İqtisadiyyat Nazirliyinin tabeliyinə yeni qurum daxil edilib

posted in: iqtisadiyyat, Xəbər | 0

Nazirlər Kabinetinin “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişiklik edilib.

Bu barədə qərar Baş nazir Artur Rasi-zadətərəfindən imzalanıb.

Qərara görə, Azərbaycan Respublikasının Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına daxil edilib.

Auditor yoxlaması kim üçün məcburidir?

posted in: Audit, Xəbər | 0

Sual: Vergi Məcəlləsinin 16.1.4-cü maddəsində qeyd olunan “auditor tərəfindən yoxlanılması nəzərdə tutulduğu hallarda isə, auditor rəyi əlavə edilməklə vergi hesabatını” təqdim etmək vəzifəsi hansı vergi ödəyiciləri üçün məcburidir?

Cavab: Bildiririk ki, “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən audit yoxlaması könüllü qaydada (təsərrüfat subyektinin öz təşəbbüsü ilə) olmaqla yanaşı məcburi qaydada, yəni təsərrüfat subyektləri tərəfindən qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilə bilər.

Qanunvericiliyə əsasən məcburi audit keçirməli olan şəxslər sırasına publik hüquqi şəxslər, siyasi partiyalar, ictimai əhəmiyyətli qurumlar, dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatları, investisiya fondları, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər, sığorta şirkətləri, səhmdar cəmiyyətlər və s. aid edilmişdir.

Məlumat üçün bildiririk ki, “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmaya görə vəzifəli şəxslər 300 manatdan 600 manatadək məbləğdə, hüquqi şəxslər 1.500 manatdan 2.500 manatadək məbləğdə cərimə edilirlər.

Bax: Mülki Məcəllənin 107.6-cı maddəsi, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 716-IIQ nömrəli Qanununun 12-ci, 12-1-ci və 14.6-cı maddələri, “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının 16 sentyabr 1994-cü il tarixli 992 nömrəli Qanununun 2-ci maddəsi, “İnvestisiya fondları haqında” Azərbaycan Respublikasının 22 oktyabr 2010-cu il tarixli 1101-IIIQ nömrəli Qanunu, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının 15 may 2015-ci il tarixli 1284-IVQ nömrəli Qanunu, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 25 dekabr 2007-ci il tarixli 519-IIIQ nömrəli Qanunu və Inzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi.

Mənbə: taxes.gov.az

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasiblərin işlərini itirməklərinin səbəbləri

posted in: muhasibat, Məqalə, Xəbər | 0

Bu haqda Rusiyada iş adamları, şirkət sahibləri, ümumiyyətlə idarəetmə sahəsində çalışanlar arasında sorğu keçirilib. Mühasiblərin işdən çıxarılması və ya qovulmasına gətirib çıxaran səbəblər bunlardır:

  • Səriştəsizlik, təcrübəsizlik;
  • İş yerində mübahisələr və kollektivdə fikir ayrılıqları;
  • Oğurluq;
  • İşə etinasız münasibət;
  • İntizamla bağlı pozuntular.

Fikir verdinizsə, mühasibin səriştəsizliyi və təcrübəsizliyi birinci yerdə dayanır. Bu səbəbdən, həmkarlar ittifaqının üzvü olun, eləcə də öyrənin, bilikləriniz artırın və inkişaf etdirin, yaxşı mütəxəssisi həmişə qoruyur, müdafiə edir və qiymətləndirirlər!

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Bu qurumlarda çalışanların əmək haqları artırıldı

posted in: Xəbər | 0

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin sosial müdafiəsini daha da gücləndirmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən aşağıda göstərilən təşkilatlarda çalışan rəhbər və digər işçilərin aylıq vəzifə maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılsın:

1.1. Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və aparatı, Gəncə bölməsinin aparatı;

1.2. Heydər Əliyev Mərkəzi;

1.3. Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi;

1.4. “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi;

1.5. Azərbaycanda Atatürk Mərkəzi;

1.6. Azərbaycan Respublikasının dövlət arxivləri və onların filialları, rayon (şəhər) dövlət arxivləri;

1.7. Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu;

1.8. Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu;

1.9. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Film Fondu;

1.10. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu;

1.11. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu;

1.12. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyi;

1.13. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu;

1.14. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu;

1.15. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. dövlət orqanlarının tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən qurumların dövlət qulluqçusu olmayan işçilərinin (Vahid Tarif Cədvəli əsasında əməkhaqqı alan işçilər istisna olmaqla) vəzifə maaşlarının orta hesabla 10 faiz artırılmasını təmin etsin;

2.2. bu Sərəncamın 1-ci hissəsində və 2.1-ci bəndində nəzərdə tutulan qurumlarda çalışan rəhbər və digər işçilərin vəzifə maaşlarının yeni məbləğlərini təsdiq etsin;

2.3. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılmasına dair təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.5. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.6. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 mart 2018-ci il.

Mənbə: president.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.