Qonşu ölkədə biznes əsassız yoxlamalardan xilas ediləcək

posted in: Xəbər | 0

Rusiya Federasiyasının dövlət başçısının vədinə görə, ən yaxın zamanlarda ölkədəki sahibkarların nəzarətedici orqanlar tərəfindən aparılan izafi yoxlamalardan xilas edilməsi üçün təsirli tədbirlər görüləcək. «Biz hazırda bütöv bir təkliflər paketi hazırlayırıq və inandırıram ki, ən yaxın vaxtlarda bu təkliflərin hamısının həyata keçirilməsinə nail ola biləcəyik», – V.Putin qadın sahibkarları qəbul edərkən deyib. Prezident xatırladıb ki, martın əvvəlində Federal Məclisə göndərdiyi təklifdə bu mövzunu xüsusi vurğulayaraq göstəriş vermişdir ki, yoxlamalar məsafədən aparılmalıdır, bir neçə istiqamətdə isə konkret nəzarətçilərin iştirakı olmadan həyata keçirilməlidir.

Qeyd edək ki, Prezident Putin bu bəyanatı görüş iştirakçlarından birinin sualına cavab olaraq vermişdir. Qadın sahibkar dövlət başçısına müraciətində bildirmişdi ki, planlı yoxlamalar ləğv edildikdən sonra şirkətlər əsassız şəkildə aparılan plandankənar yoxlamalardan əziyyət çəkməyə başlamışlar, bu cür plandankənar yoxlamalar zorakılıq səciyyəsi daşıyır, ədalətsiz rəqabətə və hüquq mühafizəçiləri tərəfindən biznesə təzyiq göstərilməsinə yol açır.

Mənbə: vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Dövlət Əmək Müfəttişliyi işəgötürənlərə müraciət edib

posted in: Xəbər | 0

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib.

Bu barədə Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev məlumat verib.

Müraciətdə bildirilib ki, şiddətli külək şəraitində açıq havada işləyən işçilərin həyat və sağlamlığının qorunması üçün qanunvericiliyin tələblərinə əsasən zəruri tədbirlər görülməlidir: “Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 233-cü maddəsinə əsasən, aşağı temperatur və şiddətli külək şəraitində açıq havada, habelə ilin soyuq vaxtlarında qızdırılmayan qapalı binalarda işləyərkən işçilərə qızınmaq üçün fasilələr verilir və ya iş dayandırılır. Məcəlləyə 2-ci əlavəyə görə, küləyin gücü 6 bal və daha artıq olduqda, quruda kranlarla görülən bütün növ işlər dayandırılır. Həmçinin tikinti işləri görüldükdə küləyin gücü 2 baldan artıq olduqda kranlar qurulması üzrə quraşdırma, 3 baldan artıq olduqda qaldırıcıların quraşdırılması və sökülməsi, daşınan taxta-şalbanın yerinin dəyişdirilməsi işləri, 6 baldan artıq olduqda taxta-şalban, işi, habelə taxta-şalbanın sökülməsi işləri dayandırılır”.

Müraciətdə o da qeyd olunub ki, dənizdə işləyərkən küləyin gücü 3 baldan artıq olduqda qaynaq tikişinin şaquli və tavan vəziyyətində qoyulduğu bütün növ qaynaq, 4 baldan artıq olduqda ayrı-ayrı özüllərdə kran gəmiləri vasitəsilə görülən tikinti-quraşdırma və sökmə, daimi dəniz özülləri və estakadayanı meydançaları yanındakı buxtalarda barjlara, kran gəmilərinə yükvurma və yükboşaltma işləri, qaynaq tikişinin aşağı vəziyyətdə qoyulduğu bütün növ qaynaq işləri, estakada tikən kranla quraşdırma və dəniz neft-mədən qurğularının sökülməsi işləri dayandırılmalıdır.

“Qeyd olunan əlavədə həmçinin dənizdə işləyərkən küləyin gücü 5 baldan artıq olduqda ayrı-ayrı özüllərdə üzən vasitələr, qurğular olmadan tikinti-quraşdırma və sökmə, kopyor vasitəsilə dayaqlar vurulması, daimi dəniz özüllərində buruqların quraşdırılması, sökülməsi və dorların qaldırılması (endirilməsi), traversin sürgü qollarının, mancanaq dəzgahının asma kanatının təmiri və dəyişdirilməsi, buruqda və ya dorda diyircəklərin, kran-blokun dəyişdirilməsi, tali kanatının təchizatı, dərinlik ölçmələri və quyuların debitinin ölçülməsi, estakada meydançalarında quyuların cari və əsaslı təmiri üçün səyyar aqreqatların dorlarının qaldırılması işlərinin dayandırılması nəzərdə tutulur.

Küləyin gücü 6 baldan artıq olduqda daimi dəniz özüllərində istismar edilən quyularda işlər, daimi dəniz özüllərində estakadayanı meydançalarda quyuların əsaslı və cari yeraltı təmir işləri dayandırılır. Əgər küləyin gücü 8 baldan çoxdursa, bu zaman qazma işləri aparılan quyularda alətlərin quyulardan qaldırılması ilə əlaqədar bütün işlər, özülün və ya estakadayanı meydançanın döşəməsi üstündəki və altındakı işlər dayandırılmalıdır. Küləyin gücü 10 baldan artıq olduqda isə quyunun yuyulması işlərindən başqa buruqda bütün işlərin dayandırılması nəzərdə tutulur. Belə hallarda işəgötürənlə  həmkarlar  təşkilatının birgə qərarı əsasında fasilənin sayı, müddəti  müəyyən olunmalı, eyni zamanda iş zamanı verilmiş fasilələr iş vaxtına daxil edilməlidir. Həmin fasilələr zamanı əmək haqqı işçilərin tarif maaşına görə ödənilməlidir. İş dayandırıldıqda boşdayanma vaxtının haqqının işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilməsi təmin edilməlidir.

Dövlət  Əmək  Müfəttişliyi Xidməti şiddətli külək şəraitində açıq havada işləyən işçilərin həyat və sağlamlığının qorunması məqsədilə qanunvericiliyin müvafiq tələblərinə riayət edilməli olduğunu işəgötürənlərin diqqətinə çatdırır”, – deyə müraciətdə vurğulanıb.

Mənbə: apa.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

“İnzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edildi

posted in: Xəbər | 0

“Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 17 noyabr tarixli 870-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 765, № 9, maddə 1650, № 10, maddə 1789, № 12, maddələr 2314, 2321; 2018, № 1, maddə 54; Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 fevral tarixli 1836 nömrəli, 28 fevral tarixli 1855 nömrəli, 6 mart tarixli 1866 nömrəli və 7 mart tarixli 1880 nömrəli fərmanları) ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”na aşağıdakı məzmunda 39-1-ci hissə əlavə edilsin:

“39-1. Məcəllənin 411-1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Azərbaycan Respublikasının Maliyyə Nazirliyi adından – maliyyə naziri, onun müavinləri, maliyyə nazirinin müşavirləri, Aparatın rəhbəri, onun müavini, şöbə müdiri, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, Nazirliyin Dövlət Borcunun İdarə Edilməsi Agentliyinin direktoru, onun müavinləri, şöbə müdiri, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, Naxçıvan Muxtar Respublikasının maliyyə naziri, onun müavini, Aparatın rəhbəri, şöbə müdiri, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi.”.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 mart 2018-ci il.

Mənbə: president.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Bakıda HR Konfransı keçiriləcək

posted in: Xəbər | 0

Azərbaycan Banklar Assosiasiyasının (ABA) “HR Forumu layihəsinin” İşçi qrupunun iclası keçirilib.

İclasda HR Konfransının mövzuları, spikerlərin seçilməsi, onlarla danışıqların aparılması, konfransın keçiriləcəyi yer, dəvətlilərin siyahısı və s. kimi məsələlər müzakirə olunub.

Müzakirələr nəticəsində konfransın mayın 4-də keçirilməsi müəyyənləşdirilib. Həmçinin iclasın adının seçilməsi, mövzuların son olaraq dəqiqləşdirilməsi, spikerlərin müəyyən edilməsi üçün ABA-ya təkliflərin ünvanlanması qərara alınıb.

Xatırladaq ki, konfransda digital HR, SMART hədəflərin müəyyən olunması, işçilərin iş yükünün hesablanması, succession planning və s. mövzular müzakirə olunacaq.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.