Azərbaycanda ödəniş xidmətləri müəyyənləşir

posted in: Xəbər | 0

Azərbaycanda ödəniş xidmətləri,Azərbaycanda ödəniş xidmətlərinə 7 xidmət aid ediləcək.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə olunan “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, həmin xidmətlər aşağıdakılardır:

  • ödəniş hesabı üzrə pul vəsaitinin nağd formada mədaxili və (və ya) məxarici əməliyyatlarının aparılması;
  • kredit köçürməsi, birbaşa debitləşmə, ödəniş kartı və ya digər oxşar ödəniş alətləri ilə ödəniş əməliyyatlarının icrası;
  • ödəniş alətlərinin emissiyası və (və ya) ödəniş əməliyyatının ekvayrinqi;
  • pul köçürməsi;
  • elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrası;
  • ödəniş əməliyyatlarının aparılması üçün vasitəçilik xidməti;
  • hesab üzrə məlumat xidməti.

Bundan başqa, sənəddə deyilir ki, bu qanunun məqsədləri üçün aşağıda qeyd olunanlar ödəniş xidməti hesab edilmyəcək.

  • ödəyici tərəfindən birbaşa vəsait alanın xeyrinə nağd formada həyata keçirilən ödəniş əməliyyatları;
  • ancaq ödəyici və ya vəsait alanın adından malların alqı-satqısı, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi üzrə müqavilələri bağlamaq səlahiyyəti olan ticarət nümayəndəsi (agenti) vasitəsilə ödəyici tərəfindən vəsait alanın xeyrinə həyata keçirilən ödəniş əməliyyatları;
  • ödəniş hesabı olmadan nağd formada aparılan valyuta mübadiləsi əməliyyatları;
  • normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada vahid xəzinə hesabında açılan və aparılan əlavə dəyər vergisinin depozit hesabı üzrə, həmçinin əlavə dəyər vergisinin qaytarılması ilə bağlı əməliyyatlar;
  • akkreditiv, inkasso, çek və veksellər ilə aparılan ödəniş əməliyyatları;
  • ödəniş sistemlərinin iştirakçıları arasında aparılan ödəniş əməliyyatları, habelə Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən bank xidmətləri göstərilən şəxslərin pul vəsaitlərinin AMB-də olan ödəniş hesabına nağd formada mədaxil və (və ya) məxaric edilməsi üzrə ödəniş əməliyyatları;
  • qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər və mərkəzi depozitar tərəfindən həyata keçirilən qiymətli kağızlar üzrə əməliyyatlardan irəli gələn ödənişlər, o cümlədən dividendlər və faizlərlə bağlı ödəniş əməliyyatları;
  • emitentin öz təsərrüfat subyektlərində (obyektlərində) malların alqı-satqısı və xidmətlərin göstərilməsi üzrə hesablaşmalarda istifadə olunan ödəniş alətlərinə əsaslanan xidmətlər;
  • mobil rabitə operatoru tərəfindən abunəçiyə telekommunikasiya xidmətlərindən əlavə rəqəmsal kontentin və səs əsaslı xidmətlərin alqısı üzrə və xeyriyyə fəaliyyəti çərçivəsində təqdim edilən ödəniş əməliyyatları (bu şərtlə ki, həmin ödəniş əməliyyatlarının məbləği AMB-nin normativ xarakterli aktları ilə müəyyən edilmiş məbləğdən artıq olmasın);
  • ödəniş xidməti təchizatçıları onların filialları və (və ya) ödəniş agentləri arasında aparılan ödəniş xidməti istifadəçilərinin ödəniş sərəncamının icrası ilə bağlı olmayan ödəniş əməliyyatları;
  • müştəri əməliyyatları ilə bağlı olmayan əsas cəmiyyətlə onun törəmə cəmiyyətləri və ya əsas cəmiyyətin törəmə cəmiyyətləri arasında onlarla eyni şirkətlər qrupuna aid ödəniş xidməti təchizatçısının iştirakı ilə aparılan ödəniş əməliyyatları;
  • bir və ya bir neçə ödəniş kartı emitentinin adından çıxış edən və ödəniş xidməti istifadəçisi ilə müqavilə bağlamayan təşkilatlar tərəfindən ödəniş xidməti istifadəçilərinə ödəniş terminalı vasitəsilə nağd pul vəsaitinin əldə edilməsi üzrə göstərilən xidmətlər, bu şərtlə ki, müvafiq təşkilatlar tərəfindən bu Qanunda nəzərdə tutulan xidmətlər göstərilməsi;
  • ödəniş xidmətlərinin göstərilməsini dəstəkləmək məqsədilə texniki xidmət təchizatçıları tərəfindən köçürmə prosesinin hər hansı anında köçürülən vəsaitlərə sahiblik etmədən təqdim olunan xidmətlər (bu xidmətlərə məlumatların emalı, saxlanması, autentifikasiyası, təhlükəsizliyinin təmin edilməsi, o cümlədən ödəniş xidmətlərinin təminatında istifadə olunan informasiya texnologiyaları, rabitə şəbəkəsi, habelə texniki cihazların təchizatı və dəstəklənməsi daxildir).

Mənbə: report.az


Hansı obyektlərdə POS-terminalların quraşdırılması məcburidir?

posted in: Xəbər | 0

POS-terminalların quraşdırılması,Avtosalonda ödənişlər köçürmə yolu ilə həyata keçirilir. Bizə POS-terminal quraşdırmaq məcburidirmi?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Nazirlər Kabinetinin 2012-ci il 4 oktyabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları” və həmin Qaydalara 1 nömrəli əlavə “Ərazilər üzrə POS-terminalların mərhələlərlə tətbiqi cədvəli” və “POS-terminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarları”na uyğun olaraq ölkə ərazisində POS-terminalların quraşdırılması məcburi olan obyektlərin siyahısı və POS-terminalların quraşdırılması tarixi müəyyən olunmuşdur.

Həmin qərara əsasən dövriyyəsindən və ərazisindən asılı olmayaraq, ƏDV ödəyicilərinin bütün təsərrüfat subyektləri (obyektləri) (vergi ödəyicisinin ƏDV məqsədləri üçün qeydiyyata alındığı tarixdən), dövriyyəsindən və ərazisindən asılı olmayaraq, avtomobil və mebel satışı üzrə ixtisaslaşmış müəssisələr, idman və sağlamlıq kompleksləri, səhiyyə obyektləri, istirahət və əyləncə obyektləri, mehmanxanalar, şadlıq evləri, yanacaqdoldurma məntəqələri, hava, su, dəmiryol və avtomobil nəqliyyatı vasitələri ilə sərnişindaşımada biletlərin satışını həyata keçirən satış məntəqələri və turizm şirkətləri (təsərrüfat subyektinin (obyektinin) qeydiyyata alındığı tarixdən), rüb üzrə orta aylıq dövriyyəsi 2.000 (iki min) manatdan artıq olan vergi ödəyicilərinin bütün təsərrüfat subyektləri (obyektləri), hüquqi şəxslərə və fərdi sahibkarlara məxsus minik avtomobili ilə (taksi) sərnişin daşınmasını həyata keçirən nəqliyyat vasitələri və vergilərin və göstərilən xidmətlərə (işlərə) görə dövlət rüsumlarının və haqlarının ödənişini qəbul edən dövlət orqanları müştərilərlə hesablaşmaların aparılması zamanı məcburi qaydada POS-terminallar quraşdırmalıdırlar.

Əlavə olaraq bildiririk ki, Vergi Məcəlləsinə əsasən, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminal quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə, vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1.000 manat məbləğində, təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3.000 manat məbləğində, təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə isə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Əsas: Vergi Məcəlləsinin 58-ci maddəsi, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasinin Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 4 oktyabr tarixli 219 nömrəli qərarı.

Mənbə: vergiler.az


 

 

Fiziki şəxslərin əmlak vergisinin hesablanması qaydası

posted in: Xəbər | 0

Fiziki şəxslərin əmlak vergisinin xüsusiyyətləri

Fiziki şəxslərin əmlak vergisinin hesablanması zamanı ilk diqqət etməli məqam vergitutma obyektidir, yəni hansı əmlakımıza görə hesablamalı olduğunu dəqiqləşdirməliyik. Əgər əmlak bina, hava, su nəqliyyatıdırsa narahat olmağa, əziyyət çəkməyə dəyməz. Belə ki, onlara görə vergi sizin tərəfdən deyil, bələdiyyə tərəfindən hesablanır. Bələdiyyənin vergi xidməti onu hesablamalı, sizə tədiyyə bildirişi təqdim etməlidir. Vergi bələdiyyəyə ödənilir.

Bu sahibkarlıqla məşğul olan fiziki şəxslərə də aiddir, qeyd edilən vergitutma obyektlərindən vergini birmənalı bələdiyyə orqanları hesablayır. Bu qayda binaların sahibkarlıq fəaliyyəti məqsədi üçün istifadə edildiyi halları da əhatə edir.

Bunun üçün binalar, su, hava nəqliyyatı vasitələri bələdiyyədə uçota alınmalıdır. Əks halda verginin bələdiyyə tərəfindən hesablanması mümkün olmaz. Bu məqsədlə binaların bələdiyyə orqanında uçota alınması üçün müraciət etməlisiniz. Su, hava nəqliyyat vasitələri barədə məlumatı isə bələdiyyə orqanı özü aidiyyəti dövlət qurumlarından əldə edəcəkdir. Su, hava nəqliyyatı birgə mülkiyyətdə olarsa kimin adına qeydiyyata alınmışdırsa, vergini ödəmək vəzifəsini o daşıyır. Binalar birgə mülkiyyətdə olduqda hər kəs öz payına mütənasib həddə vergini ödəməyə məsuldur.

Əmlak vergisi, o cümlədən fiziki şəxslərdən əmlak vergisinin hesablanması və ödənilməsi qaydası Vergi Məcəlləsinin XIII fəsində şərh olunub.

Fiziki şəxsə məxsus binalardan hesablanan əmlak vergisi

Binaların əmlak vergisi hesablanan zaman onların sahələri əsas götürülür. Bu zaman sahənin kvadratmetri əsas rol oynayır. Yaşayış sahəsi insanın həyatı əhəmiyyətlidir, odur ki,  30 kvadratmetrədək hissəyə görə vergi alınmır (VM, 198.1.1). Hesablama fiziki şəxsin əmlak vergisi dərəcəsinin vergitutma bazasına hasili kimi aparılır.

Nümunə 1: Şəxs Naxçıvan şəhərində yerləşən çoxmənzilli binada və Qıvraq qəsəbəsində yaşayış sahələrinə sahibdir. Birincinin sahəsi 135 kv.m, ikinci isə 170 kv.m –dir. Hesablamalar 30 kv.m –lik güzəşt nəzərə alınmaqla aparılıb. Bu zaman nəzərə almaq lazımdır ki, əgər fiziki şəxs bir neçə yaşayış sahəsinə sahibdirsə,   30 m^2 sahə yaşayış sahələrinin hər birindən çıxılır;

Naxçıvan şəhərindəki mənzil: (135 – 30) × 0.2 = 21manat;

Qıvraq qəsəbəsindəki mənzil: (170 – 30) × 0.1 = 14 manat.

Cəmi ödəniləcək vergi 21 + 14 = 35 manat olacaq.

Önəmli məqam ondan ibarətdir ki, binanın Bakıda yerləşməsi zamanı əlavə olaraq əmsallar tətbiq olunur.  Zonalar və zona əmsalları Nazirlər Kabinetinin 06.04.2015-ci il tarixli 101 saylı qərarı ilə təsdiq edilib.

Bakı şəhərində binalara əmlak vergisi hesablanarkən tətbiq edilən zonalar və əmsallar

Nəqliyyat vasitlərindən hesablanan əmlak vergisi

Su, hava nəqliyyatı vasitələrinə sahib rezident fiziki şəxslərin həmin əmlakın yerindən, habelə inların istifadə dərəcəsindən asılı olmayaraq əmlak vergisi üçün vergitutma obyektidir. Hesablamalar zamanı tətbiq edilən əmlak vergisi dərəcəsi mühərriki olanlar üçün hər  kub.sm-ya görə 0,02manat dərəcə ilə, mühərriki olmayanlar üçün isə onların  bazar qiymətinin 1%-i dəyərində tətbiq edilir.

Nümunə 2: Fiziki şəxsin mülkiyyətində həcmi 750 kub.smolan mühərrikli kater, bazar qiyməti 45000 manat olan şəxsi təyyarə vardır. Bu şəxsin əmlak vergisi öhdəliyini hesablayaq.

750*0,02+45000*1%=15+450=465 manat

Əmlak vergisinin ödənilməsi zamanı diqqət ediləsi məqamlar

Fiziki şəxslər sahibkarlıq fəaliyyətlərində istifadə etdikləri əsas vəsaitlərə görə onların orta illik qalıq dəyərindən 1% dərəcəylə vergi ödəyirlər. Amma fərdi sahibkar əsas vəsaitini bazar qiymətindən artıq qiymətə sığortalamışdırsa bazar qiymətinin 1%-i həddində vergi ödənilməlidir. Belə əsas vəsaitlərə binalar aid deyil, binalara görə ödəmələr yuxarıda qeyd etdiyimiz formada həyata keçirilir.

Fiziki şəxslərdən əmlak vergisi bələdiyyələr tərəfindən cari ilə görə tələb edir. Bununla bağlı 1 avqust tarixindən gec olmamaqla ödəyiciyə tədiyyə bildirişi təqdim edilməli, tədiyyə bildirişini aldıqdan sonra hesablanmış vergini ödənməlidir. Ödəməni bir dəfəyə həyata keçirmək məcburiyyətində deyilsiniz. Qanun ödəmələr üçün 15 avqust, 15 noyabr tarixlərini müəyyən etmişdir. Yəni həmin tarixlərə qədər bərabər hissədə ödəməni həyata keçirmək hüququnuz vardır.

Sual verilə bilər, fiziki şəxs binanı təqvim ilində almışdırsa, əmlak vergisini o ödəməlidir yoxsa köhnə sahib? Cavab belədir: Əgər əvvəlki sahib ödəməyibsə, ödənişi binanı yeni əldə etmiş şəxs ödəməlidir.  Vergilər banklar, poçt qurumları, nağdsiz ödəmə terminallarında  ödənilir, onların nağd şəkildə  qəbulu qadağandır. 


Əmlak vergisi üzrə kameral vergi məktubları barədə tövsiyələr

posted in: Xəbər | 0

Kameral vergi yoxlaması

Əmlak vergisi üzrə kameral vergi yoxlaması haqqında danışarkən, ilk növbədə bu verginin tutulma formasına nəzər salmaq vacibdir. Əmlak vergisi üzrə vergitutmanın aşağıdakı formaları tətbiq edilir.

  • tədiyyə bildirişi əsasında;
  • bəyannamələrə uyğun.

Binaların xüsusi mülkiyyətçiləri olan fiziki şəxslər, habelə su və hava nəqliyyat vasitələrinin rezident fiziki sahibləri həmin əmlaklara görə vergini bildiriş əsasında ödəyir. Vergi orqanı yaxud bələdiyyə tərəfindən aparılmış hesablamalar əsasında vergi ödəyicisinə tədiyyə bildirişi təqdim edilir və ödəniş bu bildirişə əsasən icra olunur. Bu halda əmlak vergisi üzrə kameral yoxlamadan danışmaq mənasızdır.

Kameral vergi yoxlaması, vergi ödəyicisinin təqdim etdiyi vergi hesabatları, habelə artıq mövcud olan digər məlumatlar əsasında yerlərə getmədən vergi orqanı tərəfindən aparılır. Əmlak vergisi bəyannaməsi müəssisənin və fərdi sahibkarın balansında olan əsas vəsaitlərə görə təqdim edilir. Emlak vergisi üzrə kameral vergi yoxlaması bu bəyannamənin məlumatları əsasında aparılır.

Əmlak vergisi üzrə kameral yoxlamanın məqsədi

Kameral vergi yoxlamasının məqsədi aşağıdakılardır:

  • vergi pozuntularının aşkar edilməsi və onların qarşısının alınması;
  • vergi və digər dövlət yığımları üzrə normativ hüquqi aktların icrasına nəzarət;
  • ödənilməmiş və ya tam ödənilməmiş vergi və cərimələrin bərpası;
  • maliyyə sanksiyaları üçün əsas olduqda, onların tətbiqi.

Kameral yoxlama proseduru vergi müfəttişlərinin təşkilata birbaşa getməsini nəzərdə tutmur, Dövlət Vergi Xidmətinin uyğun qurumlarında aparılır. Tənzimləyici orqanların səlahiyyətləri belə yoxlamada məhduddur, şirkətin kameral yoxlama prosesində fəal iştirakı tələb olunmur. Ümumiyyətlə, vergi yoxlaması qanun pozuntuları aşkarlanana qədər sakit, səs-küysüz keçir. Qanun  pozuntuları aşkarlandıqda vergi orqanı vergilərin bərpasından tutmuş cinayət məsuliyyətinə qədər müxtəlif tədbirlər görə bilər.

Əmlak vergisi üzrə risk meyarları

Emlak vergisi üzrə kameral vergi yoxlaması aşağıdakı risk meyarları nəzərə alınmaqla aparılır:

  • yoxlanılan  və əvvəlki dövrlərin vergi bəyannamələrinin məlumatlarının müqayisəsi;
  • əmlak vergisi üzrə azadolmaların düzgün tətbiqinin araşdırılması;
  • mənfəət vergisi bəyannaməsinin 233.2 sətri ilə əmlak vergisi bəyannaməsinin göstəricilərinin müqayisə edilməsi;
  • dəqiqləşdirilmiş emlak vergisi beyannamesinde azalma halları varsa, onların səbəblərinin müəyyənləşdirilməsi.

Bunlardan başqa, əmlak vergisi üzrə kameral yoxlama zamanı hesabat dövründə vergitutma bazasına təsir edən və vergi ödəyicisinin fəaliyyəti ilə bağlı vergi orqanında olan aşağıdakı məlumatlar da araşdırıla bilır:

  • Dövlət Gömrük Komitəsindən idxal-ixrac barədə alınan məlumatlar;
  • notariat əməliyyatları barədə məlumatlar (daşınmaz əmlakın alqı-satqısı zamanı);
  • dövlət satınalma müqavilələri üzrə məlumatlar;
  • nəqliyyat vasitələrinin qeydiyyatını aparan qurumların məlumatları;
  • mənbəyi məlum digər məlumatlar.

Əmlak vergisi üzrə kameral məktub

Əgər kameral yoxlama zamanı təqdim edilmiş vergi bəyannaməsində uyğunsuzluq aşkar edilərsə vergi ödəyicisinə  tam adı “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub” olan kameral məktub göndərilir. Məktubda vergi orqanı kameral vergi yoxalmasının aparılmasının mümkün olmaması və bunun səbəbləri göstərilir. Həmçinin yoxlamanın tamamlanması üçün zəruri sənəd və məlumatların təqdim edilməsi (məsələn, dəqiqləşdərilmiş əmlak vergisi bəyannaməsi) tələb olunur.

Kameral məktuba cavabı necə yazmalı?

Ola bilər ki, dəqiqləşdirilmiş vergi bəyannaməsindən başqa izahat məktubu da yazmaq lazım gəlsin. Vergi orqanının uyğunsuzluq haqqında məktubuna cavab sərbəst formada hazırlanır. Əslində bu, həm də vergi orqanına təqdim olunan sənədlərə müşayiət məktubudur. Məktubun mətnində o, vergi orqanlarının tələbini yerinə yetirdiyini və tələb olunan sənədləri onlara göndərdiyini göstərir.

Məktubda kameral yoxlamanın tamamlanması üçün göndərilən sənədlərin siyahısı göstərilməlidir. Əgər uyğunsuzluq məktubunda əlavə suallar nəzərdə tutulubsa, vergi ödəyicisi onların hər biri üçün izahat verir.

Tələb olunan sənədlər çatışmır – vergi ödəyicisini nə gözləyir?

Vergi orqanlarına istənilən halda cavab vermək lazımdır. Bəs əmlak vergisi üzrə tələb olunan sənədlər yodursa? Çox güman ki, vergi əməkdaşları müəssisədə səyyar vergi yoxlaması keçiriləcək.

Sənədlərin itirilməsi, məhv edilməsi və ya ümumiyyətlə verilməməsi şirkət üçün ciddi problem yarada, maliyyə sanksiyalarına, inzibati və cinayət məsuliyyətinə səbəb ola bilər. Vergi işçilərinə bütün lazımi sənədlərin vaxtında təqdim edilməsi bu riskləri aradan qaldırır.

Kameral vergi yoxlaması haqqında daha çox məlumat almaq istəyirsiniz? Peşəkarların konsultasiya xidmətindən istifadə edin!


1 522 523 524 525 526 527 528 2. 685