Müasir iqtisadi mühitdə müəssisələrin maliyyə vəziyyətinin dəqiq və şəffaf əks olunması üçün ehtiyatların dəyərinin qiymətləndirilməsi və bu dəyərin dəyişməsi hallarının vaxtında mühasibat hesabatlarında qeyd olunması vacibdir. Ehtiyatların bazar dəyəri azaldıqda, mühasibat prinsiplərinə uyğun olaraq müvafiq düzəlişlər edilməklə tənzimləmə aparılmalıdır. Bu baxımdan, 208 saylı “Ehtiyatların dəyərinin azalmasına görə düzəlişlər” hesabı tənzimləmə prosesinin idarə olunmasında mühüm rol oynayır.
Ehtiyatların mühasibat uçotu
Ehtiyatlar dedikdə müəssisənin normal iqtisadi fəaliyyəti çərçivəsində istifadə edilən, satılan və ya istehsalatda istifadə olunan aktivlər nəzərdə tutulur. Bu aktivlərə xammal, materiallar, bitməmiş istehsal, hazır məhsullar, ehtiyat hissələri və s. daxildir. Bu aktivlərin dövriyyə müddəti, əsasən 12 aydan azdır, qısamüddətli aktivlər qrupuna aiddir.
Mühasibat prinsiplərinə görə ehtiyatlar ilk olaraq maya dəyərinə nəzərə alınır. Lakin bəzi hallarda ehtiyatların bazar qiyməti dəyişir və bu zaman dəyər azalması müşahidə olunur. Bu halda aktivlərin dəyəri yenidən qiymətləndirilməli və ədalətli dəyər prinsipinə əsasən düzəlişlər edilməlidir.
Ehtiyatların uçotu Hesablar Planının 20-ci maddəsinə aid olan hesablar üzrə aparılır.
“Ehtiyatlar” bölməsinə aid olan hesablar
AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”-na görə “Ehtiyatlar” maddəsinə 208 saylı “Ehtiyatların dəyərinin azalmasına görə düzəlişlər” hesabı ilə yanaşı digər aşağıdakı hesablar da aiddir:
- 201-ci hesab: “Material ehtiyatları”;
- 202-ci hesab: “İstehsalat (iş və xidmət) məsrəfləri”;
- 203-ci hesab: “Tikinti müqavilələri üzrə məsrəflər;
- 204-ci hesab: “Hazır məhsul”;
- 205-ci hesab: “Mallar”;
- 206-cı hesab: “Satış məqsədi ilə saxlanılan digər aktivlər”;
- 207-ci hesab: “Digər ehtiyatlar”;
Hesablar Planının 20-ci “Ehtiyatlar” maddəsinin ayrı-ayrı hesabları üzrə Qaydaların 7-ci fəslinin 22-ci bölməsinin müvafiq maddələrinə uyğun subhesablar açılır.
Ehtiyatların dəyərinin azalması səbəbləri
Ehtiyatların dəyərinin azalması bir neçə obyektiv amillərlə əlaqədədir:
- bazar qiymətlərinin aşağı düşməsi;
- ehtiyatların istifadə tarixinə yaxınlaşması (müddətin bitməsi);
- fiziki zədələnmə, korlanma, istifadəyə yararsız hala düşməsi
- texnoloji köhnəlmə
- müəyyən çəkidə planların dəyişməsi və ya istehsalatdan çıxarılması
Mühasibat uçotunda dəyərin belə azalması dəyərsizləşmə üçün ehtiyatın yaradılması yolu ilə əks olunur.
208 saylı hesabın məzmunu və funksiyası
208 saylı “Ehtiyatların dəyərinin azalmasına görə düzəlişlər” hesabı ehtiyatlardakı dəyər azalmaların qeydə almaq üçün istifadə olunan qiymət dəyişimi hesabıdır
2 saylı “Ehtiyatlar” MUBS-a (IAS2) görə ehtiyatlar mövcud olan iki dəyərdən ən aşağı olanı ilə qiymətləndirilir. Mövcud olan dəyər dedikdə bunlar nəzərdə tutulur:
- ilkin dəyər;
- mümkün xalis dəyər.
Ehtiyatların ilkin dəyərinə alış qiyməti, gömrük idxal rüsumları və digər vergilər (vergi orqanları tərəfindən müəssisəyə sonradan əvəzləşdirilən vergilər istisna olmaqla), daşınma, boşaldılma və hazır məhsulların, xammal-materialların və xidmətlərin əldə edilməsi ilə birbaşa bağlı olan digər məsrəflər daxildir.
208 saylı hesab passiv hesabdır, ehtiyatlarının dəyərinin azalmasına görə düzəlişlərin hərəkəti haqqında ümumiləşdirilmiş məlumatları əks etdirir.
“Ehtiyatların dəyərinin azalmasına görə düzəlişlər” hesab üzrə tənzimləmələr
Bu hesab üzrə mühasibat uçotu subyektləri tənzimləmələr yuxarıda qeyd edilən qaydaların bəndləri əsasında aparılır:
- balans dəyərinin mümkün xalis satış dəyərinədək hər hansı azalma məbləği və ehtiyatlar üzrə bütün itkilər – 22.33-cü bənd;
- istifadə edilməmiş ehtiyatlarının sonrakı dövrlərdə mümkün xalis satış dəyəri onların ilkin dəyərindən artıq olduqda – 22.34-ci bənd;
- ehtiyatlar torpaq, tikili və avadanlıqlar kimi təsnifləşdirildikdə, onların dəyərinin azalmasına görə düzəlişlər mövcud olduqda – 22.43-ci bənd;
- silinmə zamanı onların dəyərinin azalmasına görə düzəlişlər – 22.44-cü bənd;
- hazır məhsulun, malların və satış məqsədi ilə saxlanılan digər aktivlərin satılması və ya əvəzsiz verilməsi zamanı – 22.44-cü bənd;
- istehsalat (xidmət) məsrəflərinə silinən material ehtiyatlarının və digər ehtiyatların dəyərinin azalmasına görə düzəlişlər mövcud olduqda – 22.47-ci bənd;
- tikinti müqavilələri üzrə məsrəflərə silinən material ehtiyatlarının və digər ehtiyatların dəyərinin azalmasına görə düzəlişlər mövcud olduğu hallarda – 22.52-ci bənd;
- hazır məhsullar satıldıqda onların dəyərinin azalmasına görə düzəlişlər mövcud olarsa – 22.54-ci bənd;
- ehtiyatlarda əskik gəlmələr və itkilər zamanı – 22.55 və 22.56-cı bəndlər.
208 saylı “Ehtiyatların dəyərinin azalmasına görə düzəlişlər” hesab üzrə tənzimləmələr zamanı yuxarıda qeyd edilən IAS2 beynəlxalq standartın tələbləri nəzərə alınır.
Müxabirləşmə nümunəsi
“ABC” MMC “XYZ” MMC-ilə material ehtiyatlarının alınması üçün 10000 manat məbləğində müqavilə bağlayıb. Material ehtiyatları müqavilə şərtlərinə uyğun olaraq alınır və “ABC” MMC-nin anbarına mədaxil edilir. Bundan sonra həmin ehtiyatların dəyəri hər iki tərəfin razılığı ilə (fərz edək ki, bazar qiyməti aşağı düşüb yaxud digər səbəbdən) 1000 manat azaldılır. Bu o deməkdir ki, “ABC” MMC-nin “XYZ” MMC-yə olan kreditor borcu da azalır.
Aşağıdakı cədvəldə uyğun müxabirləşmələr verilib:
| № | Əməliyyatın adı | Debet hesabı | Kredit hesabı | Məbləğ (AZN) |
| 1 | Alınmış material ehtiyatları uçota alınır | 201: ”Material ehtiyatları” | 531: “Malsatan və podratçılara qısamüddətli krditor borcları” | 10000 |
| 2 | Alış zamanı hesablanmış ƏDV | 241-1: “Əvəzləşdirilən əlavə dəyər vergisi” | 531: “Malsatan və podratçılara qısamüddətli krditor borcları” | 1800 |
| 3 | Razılaşmaya əsasən müqavilə qiymətlərində dəyişikliklər (azalma) | 208: ““Ehtiyatların dəyərinin azalmasına görə düzəlişlər” | 201: ”Material ehtiyatları” | 1000 |
| 4 | Dəyişikliyə əsasən müvafiq ƏDV məbləğinə düzəliş olunur | 531: “Malsatan və podratçılara qısamüddətli krditor borcları” | 241-1: Əvəzləşdirilən əlavə dəyər vergisi” | 1800 |
| 5 | Material ehtiyatlarının dəyərinin azaldığına görə borc uyun məbləğ qədər azaldılır | 531: “Malsatan və podratçılara qısamüddətli krditor borcları” | 208: ““Ehtiyatların dəyərinin azalmasına görə düzəlişlər” | 1000 |
| 6 | Müəssisə kredit borccunu ödəyib | 531: “Malsatan və podratçılara qısamüddətli krditor borcları” | 223: “Bank hesablaşma hesabı” | 9000 |
| 7 | ƏDV borcu ödənilib | 531: “Malsatan və podratçılara qısamüddətli krditor borcları” | 226:”ƏDV depozit hesabı” | 1620 |
| 8 | Ödənilən ƏDV büdcə ilə əvəzləşdirilir | 521: “Vergi öhdəlikləri” | 241-1: “Əvəzləşdirilən əlavə dəyər vergisi” | 1620 |
