Gələcəyin mühasibi necə olmalıdır?

posted in: muhasibat, Xəbər | 0

Svetlana Pozova Ukrayna Mühasibat Klubunun vitse-prezidentidir. Mühasib peşəsi, gələcəyin mühasibi, mühasibat uçotu haqqında kitab və məqalələr müəllifidir. Özü haqqında belə yazır: “Uğurlu biznes qurmaqda öz bilik və təcrübəmi, uğur üçün şəxsi qaydalarımı bölüşməkdən məmnunam. Standart və darıxdırıcı bir mövzuda – mühasibatlıqda parlaq və maraqlı layihələr həyata keçirmişəm. “Etibarlı Mühasib” kitabının müəllifiyəm. Uçot işçilərinin daha məhsuldar, səmərəli, xoşbəxt edən, onların ünsiyyət və səriştə səviyyəsini yüksəldən və başqaları ilə daha yaxşı ünsiyyət qurmalarına kömək edən yazılar hazırlamağı öz missiyam hesab edirəm.”

Aşağıda onun “Mühasib kimdir?”, “Gələcəyin mühasibi necə olmalıdır?” və digər bu istiqamətli suallara fikirlərini diqqətinizə çatdırırq.

Mühasib kimdir?

Mühasib – o, cədvəllər, rəqəmlər arxasında insanların talelərini və hisslərini görən adamdır. Onlar çox vaxt rəylərində özlərini elə də xoşbəxt hiss etmədiklərindən şikayətlənirlər. Mühasib müəssisədə heç də birmənalı fiqur deyil. Bir qayda olaraq, onunla təkcə direktorun deyil, həm də sıravi əməkdaşların ünsiyyət qurması asanlıqla başa gəlmir. İndi mən digər xidmətlərdən mühasibatlığa yönəlik bütün narazılıqları və iddiaları sadalamayacağam, bilən adamlar onsuz da bunu bilirlər. “Mühasib kimdir?” sualı bəzən bu narazılıqlardan da doğur. Bunu mühasiblər də bilirlər və bu əlbəttə ki, onları məyus edir. Axı, əgər tələb etməsələr, bütün bunların nələrə gətirib çıxaracağını yalnız onların özləri bilir.

Bütün bu ziddiyyətlərin əsas səbəbi yalnız yaxşı ünsiyyətin olmamasında deyil, hər bir bölmənin şirkətin ümumi nəticələrinə verdiyi real töhfə ilə bağlı məlumatsızlığında və səhv anlaşılmasındadır. Siz razılaşarsınız ki, şirkətlərin əməkdaşlarından heç biri öz müəssisəsinə qəsdən ziyan vurmaq istəməz. Belə yanaşma gələcəyin mühasibinə də aiddir.

Bundan sonra onlara hamını, hər kəsi, onları başa düşmədiklərinə, hörmət etmədiklərinə və s. görə təqsirləndirmək qalır. Elə mühasiblər barədə stereotiplər buradan qaynaqlanır –  bunlar daim nədənsə narazı olan bezdiricilər, mühafizəkarlardır.

İdealda hər bir şirkətin bütün əməkdaşlarının mühasibatlığın rolunu və funksiyalarını bilmələri, “Mühasib kimdir?” sualını düzgün cavablandırmaları əla olardı. Hamı bilməlidir ki, mühasib – cədvəllər, rəqəmlər arxasında insanların talelərini və hisslərini görən adamdır. Qayğı –  bu, “kitab sahibinin” hər bir əməkdaşa münasibətdə keçirdiyi əsl hissdir. O, bütün işçilərin vaxtında və tam şəkildə maaşlarını almalarına, rahatlıqla ezamiyyətə getmələrinə, böyük müqavilələrin bağlanılmasına və yüksək uğurlar əldə etməsinə nəzarət edir. Hər kəs bilməlidir ki, mühasibin vəzifəsi – hər şeyi mühafizə etmək və artırmaqdır. Bir sözlə, o, şirkətdə “ocağın qoruyucusudur”. Əgər mühasiblərin istedad və bacarıqları olmasaydı, heç bir müəssisə bizim inkişafda olan iqtisadiyyat şəraitində çiçəklənə bilməzdi. İstər bu günün, istər gələcəyin mühasibi olsun, onun rolunun dərk olunması, bizim cəmiyyətdə hamı və hər kəs üçün bir vərdişə çevrilməlidir.

Mühasib menecerə necə kömək edə bilər?

Bir çoxlarından “Mühasib kimdir?” soruşduqda, hesab edir ki, mühasibin əsas vəzifəsi tənzimləyici orqanlar üçün düzgün hesabat hazırlamaq və təqdim etməkdir. Amma şirkətin sahibinə və menecerinə də hesabat lazımdır. Axı, etibarlı və vaxtında məlumat əldə etmədən şirkəti effektiv idarə etmək mümkün deyil.

Bacarıqlı mühasib:

  • öz işinin əhəmiyyətini və şirkətin gələcəyinə təsirini başa düşür;
  • təkcə mühasibat uçotu sahəsində bacarıqlı mütəxəsis deyil, həm də yaxşı menecerdir.

Direktor və mühasib arasında düzgün ünsiyyət şirkətdə maliyyə boşluqlarının yaranmasına imkan vermir və resursların artmasına kömək edir.

Gələcəyin mühasibi necə olmalıdır?

Gələcəyin mühasibi nizam-intizamlı peşəkardır. Bu nizam onun düşüncələrdə, şirkətin maliyyəsində, işlədiyi şöbədə, onun həyatının hər bir sahəsində hiss edilməlidir.

Biznesin əsas düşməni maliyyə savadsızlığıdır. Bu, təkcə mühasibə deyil, ilk növbədə strategiyanı necə quracağını və nəyə diqqət yetirməli olduğunu başa düşməyən sahibkar və menecerlərə aiddir.

Hesab edirəm ki, menecer və menecerin əsas vəzifələrindən biri yaxşı mühasib seçməkdir. Niyə? Bu, maliyyə idarəçiliyinə göstərilməli olan diqqətlə bağlıdır. Mühasib, sahibkara düzgün maliyyə qərarları verməyə kömək edən mütəxəssisdir.

Daha təkmilləşəcək proqram təminatı sayəsində gələcəyin mühasibi öz işini keyfiyyətcə fərqli müstəvidə quracaq. Nəticədə “Mühasib kimdir?” sualının cavabı qismən dəyişəcək: o, tədricən bütün mühasibat əməliyyatlarının kompüter tərəfindən düzgün yerinə yetirilməsinə nəzarət edən analitikə çevriləcəkdir.

Odur ki, bu peşə yeni bacarıqlar tələb edir:

  • öyrənmək;
  • zamanla ayaqlaşmaq;
  • kompüter texnologiyasını anlamaq istəyi.

Bu sahədə bilik və bacarıqlar onu yüksək ixtisaslı maliyyəçi-iqtisadçısına çevirir. Aşağıdakı 5 bacarıqlı mühasibi gələcəyin mühasibinə çevirəcək:

  1. Xarici dəyişikliklərə tez uyğunlaşma.
  2. İşin məhsuldarlığını artırmaq üçün İT texnologiyalarından istifadə.
  3. Öz fikirlərini şirkətin direktoru və ya sahibkara aydın izah etmək bacarığı;
  4. Yüksək maliyyə savadlılığı.
  5. Aktiv həyat mövqeyi.

Əgər mühasib bir şirkətdə:

  • menecerdirsə;
  • öz sahəsi ilə maraqlanırsa;
  • maliyyə idarəçiliyindən həzz alırsa;
  • şirkətin uğur qazanmasına kömək edirsə, deməli bu, hər kəsin arzuladığı mühasibdir!

Mühasib rəqəmlərə baxır, onların nə demək olduğunu və onları necə idarə edəcəyini başa düşməlidir. O, rəqəmlərlə çəkilmiş tablonu görür və beynini yormadan düzgün qərarlar verməkdən məmnunluq duymalıdır.

Beləliklə, “Mühasib kimdir?”, Gələcəyin mühasibi necə olacaq?” sualına qısa da olsa, cavab verməyə çalışdım. Əgər işlərin hər gün necə dəyişdiyini görürsünüzsə və qərarlarınızın düzgünlüyünü izləyə bilirsinizsə, bu, ruhlandırıcıdır!

Almaniyanın maliyyə həyatı barədə 7 maraqlı fakt

Müddətli əmək müqaviləsi bağlanan hallar

posted in: Xəbər | 1

Əmək müqaviləsi və onun müddəti

Əmək müqaviləsi  işəgötürənlə işçi arasındakı  münasibətlərin rəsmiləşdirilməsinə əsas verən yeganə sənəddir. Əmək müqaviləsi haqqında buradan ətraflı məlumat almaq olar. Onun məzmununu təşkil edən zəruri şərtlərdən biri əmək müqaviləsinin müddətidir. Əmək Məcəlləsinin 45-ci maddəsinə görə işçinin işə qəbulu zamanı, onunla müddətsiz əmək müqaviləsi ilə yanaşı müddətli əmək müqaviləsi də bağlana bilər.

Müqavilədə minimum və maksimum müddətlər müəyyən edilməyib, yəni bu sənədin bir günlük belə bağlanması mümkündür. ƏM-nin 45-ci maddəsinə görə, müddət təyin olunmayan müqavilələr müddətsiz hesab olunur. Həmin sənədin müddətli əmək müqaviləsilə əvəz olunması hər iki tərəfin istəyinə əsasən mümkündür. Müqavilənin müddəti haqqında məlumatlarla buradan tanış olmaq olar.

Müddətli əmək müqaviləsi bağlanan hallar

Əgər işçi müəyyən bir vaxt ərzində çalışmaq üçün işə qəbul olunursa, əmək müqaviləsinin müddəti  göstərilməlidir. Həmin müddət işçiylə işəgötürənin razılığı əsasında təyin olunur. Müqavilə tərəflərin razılığı ilə 5 ilə qədər dövr üçün tərtib oluna bilər. Əgər fasiləsiz olaraq davam etmə müddəti 5 ildən çox olarsa, müddətsiz kimi qəbul olunmalıdır.

ƏM-nin 47-ci maddəsinə görə müddətli əmək müqaviləsi aşağıdakı hallarda bağlana bilər:

  • İşçi qısa müddətlik əmək qabiliyyəti funksiyasını itirdikdə, ezamiyyət, yaxud məzuniyyətdə olduqda, öz işində qalmaq şərti saxlanmaqla onun vəzifəsini müvəqqəti başqa birinin yerinə yetirməsinə ehtiyac yaranır. Həmin yeni gələn işçi ilə müddətli müqavilə bağlanmalıdır.
  • Mövsümi xarakter daşıyan işlərdə – bəzi işlərin öz xüsusiyyətlərindən, iqlim və təbii şəraitlərdən asılı olaraq il  boyu  həyata keçirilməsi mümkün deyildir. Həmin işlər mövsümi işlər hesab olunur və bu zaman cəlb olunan işçılərlə  bağlanan müqavilədə müddət qeyd olunmalıdır.
  • Qısa müddətdə görülən təmir tikinti işləri, yeni texnologiyaların tətbiqi, sınaq, təcrübə kimi işlərdə, həmçinin bunun kimi digər müvəqqəti işlər icra olunduqda;
  • İşçinin öz vəzifəsi üzrə peşəkarlıq səviyyəsini artırmaq məqsədilə təcrübə keçmək (stajkeçmə kimi, rezidentura) tələbi varsa;
  • Ailə – məişət, şəxsi məsələlərlə əlaqəli hallar yarandıqda, pensiya yaşına çatanlar işləmək istədikdə – eyni zamanda həm işləyən, həm də təhsil alan işçilərlə də müddətli müqavilə bağlanmalıdır.
  • Müvafiq orqanın göndərişinə əsasən əvəzi ödənilmək şərtilə həyata keçirilən ictimai işlərdə;
  • Təşkilatlarda, birliklərdə seçkili vəzifələrə təyin olunduqda;
  • Hər iki tərəfin qarşılıqlı razılığına əsasən bağlanan müqavilələr olduqda;
  • Təhsilalanların istehsalat təlimi və təcrübəsi keçdikdə;
  • İş icazəsi əsasında əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqı ödənilən əmək fəaliyyətinə cəlb edildikdə;
  • Son olaraq, qanunvericilikdə başqa hallar nəzərdə tutulubsa.

Təcrübədə əmək müqaviləsinin müddəti göstərilməklə bağlanmasının başqa hallarına da rast gəlinir.  Müqavilə bağlanan zaman icra olunacaq vəzifələrin, ya da göstəriləcək xidmətlərin daimi olması barədə əvvəlcədən məlumatlı olduqda, ƏM-nin 47-ci maddəsi, yəni müddətli əmək müqaviləsi bağlanma halları istisna olmaqla, həmin sənəddə müddət göstərilməməlidir.  

 Əmək müqaviləsinin bitməsi

Müqavilənin vaxtı bitdikdə ona xitam verilir. Bunun üçün aşağıdakı şərtlərin olması zəruridir:

  • əmək müqaviləsinin müddətinin qurtarması;
  • müddətli müqavilənin xitamı üçün tərəflərdən birinin təşəbbüsü.

ƏM-nin 73-cü maddəsinə əsasən müqavilənin vaxtı qurtardıqdan sonra işçi işləməyə davam edərsə, həmçinin nə işçi, nə də işəgötürən müddətin bitməsinə azı 1 həftə qalmış müqaviləni sonlandırmaq ücün müraciət etməsə, o zaman həmin sənəd əvvəl təyin olunmuş müddət qədər uzadılır. Bu 5 ilə qədər olan müqavilələrdə keçərlidir. Çünki 5 ildən sonra xəbərdarlığa ehtiyac qalmır, ƏM-nin 45.5-ci maddəsinə görə müddətli əmək müqaviləsi artıq müddətsiz hesab olunur.

Mühasib kimdir?

posted in: Məqalə, Xəbər | 0

Mühasib, mühasiblik, mühasibatlıq

Kökündə “mühasib” dayanan yuxarıdakı ifadələrlə tez-tez rastlaşırıq. Onlar nəyi ifadə edir? Gəlin Azərbaycan dilinin izahlı lüğətinə əsaslanıb, “Mühasib kimdir?” sualına qısa cavab verməyə çalışaq.

“Mühasib” sözü dilimizə ərəblərdən keçib, maliyyə işlərini aparan işçini bizə tanıdır. Həmin işçinin gördüyü iş, onun tutduğu vəzifə, peşə mühasiblikdir. Bu peşənin sahibi sahibkarın, idarə və ya müəssisənin maliyyə işlərini həyata keçirir. Mühasib təsərrüfat fəaliyyətində formalaşan müxtəlif iqtisadi məlumatları toplayır, uçotunu aparır, hesabat hazırlayır. Müəssisə və təşkilatlarda bu işlər mühasibatlıq (yaxud mühasibatlıq şöbəsi) adlanan struktur vahidində görülür, görülən iş isə mühasibat uçotu adlanır.

Mühasiblik peşəsi qədim sənətdir, həm də incəsənətdir. Rəssam rənglərlə, musiqiçi notlarla sənət əsəri yaradırsa, mühasibin rəngləri, notları rəqəmlərdir. O,  “rəqəmlərin lirikasını” duyaraq, xaosdan, qarışıq məlumatlardan sahibkara üçün onun pullarının hərəkətini əks etdirən vacib sənət əsəri yaradır. Yəni “Mühasib kimdir?” sualının cavabı kimi deyə bilərik ki, mühasib, biznes sahiblərinin maliyyə durumunu  “maliyyə hesabatı” adlandıran bir tabloda əks etdirən sənətkardır.

Uçot-hesabat işləri bir qayda olaraq ofisdə həyata keçirilir, bəzən mühasibat autsorsinqi təklif edən kənar mütəxəssislərə həvalə edilir.

Mühasiblərin sevgi obyektləri

Hər sahədə olduğu kimi, mühasibatlıqda da “sənət əsərinin” keyfiyyəti işçilərin peşəkarlığından asılıdır. Əgər uçot- hesabat işlərindən uzaqsınızsa, yaxud maliyyə sahəsi üzrə təhsil almağa hazırlaşırsınızsa, sizdə mühasibatlik haqqında doğru fikirlər olmaya bilər. Mühasibat uçotuna nabələd olanlar onu boz, sıxıcı, mühasibləri ciddi, qaraqabaq, ətrafında olanlara fikir verməyib gözünü kompüterə zilləmiş, yalnız rəqəmlərlə, sənədlərlə maraqlanan peşə sahibləri hesab edə bilər.

Sizin təsəvvürlər, “Mühasib kimdir?” sualına cavabınız ailə üzvlərinin, yaxın qohumun, dostların, müəllimlərin dediklərindən formalaşır. Əslində, təsəvvürlərinizdə müəyyən həqiqət var, həqiqətən onlar:

  • ciddidirlər, çünki biznesin şah damarı olan maliyyə münasibətlərinin idarəçiliyi onlara həvalə olunub;
  • dəqiqdirlər, çünki biznesin “damarlarda axan qanı” olan pulu (özlərinin olmasa da) saymaq, uçotunu aparmaq onlara etibar edilib;
  • gözlərini kompüterə zilləyiblər? Kompüteri, müasir tələbləri bilmədən uğurlu mütəxəssis olmaq çətindir.

Amma, mühasib laqeyd deyil, sadəcə ətrafla aralarında “divar çəkməyə” məcburdur, çünki iş prosesində beyninin çox hissəsinin eyni vaxtda fəaliyyəti vacibdir.

Mühasiblərin sevgi obyektləri təkcə rəqəmlər, sənədlər deyil. Kimisi dostlarla əylənməyi sevir, kimisi mütaliəni. Bəzisi detektiv oxuyur, bəzisi beynəlxalq standartları, digəri elmi tədqiqatları. Siyahını uzatmaq olar, zövqlər müxtəlifdir. Yaxşısı budur, nəyi sevdiyin mühasib özü sizə desin. “Mühasib kimdir?” suallarına cavab almaq üçün birbaşa onlara müraciət edin: narahat olmayın, onlar düşündüyünüz qədər qaraqabaq deyil, ünsiyyət qurmağı bacarırlar. Peşələrinin tələbi budur, belə ki, o:

  • rəhbərlə ünsiyyət qurmalı;
  • ilkin uçot sənədlərini sahmana salmaq üçün işçilərlə dil tapmalı;
  • yoxlayıcı orqanları razı salmalıdır.

Mühasibat işçisi, həmçinin:

  • nizam-intizamlı olmalı;
  • bu günün işini sabaha saxlamamalı;
  • gündəmlə ayaqlaşmağı bacarmalı;
  • mühasibat uçotunda olan yenilikləri izləmələdir.

Uçot – hesabat işçiləri müəssisədə təsərrüfat – maliyyə uçotunu aparır, hesabatlar hazırlayıb dövlət orqanlarına, digər şəxslərə verir. Bu zaman mühasib yaradıcı mühakiməyə əsaslanır, elmi metodlardan istifadə edir: unutmayaq, mühasibat, həm də elmdir. 

Mühasib peşəsi necə yaranıb?

“Mühasib kimdir?” sualının cavabından məntiqi digər sual meydana çıxır: bu peşə necə yaranıb. Əslində, peşənin nə vaxt meydana gəldiyini dəqiq söyləmək çətindir. Təbii ki, onun yaranması, mühasibat uçotunun tarixi ilə bağlıdır. Mühasibatın mənşəyi isə birbaşa insanın saymaq, hesablamaq tələbatını ödəyən uçotun yarandığı dövrlə bağlıdır. Bir çox elm adamları mühasibat uçotunun mənşəyinin qədim insanların saymağı icad etdiyi Paleolit ​​dövrünə aid edir. O dövrdən bizə üzərində mal-qara yaxud öldürülmüş mamont təsvirinin yanında cızıqlar çəkilmiş nəhəng daş lövhələr gəlib çatıb. Bu insan tərəfindən aparılan uçota ilk nümunəsidir. Təbii ki, “Mühasib kimdir?” sualının cavabı kimi qədim insanı nümunə göstərə bilmərik, amma o, müasir anlamda mühasibatla məşğul olmasa da:

  • müşahidə edir;
  • sayır, hesablayır;
  • qeydlər edir;
  • “anbar uçotu” aparırdı.

Digər elm adamlarına görə, mühasibat uçotu maliyyə bölməsi olduğundan, peşənin doğulması pulun meydana gəlməsi ilə üst-üstə düşməlidir. Dəqiq tərixi bu elm xadimlərindən heç biri qeyd etməsə də, təxminən deyə bilərik ki, bu, Makedoniyalı İskəndərin dövründə, eramızdan əvvəl 4-cü əsrdə baş verib.

Sonra ödəniş forması kimi qızıl sikkələr külçə və zinət əşyalarını əvəz etdi. Pulları (sikkələri) saymaq lazım idi, bunun üçün savadlı, dürüst və son dərəcə diqqətli insanlar lazım idi. Yalnız imperatora sədaqətini dəfələrlə sübut etmiş çox yaxın adam böyük fatehin maliyyə məsələlərinə rəhbərlik edə bilərdi. Hesab aparan şəxslər (hesabdarlar) müəyyən hakimiyyətə gücə və təsirə malik idilər.

Ancaq ümumilikdə dünya ictimaiyyəti sənədləşdirilmiş sübutları tanıyır – “kitab sahibi çalışqan mirzəni – mühasib” adlandırılması barədə 15-ci əsrdə I Maksimilianın fərmanı belə sübutdur.

“Kitab sahibi” yaxud “hesabdar”

Azərbaycan dilində bir müddət “buxqalter” sözündən də istifadə edilib. Bir çoxumuz indi də tez-tez “buxqalter“ sözündən istifadə edir. Mühasibat uçotu mütəxəssisi anlamında işlədilən “buxqalter” sözü alman  iqtisadi lüğətinə 1648-ci ildə daxil edilmişdir. Sonralar bu anlayış ruslara, onlardan da bizə keçib. 19-cu əsrin sonlarından başlayaraq Bakıda yerli və xarici  sahibkarlara məxsus müəssisələrin  uçot işçiləri  “buxqalter” adlandırılırdı. Bakıda mühasibat uçotu, “mühasib” sözləri ilk dəfə professor Ə.Fərəcovun nəşr etdirdiyi “Hesabdarlıq kursu” kitabında işlədilib.

“Buxqalter” sözü iki hissədən ibarətdir: alman dilində olan Buch – kitab və Halter – sahibi, saxlayan. Maraqlıdır ki, əksər Avropa dillərində mühasib özünün ilkin mənasında, “hesabdar” adlandırılır.

  • ingiliscə ” accountant ” – saymaq (“count”);
  • fransızca “comptable” – cəmləmək, yekun vurmaq (“compter”);
  • italyanca “contabile” – saymaq, hesablamalar aparmaq (“contare”).

Beləliklə, mühasib kimdir?

Mühasib bir şirkətdə mühasibat uçotunu aparan, sənəd dövriyyəsi, mühasibat və vergi hesabatlarının hazırlanması və tənzimləyici orqanlara təqdim edilməsi ilə məşğul olan mütəxəssisdir. Mühasibat uçotu üzrə mütəxəssis normativ baza ilə tanış olmalı, sənaye qanunvericiliyini bilməli və öz bacarıqlarını daim təkmilləşdirməlidir. “Mühasibat uçotu haqında” AR qanunu “Mühasib kimdir?” sualına birbaşa cavab verməsə də, baş mühasibin kimliyini şərh edir (maddə 2.1.17):

Baş mühasib vəzifəsinə təyin edilən, habelə bu vəzifələri icra edən şəxs (bundan sonra – baş mühasib) – mühasibat uçotu subyektində mühasibat uçotunun aparılmasını təmin edən, mühasibat uçotuna əsasən maliyyə, vergi və digər hesabatların tərtib edilməsinə, habelə uçotun formalaşdırılmasına və mühasibat uçotu sənədlərinin saxlanılmasına cavabdeh olan vəzifəli şəxsdir.

Əlavə olaraq qeyd edək ki,”Mühasib kimdir?” sualına cavab verərkən, bu peşə sahibinin həm də elm işçi olduğunu qeyd etmək lazımdır. Elmi işçi kimi o, mühasibatla elmi müəssisələrində, kafedralarda məşğul olur.

Maliyyə dünyasından maraqlı faktlar toplusu

Əmək münasibətlərində müddət axımı necə tənzimlənir?

posted in: Xəbər | 0

sınaq müddəti ilə bağlı dəyişiklikƏmək Məcəlləsinin 53-cü maddəsinə əsasən, sınaq müddəti qurtaranadək tərəflərdən biri digərinə üç gün əvvəl yazılı xəbərdarlıq etməklə əmək müqaviləsini poza bilər. Sınaq müddəti qurtaranadək tərəflərdən biri əmək müqaviləsinin xitamını tələb etməyibsə, işçi sınaqdan çıxmış hesab edilir və həmin andan etibarən əmək müqaviləsinə yalnız Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada və əsaslarla xitam verilə bilər. Maliyyə və vergi məsələləri üzrə ekspert Rəşad Məmmədov bu hallarda müddət axımı anlayışına aydınlıq gətirir: 

Əmək Məcəlləsinin 8-ci maddəsinin 2-ci bəndinə əsasən, müddət axımının başlanması təqvim üzrə müəyyən edilmiş vaxtın ertəsi günündən hesablanır. Müddətlərin hesablanması qaydaları qüvvədə olan Əmək Məcəlləsinin “Əmək mübahisələri” bölməsi ilə deyil, “Əsas müddəalar” fəsli ilə müəyyən edilir. Belə struktur dəyişikliyi hüquqi nəticələrin müddətlə bağlı olduğu bütün hallarda tətbiq olunan mövcud müddətlərin mahiyyətini əks etdirir: əmək münasibətləri tərəflərinin hüquq və vəzifələrinin yaranması, dəyişməsi və xitam verilməsi.

Əmək Məcəlləsi əmək hüququ və tərəflərin vəzifələrinin yaranması və ya xitam verilməsindən asılı olaraq, müddətlərin hesablanması qaydasını fərqləndirir. Onların baş vermə tarixi müvafiq dövrün başlanğıcını müəyyən edən təqvim tarixidir. Belə ki, müəyyən tarixdə işə qəbul edilən şəxs üçün sınaq müddətinin müəyyən edilməsi həmin tarixdən başlayır. Əmək hüquq və öhdəliklərinə xitam verildiyi tarix əmək münasibətlərinin bitməsini müəyyən edən təqvim tarixindən sonrakı gündür.

Misal: Tutaq ki, sınaq müddəti ilə işə qəbul edilmiş işçi bu müddət ərzində işəgötürənə yanvarın 21-də əmək müqaviləsinə xitam verilməsi barədə yazılı xəbərdarlıq edib. Bu zaman onunla bağlanmış əmək müqaviləsinə yanvarın 24-də xitam verilmiş hesab olunacaq. Əmək Məcəlləsinin 53-cü maddəsində xəbərdarlıq müddəti 3 gün nəzərdə tutulub.

Mənbə: vergiler.az

Hansı hallarda sahibkar riskli vergi ödəyicisi sayılır?

1 464 465 466 467 468 469 470 2. 691