Müəllif: Cəmil Əsədov / accounting.az saytının redaktoru
506 saylı hesabın mahiyyəti və tətbiqi sahəsi
506 saylı mühasibat uçotu hesabı — törəmə və ya asılı müəssisələrə yönəlmiş, faiz xərci ilə müşayiət olunan qısamüddətli maliyyə öhdəliklərinin uçotu üçün nəzərdə tutulan xüsusi hesabdır. Faiz xərcləri yaradan öhdəliklər, əsasən, kreditor borclar, vergi borcları, qısamüddətli kreditlər, borc müqavilələri və digər oxşar maliyyə alətləri vasitəsilə yaranır. Onların xarakterik xüsusiyyəti odur ki, belə öhdəliklər üzrə maliyyələşmə faizə əsaslanır və ödəmə müddəti, bir qayda, olaraq 12 aydan artıq olmur.
506 saylı “Törəmə (asılı) müəssisələrə qısamüddətli faiz xərcləri yaradan öhdəliklər” hesabı yalnız müəssisənin törəmə və ya asılı təsərrüfat subyektləri ilə olan qarşılıqlı borc münasibətlərinin uçotu zamanı tətbiq olunur. Bu baxımdan hesabın funksiyası təkcə borcun qeydiyyatı ilə məhdudlaşmır – həm də onun əlaqəli tərəf öhdəliyi kimi tanınması, maliyyə hesabatlarında şəffaflığın artırılmasına xidmət edir. Belə öhdəliklərin açıqlanması beynəlxalq maliyyə hesabatı standartlarının (BMHS/IFRS) tələblərinə uyğun olaraq, investorlar və digər maraqlı tərəflər üçün əhəmiyyətli informasiya daşıyıcısıdır.
Mövzuya daha dərindən yanaşmaq üçün gəlin əvvəlcə 506 saylı “Törəmə (asılı) müəssisələrə qısamüddətli faiz xərcləri yaradan öhdəliklər” hesabının tətbiqi ilə bağlı əsas anlayışları Beynəlxalq Mühasibat Uçotu Standartları (BMUS/IAS) kontekstində nəzərdən keçirək.
Törəmə müəssisə (subsidiary) nədir?
Törəmə müəssisə – ana şirkətin tam və ya nəzarət səviyyəsində sahib olduğu müəssisədir. Əsas meyar – nəzarətdir. Ana şirkət törəmə müəssisənin maliyyə və idarəetmə qərarlarına birbaşa təsir edir. Bu nəzarət, adətən:
- səhm və ya səsvermə hüququnun >50%-nə sahib olmaqla;
- rəhbərliyi təyin etməklə;
- gəlir və aktivlərə dominant nəzarətlə ifadə olunur;
Mənbə: IFRS 10 – “Birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları”
Asılı müəssisələr (associate) hansılardır?
Asılı müəssisə – ana şirkətin nəzarət etmədiyi, lakin əhəmiyyətli təsirə malik olduğu müəssisədir. Ən çox rast gəlinən hal kimi bir şirkət digərinin səhm və ya səsvermə hüququnun 20 – 50%–nə sahibliyini nümunə göstərmək olar.
Mənbə: IAS 28 – “Asılı müəssisələrə və birgə müəssisələrə investisiyalar”
Əhəmiyyətli təsir (significant influence) necə müəyyən olunur?
506 saylı “Törəmə (asılı) müəssisələrə qısamüddətli faiz xərcləri yaradan öhdəliklər” hesabında uçot zamanı əhəmiyyətli təsiri müəyyən etmək üçün (asılı, törəmə yaxud birgə müəssisə olduğunu bilmək məqsədi ilə) bir sıra amillər nəzərə alınmalıdır.
Əhəmiyyətli təsir – bir şirkətin digərinin siyasət və qərarlarına təsir edə bilməsidir. Bu nəzarət deyil, amma təsir hüququ var. Təsir aşağıdakı formada reallaşa bilər:
- direktorlar şurasında iştirak;
- qərarvermə prosesində söz haqqı;,
- 20%-dən çox səhm payı.
Mənbə: IAS 28 və IFRS 12 – “Digər müəssisələrdə iştirak paylarının açıqlanması”
Uzunmüddətli və qısamüddətli öhdəliklər
Müəssisənin borc öhdəlikləri müddətinə görə iki qrupa ayrılır:
- qısamüddətli öhdəliklər 12 ay və ya daha az müddətdə ödənilməsi nəzərdə tutulan borclardır;
- uzunmüddətli öhdəliklər isə 1 ildən artıq müddətə sahib olan maliyyə öhdəliklərini əhatə edir (məsələn: uzunmüddətli kreditlər, istiqraz borcları).
Bu təsnifat maliyyə hesabatlarında likvidlik və ödəmə qabiliyyəti barədə şəffaf informasiya verir. Beynəlxalq standartlara görə, öhdəliklərin düzgün müddətə görə ayrılması maliyyə analizində mühüm rol oynayır.
Milli qanunvericilikdə 506 saylı hesabın mövqeyi
Hesabın mahiyyəti və təyinatı “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının qanunu, habelə AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” ilə müəyyən edilib. Qaydaların 40.30-cü bəndi hesabın mahiyyətini izah edir: “506 №li “Törəmə (asılı) müəssisələrə qısamüddətli faiz xərcləri yaradan öhdəliklər” hesabında mühasibat uçotu subyektinin törəmə və ya asılı müəssisələrindən faiz xərcləri yaradan borclar aldığı zaman, hesabat tarixindən sonra 12 ay ərzində ödənilməli olan borclar barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir.”
Bu hesab yuxarıda qeyd edilən qaydalarla müəyyən edilmiş hesablar planının 5-ci “Qısamüddətli öhdəliklər” bölməsində əks olunur və faiz xərcləri və əsas borc ayrı-ayrılıqda uçota alınmalıdır.
Hesab aşağıdakı uçot hesabları ilə birgə 50-cı “Qısamüddətli faiz xərcləri yaradan öhdəliklər” maddəsinə aiddir:
- 501 saylı hesab: “Qısamüddətli bank kreditləri”;
- 502 saylı hesab: “İşçilər üçün qısamüddətli bank kreditləri”;
- 503 saylı hesab: “Qısamüddətli konvertasiya olunan istiqrazlar”;
- 504 saylı hesab: “Qısamüddətli borclar”;
- 505 saylı hesab: “Geri alınan məhdud tədavül müddətli imtiyazlı səhmlər (qısanmüddətli)”
- 507 saylı hesab: “Digər qısqüddətli faiz xərcləri yaradan öhdəliklər”.
Törəmə və ya asılı müəssisələrindən faiz xərcləri yaradan borclar alındığı zaman, hesabat tarixindən sonra 12 aydan daha çox müddətə ödənilməli olan borclar barədə ümumiləşdirilmiş məlumatlar 407 №li “Törəmə (asılı) müəssisələrə uzunmüddətli xərcləri yaradan öhdəliklər” hesabında əks etdirilir.
506 saylı “Törəmə (asılı) müəssisələrə qısamüddətli faiz xərcləri yaradan öhdəliklər” hesabı üzrə tənzimləmələr
Hesab üzrə uçot qeydlərinin tənzimlənməsi yuxarıda qeyd edilən qaydaların 40.30-40.34 bəndləri əsasında aparılır. Tənzimləmənin mahiyyəti aşağıdakı cədvəldə verilib:
| Əməliyyatın məzmunu | Debit | Kredit |
| Törəmə (asılı) müəssisələrə qısamüddətli faiz xərcləri yaradan öhdəliklər yarandıqda (40.30) | 223 (“Bank hesablaşma hesabları”) yaxud 224 (“Tələblərə əsasən açılan digər bank hesabları”) | 506 saylı hesab |
| Öhdəlik uzunmüddətli kimi təsnifləşdirildikdə (40.30) | 506 saylı hesab | 407 saylı hesab |
| Hesab üzrə müsbət məzənnə fərqi yarandıqda (40.31) | 506 saylı hesab | 631-4: Faiz xərcləri yaradan öhdəliklər üzrə məzənnə gəliri |
| Hesab üzrə mənfi məzənnə fərqi yarandıqda (40.31) | 751-4: “Faiz xərcləri yaradan öhdəliklər üzrə məzənnə xərcləri” | 506 saylı hesab |
| Öhdəlik ödənildikdə (40.32) | 506 saylı hesab | “Pul vəsaitlri və onların ekvivalenti” bölməsinin hesabları (221, 223, 224, 225) |
| Öhdəlik üçüncü şəxs tərəfindən ödənilməsi (bənd 40.33) | 506 saylı hesab | Uzun və qısamüddətli debitor borcları- uyğun hesabları, Sair qısamüddətli aktivlər – 243, 244 saylı hesabları, 538 -“Digər qısamüddətli kreditor borcları” və 545 -“Digər qısamüddətli öhdəliklər” hesabları |
| Öhdəliyin bağışlanılması və ya qanunvericiliyə uyğun silinməsi | 506 saylı hesab | 631-5 saylı “Digər maliyyə gəlirləri” hesabı |
Praktik müxabirləşmə nümunəsi
“ABC” öz törəmə (asılı) müəssisəsindən ilin əvvəlində bir il müddətinə illik 8 faizlə 10000 manat borc alıb. Noyabr ayının sonunda borcun 5000 manatı qaytarılır, 4000 manatı uzunmüddətli kimi təsnif edilir (bağlanmış borc müqaviləsi), 1000 manat borc isə bağışlanıb. Mühasibat yazılışları aşağıdakı cədvəldə verilib.
| Əməliyyatın məzmunu | Debit | Kredit | Məbləğ (manatla) |
| Törəmə müəssisədən qısamüddətli borc götürülüb | 223: “Bank hesablaşma hesabları” | 506 saylı hesab | 10 000 |
| Noyabr ayında borcun bir hissəsi qaytarılır. | 506 saylı hesab | 223: “Bank hesablaşma hesabları” | 5 000 |
| Bor üçün faiz hesablanır ((10000*8%/12)*11) | 751: “Maliyyə xərcləri” | 537: “Faizlər üzrə qısamüddətli borclar” | 733 |
| Faiz borcu ödənilir | 537: “Faizlər üzrə qısamüddətli borclar” | 223: “Bank hesablaşma hesabları” | 733 |
| Öhdəlik borc müqaviləsinə əsasən uzunmüddətli kimi təsnif edilir | 506 saylı hesab | 407 saylı hesab | 4000 |
| Bağışlanmış borc gəlirə aid edilir | 506 saylı hesab | 631-5 “Digər maliyyə gəlirləri” hesabı | 1000 |
| İlin sonunda faiz xərcləri mənfəətlə bağlanır | 801: “Ümumi mənfəət (zərər) | 751: “Maliyyə xərcləri” | 733 |
| İlin sonunda gəlir mənfəətə aid edilir | 631-5 “Digər maliyyə gəlirləri” hesabı | 801: “Ümumi mənfəət (zərər) | 1000 |
506 saylı “Törəmə (asılı) müəssisələrə qısamüddətli faiz xərcləri yaradan öhdəliklər” hesabı mühasibat uçotunun həm milli, həm də beynəlxalq səviyyədə mühüm elementidir. Törəmə müəssisələrlə əlaqəli borcların düzgün sənədləşdirilməsi, vaxtında uçota alınması və doğru açıqlanması müəssisənin maliyyə şəffaflığına və audit proseslərinə birbaşa təsir edir.
