 537 – Faizlər üzrə qısamüddətli kreditor borcları 6800.00
3 İkinci ilin faiz borcları qeydə alındıqda 191 – Gələcək hesabat dövrlərinin xərcləri 434 – Faizlər üzrə uzunmüddətli kreditor borcları 6800.00
4 Bank krediti üzrə ilk ilin əsas məbləği ödənildikdə 401 – Uzunmüddətli bank kreditləri 223 – Bank hesablaşma hesabları 40000.00
5 Bank krediti üzrə ilk ilin faiz məbləği ödənildikdə 537 – Faizlər üzrə qısamüddətli kreditor borcları 223 – Bank hesablaşma hesabları 6800.00
6 Bank krediti üzrə ilk ilin faizi xərcə aid edildikdə 751 – Maliyyə xərcləri 242 – Gələcək hesabat dövrünün xərcləri 6800.00
7 Xərc kimi tanınan faizlər Ümumi mənfəətə bağlandıqda 801 – Ümumi mənfəət (zərər) 751 – Maliyyə xərcləri 6800.00

İkinci ilin uzunmüddətli bank krediti uçota alınır:

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 İkinci ilin faiz borcları uzunmüddətli  öhdəliklərdən qısamüddətli öhdəliklərə aid edildikdə 434 – Faizlər üzrə uzunmüddətli kreditor borcları 537 – Faizlər üzrə qısamüddətli kreditor borcları 6800.00
2 İkinci ilin faiz xərcləri uzunmüddətli  xərclərdən qısamüddətli xərclərə aid edildikdə 242 – Gələcək hesabat dövrünün xərcləri 191 – Gələcək hesabat dövrlərinin xərcləri 6800.00
3 Bank krediti üzrə ikinci ilin əsas məbləği ödənildikdə 401 – Uzunmüddətli bank kreditləri 223 – Bank hesablaşma hesabları 40000.00
4 Bank krediti üzrə ikinci ilin faiz məbləği ödənildikdə 537 – Faizlər üzrə qısamüddətli kreditor borcları 223 – Bank hesablaşma hesabları 6800.00
5 Bank krediti üzrə ikinci ilin faizi xərcə aid edildikdə 751 – Maliyyə xərcləri 242 – Gələcək hesabat dövrünün xərcləri 6800.00
6 Xərc kimi tanınan faizlər Ümumi mənfəətə bağlandıqda 801 – Ümumi mənfəət (zərər) 751 – Maliyyə xərcləri 6800.00

Mühasibat uçotu subyektlərində maliyyə xərcləri digər hallarda da yarana bilər, məsələn, digər şəxslərdən borc götürüldükdə yaxud maliyyə icarəsi ilə torpaq, tikili və avadanlıqlar əldə edildikdə də belə xərclər yarana bilər.

Qısa olaraq qeyd edək ki, xarici iqtisadi ədəbiyyatda daha çox lizinq kmi tanənan maliyyə icarəsi aktiv üzrə mülkiyyət hüquqlarına aid, demək olar ki, bütün risk və mükafatların ötürülməsini təmin edən icarə formasıdır. İcarənin sonunda mülkiyyət hüququ həm keçə, həm də keçməyə bilər.

Yuxarıda qeyd edilən hallar üçün 751-ci “Maliyyə xərcləri” hesabı üzrə mühasibat yazılışlarına nümunələr digər məqaləmizdə verilib (bax:“751-ci “Maliyyə xərcləri” hesabı üzrə müxabirləşmə nümunələri”).

Dividendin ödənilməsi zamanı hansı vergi güzəşti tətbiq edilir?

1 225 226 227 228 229 230 231 2. 692
error: Content is protected !!