Qeyri-maddi aktivlər: ticarət markası, brend, əmtəə nişanı

posted in: Xəbər | 0
birbank biznes

Ümumdünya Əqli Mülkiyyət Təşkilatının apardığı araşdırmalar göstərir ki: “…dünyada istehsal olunan sənaye məhsullarının dəyərinin təxminən üçdə biri brend, sənaye nümunəsi və texnologiya kimi “qeyri-maddi kapitala” əsaslanır.” Mühasibat uçotu subyektlərinin balansında olan qeyri-maddi aktivlərin dəyəri onun obyektinin unikallığı və tətbiqi imkanları ilə müəyyən edilir. Belə aktivləri şərh edərkən tətbiq sahələrinə, istifadə imkanlarına görə fərqlənən 3 anlayışdan istifadə edilir:

  • ticarət markası;
  • brend;
  • əmtəə nişanı.

Ticarət markası

Marketinqdə “ticarət markası” anlayışı bu markanın məhsulunu bazarda rəqiblərdən fərqləndirməyə imkan verən müəyyən xüsusiyyətlər, obrazlar məcmusudur. Brendinq prosesi məhsulun ticarət markasının yaradılmasından başlanır, bütün digər tədbirlər üçün başlanğıc nöqtəni müəyyən edir. Ticarət markası, məhsulunuz üçün unikal bir ad, tərtibat (dizayn), korporativ bir tərz və ya şüar (sloqan) düşünüb tapdıqda, meydana çıxır. Məhsul tamamilə standartlaşdırıla, rəqib məhsullardan xüsusiyyətləri ilə fərqlənməyə bilər, amma həmin anda xüsusi bir adda və tərtibatda yeni bir məhsul yaratdınız, ona müəyyən imic verdiniz. Məhz belə xüsusiyyətlər belə qeyri-maddi aktivlərin dəyərinin formalaşmasına birbaşa təsir göstərir. Beləcə, sizin ticarət markanız meydana çıxdı.

Ticarət markasının 3 təqdimat variantı mövcuddur:

  • şifahi;
  • təsviri;
  • kombinə olunmuş (şifahi + təsviri).

Heç də hər loqotip əmtəə nişanı deyil. Əgər sadəcə malın loqotipi çəkilibsə, amma onun təsviri qeydə alınmayıbsa, sizin əmtəə nişanınız plaqiatlıqdan müdafiə edilməyib.

Brend qeyri-maddi aktiv kimi

Brend hər hansı bir şirkətin qeyri-maddi aktividir. Onu ticarət markasından fərqləndirən əsas xüsusiyyəti var: brendin xüsusiyyətləri, obrazları məhsulu təkcə rəqiblərdən sadəcə fərqləndirmir, həm də onu tanıdır, məhsulun özü isə hədəf auditoriyasında müəyyən populyarlıq qazanır.

Başqa sözlə, brend – istehlakçının diqqətini və sevgisini qazanan məşhur ticarət markasıdır. Brendin ticarət markasından fərqi ondadır ki, onun özünəməxsus tərz əlamətləri, brandname, şüarı istehlakçı tərəfindən tanınır, eləcə də brend bazarın müəyyən hissəsinin loyallığını qazanıb, bu loqotip altında olan mallara böyük tələbat olur. Bütün bunlar brendin müəssisənin aktivi kimi tanınması zamanı qeyri-maddi aktiv dəyərinin daha yüksək müəyyən edilməsinə təsir edir.

Ticarət markası marketinq kommunikasiyası vasitəsilə brendə çevrilir. Ticarət markası, istehlakçı onun barəsində xəbər tutduqda (reklam, tanışları vasitəsilə, mağazanın piştaxtasında) və yadda saxlanıldığı anda brendə çevrilir. Ticarət markanız nə qədər çox tanınırsa, şirkətlərin brendi bir o qədər güclü olur.

Əmtəə nişanı

“Əmtəə nişanı” anlayışı – tamam başqa mövzudur. Əmtəə nişanı konkret sahibi olan, qeydə alınmış ticarət markasıdır. Brendinizə əmtəə nişanı almaqla,  sanki onu rəsmiləşdirərək pasport almış olursunuz. Brendizin hüquqi müdafiəsinə qalxmaq üçün əmtəə nişanına sahib olmanız zəruri şərtdir. Əks halda intellektual mülkiyyətiniz tanına bilməz

Sözügedən nişan qrafik təsvir edilməklə birdən artıq təsvirlərin, nişanların kombinasiyası formasında da çıxış edə bilər.

Deməli, nişanı əldə etməklə siz, digər şəxslərə sizin brenddən istifadəyə qadağa qoymuş olursunuz (françayzinq istisna olmaqla). Əmtəə nişanı qanunla qorunur. Belə qeyri-maddi aktivlərin dəyəri müəyyən edilərək, onların sahibi tərəfindən lisenziya sazişləri əsasında  başqasına verilə (satıla) bilər.

Nişanı əldə edilməsi həmcins əmtəə və xidmətlərin digər istehsalçılara məxsus əmtəələrdən fərqləndirilməsinə kömək olur.

Əmtəə nişanı istehlakçılara sizin təşkilatlanmış fəaliyyətinizdən xəbər verəcək, habelə haqsız rəqabətə qarşı qalxan rolunu oynamış olacaqdır. Təşkilatlanmış imicə sahib olmağınız məhsullarınıza qarşı inamı artıracaqdır. Hər hansı nişana sahib olmasanız, məhsulları ümumi ad altında cəm edə bilməyəcəksiniz, yəni istehlakçıları fəaliyyətlərinizdən tam məlumatlanmaqdan məhrum olacaqsınız.

Bütün bunlardan savayı müəlliflik hüququnuzu təsdiq edən sənədin olması, bunu royalti kimi franşizə formatında kənar şəxslərə verib əlavə gəlir də əldə etməyə imkan yaradır.

Uçot və müxabirləşmələr

Qeyri-maddi aktivlər müəyyən maliyyə-təsərrüfat əməliyyatları nəticəsində aktiv kimi tanınır. Belə əməliyyatların tərkibi 38 saylı “Qeyri-maddi aktivlər” adlı Mühasibat Uçotunun Beynəlxalq Standartı (IAS38) və AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” ilə tənzimlənir. Bunlar aşağıdakılardır (Qaydaların 11.18-ci maddəsi):

  • ayrıca əldə edildikdə (alındıqda);
  • mühasibat uçotu subyektləriın fəaliyyətlərinin birləşdirilməsi nəticəsində əldə edildikdə;
  • hökumət subsidiyası hesabına əldə edildikdə;
  • aktivlərin mübadiləsi nəticəsində əldə edildikdə;
  • daxili imkanlar hesabına yaradıldıqda.

Qeyri-maddi aktivlərin dəyəri mühasibat uçotunun hesablar planının 101 saylı hesabının uyğun subhesabı üzrə aparılır (məsələn, 101-2 “Ticarət markalarının dəyəri”). Qeyri-maddi aktivlər uzunmüddətli aktivlərdir, onların daxiledilməsi və xaricolması üzrə müxabirləşmə nümunələri burada verilib.

Mühasibat uçotu məlumatlarının daxili istifadəçiləri

Print Friendly, PDF & Email