234 saylı “Digər qısamüddətli investisiyalar” hesabı üzrə uçot

posted in: Xəbər | 0

Müasir biznes mühitində müəssisələrin maliyyə vəsaitlərini səmərəli şəkildə yerləşdirməsi onların likvidliyini, rentabelliyini və ümumi maliyyə dayanıqlığını təmin edən əsas amillərdən biridir. Bu baxımdan, qısamüddətli investisiyalar xüsusi aktuallıq kəsb edir. Mühasibat uçotunda belə investisiyaların uçotu üçün nəzərdə tutulan hesablardan biri 234 saylı “Digər qısamüddətli investisiyalar” hesabıdır. Bu məqalədə adıçəkilən hesabın məzmunu, funksiyası, müvafiq beynəlxalq standartlarla əlaqəsi və praktiki tətbiq nümunələri izah olunur.

Maliyyə qoyuluşlarının ödəmə müddətinə görə təsnifatı

Ödəmə müddətinə görə maliyyə investisiyaları əsasən aşağıdakı qruplara bölünür:

  • qısamüddətli – 12 ay və ya bir hesabat dövründən artıq olmayan müddətə yerləşdirilən investisiyalardır.
  • uzunmüddətli – 12 aydan çox müddətə nəzərdə tutulmuş maliyyə qoyuluşlarıdır.

Qısamüddətli investisiyalar əsasən gəlirlilik baxımından daha az riskli və likvid alətlərə yönəldilir, məsələn: istiqrazlar, depozitlər, səhmlər, investisiya fondlarına vəsait qoyuluşu və s. Bu investisiyaların uçotu mühasibat uçotu subyektləri üçün hesablar planının  23-ci maddəsinə aid hesablarda aparılır.

Hesablar planının 23-cü maddəsi: məzmunu və tərkibi

“Mühasibat uçotu subyektləri üçün hesablar planın”-da “Sair qısamüddətli maliyyə aktivləri” adlanan 23-cü maddə müəssisənin sərbəst vəsaitlərinin müxtəlif investisiya alətlərinə qoyuluşunun, habelə sair qısamüddətli maliyyə aktivlərinin dəyərinin azalmasına görə düzəlişlərlə bağlı ümumiləşdirilmiş məlumatların əks olunmasın təmin edir.

Maddənin tərkibi AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” ilə müəyyən olunur. Bu tərkibə, qaydaların 25.1 bəndinə əsasən, aşağıdakı hesablar daxildir:

234 saylı hesab, adından da göründüyü kimi, yuxarıdakı konkret kateqoriyalara daxil olmayan, lakin qısamüddətli xarakter daşıyan maliyyə qoyuluşlarının uçotu üçün nəzərdə tutulmuşdur.

Hesabın məzmunu və funksiyası

234 saylı “Digər qısamüddətli investisiyalar” hesabı özündə mühasibat uçotu subyektində FVPL və FVOCI kimi tanınan, törəmə müəssisələrə investisiya qoyuluşları, habelə 231, 232 və 233 saylı hesablara aid edilməyən digər qısamüddətli investisiyaların dövriyyəsi barədə ümumiləşdirilmiş məlumatları əks etdirir. MHBS 9: “Maliyyə alətləri” (IFRS 9)-a görə:

  • FVPL (Fair Value Through Profit or Loss) – ədalətli dəyəri mənfəət və ya zərər haqqında hesabatda tanınan investisiya qoyuluşları;
  • FVOCI (Fair Value Through Other Comprehensive Income) – ədalətli dəyəri məcmu gəlir haqqında hesabatda tanınan investisiya qoyuluşlarıdır.

Hesabın funksiyalarına aşağıdakılar aid edilə bilər:

  • müəssisənin qısa müddətdə gəlir əldə etmək məqsədi ilə etdiyi maliyyə yerləşdirmələrinin mühasibat uçotunda dəqiq əksini təmin etmək;
  • maliyyə hesabatlarında real vaxtlı və düzgün məlumatın verilməsinə yardım etmək;
  • müəssisənin investisiya siyasətinin təhlili üçün əsas baza rolunu oynamaq.

Yuxarıda qeyd edilənlər  nəzərə alıb, deyə bilərik ki,  234 saylı “Digər qısamüddətli investisiyalar” hesabı müəssisələrin likvid və gəlir gətirən aktivlərə yönəlmiş vəsaitlərinin uçotunda mühüm yer tutur.

Qısamüddətli investisiyaların uçotunun tənzimlənməsi

234 saylı hesab üzrə uçot aparılarkən aşağıdakı prinsiplər əsas götürülür:

  • ədalətli dəyər üzrə qiymətləndirmə;
  • gəlir və zərərin tanınması dövrünün düzgün müəyyən edilməsi;
  • investisiya alətlərinin realizəsi zamanı müvafiq gəlir və ya zərərin “maliyyə nəticələri” bölməsində tanınması.

Əgər investisiya satılarsa və ya itirilərsə, bu zaman həmin aktivin balans dəyəri ilə realizə dəyəri arasındakı fərq müvafiq gəlir və ya zərər kimi uçota alınır.

Uçotun tənzimlənməsi “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”-nın aşağıdakı bəndləri əsasında aparılır:

  • digər qısamüddətli investisiyaların əldə edilməsi zamanı – 25.18-ci bənd;
  • ədalətli dəyərində dəyişiklik olduqda qaydaların 25.19 və 25.20-ci bəndləri;
  • satış məqsədi ilə saxlanılan aktivlər hesabına keçirildikdə 25.21-ci bənd;
  • digər qısamüddətli investisiyalar satıldıqda – 25.22-ci bənd;
  • hesablaşma tarixi metodu tətbiq edildikdə – 25.23-cü bəndi;
  • əvvəllər ədalətli dəyərində yaranmış azalma və artma məbləğlərinin ədalətli dəyərdə yaranmış sonrakı dəyişikliklərin tənzimlənməsi – 25.24-cü və 25.25-ci bəndlər;
  • debitor borclarının müqabilində əldə etdiyi digər qısamüddətli investisiyalar – 25.26-cı bənd;
  • səhmlərin buraxılması ilə mühasibat uçotu subyektinin əldə etdiyi investisiyalar digər qısamüddətli investisiyalar meyarına uyğun gəldikdə – 25.27 bənd.

234 saylı “Digər qısamüddətli investisiyalar” hesab üzrə tənzimləmələr zamanı tətbiq edilən əsas beynəlxalq standart İFRS 9 – “Maliyyə Alətləri” standartıdır. Bu standartın əsas müddəaları aşağıdakılardır:

  • maliyyə alətləri ilkin olaraq ədalətli dəyərlə tanınır;
  • sonrakı dövrdə investisiya növündən asılı olaraq ya ədalətli dəyər, ya da amortizasiya olunmuş dəyər ilə qiymətləndirilə bilər.
  • ədalətli dəyərdəki dəyişikliklər, əgər investisiya ticarət məqsədilə əldə olunubsa, mənfəət və zərər hesabatında tanınmalıdı.

Əlavə olaraq, MHBS 7: “Maliyyə alətləri: Məlumatın açıqlanması” (IFRS 7) ilə tənzimlənmə aparılır və istifadəçilərə risklərin təhlilində kömək edir.

Praktiki situasiya və mühasibat yazılışları

Belə bir nümunəyə baxaq: Müəssisə “ABC” 01.04.2025-ci il tarixində yerli bir investisiya fonduna 10000 manat dəyərində qısamüddətli investisiya yerləşdirmişdir. İyun ayında bu investisiyadan 600 manat faiz gəliri əldə olunmuş, sentyabrda isə fondun payları 11500 manata satılmışdır. Alış, satış və onlar orasında mümkün əməliyyatlar aşağıdakı şərhdə verilib:

İzah və şərhlər

  • ilk alış (01.04.2025): investisiya qısa müddətli hesabda uçota alınır, ədalətli dəyəri – alınma dəyərinə bərabər hesab edilir (qaydaların 25.18 bəndi)
  • yenidən qiymətləndirmə (15.05.2025): ədalətli dəyər artımı (200 manat) zamanı ədalətli dəyərdən gəlir hesabına qeyd edilir (mənfəət artımı), beynəlxalq standartlara görə gəlir kimi tanınır (qaydaların 25.19 bəndi)
  • faiz gəliri (30.06.2025): dövrün sonunda əldə edilən faiz gəliri uçotda əks olunur.
  • yeni istiqraz alışı (01.07.2025): daha bir qısa müddətli investisiya alınır.
  • ədalətli dəyərin 300 manat azaldılması (15.08.2025): dəyər məcmu investisiya portfelində düşərsə, dəyər azaldığında zərər tanınır (qaydaların 25.20 -ci bəndi) , zərər mənfəət və zərər hesabatına daxil edilir
  • satış (30.09.2025): 11500 manat satışdan sonra balansdan çıxarılma (10000+200-300=9900 manat) və gəlirin (1600 manat) tanınması baş verir (qaydaların 25.22-ci bəndi)

Şərhlərə uyğun mühasibat yazılışları cədvəldə əks olunub.

Əməliyyatın adı Debet hesabı Kredit hesabı Məbləğ (AZN)
1 01.04.2025: fond paylarının alınması 234: ”Digər qısamüddətli investisiyalar” 538: “Digər qısamüddətli kreditor borcları” 10000
2 05.04.2025: fond payları üçün ödənişin həyata keçirilməsi 538: “Digər qısamüddətli kreditor borcları” 223: “Bank hesablaşma hesabları” 10000
3 15.05.2025: Ədalətli dəyər üzrə yenidən qiymətləndirmə, 200 manat artım 234: “Digər qısamüddətli investisiyalar “ 611-2: “Yenidən qiymətləndirilmədən gəlirlər” 200
4 30.06.2025:  Faiz gəliri əldə edilməsi – gəlirin tanınması 223: “Bank hesablaşma hesabları” 631-1: “Faiz gəliri” 600
5 01.07.2025:  Qısamüddətli istiqraz alışı üçün vəsait transferi – yeni investisiya əks olunur 234: ”Digər qısamüddətli investisiyalar” 223: “Bank hesablaşma hesabları” 5000
5 15.08.2025: Fond payı üzrə investisiyanın ədalətli dəyərinin   azalması 731-2: “ Yenidən qiymətləndirilmədən xərclər” 234 – “Digər qısamüddətli investisiyalar” 300
6 30.09.2025: Fond paylarının satışı 217: “Digər qısamüddətli debitor borcları” 234 – “Digər qısamüddətli investisiyalar” 9900
Aradakı 1600 manat fərq 611 — Maliyyə investisiyalarından gəlirə yazılır 217: “Digər qısamüddətli debitor borcları” 601 –“Əsas əməliyyat gəlirləri” 1600
Fond paylarının satışından daxilolma 223: “Bank hesablaşma hesabları” 217: “Digər qısamüddətli debitor borcları” 11500

İşçilərin iş yerinin və maaşın saxlanıldığı hallar

posted in: Xəbər | 0

İşçilərin iş yerinin və orta əməkhaqqının saxlandığı hallara dəyişiklik ediləcək.

Məsələ Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Mövcud qanunvericiliyə görə, hərbi mükəlləfiyyətlə bağlı vəzifələrin yerinə yetirilməsi üçün hərbi və xüsusi toplanışlara və səlahiyyətləri daxilində hərbi komissarlıqların cəlb etdiyi digər hərbi tədbirlərdə iştirak etdikdə, habelə hərbi nəqliyyat vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar ezam olunduqda işçinin iş yeri və orta əmək haqqı saxlanılır.

Layihəyə əsasən, hərbi mükəlləfiyyətlə bağlı vəzifələrin yerinə yetirilməsi üçün hərbi təlim, yoxlama, xüsusi toplanışlarda və fəaliyyət istiqamətlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) cəlb etdiyi digər tədbirlərdə (hərbi qeydiyyat, xüsusi hərbi ixtisaslar üzrə hazırlıq, çağırışçıların tibbi müayinəsi, hərbi vəziyyət rejiminin təmin edilməsinə yönəldilmiş tədbirlər və s.) iştirak etdikdə, habelə hərbi nəqliyyat vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar ezam olunduqda işçinin iş yeri və orta əməkhaqqı saxlanılacaq.

Mənbə: banker.az

Natamam iş günü üçün tam maaş ödənişi

Natamam iş günü üçün tam maaş ödənişi

posted in: Xəbər | 0

Qanunvericilikdə natamam iş vaxtı anlayışı təkmilləşdiriləcək.

Bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin dekabrın 3-də keçirilən onlayn iclasında müzakirə olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Mövcud qanunvericiliyə görə, natamam iş vaxtı əməyin ödənilməsi ya əmək funksiyasının icrasına sərf olunan vaxta mütənasib, ya da tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilir.

Layihəyə əsasən, işəgötürən vakant vəzifə (peşə) yarandıqda və əvvəllər natamam iş vaxtını yaradan zəruri amillər dəyişdikdə natamam iş vaxtında çalışan işçinin tam iş vaxtında çalışması üçün tədbir görməli olacaq.

Mövcud qanunvericiliyə görə, Əmək Məcəlləsində nəzərdə tutulan qaydada natamam iş günü və ya natamam iş həftəsi ilə işləyən işçilərə əmək haqqı işə sərf edilmiş vaxta mütənasib və ya görülən işin faktik hasilatına görə ödənilir.

Layihəyə əsasən, həmin işçilərə əmək haqqı eləcə də tərəflərin razılığı ilə tam məbləğdə ödəniləcək.

Mənbə: banker.az

ƏDV qeydiyyat limiti artırılır

ƏDV qeydiyyat limiti artırılır

posted in: Xəbər | 0

“Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında” Qanun layihəsi Milli Məclisdə üçüncü oxunuşda qəbul edilib. Dəyişikliklər çərçivəsində nağdsız əməliyyatların stimullaşdırılması, şəffaflığın təmin edilməsi istiqamətində atılan növbəti addımlardan biri də “kölgə iqtisadiyyatı”nın xarakterik olduğu biznes – əhali münasibətlərində belə əməliyyatların təşviq edilməsidir. Belə ki, vergi qanunvericiliyinə görə, ardıcıl 12 aylıq dövr ərzində vergi tutulan əməliyyatlarının həcmi 200 min manatdan çox olan vergi ödəyiciləri məcburi qaydada ƏDV qeydiyyatına alınmalıdırlar. 2026-cı ildən etibarən pərakəndə ticarət və əhaliyə xidmət sahələrində ƏDV qeydiyyat limitinin POS-terminal vasitəsilə nağdsız qaydada aparılan əməliyyatlar nəzərə alınmaqla iki dəfə – 200 min manatdan 400 min manata qədər artırılması nəzərdə tutulur.

Nümunə 1.

Pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ardıcıl 12 aylıq dövr ərzində POS-terminal vasitəsilə nağdsız qaydada aparılan əməliyyatlar üzrə 250 min manat, nağd qaydada aparılan əməliyyatlar üzrə isə 50 min manat məbləğində dövriyyəsi formalaşıb. Fərdi sahibkarın ardıcıl 12 ay üzrə ümumi dövriyyəsi 300 min manat olsa da, təklif edilən dəyişikliyə görə, POS-terminal vasitəsilə nağdsız qaydada aparılan əməliyyatlar 50% nisbətində nəzərə alındığı üçün ƏDV məqsədləri üçün hesablanan dövriyyə 175 min manat məbləğində müəyyən ediləcək. Bu halda, vergi tutulan dövriyyə məbləği məcburi ƏDV qeydiyyat həddi olan 200 min manatdan aşağı olduğu üçün fərdi sahibkarın ƏDV məqsədləri üçün qeydiyyata alınmaq öhdəliyi yaranmır.

Nümunə 2.

Vətəndaşlara hüquq xidməti göstərən şirkət ardıcıl 12 aylıq dövr ərzində yalnız POS-terminal vasitəsilə nağdsız satış əməliyyatları həyata keçirib və şirkətin həmin əməliyyatlar üzrə 400 min manat məbləğində dövriyyəsi formalaşıb. Fərdi sahibkarın ardıcıl 12 ay üzrə ümumi dövriyyəsi 400 min manat olsa da, Vergi Məcəlləsinə nəzərdə tutulan dəyişikliyə uyğun olaraq, POS-terminal vasitəsilə nağdsız qaydada aparılan əməliyyatlar nəticəsində ƏDV məqsədləri üçün hesablanan dövriyyə 200 min manat məbləğində müəyyən ediləcək. Bu halda, vergi tutulan dövriyyə məbləği məcburi ƏDV qeydiyyat həddi olan 200.000 manatı keçmədiyi üçün fərdi sahibkarın ƏDV məqsədləri üçün qeydiyyata alınmaq öhdəliyi yaranmır.

Nümunə 3.

Vətəndaşlara tərcümə xidməti göstərən fərdi sahibkarın ardıcıl 12 aylıq dövr ərzində nağdsız qaydada POS-terminal vasitəsilə həyata keçirdiyi əməliyyatlar üzrə 250 min manat, nağd qaydada aparılan əməliyyatlar üzrə isə 100 min manat məbləğində dövriyyəsi formalaşıb. Fərdi sahibkarın ardıcıl 12 ay üzrə ümumi dövriyyəsi 350.000 manat olsa da, Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, POS-terminal vasitəsilə nağdsız qaydada aparılan əməliyyatlar nəticəsində ƏDV məqsədləri üçün hesablanan dövriyyə 225.000 manat məbləğində müəyyən ediləcək. Bu halda vergi tutulan dövriyyə məbləği məcburi ƏDV qeydiyyat həddi olan 200.000 manatı keçdiyi üçün fərdi sahibkar məcburi qaydada ƏDV qeydiyyatına alınmalıdır.

1 92 93 94 95 96 97 98 2. 693