Read More9
Read More9

Müəssisə təsərrüfat xərclərinə görə ödənilən ƏDV-ni əvəzləşdirə bilərmi?

posted in: Xəbər | 0

Müəssisə fəaliyyəti çərçivəsində gündəlik təsərrüfat ehtiyaclarını qarşılamaq üçün aylıq müəyyən məbləğdə təsərrüfat xərcləri çəkir. Buraya içməli su və çay alınması, təmizlik vasitələri, ofis ləvazimatları aiddir. Bilmək istərdik ki, müəssisə ƏDV ödəyicisi olduğu halda qeyd olunan təsərrüfat xərclərinə görə ödənilmiş ƏDV məbləğini əvəzləşdirə bilərmi?

Bildiririk ki, Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank və digər ödəniş hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir.

Sorğunuza cavab olaraq bildiririk ki, müəssisənin fəaliyyəti zamanı çəkilən xərclər (ofisə çay, su, təmizlik vasitələrinin və ofis ləvazimatlarının alınması ilə bağlı çəkilən xərclər) müəssisənin təsərrüfat xərclərinə daxil olmaqla gəlirdən çıxılan xərclərə aid edilir və ödənilmiş ƏDV məbləğləri əvəzləşdirilir.

Əsas: Vergi Məcəlləsi 175.1-ci maddəsi

Mənbə: vergiler.az

Vergi Məcəlləsi maliyyə sanksiyaları və faizləri necə tənzimləyir

 

Vergi Məcəlləsi maliyyə sanksiyaları və faizləri necə tənzimləyir

posted in: Xəbər | 0

Maliyyə sanksiyası nədir?

İqtisadi hüquqpozmaların müəyyən edilməsi və qanun pozuntusuna yol vermiş şəxslərə maliyyə sanksiyalarının tətbiqi  bazar iqtisadiyyatının davamlı inkişafının təmin edilməsi üçün səmərəli mexanizmlərdən biridir. Azərbaycanda maliyyə sanksiyaları və faizlər Vergi Məcəlləsinin ümumi hissəsinin V fəslinin uyğun maddələri ilə tənzimlənir.

Sanksiya (latınca “sanctio” – ən sərt qərar) iqtisadi subyektə tətbiq edilən və müəyyən nəticələrə səbəb olan təsir vasitəsidir. İqtisadi subyekt dedikdə bunlar nəzərdə tutulur:

  • fiziki yaxud hüquqi şəxs;
  • iqtisadiyyatın hər hansı bir sahəsi;
  • dövlətlər.

Fiziki və hüquqi şəxslərə tətbiq edilən maliyyə sanksiyaları maliyyə-təsərrüfat fəaliyyəti prosesində mövcud qanunvericiliyin pozulması nəticəsində fiziki və hüquqi şəxslərə tətbiq edilən, pul ölçüsündə ifadə edilən məcburi təsir tədbirdir.

AR Vergi Məcəlləsi maliyyə sanksiyaları (cərimələr) üzrə məbləğləri, onların tətbiq qaydalarını müəyyən edir. Məcəllədə vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları, habelə ayrı-ayrı hallardı tətbiq edilən cərimə məbləğləri öz əksini tapıb.

Qanun pozuntuları Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallarla bağlı olarsa AR Gömrük Məcəlləsinə uyğun araşdırma aparılır.

Maliyyə sanksiyalarının formaları

Formasına görə maliyyə sanksiyaları aşağıdakı kimi ola bilər:

  • cərimələr;
  • faizlər;
  • bank hesabları üzrə əməliyyatların məhdudlaşdırılması;
  • sair.

Cərimə öhdəliyi pozan tərəfə tətbiq edilən pul cəzasıdır, onun məbləği sabit pul məbləğində müəyyən edilir. AR Vergi Məcəlləsində maliyyə sanksiyaları və cərimə, demək olar ki, eyni mənada işlədilib. Bundan başqa Məcəllədə “inzibati cərimə” anlayışından istifadə edilir ki, bu da inzibati hüquqpozmalar zamanı tətbiq edilən sanksiyalarla bağlı işlədilir.

Faizlər pul öhdəliklərinin vaxtında yerinə yetirilməməsinə, gecikdirilməsinə görə tətbiq edilən pul sanksiyasıdır. Adətən vaxtı keçmiş öhdəliyin məbləğinin faizi kimi müəyyən edilir və müəyyən müddət ərzində hər gecikdirilmiş gün üçün hesablanır, bundan sonra birdəfəlik tutulur.

Bank hesabları üzrə əməliyyatların məhdudlaşdırılması Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65-ci maddəsinin tələbləri nəzərə almaqla  35.3 və 35.3 maddələrə əsasında həyata keçirilir. Bu müddəalar aşağıdakı hallarda tətbiq edilir:

  • büdcə və büdcədənkənar fondlara vergi və digər məcburi ödənişlər üzrə borclu olduqda;
  • faizlər və maliyyə sanksiyaları müəyyən edilmiş müddətdə ödənmədikdə.

AR Vergi Məcəlləsində sanksiyalar

Vergi Məcəlləsində maliyyə sanksiyaları və faizlər tətbiq sahələrinə görə qruplaşıb:

  • hesabat və məlumatların təqdim edilməsi ilə bağlı hüquqpozmalar (maddə 57);
  • azaldılan vergilər, habelə digər hüquqpozmalar (maddə 58);
  • vaxtı keçmiş vergilərə görə faizlər (maddə 59);
  • bank əməliyyatı aparan şəxslərə tətbiq olunan sanksiyalar (maddə 60).

VM-in 57 və 57-ci maddələrinin şərhi ilə buradan ətraflı tanış ola bilərsiniz. Vergi ödəyicilərinə Vergi qanunvericiliyinin pozulması zamanı tətbiq edilən müxtəlif maliyyə sanksiyaları haqqında buraya keçid edərək oxuya bilərsiniz.

Qeyd edək ki, Vergi Məcəlləsində maliyyə sanksiyaları və faizlər əsasən ümumidir, yəni fərqli vergi növləri üçün eyni sanksiya nəzərdə tutulub. Məsələn, vergi hesabatı vaxtında təqdim edilmədikdə tətbiq edilən 40 manat məbləğində maliyyə sanksiyası (maddə 57.1) vergilərin bütün növünə aiddir.

Nümunələr

Maliyyə sanksiyalarına bəzi nümunələr aşağıda verilib:

  • aktivləri barədə məlumatı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının qərarına əsasən 100 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir (maddə 57.2);
  • sənədlərin (o cümlədən elektron formatda məlumatların) müəyyən edilmiş müddətlərdə vergi orqanına təqdim edilməməsinə və ya bilərəkdən təhrif olunmaqla təqdim edilməsinə, habelə sənədlərin və ya məlumatların tam oxunaqlı şəkildə 5 ildən az olmamaqla qanunla müəyyən edilmiş müddətdə üzrlü səbəb olmadan saxlanılmamasına görə vergi ödəyicisinə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir (maddə 57.3);
  • verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir (58.1);
  • Vergi Məcəlləsi ilə müəyyən edilən müddətdə vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq olunur (maddə 58.2);
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə 2000-6000 manat arası məbləğində maliyyə sanksiyası tətbiq edilir (maddə 58.10).

Ayrı-ayrı vergi növləri üzrə tətbiqi Vergi Məcəlləsində nəzərdə tutulan maliyyə sanksiyaları və faizlər haqqında saytımızın “Vergi” bölməsinin uyğun bölmlərindən oxuya bilərsiniz.

Sahibkarlıq fəaliyyəti üçün inklüziv imkanlar yaradan vergi təşviqləri

posted in: Xəbər | 0

Ölkəmizin iqtisadi inkişaf strategiyasında sahibkarlıq fəaliyyətinə dəstək və biznes mühitinin inklüziv inkişafı üçün mühüm hədəflər müəyyənləşdirilib. Bu istiqamətdə uzunmüddətli davamlı və sürətli inkişaf üçün cəmiyyət, biznes və dövlət üçlüyünün uğurlu əlaqəsinin möhkəmləndirilməsi başlıca prioritetlərdəndir. Bazaryönümlü islahatlar vasitəsilə effektiv yanaşmaların tətbiqi, özəl mülkiyyət institutlarının gücləndirilməsi, biznesə dost olan dövlət idarəetməsi iqtisadi yüksəlişin təməl amilləri kimi müəyyən edilib. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində qeyd edilib ki, biznesin təşviqi mexanizmlərinin iqtisadi səmərəsi artırılmalıdır. Vergi və gömrük siyasəti dövlət büdcəsinin xərclərinin təmin edilməsi üçün adekvat imkanlar yaratmaqla yanaşı, sahibkarlıq fəaliyyətinin stimullaşdırılmasına da xidmət etməlidir. İqtisadiyyatda uzunmüddətli investisiya resurslarının əsas mənbəyi olan kapital və sığorta bazarının inkişafı sürətləndirilməlidir.

Vergi islahatlarının əsas istiqamətləri

Qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün vergi orqanları tərəfindən səmərəli islahatlar həyata keçirilir. Vergi qanunvericiliyi biznes mühitində yaranmış tələbat və sürətli transformasiyaya uyğun olaraq daim təkmilləşdirilir. Bu proses biznes subyektlərinin iştirakçılığı ilə həyata keçirilir. Kapital bazarlarının inkişafının stimullaşdırılması məqsədilə vergi qanunvericiliyinə bir sıra təşviq alətləri daxil edilib. Tətbiq olunan təşviq alətləri çərçivəsində dividendlər üzrə bir sıra vergi güzəştləri mövcuddur. Belə ki, ƏDV məqsədləri üçün qeydiyyata alınmayan mikrosahibkarların təsisçiləri (payçıları) və ya səhmdarları olan fiziki şəxslərin dividend gəlirləri vergidən azad edilib. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərin rezidenti olan hüquqi şəxslərin səhmdarlarının (payçılarının) dividend gəlirləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətinə vergidən azad olunub. Ümumilikdə isə dividendlərdən ödəmə mənbəyində tutulan vergi dərəcəsi daimi olaraq 10 faizdən 5 faizə endirilib ki, bu da kapital üzərində vergi yükünün azalmasına xidmət edir. Bununla yanaşı, innovasiya fəaliyyətinin təşviqi, rəqabətqabiliyyətli texnologiya sektorunun formalaşdırılması və yüksək əlavə dəyər yaradan iqtisadiyyatın inkişafı məqsədilə texnologiyalar parkının rezidenti kimi fəaliyyət göstərən, lakin texnoparkdan kənarda sistem inteqrasiyası və proqram təminatının hazırlanması və inkişafı ilə məşğul olan şəxslər tərəfindən ödənilən dividendlər 10 il müddətinə gəlir və mənfəət vergilərindən azad edilib. Fond bazarında alətləri daha cəlbedici etmək və investorların fəallığını artırmaq məqsədilə 2023-cü il fevralın 1-dən etibarən 5 il müddətinə, Azərbaycanda və xaricdə rezident hüquqi şəxslər tərəfindən kütləvi təklif olunmuş və tənzimlənən bazarda satılan səhmlər və istiqrazlar üzrə ödənilən dividendlər, diskont (istiqrazların nominal dəyərindən aşağı satılması nəticəsində yaranan fərq) və faiz gəlirləri fiziki şəxslərin gəlir vergisindən azad edilib.

Dəyişikliklərdə əsas prioritet məhz sahibkarların vergi yükünün
optimallaşdırılması və biznes mühitinin daha əlverişli edilməsidir

2026-cı ildən etibarən vergi yükünün azaldılması, sahibkarlığın təşviqi və xüsusilə kiçik və orta biznesin (KOB) stimullaşdırılması istiqamətində bir sıra mühüm dəyişikliklər qüvvəyə minib. Bu dəyişikliklərdə də əsas prioritet məhz sahibkarların vergi yükünün optimallaşdırılması və biznes mühitinin daha əlverişli edilməsidir. Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən sahibkarlıq subyektlərinə işğaldan azad edilmiş ərazilər üçün tətbiq olunan vergi güzəştlərinin eyni qaydada şamil edilməsi, kənd təsərrüfatı sektoruna tətbiq olunan mövcud vergi güzəştlərinin balıqçılığa da şamil olunması, fiziki şəxslərin xaricdən əldə etdikləri dividend gəlirləri üzrə vergi dərəcəsinin 14 faizdən 5 faizə endirilməsi, sadələşdirilmiş vergi ödəyiciləri üçün isə nağdsız dövriyyəyə tətbiq olunan vergi dərəcəsinin 8 faizdən 6 faizə endirilməsi kimi dəyişikliklər sahibkarlığın təşviqinə, biznesin fəaliyyətinin stimullaşdırılmasına və vergi yükünün azaldılmasına xidmət edir.

Vergi sisteminin ortamüddətli inkişaf strategiyası

Təşviqedici vergi islahatları biznes mühitinin təkmilləşməsi üçün əsaslı stimullar formalaşdırıb. Bu müsbət tendensiya xarici investorların da diqqətindən yayınmır. Alman-Azərbaycan Xarici Ticarət Palatasının (“AHK Azərbaycan”) “Azərbaycanda 2025-2026-cı illər üzrə bazar araşdırması: sənaye sahələri və investisiya trendləri” hesabatında Azərbaycan iqtisadiyyatının dayanıqlılığının təmin edilməsi məqsədilə həyata keçirilən strategiyalar və fəaliyyət planları, sahibkarlıq mühitinin təkmilləşdirilməsi istiqamətində irəliləyişlər və iqtisadi sahədə mühüm çağırışların həllində vergi islahatlarının müsbət təsirləri qeyd edilir. Burada Dövlət Vergi Xidmətinin 2025-2028-ci illər üzrə Strategiyasında müəyyənləşdirilmiş hədəflər barədə də fikirlər yer alır. Almaniya ticarət və investisiya təşkilatının eksperti Uve Ştroxbax sənədin əhəmiyyətinə diqqət çəkir: “Vergi orqanlarının 2028-ci ilə qədər ortamüddətli strategiyasında kiçik bizneslərin daha sürətli inkişaf edərək orta biznesdən daha effektiv sahibkarlıq subyektlərinə çevrilməsini təmin edəcək təşviqlərin verilməsi nəzərdə tutulur. Bu tədbirlər özəl sektorun gücləndirilməsinə, diversifikasiyanın genişlənməsinə və iqtisadi dayanıqlılığın artmasına töhfələr verəcək”.

Dövlət Vergi Xidmətinin 2025-2028-ci illər üzrə Strategiyasında
müəyyənləşdirilmiş hədəflər biznes mühitinə dəstəyin davamlı olacağını ehtiva edir

Dövlət Vergi Xidmətinin 2025-2028-ci illər üzrə Strategiyasında müəyyənləşdirilmiş hədəflər də biznes mühitinə dəstəyin davamlı olacağını ehtiva edir. Könüllü əməletmənin yüksəldilməsi istiqamətində müştəriyönümlü vergi siyasətinin və sahibkarların hüquqlarının təmin edilməsi, vergi yükünün ədalətliliyi, digər icbari ödənişlər sistemində fiskal yükün balanslı olması və vergi dərəcələrinin optimallaşdırılması kimi hədəflər xüsusi vurğulanır. Gələcəyə yönəlmiş vergi sistemi iqtisadi inkişafı dəstəkləmək, ictimai etimadı gücləndirmək və könüllü vergi əməletməsini təşviq etməkdə mühüm rol oynayır. Müasir vergi inzibatçılığının təmin edilməsi üçün dayanıqlı, fasiləsiz və təhlükəsiz informasiya texnologiyaları mühitinin formalaşdırılması dayanıqlı və davamlı inkişaf hədəfinin əsas istiqamətlərindən birini təşkil edir. Davamlı təkmilləşməni təşviq edən innovasiya mədəniyyəti iqtisadi və texnoloji dəyişikliklər fonunda vergi sisteminin dayanıqlılığını gücləndirməklə yanaşı, biznes subyektləri üçün daha çevik və müasir xidmət modelinin formalaşmasına xidmət edir. Bütün bunlar isə biznes mühitində investisiyalar üçün stimullaşdırıcı, təhlükəsiz və sabit bünövrə formalaşdırır.

Mənbə: vergiler.az

 

332 saylı “Məzənnə fərqləri üzrə ehtiyat” hesabı: uçot prinsipləri, IFRS tələbləri və praktiki nümunələr

posted in: Xəbər | 0

332 saylı “Məzənnə fərqləri üzrə ehtiyat” hesabı qeyri-monetar aktivlərinin yenidən qiymətləndirilməsi prosesində mümkün məzənnə fərqləri üzrə kapital ehtiyatlarının və şəffaf aparılması, həmçinin konsolidasiya edilmiş hesabatların beynəlxalq standartlara uyğun təqdim olunması baxımından vacibdir. Sizə təqdim olunan bu məqalədə məzənnə fərqləri üzrə ehtiyat üzrə hesabın xarakterik xüsusiyyətləri şərh olunur.

Kapital ehtiyatlarının uçot hesabları və 33-cü maddə

Mühasibat uçotu sistemində kapital ehtiyatları müəssisənin səhmdar kapitalı ilə birgə onun maliyyə dayanıqlığını və daxili resurslarının səviyyəsini əks etdirən göstəricilərdən biridir. Kapital ehtiyatları bilavasitə gəlirlərdən yaranmır, lakin müəssisənin xalis aktivlərini artırmaqla onun ümumi maliyyə vəziyyətinə müsbət təsir göstərir.

Yenidən qiymətləndirmə, səhmdar töhfələri, müəyyən qanunvericilik aktları əsasında aparılan digər oxşar əməliyyatlar kapital ehtiyatlarını formalaşdıran maliyyə mənbələridir.

Səhmdar töhfələri – hüquqi şəxsin nizamnamə kapitalından əlavə, səhmdarların və ya iştirakçıların könüllü şəkildə müəssisəyə verdikləri pul vəsaitləri, aktivlər və ya əmlak hüquqlarıdır, hansı ki, bu vəsaitlər müəssisənin gəliri kimi tanınmır, lakin kapital ehtiyatları kimi uçota alınır.

 

Mühasibatlıqda kapital ehtiyatlarının uçotu AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” ilə müəyyən edilmiş mühasibat uçotu subyektləri üçün hesablar planının 33-cü maddəsinin tərkibinə daxil olan hesablar üzrə aparılır. Bu maddədə kapital ehtiyatlarının hərəkəti üzrə ümumiləşdirilmiş məlumatlar təqdim edilir və aşağıdakı hesablar açılır:

Bu hesablar kapital ehtiyatlarının formalaşma mənbələri üzrə uçotunu təmin edir.

Müasir iqtisadiyyatda beynəlxalq ticarət və maliyyə münasibətləri prosesində müəssisələr xarici valyutada əməliyyatlar aparır. Valyuta kurslarının dəyişməsi nəticəsində əməliyyatlar üzrə məzənnə fərqləri yaranır. Bu fərqlər müəssisənin gəlir və ya zərərinə təsir edə bilər.

Lakin bəzi hallarda bu fərqlər kapital ehtiyatı kimi də tanına bilər. Belə ki, xüsusilə xaricdəki törəmə müəssisələrin maliyyə hesabatlarının konsolidasiya zamanı milli valyutaya çevrilməsi prosesində yaranan məzənnə fərqləri birbaşa mənfəət-zərər hesabatına deyil, kapital ehtiyatlarına yönəldilir. Məhz belə ehtiyatların uçotu üçün 332 saylı “Məzənnə fərqləri üzrə ehtiyat” hesabı yaradılmışdır.

332 saylı “Məzənnə fərqləri üzrə ehtiyat” hesabının əsas xüsusiyyətləri

332 saylı hesab – “Kapital ehtiyatları” maddəsinin tərkib hissəsi olub, müəssisədə yenidən qiymətləndirmə və xarici valyutada aparılan əməliyyatlar nəticəsində yaranan məzənnə fərqlərinin uçotunun aparmaq üçün nəzərdə tutulub. Hesabın təyinatı yuxarıda qeyd edilən qaydaların 31.6-cı bəndi ilə müəyyən edilib. Həmin bəndə görə: “332 saylı “Məzənnə fərqləri üzrə ehtiyat” hesabında mühasibat uçotu subyektinin qeyri-monetar aktivlərinin yenidən qiymətləndirilməsi nəticəsində yaranan mənfəət və ya zərərdən əmələ gələn məzənnə fərqləri üzrə kapital ehtiyatları barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir.”

“Asılı müəssisələrə investisiyalar” hesabının balans dəyərinə düzəlişlər, həm də investisiya obyektinin kapitalında baş vermiş dəyişikliklərdən irəli gəlir və Mənfəət və zərər və digər məcmu gəlir hesabatında tanınmaqla aparılır. Belə dəyişikliklərə investisiya obyektinin məzənnə fərqlərindən yaranan dəyişikliklər də aiddir.

332 saylı “Məzənnə fərqləri üzrə ehtiyat” hesabının əsas xüsusiyyətləri:

  • kapital ehtiyatı hesabıdır, bir qayda olaraq, gəlir və ya xərclər bölməsinə daxil edilmir;
  • xaricdəki törəmə müəssisələrin konsolidasiya zamanı yaranan məzənnə fərqləri burada toplanır;
  • maliyyə hesabatlarında bu ehtiyat kapital bölməsində ayrıca sətirdə göstərilir;
  • reallaşmamış məzənnə fərqləri olduqda istifadə olunur; yəni faktiki pul axını baş verməyib.

332 saylı hesabda uçotun tənzimlənməsi

332 saylı hesabda kapital ehtiyatlarının uçotunun aparılması “Mühasibat uçotu haqqında” AR qanunu,  “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”, Beynəlxalq Maliyyə Hesabatları Standartları (IFRS) və digər uyğun qanunvericilik aktları ilə tənzimlənir.

Hesab üzrə uçot qaydaları:

  • əgər valyutada olan kapital, investisiya və ya törəmə müəssisənin aktivləri üzrə balans dəyəri yenidən qiymətləndirilirsə, bu zaman yaranan məzənnə fərqi 332 saylı hesabda əks etdirilir.
  • əgər bu fərq reallaşarsa (məsələn, törəmə müəssisə ləğv olunarsa), o zaman həmin məbləğ mənfəət və zərər hesabatına köçürülür.

332 saylı “Məzənnə fərqləri üzrə ehtiyat” hesabı üzrə tənzimləmələr Qaydaların 16.7, 16.8, 16.9, habelə 31.6 və 31.7 bəndlərinin tələbləri nəzərə alınmaqla aparılır. Uçot “Xarici valyuta məzənnələrində dəyişikliklərin təsiri” adlı (IAS 21) MUBS 21in tələblərinə uyğun olmalıdır.

332 saylı hesabın tətbiqi – praktiki mühasibat nümunələri

Mühasibat uçotunda 332 saylı hesab üzrə müxabirləşmələr aşağıdakı şəkildə aparıla bilər:

Nümunə 1:  Qeyri-maddi aktivlərin (yaxud torpaq, tikili və avavdanlıqlar)  yenidən qiymətləndirilməsi zamanı yaranmış məzənnə 1500 manatdır. Həmin fərqi birbaşa kapitalda tanınır (31.7-ci bəndin tətbiqi)

Əməliyyatın məzmunu Debit Kredit Məbləğ (manatla)
Yenidən qiymətləndirmə nəticəsində yaranmış məzənnə fərqi 101 – “Qeyri maddi aktivlərin dəyəri 332 – “ “Məzənnə fərqləri üzrə ehtiyat” 1500.00

 

Nümunə 2: Asılı müəssisəyə 100000 EUR investisiya qoyulub. İlin sonunda investisiya kapitalında məzənnə dəyişiyindən 10000 manat artım yaranıb. Bu fərq uçota alınır (16.7.1-ci bəndin tətbiqi).

Əməliyyatın məzmunu Debit Kredit Məbləğ (manatla)
İnvestisiya kapitalında məzənnə dəyişikliyindən yaranmış artım 151- “Asılı müəssisələrə investisiyalar” 332 – “Məzənnə fərqləri üzrə ehtiyat” 10000.00

 

 Nümunə 3: Asılı müəssisəyə xarici valyutada qoyulmuş uzunmüddətli investisiyanın 10000.00 manatı geri alınıb. Vaxtı ilə bu məbləğ üçün məzənnə fərqinə görə nəzərə alınmış kapital ehtiyatları üzrə artım 500.00 manatdır. Əhəmiyyətli təsirin itirildiyi məbləğin 332 saylı “Məzənnə fərqləri üzrə ehtiyat” hesabında uçotuna Qaydaların 16.7.1-ci bəndin tətbiq edək..

Əməliyyatın məzmunu Debit Kredit Məbləğ (manatla)
Asılı müəssisə üzərində əhəmiyyətli təsir  azalır (qoyulmuş qısamüddətli  investisiyanın 10000 manatı geri çağırılır) 217- “Digər qısamüddətli debitor borcları” 183 – “Digər uzunmüddətli investisiyalar” 10000.00

 

Geri çağırılan investisiya asılı müəssisə tərəfindən bank hesabına qaytarılıb 223 – “Bank hesablaşma hesabları” 217- “Digər qısamüddətli debitor borcları” 10000.00
Vaxtı ilə nəzərə alınmış məzənnə fərqinə görə kapital artımı 332 – “Məzənnə fərqləri üzrə ehtiyat” 151 – “Asılı müəssisələrə investisiyalar” 500.00
Məzənnə fərqinə görə kapital ehtiyatlarında dəyişik gəlirə aid edilir. 151 – “Asılı müəssisələrə investisiyalar” 611-2 –“Yenidən qiymətləndirilmədən gəlirlər 500.00

Qeyd edək ki, beynəlxalq praktika bu ehtiyatların gəlir kimi tanınmasını yalnız reallaşma zamanı qəbul edir və bu yanaşma maliyyə hesabatlarında risklərin düzgün əks etdirilməsi baxımından əhəmiyyətlidir.

1 36 37 38 39 40 41 42 2. 680
error: Content is protected !!