Uşağa qulluğa görə müavinətin təyin edilməsi və verilməsi

posted in: Müavinət, Xəbər | 0

Uşağa qulluğa görə müavinət

Qanunvericiliyə əsasən müəyyən yaş həddində olan uşaqlara qulluq sosial sığorta hadisəsi hesab olunur. Bu məqsədlə verilən müavinətlər  sosial müavinətlərin bir növü kimi AR NK-nin 189 N-li qərarı ilə təsdiq edilmiş Əsasnamə ilə tənzimlənir. Müavinətlər, onların təyin olunması barədə saytımızda müxtəlif yazılar vermişik. Bu məqaləmiz uşağa qulluğa görə müavinətin təyini və verilməsi haqqındadır.

Bu müavinət növü sığortaolunana qismən ödənişli sosial məzuniyyətdə olduğu müddət üçün təyin edilir. Həmin məzuniyyətdən qanunvericiliyə əsasən uşağa qulluq edən valideynlərdən biri, yaxud ailənin digər üzvü istifadə edə bilər (Əmək Məcəlləsi maddə 127) Qismən məzuniyyətlər işləyən qadınlara hamiləlik, doğuma görə məzuniyyətlər bitdikdən sonrakı ilk iş günündən başlayaraq verilir və onun müddəti uşağın 3 yaşına  qədər olan dövrü əhatə edir.

Ola bilsin ki, işçi məzuniyyət üçün vaxtında müraciət etməsin. Bu halda keçmiş dövr üçün müavinət sığortaolunanın müraciət etdiyi zaman verilir. Müavinətin müraciət edilmə vaxtı məhdudlaşdırılmır. Çernobıl hadisələri zamanı xəstəliyə tutulan, yaxud əlilliyi olan şəxslərin müavinətləri qanunvericiliklə müəyyən olunmuş məbləğdən 2 dəfə artıq hesablanaraq ödənilir. Övladlığa qəbul edilmiş uşaqlar üçün müavinətlər isə ümumi əsaslarla təyin edilir.

Qeyd etmək lazımdır ki, qismən məzuniyyətlərdən tam şəkildə, yaxud da hissə-hissə istifadə etmək mümkündür, yəni işləyən şəxs istənilən bir vaxtda işə qayıdaraq fəaliyyətini davam etdirmək hüququna malikdir.

Nümunə 1: “Ayna” MMC- də işləyən Bayramova Jalə hamiləlik, doğuşa görə məzuniyyəti başa çatdıqdan sonra qismən ödənişli məzuniyyət hüququndan istifadə edir. Həmin 6 aylıq müddət qurtardıqdan sonra işçi işə qayıdır və yenidən 3 aylıq məzuniyyətə buraxılmasını istəyir. Bu hal tamamilə qanunauyğun olduğu üçün işçinin istəyi təmin edilməlidir.

Uşağa qulluğa görə müavinətin təyin edilməsi

Qismən ödənişli məzuniyyət zamanı işçiyə müavinətin təyin edilməsi onun əmək kitabçasının olduğu iş yeri üzrə aparılır. Təyinat müdiriyyətin müavinət təyin edən komissiyası yaxud komissiyanın səlahiyyət verilmiş üzvü tərəfindən təyin edilir.

Hamiləliyə və doğuma görə məzuniyyət başa çatdıqdan sonra uşağın üç yaşı tamam olanadək ona qulluğa görə haqqı qismən ödənilən məzuniyyət götürülə bilər. Bunun üçün ərizə ilə müraciət edilir. Qadına hamiləliyə və doğuma görə məzuniyyətin başa çatdığı günün sonrakı günündən başlayaraq təqdim olunur. Müraciət ərizəsi əsasında müdiriyyət tərəfindən uşağa qulluğa görə qismən ödənişli məzuniyyət əmri (sərəncam) hazırlanır.

Müdiriyyətin müavinət təyin edən komissiyasına aşağıdakılar təqdim olunur:

  • əmrdən çıxarış;
  • uşağın doğum haqqında şəhadətnaməsinin sürəti.

Bu sənədlər əsasında komissiya uşağın üç yaşı tamam olana qədər ona qulluq etmək üçün məzuniyyət müddətinə müavinət təyin olunması haqqında qərar qəbul edir və bu qərar barədə komissiyanın iclas protokolunda uyğun qeydlər edir.

Əgər müavinət tam olmayan aya görə təyin edilirsə, ananın məzuniyyətdə olduğu aydakı təqvim günlərinə uyğun verilir.

Uşağın ölüm hadisəsi baş verərsə, məlumat daxil olduğu gündən sonra 1 iş günü ərzində sığortaedən tərəfindən Fondun yerli qurumlar məlumatlandırılmaqla müavinətin verilməsi dayandırıla bilər.

Tələb edilən sənədlər

Sığortaedən tərəfindən uyğun rəsmiləşdirilmə aparıldıqdan sonra Dövlət Sosial Müdafiə Fondunun (DSMF) müvafiq struktur vahidinə məktubla müraciət olunur. Müraciətin olunma vaxtı məzuniyyət əmrinin verildiyi aydan növbəti ayın 5-dək olan dövr hesab olunur. Müraciət zamanı tələb edilən sənədlər aşağıdakılardır:

  • doğum haqqında şəhadətnamənin surəti;
  • qismən məzuniyyətin verilməsi barədə əmrdən çıxarış;
  • komissiyanın protokolunun surəti;
  • müavinət alanın bank rekvizitləri, yaxud poçt ünvanı;
  • haqq-hesabın aparıldığı cədvəl.

DSMF sənədləri 5 iş günü ərzində araşdıraraq müavinətin ödənilməsini təmin etməlidir. Bu zaman Fond orqanları sığortaedəndən əlavə məlumatlar tələb edə  bilər.

Uşağa qulluğa görə müavinətin verilməsi

Uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinət sığortaolunanlara DSMF-nin struktur vahidləri tərəfindən məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir.

Öz-özünü sığortaedən fiziki şəxslərə müavinətin təyin edilməsi qeyd edilən Əsasnaməyə uyğun olmaqla, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) yerli struktur vahidləri tərəfindən, fonda  müraciət olunan tarixə məcburi dövlət sosial sığorta haqqı üzrə qanunvericiliklə müəyyən olunmuş məbləğlər onlar tərəfindən tam ödənildiyi halda aparılır.

DSMF tərəfindən müavinətin ödənilməsi üçün müraciət sənədlərinə haqq-hesab cədvəli əlavə olunur. Onun forması qeyd edilən Əsasnamə ilə təsdiq olunub.

Qanunvericiliyin pozulması zamanı məsuliyyət

Müavinətlərin verilməsində qanunvericilik üzrə müəyyən edilmiş qaydaların pozulmasına müdiriyyət və baş mühasib məsuliyyət daşıyır.

Əgər bank rekvizitləri yaxud poçt ünvanı (faktiki yaşayış ünvanı) səhv göstərilərsə və səhv ünvandan müavinətin qaytarılması mümkün olmazsa, sığortaolunanın ala bilmədiyi müavinət təqsirkar müəssisənin vəsaiti hesabına ödənilir.

Artıq verilmiş müavinətin məbləği işəgötürən tərəfindən müavinət alan şəxsin əməkhaqqından tutulur. Tutulma DSMF orqanının müraciəti əsasında aparılır və hər tutulmanın məbləğin işçinin əməkhaqqının 20 faizindən çox olmamalıdır. Müəssisənin mühasibatlığı tərəfindən tutulan məbləğ Fondun hesabına köçürülür. Əgər işçinin əmək müqaviləsinə xitam verilibsə, artıq verilmiş müavinət  könüllü yaxud  məhkəmə qaydası ilə geri alınır.

Aşağıdakı hallarda DSMF-nin yerli şöbələrinin məsul işçiləri müəssisə və təşkilatlardan müavinətin təyin edilməsi üzrə sənədləri yoxlamaq məqsədi ilə aşağıdakı müddətlər üzrə tələb edə bilər:

  • cari ilin sənədləri;
  • yoxlanılan ildən qabaqkı bir təqvim ili üzrə sənədlər.

Əgər müavinətin təyin edilməsi zamanı sui-istifadə halları aşkar edilərsə, başqa dövrlər üçün sənədlər yoxlanıla bilər.

Uşağa qulluğa görə müavinətin düzgün təyin edilməməsi yaxud təyinat zamanı ləngimələr haqqında DSMF yerli şöbələrinə və həmkarlar ittifaqı  komitəsinə  şikayət edilə bilər.

Müavinətin məbləği

Uşağa qulluğa görə müavinət AR Prezidentinin sərəncamı əsasında müəyyən edilir. Hazırda uşağa qulluğa görə qismən ödənişli məzuniyyət zamanı verilən müavinət:

  • 1 yaş yarımadək müddət üçün – 44 manat;
  • 1 yaş yarımdan 3 yaş arası dövr üçün – 28 manat məbləğində müəyyən olunub.

Sosial məzuniyyətdən istifadə zamanı müəyyən məhdudiyyətlər də var. Əgər uşaq məktəbəqədər müəssisələrdən hər hansı birinə yerləşdirilibsə, həmin hallarda uşağa qulluğa görə məzuniyyət verilmir və müavinət ödənilmir.

Nümunə 2: ““AYNA” MMC-nin işçisi Əliyeva Aynurə qismən ödənişli sosial məzuniyyətə buraxılıb. Lakin, uşaq 1 yaşı tamam olduqdan sonra məktəbəqədər müəssisəyə yerləşdirilir. Bu zaman işçiyə müavinətin ödənilməsi dayandırılır.

Müavinətin əhaliyə çatdırılması xərcləri Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına aparılır.

Elektron alış aktı ilə bağlı hansı maliyyə sanksiyaları nəzərdə tutulub?

posted in: Xəbər | 0

İqtisadçı ekspert Anar Bayramov qanunvericiliyin bu tələbini şərh edir.

2022-ci ilin yanvar ayının 1-dən Vergi Məcəlləsində edilmiş dəyişikliklərdən sonra Məcəllənin 58.8-ci maddəsindəki “alış aktları” ifadəsi çıxarılıb. Həmkarlarımızda sual yarana bilər ki, niyə Vergi Məcəlləsinin 58.8-ci maddəsindən “alış aktları” ifadəsi çıxarılıb, amma “əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı” ifadəsi saxlanılıb? Fikrimizcə, alış aktlarının elektron formada hazırlanmış forması – “elektron alış aktı” olsa da, “əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı”nı əvəz edən elektron sənəd olmadığı üçün maddədə saxlanılması məqsədəuyğun hesab edilib.

İndi isə maliyyə sanksiyalarının tətbiq edilməsi ilə bağlı misalları nəzərdən keçirək.

Misal 1: Vergi ödəyicisi 1 mart 2023-cü il tarixdə vergi ödəyicisi olmayan vətəndaşdan 340 manatlıq kənd təsərrüfatı məhsulları əldə edib. Vergi orqanı tərəfindən 31 mart 2023-cü il tarixdə həyata keçirilən yoxlama zamanı həmin mallara görə “Malların alış aktı” tərtib olunsa da, elektron alış sənədinin tərtib edilmədiyi müəyyən olunub. Vergi orqanı tərəfindən vergi ödəyicisi təqvim ili ərzində belə pozuntuya ilk dəfə yol verdiyi halda, ona 34 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək:

340 x 10% = 34 manat.

Misal 2: Vergi ödəyicisi 2 fevral 2023-cü il tarixdə vergi ödəyicisi olmayan şəxsdən 1.000 manatlıq malı “Malların alış aktı” ilə alıb. Vergi ödəyicisi elektron alış aktını 15 mart 2023-cü ildə İnternet Vergi İdarəsində qeydiyyata salıb. Bu halda, vergi ödəyicisi elektron alış aktını 5 gündən gec daxil etdiyinə görə vergi orqanı tərəfindən ona maliyyə sanksiyası tətbiq ediləcək.

Misal 3: Vergi ödəyicisi iddia edir ki, anbarda olan 3.000 manat məbləğində malı vətəndaşdan alıb, müqavilə və kassa məxaric sənədləri təqdim edib. Amma məlum olur ki, vergi ödəyicisi tərəfindən elektron qaimə-fakturanın tərtib olunması həyata keçirilməyib. Bu zaman da vergi ödəyicisinə Vergi Məcəlləsinin 58.8.2-ci maddəsi tətbiq ediləcək.

Mənbə: vergiler.az

Uçotu hesablama metodu ilə aparan vergi ödəyiciləri üçün gəlirin əldə edilməsi vaxtı

1C Kursu

posted in: Xəbər | 0

1C kursu

Sizi yeni başlayacaq 1C kurslarına dəvət edirik.

Kurs kimlər üçündür?

  • Mühasib yaxud mühasib-operator olmaq istəyənlər;
  • İşlərini təkmilləşdirmək istəyən mühasiblər;
  • Öz işini aparmaq istəyən sahibkarlar və digər şəxslər üçün.

Kursun faydaları:

  • Mühasibat uçotunu daha düzgün aparacaqsınız;
  • İşlərini asanlaşdıracaq və avtomatlaşdıracaqsınız;
  • Sənədləşmələrin qeydiyyatını daha rahat apara biləcəksiniz;
  • Müəssisənin biznes proseslərini avtomatlaşdıra biləcəksiniz.

Təlimçi barədə:

Şahin Qurbanov

Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə ve Kredit” üzrə bakalavr (2004-2008), “Maliyyə” ixtisası üzrə isə magistr (2009-2011) məzunudur.

2019-cu ildən etibarən müxtəlif sahələrdə (istehsalat, xidmət, kənd təsərrüfatı, tikinti və s.) fəaliyyət göstərən “Mirleks Group”da Maliyyəçi və eyni zamanda “Caspian Rail MMC” logistika şirkətində Baş mühasib olaraq çalışır.

Daha öncə “MD Design” MMC, “NOBEL İLAÇ SAN. VE TİC. A.Ş.”, “Carlsberg Azerbaijan” kimi müxtəlif şirkətlərdə işləmişdir.

15 ilə yaxındır mühasibatlıq və maliyyə sahəsində fəaliyyət göstərən Şahin Qurbanov “ACCA” üzrə F1, F2, F3 beynəlxalq sertifikatlarının sahibidir. 2018-ci ildən bu günə kimi mühasibat uçotu və 1C mühasibat proqramı üzrə təlimçi kimi fəaliyyətini davam etdirir.

Peşəkar Mühasib Sertifikat imtahanını hər iki mərhələ üzrə müvəfəqiyyətlə vermişdir.

Qrupda iştirakçı sayı: 12-15 nəfər

Təlim formatı: Əyani və onlayn.

Təlim vaxtı: Bazar ertəsi və cümə axşamı, 19:00-21:00.

Kursa daxildir:

  • 24 saat (12 təlim)
  • Sertifikatların təmini;
  • Video qeydlər və təlim materialları;
  • Coffee break.

Qeydiyyatdan keçmək üçün linkə daxil olaraq formu doldurun: https://crmform.azgroup.az/

Kursun proqramı aşağıdakı kimidir:

Mövzu müddət/saat
1 C proqram təminatı ilə tanışlıq.Hesablar planı ilə işləmək. Məzənnələrin daxil edilməsi. Debitorların və kreditorların yaradılması 2
Kassa əməliyyatları. Kassa mədaxil və kassa məxaric 2
Təhtəlhesab şəxslərlə hesablaşma. Avans hesabatı 2
Bank əməliyyatları. Daxil olan və çıxan ödəniş tapşırıqları 2
Mal və materiallarla aparılan əməliyyatlar. Material mal və xidmət alışı. Elektron qaimələrin daxil edilməsi 2
Maya dəyəri. Mal alışı zamanı mal və materialların qiymətinə təsir edən məsrəflər. Daşınma və YGB məsrəfləri 2
Əsas vəsaitlərin alışı, istifadəyə verilməsi və silinməsi. 2
Qeyri maddi aktivlərin alışı, istifadəyə verilməsi və silinməsi. 2
İstehsalat 2
Satış 2
Dövriyyə balans cədvəlinin analizi. Hesabların yoxlanması. Ayın bağlanması 2
Sertifikasiya İmtahanı 2

 

Kursa qoşulmaq və ya ödəniş, başlama tarixi və s. haqda məlumat almaq üçün müvafiq linkdən qeydiyyatdan keçə bilərsiniz. Ən qısa zamanda əməkdaşlarımız sizə geri dönüş edəcəklər: https://crmform.azgroup.az

Əlaqə:

Ünvan: Caspian Plaza

“Mühasibat uçotu haqqında” Qanuna dəyişiklik edildi

posted in: Xəbər | 0

Prezident İlham Əliyev “Mühasibat uçotu haqqında” qanunda dəyişiklik edilməsi barədə 22 dekabr 2023-cü il tarixli qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında fərman imzalayıb.

Fərmana əsasən, qanunda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini dövlət başçısı həyata keçirir.

Yenilənmiş qanuna orta sahibkarlıq subyektləri mühasibat uçotunun elektron formada aparılmasını aşağıdakı mərhələlərdə həyata keçirməlidir:

  • Vergi Məcəlləsi ilə müəyyən edilmiş maliyyə xidmətlərini göstərən şəxslər – 2024-cü il yanvarın 1-dən;
  • telekommunikasiya xidmətləri göstərən şəxslər – 2024-cü il aprelin 1-dən;
  • yanacaqdoldurma məntəqələrində neft və qaz məhsullarının satışı ilə məşğul olan şəxslər – 2024-cü il iyulun 1-dən;
  • idman mərc oyunlarının operatoru – 2024-cü il oktyabrın 1-dən;
  • Digər orta sahibkarlıq subyektləri – 2027-ci il yanvarın 1-dən.

“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1059-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1059-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-1.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 3.1-1.1-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1059-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

3. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-1.1-ci maddəsinə uyğun olaraq orta sahibkarlıq subyektləri tərəfindən mühasibat uçotunun elektron formada aparılması aşağıdakı mərhələlərdə həyata keçirilsin:

3.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş maliyyə xidmətlərini göstərən şəxslər – 2024-cü il yanvarın 1-dən;

3.2. telekommunikasiya xidmətləri göstərən şəxslər – 2024-cü il aprelin 1-dən;

3.3. yanacaqdoldurma məntəqələrində neft və qaz məhsullarının satışı ilə məşğul olan şəxslər – 2024-cü il iyulun 1-dən;

3.4. idman mərc oyunlarının operatoru – 2024-cü il oktyabrın 1-dən;

3.5. bu Fərmanın 3.1 – 3.4-cü bəndləri ilə əhatə olunmayan digər orta sahibkarlıq subyektləri – 2027-ci il yanvarın 1-dən.

4. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 192 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 2, maddə 68 (Cild I)) aşağıdakı dəyişikliklər edilsin:

4.1. 2.1-ci bəndə “2.1.20-ci” sözlərindən sonra “, 3.1-1.1-ci” sözləri əlavə edilsin;

4.2. aşağıdakı məzmunda 2.1-1-ci bənd əlavə edilsin:

“2.1-1. həmin Qanunun 3.1-1.1-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 yanvar 2024-cü il

1 437 438 439 440 441 442 443 2. 691