Azərbaycan sahibkarları ƏDV-nin malın realizasiyası zamanı ödənilməsini təklif edir

posted in: Xəbər | 0

Azərbaycan sahibkarları əlavə dəyər vergisinin (ƏDV) malın realizasiyası zamanı ödənilməsi təklifi ilə çıxış edib.

“Report” Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasına (ASK) istinadən xəbər verir ki, bu məsələ Dövlət Gömrük Komitəsi (DGK) ilə Əməkdaşlıq Şurasının iclasında qaldırılıb.

İclasa ASK-nın vitse-prezidenti Vüqar Abbasov və DGK sədrinin I müavini Bəhruz Quliyev həmsədrlik ediblər. Görüşdə iş adamları həmçinin AQTA sertifikatı olmadan gömrük rəsmiləşdirilməsi ilə əlaqədar yaranan çətinliklərin, qısa idxal bəyannamələri ilə bağlı yüksək cərimələrin əlavə yükə səbəb olduğunu qeyd edib, gömrük rəsmiləşdirilməsi zamanı ekspertiza müddətinin çox vaxt almasının, nəticədə yükün sərhəddə ləngiməsinin əlavə logistik və saxlanma kimi xərclərin artmasına səbəb olduğunu vurğulayıb.

Sahibkarlar hüquqi və fiziki şəxslərin konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 gün ərzində ödənilməsi müddətinin 1 ilə uzadılmasını da təklif ediblər.

DGK nümayəndələri gömrük prosedurlarının sadələşdirilməsi ilə bağlı qanun çərçivəsində sahibkarlara dəstək verməyə hazır olduqlarını qeyd ediblər. Eyni zamanda qərara alınıb ki, təkliflər üzrə müzakirələrin aparılması və iqtisadiyyatın inkişafı üçün birgə səyləri gücləndirmək məqsədilə işçi qrupu yaradılsın.

Müzakirələr zamanı İkitərəfli Əməkdaşlıq Şurasının rübdə bir dəfə görüşməsi də məqbul hesab edilib.

Qeyd edək ki, Azərbaycanda ƏDV dərəcəsi 18 % təşkil edir.

Məzuniyyət hüququnun pozulmasına görə məsuliyyət

Məzuniyyət hüququnun pozulmasına görə məsuliyyət

posted in: Xəbər | 0

İşçilərin məzuniyyət hüququ

Azərbaycan Respublikası Konstitusiyasının 37-ci maddəsində qeyd edildiyi kimi, hər bir şəxs 8 saatlıq iş günü, istirahət və bayram günləri, həmçinin müddəti 21 gündən az olmayan məzuniyyət hüququna malikdir. Məzuniyyətlər işçinin işlədiyi iş yerini, vəzifəsini saxlamaq şərti ilə müvəqqəti olaraq işdən uzaqlaşmasıdır. İşçinin məzuniyyət hüququ işəgötürənlə əmək münasibətlərinə başladığı gündən yaranmış hesab olunur və Əmək Məcəlləsi ilə tənzimlənir.

Məzuniyyətdə olan işçinin işlədiyi yerin, vəzifəsinin, əməkhaqqının saxlanması şərti  onun ən mühüm hüquqi təminatıdır. İşəgötürən tərəfindən məzuniyyətdə olan işçinin müqaviləsinin ləğvi, onun intizam məsuliyyətinə cəlb olunması, başqa  vəzifəyə keçirilməsi yolveriməzdir. Həmin məzuniyyət müddəti işçinin əmək stajına aid  edilir (ƏM, maddə 111)

Bu maddələrə misal kimi aşağıdakı halları göstərmək olar:

  • əgər işəgötürən 28 günlük əmək məzuniyyətində olan işçinin iş yerini məzuniyyətdə olmasına baxmayaraq müəssisənin digər filialına dəyişmək istəyirsə, bu hal qanunauyğun deyil. İşçinin iş yerinin dəyişilməsi bir qayda olaraq onun məzuniyyətdən qayıtdığı vaxtda həyata keçirilə bilər.
  • İşçini  məzuniyyət hüququnun pozulmasına başqa bir nümunə: işəgötürənin məzuniyyətdə olan işçini bir neçə ay əvvəl yaranmış nöqsana görə ƏM-nin 186-cı maddəsinə uyğun intizam məsuliyyətinə cəlb edir. Belə tədbirin görülməsi qanunauyğun deyil, bu halda işçinin məzuniyyətdən geri qayıtmasını gözləmək tələb olunur.

Həm əmək, həm də kollektiv müqavilələrdə işçiyə məzuniyyət müddətində əlavə təminat və imtiyazların verilməsi nəzərdə tutula bilər.

Məzuniyyət hüququndan istifadəyə nəzarət

Qanunvericiliyə əsasən işçilərin məzuniyyət hüququnun pozulması, ondan istifadə qaydalarının məhdudlaşdırılması  qadağandır. İstər işçi, istərsə də işəgötürən əmək qanunvericiliyinə daxil olan normativ hüquqi aktlarla müəyyən olunan hüquqların pozulmasına görə maddi, inzibati, intizam məsuliyyəti daşıyırlar. Həmin məsuliyyət növlərindən hər hansı biri yaranmış hüquq pozuntularının xarakterindən, motivlərindən asılı olaraq tətbiq olunur. İşçinin məzuniyyət hüququnun təmin olunmasına nəzarəti AR qanunvericiliyi ilə müəyyən olunmuş orqanlar, Dovlət Əmək Müfəttişliyi həyata keçirir. Aparılan yoxlamalar nəticəsində hər hansı bir qanun pozuntusu aşkar edilərsə, DƏM-nin təqsirkar şəxsləri inzibati məsuliyyətə cəlb etmə hüququ vardır.

Misal olaraq qeyd etmək olar ki, qanunla 30 günlük məzuniyyət hüququ olan işçiyə 21 günlük məzuniyyət verilərsə, işəgötürənə inzibati cərimə tətbiq oluna  bilər. Həmçinin, işçiyə əlavə məzuniyyətlərin təyin edilməməsi də,  məzuniyyətdən istifadə hüququnun pozulması kimi qəbul olunur.


İstənilən biznes üçün qeyri-profil sahə olan kadr uçotunu bizə etibar edin!


Məzuniyyət hüququnun pozulmasına görə cərimə

İşəgötürən əmək məzuniyyətinin işçiyə düzgün hesablanaraq verilməsinə məsuliyyət daşıyır. İnzibati Xətalar Məcəlləsi-nin 192.4 bəndinə müvafiq olaraq  işçinin məzuniyyət haqqının hesablanması və ödənilməsi zamanı qanun pozuntusuna yol verildikdə, 700-1500 manat aralığında cərimələr tətbiq edilir. Bu zaman  riyazi hesablama ilə əlaqədar yaranan nöqsan bir istisna hal kimi qəbul oluna bilər.

Tutaq ki, DƏM-nin apardığı yoxlamalar nəticəsində orta əməkhaqqının təyini zamanı nəzərə alınan və alınmayan ödənişlərin hesablanmasının düzgün qaydada aparılması müəyyən olunmuşdur. Lakin, yekun məbləğin təyinində riyazi səhvə yol verildiyi üçün  işçiyə məzuniyyət haqqı düzgün şəkildə ödənilməmişdir. Belə olan halda məzuniyyət haqqında yaranmış fərq işçiyə ödənilməli, İXM-nin 192.4-cü bəndinə əsasən cərimə tətbiq olunmamalıdır.

Həmçinin, məzuniyyət hüququ pozulduqda, yaxud istifadə edilməyən məzuniyyətə görə kompensasiya ödənilmədikdə, vəzifəli şəxslər cərimə edilir ( IXM maddə 192.5). Cərimə üçün təyin olunmuş  məbləğ 1500-2000 manatdır.

Qanunvericiliyin pozulması halları, eləcə də təyin edilən digər cərimə növləri IXM-də 192-ci maddədə ətraflı şəkildə qeyd edilmişdir.

Qeyri-maddi aktivlər: ticarət markası, brend, əmtəə nişanı

Torpaq, tikili və avadanlıqların amortizasiyası zamanı diqqətə alınmalı məqamlar

posted in: Xəbər | 0

Əsas vəsaitlərin faydalı istismar müddəti

Müəyyən zaman daxilində hər şey, o cümlədən torpaq, tikili və avadanlıqlar da köhnəlir, öz dəyərini itirir. Onların dəyərlərini tədricən istehsalında iştirak etdikləri məhsulun maya dəyərinə köçürürlər. Bu proses torpaq, tikili və avadanlıqların amortizasiyası, tam köçürülmə müddəti isə faydalı istifadə müddəti adlanır. Əsas vəsaitlərin köhnəlməsi (amortizasiya) üzrə hesablamalar zamanı belə aktivlərin faydalı istifadə müddətini müəyyən etmək zərurəti yaranır.

Diqqət edin, biz həm “torpaq, tikili və avadanlıqlar”, həm də “əsas vəsaitlər” anlayışından istifadə etdik. Bunlar, analoji anlayışlardır, hər ikisinin paralel işlənməsi səbəbi haqqında “Torpaq, tikili və avadanlıqlar yaxud əsas vəsaitlər” adlı məqalədən ətraflı oxumaq olar.

Aktivin faydalı istismar müddəti müəyyən edilən zaman aşağıdakı amillər nəzərə alınmalıdır:

  1. Müəssisənin aktivdən gözlənilən istifadəsi – onun ehtimal olunan imkanlarına yaxud fiziki istehsal gücünə əsasən müəyyən edilir;
  2. Ehtimal edilən fiziki köhnəlmə – istismar amillərindən asılıdır (məsələn, aktivdə istifadəsi gözlənilən növbələrin sayı, təmir, texniki xidmət, saxlanılma şəraiti, boşdayanma dövründə aktivə qulluq);
  3. İstehsal prosesinin dəyişilməsi, yaxud təkmilləşdirilməsi, habelə aktivdən istifadə etməklə istehsal olunan məhsullara bazarda tələbatın dəyişilməsi ilə əlaqədar meydana çıxan mənəvi yaxud kommersiya cəhətdən köhnəlmə;
  4. Aktivdən istifadə üzrə hüququ, həmin qəbildən olan məhdudiyyətlər (məsələn, aktivlərin icarəyə verilmə müddəti).

Torpaq, tikili və avadanlıqlar kimi tanınmış aktivin faydalı istifadə müddəti müəssisə üçün onun ehtimal edilən faydalılığı nəzərə alınmaqla müəyyən edilir.

Mühasibat uçotunda torpaq, tikili və avadanlıqların amortizasiyası

Mənəvi, yaxud kommersiya cəhətdən köhnəlmə, aktivin boşdayanması zamanı fiziki köhnəlmə aktivdən istifadədən alınan iqtisadi faydanın azalmasına gətirib çıxarır və onun faydalı istifadə müddətini azaldır. Bunu nümunədə şərh edək.

Nümunə 1. Faydalı istifadə müddəti 5 il olan torpaq, tikili və avadanlıqlar kimi uçota alınmış obyektinin maya dəyəri 12000 manat, ləğvolunma dəyəri 2000 manat təşkil edir. İki ildən sonra obyektin istifadəsi nəzərdən keçirilmiş, onun ləğvetmə dəyəri 1000 manat təşkil etmiş, yerdə qalan faydalı xidmət müddəti 4 il müddətində tanınmışdır. Ləğvetmə dəyərinin və faydalı istifadə müddətinin yenidən nəzərdən keçirilməsi ilə əlaqədar amortizasiya ayırmalarının dəyişdirilmiş məbləğinin hesablanması aşağıdakı cədvəldə təqdim olunur (cədvəl 1):

Cədvəl 1. Torpaq, tikili və avadanlıqların amortizasiyası zamanı dəyişdirilmiş məbləğin hesablanılması (manatla)

Sıra sayı Göstərici 1-ci il 2-ci il 3-cü il
1 Maya dəyəri 12000 12000
2 İlin əvvəlinə balans dəyəri 12000 10000 8000
3 Ləğvetmə dəyəri 2000 2000 1000
4 Amortizasiya olunan dəyər 10000 10000 7000
5 Faydalı istifadə müddəti il 5 5 4
6 İllik amortizasiya məbləği (sətr 4 : sətr 5) 2000 2000 1750
7 Yığılmış amortizasiya məbləği 2000 4000 5750
8 İlin axırına balans dəyəri 10000 8000 6250

Yəni, vergi uçotundan fərqli olaraq mühasibat uçotunda əsas vəsaitlər üçün konkret amortizasiya dərəcəsi mövcud deyildir. Torpaq, tikili və avadanlıqların amortizasiyası üzrə hansı dərəcənin hansı əsas vəsaitə tətbiq etməyə yuxarıda sadaladığımız meyarları nəzərə almaqla müəssisə özü qərar verir.

Nə zaman ki, aktiv istifadə üçün yararlı olur, onda amortizasiyanın hesablanılmasına başlanılır.

Amortizasiya hesablanmasının dayandırılması

Amortizasiya hesablanması aşağıdakı iki tarixdən daha əvvəlki tarixlə dayandırılır:

  1. Aktivin satış üçün nəzərdə tutulmuş formada təsnifləşdirildiyi tarixə (IFRS 5 “Satış üçün nəzərdə tutulan uzunmüddətli aktivlər və dayandırılmış fəaliyyət”);
  2. Aktivin tanınmasının dayandırıldığı tarixə torpaq, tikili və avadanlıqların obyektinin balans dəyərinin tanınması mütləq qaydada xaric olduqda, ya da onun istismarından hər hansı bir gələcək iqtisadi fayda gözlənilmədikdə.

Hesablanma aşağıdakı hallarda dayandırılmır:

  • aktivdən istifadə ümumiyyətlə dayandırıldıqda yaxud ondan fəal istifadə edilmədikdə;
  • təmir edildikdə və ona xidmət göstərildiyi vaxtda.

Əgər torpaq, tikili və avadanlıqların amortizasiyası tam şəkildə həyata keçirilibsə hesablanma sonlandırılır.

Həmçinin, qeyd edək ki, istehsal vahidi metodu tətbiq olunan hallarda da ayırmalar sıfıra bərabər ola bilər (aktiv vasitəsilə hər bir məhsul istehsal olunmadıqda).

Torpağa görə amortizasiya hesablanırmı?

Belə bir sual yarana bilər: torpaq sahələri və onların üzərində olan binalar onlar birlikdə satın alınsalar uçotda ayrıca obyektlər kimi əks etdirilməlidirlər ya ayrı?

Bununla bağlı qeyd edə bilərik ki, bəli, onların hər biri ayrıca əsas vəsait hesab olunduğundan bir yerdə yaxud ayrıca alınması heç bir əhəmiyyət daşımır.

Lakin ayrıca əsas vəsait kimi qeydə alınmasına baxmayaraq torpağın istifadə müddəti qeyri-məhdud olduğu üçün ona torpaq, tikili və avadanlıqların amortizasiya hesablanılması qaydalarının tətbiqi nəzərdə tutulmur. Bu münasibət zibil tullantılarının atılması üçün nəzərdə tutulan karyerlər və meydançalar qismində istifadə olunan torpaq sahələrə də aiddir.

Bu binalara aid deyil, onların xidmət müddəti məhduddur. Bu səbəblə də onlar amortizasiya edilən aktivlər siyahısında yer alıblar.

Binanın yerləşdiyi torpağın dəyərinin artması yaxud azalması binanın amortizasiya məbləğinə təsir göstərmir.

Diqqət ediləsi məqam: Əgər satın alınan torpağın dəyəri özündə sökülmə ilə əlaqədar xərcləri birləşdirirsə, burada olan əsas vəsait obyekti sökülürsə, həmçinin sahədəki təbii resurslar bərpa olunursa, onda həmin torpaq sahəsinə iqtisadi faydanın alınması müddəti ərzində torpaq, tikili və avadanlıqların amortizasiya hesablanılması prinsipləri tətbiq edilir.

Nümunə 2. Sex binasının inşası üçün torpaq sahəsi satın alınmışdır. Həmin torpaq sahəsinin ümumi dəyəri 113000 manat, o cümlədən həmin torpaq sahəsinə ödənilən məbləğ 100000 manat, daşınmaz əmlak üzrə komisyon agenti xərci – 3000 manat, bu torpaq sahəsində yerləşən köhnə binanın sökülməsi xərcləri 10000 manat təşkil edir. Belə ehtimal edilir ki, torpaq sahəsində tikilən yeni sex binasının faydalı istifadə müddəti 20 ilə bərabər olacaq. Torpaq sahəsinin 103000 manata (100000+3000) bərabər olan dəyəri amortizasiya məruz qalmır torpaq sahəsində yerləşən köhnə binanın sökülməsinə çəkilən xərclər 10.000 manat təşkil edir və o, 20 il ərzində amortizasiya olunmalıdır.

Bir sıra hallarda torpaq sahəsi özü-özlüyündə faydalı istismar müddətinə malik ola bilər. Belə hallarda torpaq, tikili və avadanlıqların amortizasiyası üçün elə bir üsul tətbiq edilməlidir ki, gələcək iqtisadi səmərəni əks etdirə bilsin. Belə ki, əgər torpaq sahəsi maliyyə icarəsinə verilirsə, onun faydalı istifadə müddəti icarə müddəti ilə məhdudlaşır.

Kommersiya müəssisələri, onların təsnifatı

İşə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi Qaydasında dəyişiklik edilib

posted in: Xəbər | 0

“Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi Qaydası”nın və “Kvota şamil edilməyən müəssisələrin Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 22 noyabr tarixli 213 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi Qaydası”nın və “Kvota şamil edilməyən müəssisələrin Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 22 noyabr tarixli 213 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 11, maddə 1073 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

  1. Adında və 1-ci hissədə “vətəndaşlar” sözü “şəxslər” sözü ilə əvəz edilsin.
  2. Həmin Qərarla təsdiq edilmiş “Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi Qaydası” üzrə:

2.1. adında, preambulasında, 1.1-ci bəndin birinci abzasında, 1.3-cü bəndin birinci və yeddinci abzaslarında, 3.3-cü, 3.4-cü bəndlərdə ismin müvafiq hallarında “vətəndaşlar” sözü ismin müvafiq hallarında “şəxslər” sözü ilə əvəz edilsin;

2.2. 1.2-ci bəndə “orta” sözündən sonra “illik” sözü əlavə edilsin;

2.3. 2.1-ci və 2.2-ci bəndlər aşağıdakı redaksiyada verilsin:

“2.1. Bu Qaydanın 1.2-ci bəndinə uyğun olaraq müəyyən edilən kvota Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) Mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra – MEİS) qeydə alınmış məlumatlar əsasında 2 real vaxt rejimində MEİS tərəfindən avtomatlaşdırılmış qaydada hesablanır. Kvota müəyyən edilərkən alınan nəticələr tam ədəd olmadıqda MEİS tərəfindən ən yaxın tam ədədə yuvarlaqlaşdırılır.

2.2. İşəgötürənlər kvota barədə məlumatı kvota müəyyən edildiyi gündən 5 (beş) iş günü müddətində “e-sosial” internet portalında yaradılmış elektron kabinetləri vasitəsilə əldə edirlər.”;

2.4. 2.3-cü və 2.4-cü bəndlər ləğv edilsin;

2.5. 3-cü hissə üzrə:

2.5.1. 3.1-ci bənd aşağıdakı redaksiyada verilsin: “3.1. Müəssisələr üçün kvota üzrə müəyyən olunmuş iş yerlərinə işçilərin qəbul edilməsi Nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarının (bundan sonra – Agentliyin yerli qurumları) və ya “DOST” mərkəzlərinin göndərişi ilə həyata keçirilir. İşəgötürən MEİS-in “Məşğulluq” altsistemi (bundan sonra – MAS) tərəfindən elektron qaydada təqdim edilmiş göndərişə əsasən 5 (beş) iş günü müddətində sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin vakansiya üzrə işə qəbulundan imtina etməsi və ya vakansiyaya uyğun işlə təmin etməsi ilə bağlı qərarı barədə göndərişdə müvafiq qeydlər aparır və bu barədə məlumatı MAS-a daxil edərək, gücləndirilmiş elektron imzası ilə təsdiqləyir.”;

2.5.2. 3.2-ci, 3.5-ci bəndlər və 4-cü hissə ləğv edilsin;

2.5.3. 3.3-cü bəndə “ehtiyacı olan” sözlərindən sonra “və işə düzəlməkdə çətinlik çəkən” sözləri əlavə edilsin və həmin bənddən “şəhər, rayon Məşğulluq Mərkəzinə və ya “DOST” mərkəzinə ən geci 5 gün müddətində məlumat vermək şərtilə,” sözləri çıxarılsın; 2.5.4. 3.4-cü bəndə (hər iki halda) “ehtiyacı olan” sözlərindən sonra “və işə düzəlməkdə çətinlik çəkən” sözləri əlavə olunsun və həmin bənddə “şəhər, rayon məşğulluq mərkəzləri” sözləri “Agentliyin yerli qurumları” sözləri ilə əvəz edilsin.

                                                                                                                                                                 Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 12 mart 2024-cü il
№ 134

Mənbə: nk.gov.az

1 425 426 427 428 429 430 431 2. 700