Əhalinin 155 milyon manat borcu silinəcək

posted in: Xəbər | 0

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Milli Məclisə əhalinin məcburi dövlət sosial sığorta sahəsində 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və bu ilin aprelin 1-ə qədər ödənilməmiş borcların, eləcə də 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış maliyyə sanksiyalarının silinməsini təklif edib.

Qanun layihəsinin mahiyyəti barədə deputat Zahid Oruc açıqlama verib.

O bildirib ki, Azərbaycanda pensiya sisteminin qurulması, yəni sığortaolunananlar üzərindən həyata keçirilməsi 2006-cı ildən başlayaraq reallaşdırılır:

“Sığorta edilənlərə fərdi uçot sisteminin həyata keçirilməsi də o dövrə düşür. Həmin ildən başlayaraq  müxtəlif  təşkilatların, müəssisələrin Dövlət  Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta ödənişləri ilə bağlı mühüm borcları yaranıb. Bu 12 il ərzində həmin məbləğin 100 milyon manatdan artıq hissəsi ödənməyib. Nəticə olaraq bütün bu işlər üçün açılmış məhkəmə davalarına baxılması belə problemi həll etməyə imkan verməyib. Tətbiq olunmuş maliyyə sanksiyalarına görə qərarların yerinə yetirilməməsi nəticəsində həmin sanksiyaların üzərinə əlavə  cərimələr gəlib. Bunun nəticəsində 55 milyondan artıq əlavə borc  yaranıb. Hazırkı qərar pensiya sisteminini dayanıqlı etməkdən ötrüdür. Qəti bir şəkildə pensiyaçının maraqlarına toxunmur”.

O qeyd edib ki, bu sistemi borc yükündən xilas etmək naminə dövlət tərəfindən bu yöndə mühüm bir addım atılıb:

“Məqsəd gələcəkdə sığortaedənlərin öz öhdəliklərini daha yaxşı yetinə yetirməsidir. Nəticə etibarilə bu qərar 373 min sığortaedənə tətbiq olunacaq. O cümlədən 217 min sahibkarklıq fəaliyyəti ilə məşğul olanlara da bu qərar şamil olunacaq.  Beləliklə,  layihədə məqsəd 155 milyon manatın tamamilə silinməsi, 26 milyon manat vəsaitin isə tənzimlənməsidir”.

Mənbə: qaynarinfo.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması qaydalarında dəyişiklik edildi

posted in: Müavinət, Xəbər | 0

AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Q Ə R A R
№ 50
Bakı şəhəri, 16 fevral 2018-ci il
“Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin
olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi,
baxılması və saxlanılması Qaydaları”nın təsdiq edilməsi
haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarında dəyişikliklər
edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 aprel tarixli 1993 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

“Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 10, maddə 1225; 2016, № 7, maddə 1343, № 11, maddə 1977; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 28 dekabr tarixli 607 nömrəli qərarı) aşağıdakı dəyişikliklər edilsin:

  1. Adına və 1-ci hissəsinə “sənədlərin” sözündən sonra “və məlumatların” sözləri əlavə edilsin.
  2. Həmin qərarla təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları” üzrə:

2.1. adına, 1.1-ci və 4.8-ci bəndlərinə “sənədlərin” sözündən sonra “və məlumatların” sözləri əlavə edilsin;

2.2. Qaydalara 1-7 nömrəli əlavələrin yuxarı sağ küncünə “sənədlərin” sözündən sonra “və məlumatların” sözləri əlavə edilsin;

2.3. Qaydalara 1 nömrəli əlavəyə “sənədləri” sözündən sonra “və məlumatları (ailə üzvlərinin şəxsiyyət vəsiqəsinin, doğum haqqında akt qeydinin nömrəsi, tarixi və qeydiyyata alındığı orqanın adı)” sözləri əlavə edilsin;

 2.4. Qaydalara 7 nömrəli əlavə – “Müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısı” üzrə:

2.4.1. 1-ci hissəyə “sənədlər” sözündən sonra “və məlumatlar” sözləri əlavə edilsin;

2.4.2.  1.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

 “1.1. müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün şəxsin ailə vəziyyətini təsdiq edən sənəd (ailə tərkibi haqqında yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı);

2.4.3. 1.2-ci, 1.3-cü, 2.4-cü, 2.6-cı, 2.9-cu, 2.10-cu, 2.13-cü, 2.15- ci, 2.26-cı və 2.31-ci bəndlər ləğv edilsin;

2.4.4. aşağıdakı məzmunda 1.5-ci bənd əlavə edilsin:

“1.5. Aylıq müavinətin, təqaüdün və kompensasiyanın təyin edilməsi üçün müraciət etmiş şəxslər və onların ailə üzvləri haqqında tələb olunan sənəd və məlumatların Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.13-cü maddəsinə əsasən elektron formada əldə edilməsi məqsədi ilə aşağıdakı dövlət orqanlarının və təşkilatlarının informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunur:

1.5.1. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi;

1.5.2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi;

1.5.3. Azərbaycan Respublikasının Təhsil Nazirliyi;

1.5.4. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti.”;

2.4.5. 2-ci hissədə “sənədlər də” sözləri “sənədlər və məlumatlar da” sözləri ilə əvəz edilsin;

 2.4.6. 2.1.2-ci, 2.2.2-ci, 2.2.3-cü, 2.3.3-cü, 2.3.4-cü, 2.5.1-ci, 2.7.2-ci, 2.7.3-cü, 2.7.4-cü, 2.8.2-ci, 2.8.3-cü, 2.8.4-cü, 2.11.1-ci, 2.11.3- cü, 2.11.4-cü, 2.12.1-ci, 2.12.3-cü, 2.12.4-cü, 2.14.1-ci, 2.14.2-ci, 2.16.1-ci, 2.16.2-ci, 2.16.3-cü, 2.18.2-ci, 2.18.4-cü, 2.19.2-ci, 2.19.3-cü, 2.19.4-cü, 2.19.5-ci, 2.20.1-ci, 2.20.2-ci, 2.21.1-ci, 2.22.2-ci, 2.23.2-ci, 2.23.3-cü, 2.23.4-cü, 2.24.1-ci, 2.27.2-ci, 2.27.3-cü, 2.27.4-cü, 2.28.2-ci, 2.28.3-cü, 2.28.4-cü, 2.29.2-ci, 2.29.3-cü, 2.29.4-cü, 2.30.2-ci, 2.32.2-ci, 2.32.4-cü və 2.32.5-ci yarımbəndlər ləğv edilsin.

Azərbaycan Respublikasının
Baş naziri                                              Artur Rasi-zadə

Mənbə: www.cabmin.gov.az

Maliyyə amnistiyası elan olunur. Məcburi dövlət sosial sığorta üzrə borclar silinəcək???

posted in: Xəbər | 0

Azərbaycan Respublikası prezidenti İlham Əliyev Milli Məclisə (MM) əhalinin məcburi dövlət sosial sığorta sahəsində 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və bu ilin aprelin 1-ə qədər ödənilməmiş borclarının, eləcə də 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış maliyyə sanksiyalarının silinməsini təklif edib.

Bununla bağlı prezident İlham Əliyev tərəfindən MM-ə “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” qanun layihəsi təqdim edilib.

Qəbul olunacağı təqdirdə 2018-ci il aprelin 1-dən qüvvəyə minəcək 5 maddədən ibarət qanun layihəsində bildirilir ki, sığorta edənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir.

Sənədə əsasən sığorta edənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcları tam məbləğdə silinir.

Qanun layihəsində o da bildirilir ki, sığorta edənlərin  müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixindən yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcların tənzimlənməsi aşağıdakı qaydada həyata keçirilir:

– sığorta edənlər tərəfindən 2018-ci ilin aprel-may ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 10 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 90 faizi silinir;

– sığorta edənlər tərəfindən 2018-ci ilin aprel-iyul ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 30 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 70 faizi silinir;

– sığorta edənlər tərəfindən 2018-ci ilin aprel-sentyabr ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 50 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 50 faizi silinir;

Qeyd edək ki, məcburi dövlət sosial sığorta amnistiyası ödənilməsi barədə məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların da qalığına şamil ediləcək.

Azərbaycanın maliyyə sektorunda işçilərin sayı azalır

posted in: Maliyyə, Xəbər | 0

Azərbaycanda maliyyə və sığorta sektorunda muzdla çalışan işçilərin ümumi sayı 2017-ci il ərzində 5,2% və ya 1,3 min nəfər azalaraq 2018-ci il yanvarın 1-nə 23,7 min nəfər təşkil edib.

İşçilərin 4,5 min nəfəri və ya 19%-i dövlət, 19,2 min nəfəri və ya 81%-i özəl sektorda çalışıb.

Bildirək ki, bu sahədə çalışan işçilərin sayı 2005-ci ildəki 11,8 min nəfərdən 2014-cü ildə 30,9 min nəfərədək yüksəlib, daha sonra azalmağa başlayaraq 2015-ci ildə 30,1 min nəfər, 2016-cı ildə 25 min nəfər olub.

Qeyd edək ki, cari il yanvarın 1-i vəziyyətinə muzdla işləyənlərin sayı ilkin məlumatlara əsasən 1 521,3 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 880,1 min nəfər, qeyri-dövlət sektorunda isə 641,2 min nəfər təşkil edib. İqtisadiyyatın neft sektorunda 33,9 min nəfər, qeyri-neft sektorunda isə 1 487,4 min nəfər çalışıb.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.