İcbari ödənişlər
Mühasib olaraq ən çox rastlaşdığımız məsələlərdən biri işçilərin əməkhaqqından tutulmalardır. İcbari ödənişlər istisna olmaqla əməkhaqqından yalnız işçinin yazılı razılığı ilə, yaxud qanunvericiliklə nəzərdə tutulan icra sənədlərinə əsasən tutulmalar edilə bilər (Əmək Məcəlləsi, maddə 175).
Məcəllənin 175.2-ci maddəsinə görə icbari ödənişlərə vergilər, sosial sığorta haqları və digər icbari ödəmələr aid edilir. Sosial sığorta haqlarına nümunə kimi bunları göstərmək olar:
- məcburi dövlət sosial sığorta haqqı;
- icbari tibbi sığorta ödənişləri;
- ışsizlikdən sığorta.
İcbari ödənişlərin tutulma qaydaları uyğun qanunvericilik aktları ilə tənzimlənir. Əməkhaqqından tutulmalar üzrə mühasibat uçotu üçün Hesablar Planında bir sıra hesablar nəzərdə tutulub. “Qısamüddətli öhdəliklər” bölməsinin 52-ci maddəsi vergi və sair məcburi ödənişlər üzrə uçotun aparılmasın tənzimləyir. İcbari ödənişlərə görə öhdəliklər işçilərə əməkhaqqı hesablanması, habelə sosial müavinətlər təyin edilərkən yaranır.
Qanunvericilik
Mühasib olaraq siz, öz işinizdə, mühasibat uçotu haqqında mövcud qanunvericilik, mühasibat uçotu və maliyyə hesabatları ilə bağlı beynəlxalq standartlardan istifadə edirsiniz. Amma mühasibat uçotunun aparılması üçün bunlar kifayət deyil. Paralel olaraq digər qanunvericilik aktları ilə də tanış olmalısınız, əks təqdirdə müəyyən maliyyə itkiləri ilə rastlaşa bilərsiniz.
İşçilərin əməkhaqqından tutulmalar üzrə tənzimləyici sənədlər belə qanunvericilik aktlarındandır.
Məsələn, mövcud qanunvericiliyə əsasən işçilərin əməkhaqqından tutulmalar maaş hesablaşmaları ilə eyni vaxtda aparılmalıdır. Qanunvericilik tutulmaların büdcəyə ödənilməsini ən geci növbəti ayın 15-inə kimi icra edilməsin tələb edir.
Qanunvericiliyin müddəalarını bilməmək əlavə faizlər, penyalar, həmçinin bir sıra hallarda maliyyə sanksiyası və cərimələrə səbəb ola bilər. Mühasib bu işlər üçün məsul vəzifəli şəxs hesab edilir, eyni zamanda tam maddi məsuliyyətlə bağlı müqavilə əsasında tam məsuliyyət daşıyır.
Vergi ödənişləri üzrə ödəniş müddətləri AR Vergi Məcəlləsi ilə müəyyən edilib.
Əməkhaqqından tutulmalar üzrə uçot
Vergi öhdəlikləri hesablar planında 521 saylı “Vergi öhdəlikləri” adlı hesabda uçota alınır, belə ki, bu cür öhdəlik mahiyyətcə qısamüddətli öhdəlikdir. Mənfəət vergisinə görə mühasibat uçotu məqsədləri üçün xərcin uçotu 901-ci hesabda aparılır.
Ayrı-ayrı vergi növləri üzrə (ƏDV, mənfəət, əmlak və s.) uçotun aparılması üçün 521-ci hesaba subhesablar açmaq olar. Məsələn, işçilərin əməkhaqqından tutulmalar hesablanarkən vergilərin mühasibat uçotu üçün 521-2 “Vergi öhdəlikləri – gəlir vergisi” adlı subhesab açmaq olar.
İşçilərin əməkhaqqından tutulan, habelə əməkhaqqı fonduna görə işəgötürənin qanunla müəyyən edilmiş məcburi dövlət sosial sığorta haqları üzrə ödənişlərin uçotu 522 saylı “Sosial sığorta və təminat üzrə ödənişlər” adlı hesabda uçota alınır.
İşsizlikdən sığorta, icbari tibbi sığorta haqları, habelə əməkhaqqı fonduna görə qanunla müəyyən edilmiş işəgötürənin ödəməli olduğu icbari ödənişlərin (məsələn, həmkarlar təşkilatının üzvülük haqqı) mühasibat uçotu 523 saylı “Digər məcburi ödənişlər üzrə öhdəliklər” hesabında aparılır.
Digər məcburi tutulmalar
Məhkəmə qərarının məcburi icrası üçün işçinin əməkhaqqından tutulmalar həyata keçirilə bilər. Əməkdaşların gəlirlərinə yönəldilmiş məhkəmə qərarlarının təmin edilməsi üçün icra məmurlarının təqdim etdiyi qərarlar qanunvericiliyə uyğun yerinə yetirilməli, mövcud tələblə əməkdaşa məlumat verilməlidir.
Təcrübədə adətən belə hallar şirkət əməkdaşının digər təşkilatlara olan kredit borcları, yaxud ödəməli olduğu aliment səbəbindən qaynaqlanır. Bununla bağlı müəssisə mühasibatlığı icra sənədi ilə tanış edilməlidir. Diqqətinizə çatdıraq ki, icra ödənişlərinə görə tutulma şirkətdə işçiyə verilən əməkhaqqının (bunu bəzən net əməkhaqqı da adlandırırlar) 50%-indən çox olmamalıdır (ƏM, maddə 176).
Hesablama nümunəsi
Neft-qaz sektorunda fəaliyyəti olan sayılan “X” MMC-də çalışan şəxsin əmək müqaviləsi üzrə maaşı 850 manatdır. İcra şöbəsindən təşkilata banka olan kredit borcuna əsasən işçinin maaşından 50% tutularaq müvafiq rekvizitə ödənilməsi tələbi yönəldilib.
“X” MMC-nin mühasibatlıq şöbəsi hesablamanı aşağıdakı formada həyata keçirməlidir:
Gəlir vergisi: (850-200)x14% =91 manat
MDSS (3%): 850×3% = 25,50 manat;
İşsizlikdən sığorta (0.5%) : 850 x0,5 = 4,25 azn;
İcbari tibbi sığorta (2%): 850 x 2% = 17 azn;
İşçiyə çatan net əməkhaqqı: 850 – 91 – 25.5 – 4.25 – 17 = 712.25 man;
İcra sənədi üzrə tutulmalı olan məbləğ: 712.25 x 50% = 356.13 man .
Sual yarana bilər ki, işçinin əməkhaqqından tutulma edərkən mühasibatlıq şöbəsi işçinin yazılı razılığını almalıdırmı?
Əmək qanunvericiliyidə işçilərin əməkhaqqından tutulmalar işçinin razılığı ilə və belə razılıq olmadan tutulma kimi iki yerə ayrılır. Məhkəmə qərarına əsasən yuxarıdakı nümunə üzrə qeyd etdiyimiz tutulmalar işçinin razılığı alınmadan, hətta müəssisə rəhbərinin qərarı olmadan edilə bilər.
