Hesabın təyinatı
176 saylı “Faizlər üzrə uzunmüddətli debitor borcları” hesabı üzər uçot AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” ilə tənzimlənir. Həmin qaydaların 18.8 bəndinə görə bu hesab “mühasibat uçotu subyekti tərəfindən verilmiş borclara, kreditlərə görə hesablanmış faizlər üzrə borcalanların ödəməli olduqları uzunmüddətli debitor borcların hərəkəti haqqında ümumiləşdirilmiş məlumatları” əks etdirmək üçün nəzərdə tutulub.
Bu o deməkdir ki, əgər biz:
- kiməsə borc yaxud kredit vermişiksə və həmin borcdan faiz gəliri əldə ediriksə;
- amma bu faizlərin ödənilməsi 12 aydan artıq müddətdə gözlənilirsə həmin məbləğlər bu hesabda qeydə alınır.
Beləliklə, 176 saylı “Faizlər üzrə uzunmüddətli debitor borcları” hesabının əsas təyinatı müəssisənin uzunmüddətli maliyyə aktivlərinin tərkibindəki faizlərdən yaranan gələcək pul daxilolmalarını düzgün şəkildə uçota almaq və hesabatlarda əks etdirməkdir.
176-cı hesabın digər uzunmüddətli debitor borcları hesabları ilə əlaqəsi
Hesablar Planının 17-ci maddəsində əks etdirilən “Uzunmüddətli debitor borcları” maddəsi hesabat tarixindən sonra 12 aydan artıq müddətdə ödənilməsi gözlənilən debitor borclar barədə məlumatları ümumiləşdirmək üçün nəzərdə tutulub. 176 saylı hesab həmin maddəyə daxil olan hesablardan biridir. Digər hesablar bunlardır:
- 171 saylı “Alıcılar və sifarişçilərin uzunmüddətli debitor borcları”;
- 172 “Törəmə (asılı) müəssisələrin uzunmüddətli debitor borcları”
- 173 “Əsas idarəetmə heyətinin uzunmüddətli debitor borcları”
- 174 “İcarə üzrə uzunmüddətli debitor borcları” !
- 175 “Tikinti müqavilələri üzrə uzunmüddətli debitor borcları”
- 177 “Digər uzunmüddətli debitor borcları”
Bu hesabların hər biri uzunmüddətli debitor borclarının müxtəlif növlərini əks etdirir və müəssisənin maliyyə vəziyyətini dolğun şəkildə əks etdirmək üçün vacibdir.
“Faizlər üzrə uzunmüddətli debitor borcları” hesabında uçotun tənzimlənməsi
176-cı hesab üzrə mühasibat yazılışları zamanı yuxarıda qeyd edilən Qaydaların aşağıdakı bəndlərinin tələbləri nəzərə alınır:
- hesabat dövrü ərzində mühasibat uçotu subyekti tərəfindən verilmiş borclara, kreditlərə görə hesablanmış faizlər üzrə – 18.10-ci bənd;
- uzunmüddətli debitor borclarının ödənilməsi gözlənilən hissəsi qısamüddətli debitor borclarına aid edildikdə – 18.14-ci bənd;
- əvvəllər ümidsiz borc kimi silinmiş debitorların qaytarıldıqda – 18.15-ci bənd;
- şübhəli və ümidsiz borcları silindikdə – 18.17-ci bənd;
- uzunmüddətli debitor borclar üzrə məzənnə fərqləri yarandıqda – 18.20-ci bənd;
- debitor borcların müqabilində əldə edilən investisiyalar – 18.21-ci bənd.
Beynəlxalq standartlar kontekstində, 176-cı “Faizlər üzrə uzunmüddətli debitor borcları” hesabında mühasibat yazılışları, əsasən BMUS 1 -“Maliyyə Hesabatlarının Təqdimatı” (IAS 1), BMUS 39 -“Maliyyə Alətləri: Tanınma və Ölçmə” (IAS 39), BMHS 9 – “Maliyyə alətləri” (IFRS 9) ilə tənzimlənir.
Bundan başqa, əgər faiz debitor borcu xarici valyutada olarsa, BMUS 21 – “Xarici valyuta məzənnələrində dəyişikliklərin təsiri” (IAS 21) standartına uyğun olaraq, hesabat dövrünün sonunda borcun məzənnəyə uyğun olaraq yenidən qiymətləndirilməsi tələb olunur və yaranan məzənnə fərqləri mənfəət və ya zərərə tanınır.
Azərbaycanın Mühasibat uçotu subyektləri üçün Hesablar Planı, ümumilikdə beynəlxalq mühasibat standartlarına uyğunlaşdırılıb. Bu səbəbdən, 176 saylı hesabın tətbiqi və onunla bağlı mühasibat yazılışları, beynəlxalq standartların tələblərini əks etdirir.
Hesablaşma mexanizmi və mühasibat yazılışları
Hesabat dövrü ərzində müəssisə tərəfindən verilmiş borclara və kreditlərə görə hesablanmış faizlər üzrə gəlir tanınma meyarlarına uyğun olaraq hesablanmış uzunmüddətli debitor borcları aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:
- Debet: 176 “Faizlər üzrə uzunmüddətli debitor borcları” hesabı;
- Kredit: 611 “Sair əməliyyat gəlirləri” hesabının müvafiq subhesabı (611-8 “Məzənnə fərqləri üzrə gəlirlər”) yaxud 631 “Maliyyə gəlirləri” hesablarının müvafiq subhesabı (631-1 “Faiz gəlirləri”).
Misal: Tutaq ki, müəssisə XYZ şirkətinə 5 illik borc verib və bu borc üzrə hər il 1000 AZN faiz hesablanır. Bu faiz məbləği 176 saylı hesabın debetində və 631-1 “Faiz gəlirləri” hesabının kreditində əks olunacaqdır.
176-cı “Faizlər üzrə uzunmüddətli debitor borcları” hesabı üzrə müxabirləşmə nümunələri
1.Uzunmüddətli borcun ödənilmə müddəti 12 aydan azaldıqda.
Belə bir situasiyaya baxaq: “ABC” MMC 2024-cü ilin yanvar ayında bank hesabı vasitəsi ilə digər şirkətə 50 000 AZN məbləğində borc verib. Bu borcun ilkin razılaşmaya görə ödənilmə müddəti 31.03.2026-cı il idi. Lakin, 2024-cü ilin oktyabrında qarşı tərəflə əldə olunan razılığa əsasən, bu borcun 01.12.2024-ci il tarixinə qədər ödənilməsi qərarlaşdırılıb. Verilən borca görə qarşı tərəfdən 1 000 AZN faiz gəliri alınacaq. Bu əməliyyatlarla bağlı olaraq “ABC” MMC-nin mühasibatlığında aparılan mühasibat yazılışları aşağıdakı cədvəldə verilib.
Tarix | Əməliyyatın Təsviri | Debet Hesabı | Kredit Hesabı | Məbləğ (AZN) |
Yanvar 2024 | Borcun verilməsi və uzunmüddətli borc kimi tanınması | 182 “Verilmiş uzunmüddətli borclar” | 223 “Bank hesablaşma hesabı” | 50 000 |
2024 | Hesablanmış faiz gəlirinin tanınması | 176 “Faizlər üzrə uzunmüddətli debitor borcları” | 631-1 “Faiz gəlirləri” | 1 000 |
Oktyabr 2024 | Əsas borcun uzunmüddətlidən qısamüddətliyə keçirilməsi | 217 “Digər qısamüddətli debitor borcları” | 182 “Verilmiş uzunmüddətli borclar” | 50 000 |
Oktyabr 2024 | Faiz borcunun uzunmüddətlidən qısamüddətliyə keçirilməsi | 216 “Faizlər üzrə qısamüddətli debitor borcları” | 176 “Faizlər üzrə uzunmüddətli debitor borcları” | 1 000 |
216-cı “Faizlər üzrə qısamüddətli debitor borcları” hesabı üzrə uçot haqqında buradan oxuya bilərsiniz.
2.Faizlər üzrə uzunmüddətli debitor borcların vaxtından əvvəl ödənilməsi
Uzunmüddətli faiz debitor borclarının vaxtından əvvəl ödənilməsi zamanı, ödənilən məbləğə uyğun olaraq pul vəsaitlərinin artması və faiz debitor borclarının azalması əks etdirilir. Ödəniş nağd və ya bank vasitəsilə həyata keçirilə bilər.
№ | Əməliyyatın məzmunu | Debet hesabı | Kredit hesabı | Məbləğ (AZN) |
1 | Faizlər üzrə uzunmüddətli debitor borcun ödənilməsi (bank vasitəsi ilə) | 223 – “Bank hesablaşma hesabları” | 176 “Faizlər üzrə uzunmüddətli debitor borcları” | 4 000 |
2 | Faizlər üzrə uzunmüddətli debitor borcun ödənilməsi (kassa vasitəsilə ödənildikdə, əgər müvafiq qaydalara uyğundursa) | 221 “Kassa” | 176 “Faizlər üzrə uzunmüddətli debitor borcları” | 4 000 |
Bu yazılışlar, müəssisənin aktivindəki debitor borcunun pul vəsaiti ilə əvəz olunması əks etdirilir.
Əgər qaytarılan borc əvvəllər ümidsiz borc kimi silinmişdirsə, bu halda mühasibat yazılışı aşağıdakı kimi olacaq:
№ | Əməliyyatın məzmunu | Debet hesabı | Kredit hesabı | Məbləğ (AZN) |
1 | əvvəllər ümidsiz borc kimi silinmiş debitorlar | 176 “Faizlər üzrə uzunmüddətli debitor borcları” | 611-6 “Ümidsiz borcların bərpası” | Ödənilmiş faiz məbləğinin ƏDV-siz hissəsi |
Faizlər üzrə qısamüddətli debitor borcları üzrə uçot hesablar planını 216 saylı hesabında aparılır.