Parlament şəxsiyyət vəsiqəsinin verilməsinə görə yeni rüsumları təsdiqləyib

posted in: Xəbər | 0

Bu gün Azərbaycan parlamenti “Dövlət rüsumu haqqında” qanuna dəyişikliyi təsdiqləyib.

Dəyişiklik 15 yaşı tamam olmamış Azərbaycan vətəndaşına şəxsiyyət vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə qanunun 14.3-cü maddəsində nəzərdə tutulan şəxslərdən (15 yaşı tamam olmuş) daha aşağı məbləğdə dövlət rüsumunun müəyyən olunmasını nəzərdə tutur.

Dəyişikliyə əsasən, 15 yaşı tamam olmamış Azərbaycan vətəndaşına şəxsiyyət vəsaiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə 10 gün müddətində verildikdə və ya dəyişdirildikdə 4 manat, 3 iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 20 manat, 1 iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 25 manat müəyyən edilib. Qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minəcək.

Qeyd edək ki, mövcud qanunvericiləyə əsasən, Azərbaycan vətəndaşları üçün şəxsiyyət vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi 10 gün müddətində olduqda 5 manat, 3 iş günü müddətində edildikdə 25 manat, 1 iş günü həyata keçirildikdə 35 manatdır. Lakin mövcud qanunun 15-ci maddəsinə əsasən, 16 yaşına çatmamış Azərbaycan vətəndaşları və Azərbaycanda daimi yaşayan 16 yaşına çatmamış vətəndaşlığı olmayan şəxslər dövlət rüsumunu ödəməkdən azaddırlar.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Uşağa qulluğa görə müavinət artırıldı

posted in: Müavinət, Xəbər | 0

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanların sosial müdafiəsini gücləndirmək məqsədilə qərara alıram:

1. Uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən aylıq müavinətin məbləği 2018-ci il martın 1-dən 10 faiz artırılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılmasına dair təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını bir ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 fevral 2018-ci il.

Mənbə: president.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Alimentlərlə bağlı bilməli olduğumuz faktlar

posted in: Xəbər | 0

Qanunvericiliyə və milli adət-ənənələrə əsaslanaraq qeyd etmək lazımdır ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını isə valideynlər müstəqil müəyyən edirlər. Valideynlər yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Bu sazişdə könüllü qaydada və qarşılıqlı razılığa əsasən alimentin məbləği və ödənilməsi qaydası ayrıca göstərilə bilər.
Valideynlər uşaqlarını saxlamadıqda isə uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
Qanunvericiliyə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur:
1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi;
2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi;
3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı.
Həmçinin bildirmək olar ki,  bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.
Bu tip hüquqi xidmətlərlə bağlı https://www.facebook.com/huququm (Mənim hüququm var mı?) linki vasitəsilə səhifəmizə, email adresimizə yazaraq hüquqi yardım ala biləcəyinizi xatırlatmaq yerinə düşərdi.
Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir.
Məlumat üçün bildirək ki, 2018-ci il üzrə uşaqlar üçün yaşayış minimumu 154 manat məbləğində müəyyən edilmişdir.
Bununla yanaşı nəzərə almaq lazımdır ki, fiziki şəxslərə ödənilən alimentlər tam həcmdə gəlir vergisindən və məcburi dövlət sosial sığorta haqqından azaddır.

Müəllif: Şəhriyar Həbilov /  Praktiki Hüquqşünas

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Hamiləlik və doğuma görə müavinətin təyin edilməsi və verilməsi

posted in: Müavinət, Xəbər | 1
Müavinət işçinin iş yeri üzrə (əmək kitabçasının olduğu yerdə) müdiriyyətin müavinət təyin edən komissiyası və ya komissiyanın səlahiyyət verilmiş üzvü tərəfindən təyin edilir.
Hamiləliyə və doğuma görə müavinət sığortaolunanlara Dövlət Sosial Müdafiə Fondu orqanları tərəfindən məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir.
Öz-özünü sığortaedən fiziki şəxslərə müavinət, onlar tərəfindən Dövlət Sosial Müdafiə Fondu orqanlarına müraciət olunan tarixə qanunvericiliklə müəyyən olunmuş məbləğdə məcburi dövlət sosial sığorta haqqı tam ödənildiyi halda, məcburi dövlət sosial sığorta haqları hesabına Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələri tərəfindən bu Əsasnamə ilə müəyyən edilmiş qaydada təyin olunur və verilir. 
Hamiləliyə və doğuma görə müavinət almaq üçün müdiriyyətin müavinət təyin edən komissiyasına hamiləliyə və doğuma görə məzuniyyətin verilməsi barədə müdiriyyətin əmrindən (sərəncamdan) çıxarış təqdim olunmalıdır.
Təqdim olunmuş sənədlərə əsasən müdiriyyətin müavinət təyin edən komissiyası müavinət almaq hüququnu, müavinətin miqdarını müəyyən edir və müavinətin təyin edilməsi haqda komissiya iclasının protokoluna qeyd edilməklə qərar qəbul edir.
Hamiləliyə və doğuma görə müavinət doğumdan əvvəlki dövrdə həqiqi istifadə edilmiş günlərin sayından asılı olmayaraq, cəmləşdirilmiş məzuniyyətin bütün müddətinə verilir.
Hamiləliyə və doğuma görə müavinətin ödənilməsi üçün sığortaedən Dövlət Sosial Müdafiə Fondu orqanına məktubla müraciət etməlidir.
Sığortaedən hamiləliyə və doğuma görə müavinətin alınması üçün müraciət olunduğu aydan sonrakı ayın 5-dək verilən məktubu Dövlət Sosial Müdafiə Fondu orqanlarına təqdim etməlidir.
Məktuba müavinəti təyin edən komissiyanın protokolunun surəti, müavinət alan şəxslərin bank rekvizitləri və ya poçt ünvanı (faktiki yaşayış ünvanı) hamiləliyə və doğuma görə müavinətlərin alınması üçün xəstəlik vərəqələrinin surəti və Əsasnamə ilə təsdiq olunmuş formada haqq-hesab əlavə olunmalıdır.
Dövlət Sosial Müdafiə Fondu orqanları 5 iş ərzində təqdim olunmuş sənədləri araşdırıb ödənişi həyata keçirməlidirlər. Araşdırma zamanı Dövlət Sosial Müdafiə
Fondu orqanlarının sığortaedəndən əlavə məlumatlar almaq hüququ vardır.
Müavinət alan şəxs müəssisə tərəfindən onun bank rekvizitlərinin və ya poçt ünvanının (faktiki yaşayış ünvanı) düzgün göstərilməməsi səbəbindən müavinəti ala bilməmişdirsə, səhv düşmüş ünvandan qaytarılması mümkün olmayan müavinətə görə təqsirkar müəssisə qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır və onun vəsaiti hesabına ödənilir.
Artıq verilmiş müavinət məbləği, müavinəti vermiş Dövlət Sosial Müdafiə Fondu orqanının müraciətinə əsasən işəgötürən tərəfindən müavinət alan şəxsin əmək haqqından tutulur.
Hər belə halda tutulan məbləğ işçinin əmək haqqının 20 faizindən çox olmamalıdır. Artıq ödənilmiş məbləğ müavinət təyin edən komissiyanın qərarı əsasında müəssisənin mühasibatlığı tərəfindən tutulur və Dövlət Sosial Müdafiə Fondu orqanlarının hesabına köçürülür.
Əgər sığortaolunan həmin müəssisədə işləmirsə, onda artıq verilmiş müavinət məbləği könüllü və ya məhkəmə qaydası ilə alınır.
Hamiləliyə və doğuma görə müavinətlərdən məhkəmənin qərarı ilə aliment və ailə başçısının şikəst olması, yaxud səhhətinin başqa cür korlanmasına və ya ölümünə səbəb olan zərərin ödəniş məbləği tutula bilər. Müavinətdən bunlardan başqa heç bir ödəniş tutulmur.
Hamiləliyə və doğuma görə sığortaolunanın öldüyü günədək almadığı müavinət mərhumla birgə yaşayan ailə üzvünə, habelə əmək qabiliyyətini itirmə nəticəsində ölənin himayəsində olan şəxsə verilir.
Vəfat etmiş sığortaedənin ölən günədək almadığı müavinəti onun vərəsələrinin almaq hüququ vardır.
Əmək qabiliyyətini müvəqqəti itirmə nəticəsində ölənin himayəsində olan şəxslərə o şəxslər aid edilir ki, onlara ölən tərəfindən əvvəllər hər ay aliment verilmiş olsun və yaxud da onun əmək haqqından müəyyən edilmiş məbləği almış olsun. Himayədə olmanı icra vərəqəsi və yaxud da himayədə olanın xeyrinə ölən şəxsin əmək haqqından müəyyən məbləğdə tutulmalar barəsində müəssisənin mühasibatlığında olan ölən şəxsin ərizəsi təsdiq edə bilər. Bu barədə Dövlət Sosial Müdafiə Fondu orqanına məlumat verilməlidir.
Belə hallarda ödənilməli olan müavinətin məbləğindən alimentin məbləği və yaxud aylıq köçürmənin müəyyən olunmuş məbləği çıxılır, yerdə qalan müavinətin məbləği ölən şəxsin ailə üzvlərinə verilir.
Alınmamış müavinətlər vərəsəlik əmlakına daxil edilmir.
Hamiləliyə və doğuma görə müavinətin əhaliyə çatdırılması xərcləri Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına aparılır.
Müəssisənin müdiriyyəti və baş (böyük) mühasibi müavinətlərin təyin edilməsində məsuliyyət daşıyırlar.
Əgər müavinət təyin edilərkən, yaxud da işçinin sosial sığorta stajı müəyyən edilərkən qüvvədə olan qanunvericilik pozulmuşdursa və ya ödənilmə üçün təqdim edilmiş sənədlər düzgün rəsmiləşdirilməmişdirsə, belə hallarda baş (böyük) mühasib yol verilmiş nöqsanları yazılı surətdə göstərməklə sənədləri, müdiriyyətin müavinət təyin edən komissiyasına qaytarmalıdır.
Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələrinin məsul işçilərinin tələbi ilə bütün müəssisə və təşkilat rəhbərləri yoxlanılmaq üçün cari ildə və yoxlanılan ildən qabaqkı bir təqvim ilində müavinətin təyin edilməsi üzrə sənədləri təqdim etməlidirlər. Başqa dövrlər üçün sənədlər müavinətin təyin edilməsində sui-istifadə aşkar edildikdə yoxlanılır.
Müavinətin müdiriyyət tərəfindən düzgün təyin edilməməsindən və ya təyin edilməsinin ləngidilməsindən Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələrinə və müəssisənin, təşkilatın həmkarlar ittifaqı komitəsinə şikayət edilə bilər.