216 saylı “Faizlər üzrə qısamüddətli debitor borcları” hesabı üzrə uçot

posted in: Xəbər | 0
birbank biznes

Maliyyə investisiyalarından faizlər

Müxtəlif sahələrdə fəaliyyət göstərən müəssisələrin dövriyyə kapitalı üçün lazimi vəsaitlərdən artıq olan vəsaitləri alternativ investisiya layihələrində qiymətləndirmək fürsətləri olur. Alternativ investisiya mənbələri dedikdə bina, yeni avadanlıq, torpaq,  digər uzunmüddətli maddi yaxud qeyri-maddi aktivlərin əldə olunaraq istehsal, xidmət, satış sahələrini genişləndirilməsi başa düşülür. Elə müəssisələr var ki, dövriyyə vəsaitindən artıq olan pullarını satış, xidmət, istehsal imkanlarını genişləndirmək əvəzinə riski daha az olan, faiz qazandıran sahələrə maliyyə investisiya qoyuluşunu həyata keçirilər.

Maliyyə investisiyaları dedikdə mənfəəti (faizlər, dividendlər və s.) artırmaq, kapitalın dəyərinin artım tempini yüksəltmək və investor üçün digər faydalar əldə etmək məqsədilə müəssisənin saxladığı aktivlər başa düşülür. Buna görə də, maliyyə investisiyaları ilk növbədə aktivlərdir və buna görə də onlar aktivlərin tanınması meyarlarına cavab verməlidir.

İnvestisiyaları müəssisənin balansında əks etdirmək üçün aşağıdakı şərtlər eyni zamanda yerinə yetirilməlidir:

  • maliyyə investisiyasının qiymətləndirilməsi etibarlı şəkildə müəyyən edilə bilər;
  • maliyyə sərmayəsindən gələcəkdə iqtisadi fayda əldə edilməsi gözlənilir.

Aşağıdakılar maliyyə investisiyaları kimi çıxış edə bilər:

  • səhmlər, digər korporativ hüquqlar (məsələn, müəyyən MMC-nin nizamnamə kapitalındakı paylar);
  • borc qiymətli kağızları (istiqrazlar, veksellər, və sair).

Qeyd etdiyimiz kimi hansı investisiya qoyuluşunda məqsəd onun istifadəsindən iqtisadi fayda əldə etməkdir. İqtisadi səmərə dedikdə, müəssisənin aktivlərin istifadəsindən vəsait əldə etmək imkan başa düşülür. İnvestisiyalara münasibətdə pul vəsaitlərinin daxil olması dividendlər, faizlər şəkilində ola bilər.

Faizlər üzrə debitor borclar

Digər təsərrüfat subyektləri ilə, habelə fiziki şəxslərlə hesablaşmaların aparılması bütün müəssisələrin fəaliyyətinin tərkib hissəsidir. Alıcılar və müştərilər, təchizatçılar və podratçılarla hesablaşmalar, maliyyə institutları və sosial sığorta fondları ilə, müəssisənin işçiləri və digər şəxslərlə hesablaşmalar – bütün bunlar müəssisələrin gündəlik işlərində qarşılaşdıqları hesablaşma münasibətlərinə misaldır.

Təsərrüfat subyektləri ilə digər hüquqi və fiziki şəxslər arasında təsərrüfat münasibətlərinin qurulması bir tərəfin digər tərəf qarşısında müəyyən öhdəliklərinin yaranmasını nəzərdə tutur. Üstəlik, tərəflərin qarşılıqlı öhdəliklərinin ödənilməsi çox vaxt eyni vaxtda baş vermir. Belə hallarda bir tərəf borcun ödənilməsini tələb etmək hüququna, digər tərəf isə onu ödəmək öhdəliyinə malikdir. Mühasibatlıqda bir tərəfin tələb hüququ debitor borc, qarşı tərəfin öhdəliyi isə kreditor borc adlanır.

Debitorlar dedikdə, keçmiş hadisələr nəticəsində müəssisəyə müəyyən məbləğdə pul vəsaitləri, habelə pul vəsaitlərinin ekvivalentləri şəklində borcu olan hüquqi və fiziki şəxslər başa düşülür.

Maliyyə investisiyaları üzrə debitor borclar müəssisəyə gələcək iqtisadi səmərələrin daxil olması ehtimalı olduqda və onun məbləği etibarlı şəkildə ölçülə bildikdə aktiv kimi tanınır. Mühasibat uçotu subyektlərində belə aktivlər uzunmüddətli (12 aydan çox) və qısamüddətli debitor borc kimi iki qrupa bölünür.

Faizlər üzrə uzunmüddətli debitor borcları üzrə uçot Hesablar planının eyni adlı, 176 saylı hesabı üzrə aparılır.

216 saylı aktiv hesab faizlər üzrə qısamüddətli debitor borclar üzrə əməliyyatların hərəkəti üçün nəzərdə tutulub. Hesab elə belə də adlanır: “Faizlər üzrə qısamüddətli debitor borcları”.

216 saylı hesab üzrə uçotun əsasları

Uzunmüddətli debitor borcları üzrə uçot hesabları Hesablar Planının 1-ci bölməsinin (“Uzunmüddətli aktivlər”) 17-ci (“Uzunmüddətli debitor borcları”)  maddəsinə,  qısamüddətli debitor borcları üzrə uçot hesabları isə 2-ci bölmənin (“Qısamüddətli aktivlər”) 21-ci maddəsinə (“Qısamüddətli debitor borcları”) uyğun açılır.

216 saylı “Faizlər üzrə qısamüddətli debitor borcları” hesabı 21-ci maddəyə daxil olan hesablardan biridir. AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaların” 23.1-ci maddəsinə görə “Qısamüddətli debitor borcları” maddəsi üzrə  aşağıdakı hesablar da açıla bilər.

AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”-na görə qısamüddətli aktiv kimi Əsas idarəetmə heyətinin debitor borcları 213 saylı hesabda aparılır.

Qeyd edilən Qaydaların 23.8 maddəsinə görə: “216 №li “Faizlər üzrə qısamüddətli debitor borcları” hesabında mühasibat uçotu subyekti tərəfindən verilmiş borclara və kreditlərə görə hesablanmış faizlər üçün borcalanlar tərəfindən ödənilməli olan qısamüddətli debitor borclarının hərəkəti haqqında ümumiləşdirilmiş məlumatlar göstərilir.”

“Faizlər üzrə qısamüddətli debitor borcları” hesabı üzrə tənzimləmələr

Maliyyə investisiyaları üzrə mühasibat yazılışlarının tənzimlənməsi yuxarıda qeyd edilən Qaydaların ayrı-ayrı maddələri üzrə tənzimlənir.

Hesabat dövrü ərzində mühasibat uçotu subyektinin faizlər üzrə qısamüddətli debitor borclarının uçotu üzrə müxabirləşmə Qaydaların 23.11 maddəsi ilə tənzimlənir.

Qısamüddətli debitor borclar kreditor borclarla əvəzləşdirildikdə müxabirləşmə həmin Qaydaların 23.17 maddəsi əsasında aparılır.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin və Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq ümidsiz debitor borclar silindikdə verilmiş borclar, kreditlərə görə hesablanmış faizlər üzrə mühasibat yazılışları 23.19.1 maddəsinə uyğun verilir.

Mühasibat uçotu subyekti tərəfindən əvvəllər ümidsiz borc kimi silinmiş debitorlar tərəfindən borclarının qaytarılması zamanı silinmiş debitor borc üzrə ƏDV-yə 216 saylı hesabın debeti və 611-6 saylı subhesabın krediti üzrə mühasibat yazılışı verilir (Qaydaların 23.20 maddəsi).

Qısamüddətli debitor borclar üzrə məzənnə fərqi yarandıqda tənzimləmələr üçün 23.28 maddə tətbiq olunur.

Mühasibat uçotu subyektinin debitor borclarının müqabilində əldə etdiyi investisiyalar üzrə Qaydaların 23.29-cu maddəsinə uyğun olaraq 216, saylı hesabın krediti üzrə mühasibat yazılışı verilir.

Faizlər üzrə qısamüddətli debitor borcları ilə bağlı müxabirləşmə nümunəsi

İstiqrazların alınması zamanı faiz ödənişləri nümunəsində maliyyə investisiyaları qoyuluşlardan yaranan faizlər üzrə qısamüddətli debitor borc üzrə müxabirləşmə nümunəsinə  baxaq.

Nümunə. Müəssisə  bir il müddətli, dəyəri 1000 manat olan 3% illik gəliri olan 100 ədəd istiqraz alıb. İlin sonunda istiqraz sahiblərinə faizlərin ödənişi zamanı müxabirləşmə belə olacaq.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 İstiqrazların əldə edilməsi 232 – Ödənişə qədər saxlanılan qısamüddətli investisiyalar 223 – Bank hesablaşma hesabları 100 000
2 ƏDV hesablandıqda 241 – Əvəzləşdirilən ƏDV 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 23400.00
3 Fazilərin ödənilməsi 223 Bank hesablaşma hesabları 216 Faizlər üzrə qısamüddətli debitor borcları 3 000
4 Faizlərdən olan gəlirin tanınması 216 Faizlər üzrə qısamüddətli debitor borcları 631-1 Faiz gəliri 3 000

Sadələşdirilmiş vergi ödəyiciləri kimlərdir

Print Friendly, PDF & Email