Vergilərə 1,2 milyard manat borc yaranıb

posted in: Vergi, Xəbər | 0

Vergilər Nazirliyi xətti ilə təmin olunan gəlirlər üzrə 1 iyul 2017-ci il tarixə vergi ödəyicilərinin dövlət büdcəsinə olan borcları ümumilikdə 1 mlrd. 172 mln. 347,3 min manat (o cümlədən, verginin əsas məbləği üzrə 961 mln. 191,5 min manat, maliyyə sanksiyaları üzrə 168 mln. 422,4 min manat, faizlər üzrə 42 mln. 733,4 min manat), artıqödəmələri isə 2 mlrd. 141 mln. 340,6 min manat təşkil edib.

Bu barədə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə Hesablama Palatasının rəyində qeyd edilib.

Sənəddə vurğulanıb ki, son illərin dinamikası borcun həcmindən fərqli olaraq artıqödəmə məbləğinin davamlı şəkildə artmasını müşahidə etməyə imkan verir. 1 iyul 2017-ci il tarixə vergi ödəyiciləri üzrə ümumilikdə dövlət büdcəsinə olan 2 mlrd. 141 mln. 340,6 min manat məbləğində artıqödəmənin faiz nisbətləri dövlət büdcəsinə olan borclara (1 mlrd. 172 mln. 347,3 min manat) qarşı 182,7%, Vergilər Nazirliyinin xətti ilə cari ilin yanvar-iyun ayları ərzində dövlət büdcəsinə təmin olunan ümumi gəlirlərə (3 mlrd. 352 mln. 375,6 min manat) qarşı 63,9%, vergi gəlirlərinə (3 mlrd. 119 mln. 186,6 min manat) qarşı 68,7%, növbəti il üzrə nəzərdə tutulan proqnoza qarşı isə 27,1% təşkil edib.

Həmin tarixə dövlət büdcəsinə olan ümumi borcun 66,1%-i (774 mln. 667,5 min manatı) xüsusi mülkiyyətə, 20,7%-i (242 mln. 350,5 min manatı) dövlət mülkiyyətinə, 11,2%-i (131 mln. 790,9 min manatı) xarici mülkiyyətə, 2%-i (23 mln. 286,9 min manatı) isə birgə mülkiyyət növlərinə aid edilən vergi ödəyiciləri üzrə yaranıb. 1 mlrd. 172 mln. 347,3 min manat məbləğində ümumi borcun 3%-i (34 mln. 661,1 min manatı) neft sektorunda, 97%-i (1 mlrd. 137 mln. 686,2 min manatı) isə qeyri-neft sektorunda fəaliyyət göstərən vergi ödəyicilərinin hesabınadır.

Eyni zamanda, 1 iyul 2017-ci il tarixə dövlət büdcəsinə olan artıqödəmə məbləğinin 53,6%-i (1 mlrd. 147 mln. 707,5 min manatı) xüsusi mülkiyyətə, 19,6%-i (419 mln. 630,8 min manatı) dövlət mülkiyyətinə, 16,3%-i (348 mln. 403,1 min manatı) xarici mülkiyyətə, 10,5%-i (225 mln. 115,9 min manatı) isə birgə (xarici qarışıq) mülkiyyət növlərinə aid edilən vergi ödəyicilərinin payına düşüb. 2 mlrd. 141 mln. 340,6 min manat məbləğində artıqödəmənin 9,4%-i (200 mln. 960,7 min manatı) neft sektorunda, 90,6%-i (1 mlrd. 940 mln. 379,9 min manatı) isə qeyri-neft sektorunda fəaliyyət göstərən vergi ödəyicilərinin hesabına yaranıb.

Qeyri-neft sektoruna aid edilən vergi ödəyiciləri üzrə 1 iyul 2017-ci il tarixə dövlət büdcəsinə yaranmış artıqödəmənin (1 mlrd. 940 mln. 379,9 min manat) ümumi borcun məbləğinə (1 mlrd. 137 mln. 686,2 min manat) qarşı faiz nisbəti 170,6%, nazirlik xətti ilə cari ilin yanvar-iyun ayları ərzində qeyri-neft sahələrindən dövlət büdcəsinə təmin olunan gəlirlərə (2 mlrd. 380 mln. 341,2 min manat) qarşı faiz nisbəti isə 81,5% təşkil edib.

Dövlət büdcəsinə olan artıqödəmə məbləğinin 2014-cü ildən etibarən əhəmiyyətli artımı əsas kapitala investisiyaların, o cümlədən tikinti-quraşdırma işlərinə yönəldilmiş vəsaitlərin, ölkə üzrə ümumi ixracın, o cümlədən qeyri-neft ixracının, eləcə də kredit qoyuluşlarının həcminin azalması şəraitində baş verib. Hesablama Palatası tərəfindən aparılan nəzarət tədbirlərinin nəticələri də nəzərə alınaraq dövlət büdcəsinə olan artıqödəmə məbləğinin əhəmiyyətli artmasını bir tərəfdən vergi inzibatçılığının proqnoz göstəricilərin icra olunması üzərindəki təzyiqlərinin güclənməsi ilə, digər tərəfdən isə vergi ödəyiciləri üzrə vergilərin könüllü bəyanetmə səviyyəsinin yüksək olmaması ilə əlaqələndirilməsinə imkan verir.

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Dövlət büdcəsi üçün ağır yük olan müəssisələr hansılardır?

posted in: Vergi, Xəbər | 0

2017-ci ilin iyulun 1-nə dövlət zəmanəti ilə cəlb edilmiş daxili kreditlər üzrə borc məbləğinin həcminin kifayət qədər böyük olmasına (15,565 mlrd. manat) baxmayaraq təqdim olunmuş büdcə layihəsində həmin məbləğ 302,9 mln. manat məbləğində şərti öhdəlik kimi nəzərdə tutulub. Bu barədə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə Hesablama Palatasının rəyində qeyd edilib.

Sənəddə vurğulanıb ki, xarici dövlət borcu üzrə isə 5,1 mlrd. manat dollara qarşı 487,9 mln. dollar kimi şərti öhdəlik qəbul edilib. “Son illərin təcrübəsinə əsaslansaq qeyd etmək olar ki, dövlət zəmanəti ilə təmin edilmiş və bir sıra dövlət təşkilatlarına (“Baku Bus” MMC, “Azərkosmos” ASC, “Azərsu” ASC, “Azərenerji” ASC və sair) ötürülmüş kredit vəsaitlərinin əksər hissəsi büdcə vəsaiti hesabına qaytarılır ki, bu da gələcəkdə dövlət büdcəsi üçün ağır yükə çevrilir. Qeyd olunanları nəzərə alaraq həm daxili, həm də xarici dövlət borcu üzrə dövlət zəmanətli kreditlərin tərkib risklərini özündə birləşdirən borca xidmət göstərilməsi ilə bağlı gələcək xərclərin dayanıqlı olmasını təmin edən sistemin qurulmasını və dövlət zəmanəti ilə cəlb edilən kreditlərin bir hissəsinin şərti öhdəlik kimi təsnifləşdirilməklə borcun uçotunda əks edilməsini məqsədəmüvafiq hesab edirik”, – rəydə qeyd edilib.

Mənbə: Apa.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Səyyar vergi yoxlamaları məhdudlaşdırılacaqmı???

posted in: Vergi, Xəbər | 0

Azərbaycanda xronometraj metodu ilə müşahidə aparılan kiçik sahibkarlıq subyektlərində səyyar vergi yoxlamalarının məhdudlaşdırılması istiqamətində də tədbirlərin əlavə olunması tövsiyyə edilir.

Deyirlər ki, növbəti ilin büdcə-vergi siyasətinə vergi güzəştlərinin və azadolmaların səmərəliliyinin diaqnostikasının aparılması, vergitutmada qeyri-xammal ixracının təşviqini təmin edən islahatlar layihəsinin hazırlanması, dövlət mülkiyyətinə aid edilən təsərrüfat hesablı qurumların fəaliyyətində dövlət büdcəsi vəsaitlərinin iştirakının optimallaşdırılması, differensiallaşdırılmış əlavə dəyər vergisi dərəcələri tətbiq edilməli olan malların siyasının hazırlanması və tətbiqi müddətinin müəyyənləşdirilməsi, eləcə də xronometraj metodu ilə müşahidə aparılan kiçik sahibkarlıq subyektlərində səyyar vergi yoxlamalarının məhdudlaşdırılması istiqamətində də tədbirlərin əlavə olunması məqsədəuyğundur.

Digər tövsiyyə isə dövlət büdcəsinin proqnozlaşdırılması zamanı vergi güzəştlərinin və azadolmalarının səmərəliliyinin diaqnostikasının aparılması və nəticələrindən asılı olaraq vergi qanunvericiliyinə yenidən baxılması üçün əsaslandırılmış təkliflərin hazırlanması istiqamətində müvafiq işlərin həyata keçirilməsi ilə bağlıdır.

Bundan başqa, Palata ƏDV qeydiyyatında olan, eyni zamanda qanunvericiliklə fəaliyyəti ƏDV-dən azad olunan fəaliyyət növlərinə aid edilməyən hüquqi şəxslərə kommersiya fəaliyyətindən yaranan zərərin bağlanması məzmununda dövlət büdcəsindən köçürülən vəsaitlər üzrə əsas məbləğin bir qayda olaraq hesablaşma hesabına, ƏDV məbləğinin isə ƏDV-nin depozit hesabına köçürülməsini tövsiyyə edir.

Mənbə: report.az

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Vergidən yayınmaqla bağlı cəzalar tarixindən (1-ci hissə)

posted in: Məqalə, Vergi | 0

Planeta jurnalında vergilərdən yayınmaya görə ən qədim zamanlardan indiki dövrə qədər tətbiq edilən cəzalardan bəhs edən məqalə dərc edilib. Maraqlı olacağını nəzərə olub, onu hissə-hissə sizin diqqətinizə çatdırırıq.

1-ci hissə

Vergilərin tutulması tarixi dünyada ilk dövlətin yaranması dövrünə təsadüf edir. Və təbii ki, həmin vergiləri ödəməkdən yayınan insanlar da elə ilk günlərdən peyda oldu. Bu isə vergiləri toplayan və onları verməkdən imtina edən adamlardan ötrü çoxsaylı problemlər yaratmağa başladı.

Əsrlər ötür – lakin, heç nə dəyişmirdi. Bu gün də vergidən yayınma halları az deyil. Bununla qədim dövrlərdə necə mübarizə aparırdılar? Və indi necə mübarizə aparılır?

Vergilərdən yayınma tarixi. Çar Qoroxdan (ruslarda oynaq frazeoloji xarakter) indiki günlərə qədər.

Bizim qədimdəki sələflərimizə vergilərdən yan keçmək daha asan idi – pulu aldın, apar alma ağacının altında basdır, qurtardı-getdi. Gəl sübut elə ki, mən hansısa gəlir əldə etmişəm. Digər tərəfdən, o zamanlarda əsas dəyərli şey insanlara məxsus olan torpaq hesab olunurdu. Onu isə yad gözlərdən gizlətmək mümkün deyildi.

Baxmayaraq ki, bunun öz üsulları var idi. Məsələn, çinli kəndlilərin bəziləri ölkənin ən uzaq, ünyetməz rayonlarında məskunlaşmağa can atırdılar. Vergi toplayanlar bundan yayınanların ümumiyyətlə, harada məskunlaşdıqlarından belə xəbərsiz idilər. Qəzəbli vergi yığanlar onları axtarıb tapdıqda, həmin insanlar daha gözdən uzaq yerlərə çəkilirdilər. Və yenə də axtar-tap oyunu başlayırdı…

İri torpaq sahiblərinə gəldikdə, burada məsələ bir qədər qəlizləşirdi. Amma, onların arasında da vergidən yayınmaq üçün hiyləgər üsullardan yaralananlar az olmurdu. Məsələn, hindistanlı varlılardan biri Qopsala vergini aşağı salmaqdan ötrü orijinal bir üsul tapa bilmişdi. Kahinlərə və məbədlərə məxsus torpaqlara vergi güzəştləri tətbiq edildiyini bilən Qopsala öz torpaqlarını 47 hissəyə ayırır və bundan yalnız birini özündə saxlayır, qalanlarını isə brəhmənlərə və Yoganathu məbədinin istifadəsinə verir. İş bunda idi ki, brəhmənlərin hamısı onun kürəkənləri, məbəd baxıcısı Bayakka isə Qopsalanın qızı idi. Beləliklə, o, yenə də öz torpaqlarını faktiki sahibi kimi qalırdı, yalnız torpaqlar bir növ əl dəyişmişdi, onun qohumlarının adına keçirilmişdi. Lakin, ödədiyi vergi də mütənasib olaraq xeyli azalmışdı. Eyni üsuldan daha sonralar Türkiyədə də istifadə olunub.

Orta əsrlərdə vergi ödəməməyin daha bir sadə üsulu ortaya çıxdı. Bu gün üçün bu vəzifəli şəxsə rüşvət vermə adlanır. Həmin hal belə xarakterizə olunurdu. Vergi yığan gəlirdi və bahalı hədiyyə alırdı, əvəzində bilərəkdən hədiyyə verənin gəlirlərini əhəmiyyətli dərəcədə aşağı göstərirdi. Həmin dövrlər üçün bu üsul işə keçərli idi. Çünki o vaxtlar vahid gəlirlər uçotu mövcud deyildi, regionlarla paytaxt arasında əlaqə zəif idi və baş verənlərin araşdırılması da demək olar ki, mümkünsüz sayılırdı. Hətta iş məhkəməyə qədər gəlib çatsaydı belə, qeyri-dürüst məmur həmişə özünü təmizə çıxarmağı bacarırdı, ən pis halda özü rüşvət verməklə canını qurtara bilirdi.

Bir vaxtlar cəzadan qurtarmağın başqa bir üsulu da olub. Nəcib insanın – vergi toplayanlar təbii ki, zadəganlar olurdu – öz statusuna uyğun gələn ittihamçını, belə demək olarsa, Tanrı məhkəməsinə dəvət etmək hüququ var idi. Yəni…həmin şəxsi duelə çağıra bilərdi. Kim qalib gəlirdisə – o da haqlı sayılırdı.

Elə hallar da olurdu ki, vergi toplayan rüşvət naminə varlı adamı vergidən azad etməklə qalmır, əksik gələn hissəni kasıb kəndlilərin üzərinə yıxırdı. Bəzən bu iş ondan ötrü təkcə maliyyə xərcləri ilə nəticələnmir, hətta edamına da gətirib çıxara bilirdi. Neyləmək olar, o dövrlərdə hər bir cəngavər adi insanlarla istədiyi kimi davrana bilirdi.

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.