Yükdaşıma fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların ödədikləri MDSS və İTS haqqının hesablanması

posted in: Xəbər | 0

2023-cü ilin sonuna qədər yükdaşıma ilə məşğul olan şəxslər  “Fərqlənmə nişanı” almaqla fəaliyyətlərini davam etdirir və bunun üçün ödəniş edirdilər. Lakin 2024-cü ildən Vergi Məcəlləsinin 218.4.1, 220.5, 221.4 maddələrində edilən dəyişikliklərə əsasən, artıq yükdaşıma fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri əvvəlki kimi “Fərqlənmə nişanı”na görə deyil, dövriyyədən vergini hesablayıb dövlət büdcəsinə ödəməlidirlər. Bəs bu fəaliyyətlə məşğul olan fiziki şəxslər özlərinə görə ödədikləri MDSS və İTS haqqını hansı qayda əsasında hesablanmalı və ödəməlidirlər? 

Bu suala İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin təlimçisi Elvin Zaidov aydınlıq gətirir. 

Məsələni aydınlaşdırmaq üçün 2 məqama diqqət etmək lazımdır.

Birinci məqam: Yükdaşıma fəaliyyəti ilə məşğul olan fiziki şəxs muzdlu işçi cəlb etmədən fəaliyyətlə məşğul olursa, bu zaman MDSS və İTS haqqı aşağıdakı kimi hesablanacaq:

1. MDSS haqqının hesablanması

“Sosial sığorta haqqında” Qanunun 14.5.7-ci maddəsinə əsasən, fərdi qaydada (muzdlu işçi cəlb etmədən) avtomobil nəqliyyatı vasitəsilə yükdaşıma fəaliyyəti üzrə – 2026-cı il yanvarın 1-dək minimum aylıq əməkhaqqının 6 faizi miqdarında hesablanır. Qanunun 14.5.1-2-ci maddəsinə əsasən, aylıq sosial sığorta haqqının məbləği 2026-cı il yanvarın 1-dək aşağıdakı əmsallar tətbiq edilməklə müəyyən olunur:

• Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) – 2
• Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində – 1,5
• Digər şəhər və rayonlarda – 1

2. İTS haqqının hesablanması

“İcbari tibbi sığorta haqqında” Qanunun 15-10.1.3-cü maddəsinə əsasən, fərdi sahibkarlar üçün icbari tibbi sığorta haqqının məbləği minimum aylıq əməkhaqqının 4 faizi miqdarında hesablanır.

Misal 1

Vergi ödəyicisi Elmir Əzizov (ad şərtidir) Gəncə şəhərində muzdlu işçı cəlb etmədən yükdaşıma fəaliyyəti ilə məşğul olur. 2025-ci ilin 2-ci rübü üzrə onun tam fəaliyyəti olub. Elmir Əzizov 2-ci rüb üzrə aşağıdakı məbləğlərdə MDSS və İTS haqqı ödəyəcək (Nəzərə alaq ki, hazırda Azərbaycanda minimum aylıq əmək haqqı 400 manatdır):

Aylıq MDSS haqqı: (400 x 6%) x 1.5 = 36 manat;
3 aylıq MDSS haqqı: 3 x 36 = 108 manat;
Aylıq İTS haqqı: 400 x 4% = 16 manat;
3 aylıq İTS haqqı: 3 x 16 = 48 manat.

İkinci məqam: Yükdaşıma fəaliyyəti ilə məşğul olan fiziki şəxs muzdlu işçi cəlb edərək fəaliyyətlə məşğul olursa, bu zaman MDSS və İTS haqqı aşağıdakı kimi hesablanacaq:

1. MDSS haqqının hesablanması

“Sosial sığorta haqqında” Qanunun 14.5.1.maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti üzrə – 2026-cı il yanvarın 1-dək minimum aylıq əməkhaqqının 25 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı hesablanır. Həmin maddəyə əsasən, aylıq sosial sığorta haqqının məbləğinə aşağıdakı faizlər tətbiq edilməklə müəyyən olunur:

• Bakı şəhərində 100 faizi;
• Sumqayıt və Gəncə şəhərlərində 90 faizi;
• digər şəhərlərdə 80 faizi;
• rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi;
• kənd yerlərində 50 faizi miqdarında.

2. İTS haqqının hesablanması:

“İcbari tibbi sığorta haqqında” Qanunun 15-10.1.3-cü maddəsinə əsasən, sığortalı qismində çıxış edən fiziki şəxslər üçün İTS məbləği minimum aylıq əməkhaqqının 4 faizi miqdarında müəyyən edilib.

Misal 2

Lənkəran şəhərində yükdaşıma fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi Şahin Xələfovun (ad şərtidir) 3 muzdlu işçisi vardır. O, 2025-ci ilin 2-ci rübündə tam fəaliyyət göstərib. Şahin Xələfov 2-ci rüb üzrə aşağıdakı məbləğlərdə MDSS və İTS haqqı ödəyəcək (Minimum aylıq əmək haqqı 400 manat)6

Aylıq MDSS haqqı: (400 x 25%) x 80% = 80 manat;
3 aylıq MDSS haqqı: 3 x 80 = 240 manat;
Aylıq İTS haqqı: 400 x 4% = 16 manat;
3 aylıq İTS haqqı: 3 x 16 = 48 manat.

Mənbə: vergiler.az

İşsizlikdən sığorta ödənişi kimə və nə qədər verilir? ŞƏRTLƏR, QAYDALAR

122 saylı “İnvestisiya mülkiyyəti üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri” hesabı – müxabirləşmə nümunələri

posted in: Xəbər | 0

Yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri üzrə uçot hesabı

“Uzunmüddətli aktivlər” qrupuna aid olan investisiya mülkiyyəti üzrə uçot Hesablar Planının 12-ci maddəsi üzrə aparılır. 40 saylı “İnvestisiya mülkiyyəti” MUBS (IAS 40)  bu anlayışı icarə ödənişlərinin əldə edilməsi, kapitalın artırılması yaxud hər iki məqsəd üçün saxlanılan aktiv kimi şərh edir.

İnvestisiya mülkiyyəti üzrə subhesabların açılması, müxabirləşmələrin verilməsi AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” ilə tənzimlənir.

Bu qaydalara əsasən Hesablara Planının 122 saylı hesabında həmin aktivlərin amortizasiyasının və qiymətdən düşmə zərərlərinin uçotu aparılır. Amortizasiya normaları Vergi Məcəlləsinin 114 -cü maddəsinə əsasən müəyyən edilir.

“122 saylı “İnvestisiya mülkiyyəti üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri” hesabı üzrə uçot” adlı məqalədə uçotun əsas prinsipləri ilə tanış olmaq olar.

Müxtəlif hallar üçün müxabirləşmə nümunələri aşağıda verilib.

İnvestisiya mülkiyyəti haqqı ödənilməklə digər müəssisələrdən əldə edildikdə amortizasiya

Nümunə 1: “A” MMC digər “F” MMC-dən dəyəri 128 000 manat olan investisiya mülkiyyəti kimi istifadə etmək məqsədilə bina əldə etmişdir. Tərəflərdən hər ikisi əlavə dəyər vergisi ödəyicisidir. Buna görə də “A” MMC ƏDV-ni əvəzləşdirmə hüququna malikdir. Həmin il binaya 8960 manat amortizasiya hesablanmışdır.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Digər müəssisədən əldə edildikdə 123 – İnvestisiya mülkiyyəti ilə bağlı məsrəflərin kapitallaşdırılması 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 128 000.00
2 ƏDV hesablandıqda 241 – Əvəzləşdirilən ƏDV 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 23 040.00
3 Kapitallaşdırılmış investisiya mülkiyyəti istismara verildikdə 121 – İnvestisiya mülkiyyətinin dəyəri 123 – İnvestisiya mülkiyyəti ilə bağlı məsrəflərin kapitallaşdırılması 128 000.00
4 Amortizasiya hesablandıqda 731 – Sair əməliyyat xərcləri 122 İnvestisiya mülkiyyəti üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri 8960.00

111 saylı “Torpaq, tikili və avadanlıqlar” hesabında uçota alınmış daşınmaz əmlak ilkin dəyərlə uçota alınan investisiya mülkiyyətinə aid edildikdə amortizasiya

Nümunə 2: “A” MMC balansında 111 – Torpaq, tikili və avadanlıqlar hesabında uçota aldığı dəyəri 650 000 manat olan binanın istifadə olunmayan 400000 manatlıq hissəsini icarəyə vermək qərarına gəlmişdir. Əməliyyatın baş tutduğu tarixə 400 000 manatlıq bina üzrə amortizasiya məbləği 28000 manat təşkil etmişdir. İnvestisiya mülkiyyətinin uçotu ilkin dəyər metodu ilə təşkil edilmişdir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Bina investisiya mülkiyyətinə aid edildikdə 121 – İnvestisiya mülkiyyətinin dəyəri 111 – Torpaq, tikili və avadanlıqlar – Dəyər 400000.00
2 Amortizasiya nəzərə alınır 112 – Torpaq, tikili və avadanlıqlar üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri 122 İnvestisiya mülkiyyəti üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri 28000.00

İnvestisiya mülkiyyəti satış məqsədilə saxlanılan investisiya mülkiyyətinə aid edildikdə amortizasiya

Nümunə 3: “A” MMC tərəfindən alınan 128 000 manatlıq investisiya mülkiyyəti kimi istifadə edilən bina 4 ildən sonra satış məqsədilə saxlanılan investisiya mülkiyyətinə aid edilmişdir. Həmin dövrə yığılmış amortizasiya məbləği 35 840 manat olmuşdur. Bina 107 160 manata satılmışdır.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Əldə edilən investisiya mülkiyyəti satış məqsədilə saxlanılan digər investisiya mülkiyyətinə aid edildikdə 206 – Satış məqsədi ilə saxlanılan digər aktivlər 121 – İnvestisiya mülkiyyətinin dəyəri 128 000.00
2 Yığımış amortizasiya nəzərə alındıqda 122 İnvestisiya mülkiyyəti üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri 206 – Satış məqsədi ilə saxlanılan digər aktivlər 35 840.00

Satılan zaman:

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Satılan binanın balans dəyəri silindikdə 731 – Sair əməliyyat xərcləri 206 – Satış məqsədi ilə saxlanılan digər aktivlər 92 160.00
2 Bina mənfəətlə satıldıqda 217 – Digər qısamüddətli debitor borcları 611 – Sair əməliyyat gəlirləri 107 160.00
3 ƏDV hesablandıqda 217 – Digər qısamüddətli debitor borcları 545 – Digər qısamüddətli öhdəliklər 19 288.80
4 Bina satışından gəlir əldə edildikdə 611 – Sair əməliyyat gəlirləri 801 – Ümumi mənfəət (zərər) 107160.00
5 Binaya görə olan xərc mənfəətə bağlandıqda 801 – Ümumi mənfəət (zərər) 731 – Sair əməliyyat xərcləri 92160.00

 

İnvestisiya mülkiyyəti tam amortizasiya olunduqdan sonra satılanda aşağıdakı yazılış verilir:

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Tam amortizasiya olunmuş investisiya mülkiyyəti silindikdə 122 İnvestisiya mülkiyyəti üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri 121 – İnvestisiya mülkiyyətinin dəyəri 128 000.00

İnvestisiya mülkiyyəti mühasibat uçotu subyekti tərəfindən malların istehsalı, təchizatı, xidmətlərin göstərilməsi yaxud inzibati məqsədlər üçün istifadə edildikdə amortizasiya

Nümunə 4: “A” MMC digər “F” MMC-dən dəyəri 128 000 manat olan investisiya mülkiyyəti kimi istifadə etmək məqsədilə bina əldə etmişdir. Tərəflərdən hər ikisi Əlavə Dəyər Vergisi ödəyicisidir. Həmin il binaya 8960 manat amortizasiya hesablanmışdır. İl bitən kimi “A” MMC qərara alır ki, bu binada malların istehsalını həyata keçirsin. Belə olduğu təqdirdə bina investisiya mülkiyyəti deyil istehsal binası sayılacaqdır. 1 il üzrə yığılmış amortizasiya məbləği də istehsal binasına aid ediləcəkdir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Digər müəssisədən əldə edildikdə 123 – İnvestisiya mülkiyyəti ilə bağlı məsrəflərin kapitallaşdırılması 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 128 000.00
2 ƏDV hesablandıqda 241 – Əvəzləşdirilən ƏDV 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 23 040.00
3 Kapitallaşdırılmış investisiya mülkiyyəti istismara verildikdə 121 – İnvestisiya mülkiyyətinin dəyəri 123 – İnvestisiya mülkiyyəti ilə bağlı məsrəflərin kapitallaşdırılması 128 000.00
4 Amortizasiya hesablandıqda 731 – Sair əməliyyat xərcləri 122 İnvestisiya mülkiyyəti üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri 8960.00

1 il investisiya binası kimi istifadə olunan binada malların istehsalının həyata keçirilməsi qərara alınmışdır.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 İnvestisiya mülkiyyəti binası malların istehsalı binası kimi uçota alındıqda 111 – Torpaq, tikili və avadanlıqlar – Dəyər 121 – İnvestisiya mülkiyyətinin dəyəri 128000.00
2 Yığılmış amortizasiya nəzərə alındıqda 122 İnvestisiya mülkiyyəti üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri 112 – Torpaq, tikili və avadanlıqlar üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri 8960.00

121 saylı “İnvestisiya mülkiyyətinin dəyəri” hesabı üzrə mühasibat müxabirləşmələrlə buradan tanış olmaq olar.

Hesablar Planının “Uzunmüddətli aktivlər” bölməsinə aid olan ayrı-ayrı hesablar üzrə uçot və müxabirləşmə nümunələri burada verilib.

Mədən vergisi

122 saylı “İnvestisiya mülkiyyəti üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri” hesabı üzrə uçot

posted in: Xəbər | 0

İnvestisiya mülkiyyəti üzrə uçot standartları

İnvestisiya mülkiyyəti “Uzunmüddətli aktivlər” qrupuna aiddir, mühasibat uçotunun hesablar planının 12-ci maddəsi üzrə aşağıdakı hesablarda uçota alınır:

Uzunmüddətli aktivlər, o cümlədən investisiya mülkiyyəti üzrə uçot, subhesabların açılması, müxabirləşmələ AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” ilə tənzimlənir.

40 saylı “İnvestisiya mülkiyyəti” MUBS (IAS 40) bu anlayışın mahiyyətini şərh edir. Bu standarta əsasən investisiya mülkiyyəti:

  • icarə ödənişlərinin əldə edilməsi;
  • kapitalın artırılması yaxud,
  • hər iki məqsəd üçün saxlanılır.

Bunu nəzərə alaraq, deyə bilərik ki, investisiya mülkiyyəti üzrə yaranan pul vəsaitlərinin hərəkəti müəssisə tərəfindən saxlanılan digər aktivlərə nisbətən müstəqil olur. Məhz bu, investisiya mülkiyyətini mülkiyyətçi tərəfindən istifadə olunan daşınmaz əmlakdan fərqləndirir. Mal istehsalı, tədarükü yaxud xidmətlərin təqdimi (yaxud daşınmaz əmlakdan inzibati məqsədlərlə istifadə olunması) yalnız daşınmaz əmlaka aidiyyəti olan deyil, eyni zamanda, istehsal və ya tədarük prosesində istifadə olunan digər aktivlərin yaranmasına gətirib çıxaran pul vəsaitlərinin axınların əmələ gəlməsi ilə nəticələnir. 16 №-li MHBS (IFRS 16) isə istifadə etmə hüququ olan aktiv kimi icarəçi tərəfindən saxlanılan, mülkiyyətçi tərəfindən istifadə olunan daşınmaz əmlaka tətbiq edilir.

Amortizasiya və qiymətdəndüşmə zərərləri üzrə standartlar

Mülkiyyətçi tərəfindən istifadə olunan daşınmaz əmlakın ədalətli dəyərlə əks etdirilən investisiya mülkiyyəti kateqoriyasına keçirildiyi tarixə qədər müəssisə bu daşınmaz əmlaka (və ya istifadə etmə hüququ olan aktivə) amortizasiyanı hesablayır, meydana çıxan bütün dəyərdən düşmə üzrə zərərləri tanıyır. Müəssisə, həmin tarixdə 16 №-li MUBS-a (IAS 16) yaxud 16 №-li MHBS-a (IFRS 16) uyğun olaraq daşınmaz əmlakın balans dəyəri ilə ədalətli dəyəri arasında olan istənilən fərqi 16 №-li MUBS-a (IAS 16) uyğun olaraq yenidən qiymətləndirmə kimi uçota alır. Başqa sözlə:

(a) bunun nəticəsində daşınmaz əmlakın balans dəyərində yaranan hər hansı azalma Mənfəət və zərər haqqında hesabatda tanınır. Lakin yenidən qiymətləndirmə nəticəsində həmin daşınmaz əmlakın dəyərindəki azalma digər məcmu gəlirdə tanınır, yenidən qiymətləndirmə artımını kapital çərçivəsində azaldır.

(b) bunun nəticəsində daşınmaz əmlakın balans dəyərində yaranan hər hansı artım aşağıdakı şəkildə uçota alınır:

(ı) daşınmaz əmlakın dəyərdən düşməsi üzrə əvvəlki dövrdə tanınmış zərər məbləğinə bərabər artım məbləği mənfəət və zərər haqqında hesabatda tanınır. Mənfəət və ya zərər haqqında hesabatda tanınmış artım məbləği balans dəyərini dəyərdən düşmə üzrə zərər tanınmadığı halda müəyyən olunacaq balans dəyərinə (amortizasiya çıxılmaqla) qədər bərpa etmək üçün lazım olan məbləğdən çox olmamalıdır.

(ıı) artım məbləğinin qalan hissəsi digər məcmu gəlirdə tanınır, yenidən qiymətləndirmə artımını kapital çərçivəsində artırır. İnvestisiya mülkiyyətinin sonrakı xaric olması zamanı kapitalda tanınmış “Yenidən qiymətləndirilmə üzrə ehtiyat” bölüşdürülməmiş mənfəət hesabına silinə bilər. “Yenidən qiymətləndirilmə üzrə ehtiyatın” bölüşdürülməmiş mənfəətə köçürülməsi Mənfəət və ya zərər haqqında hesabatda əks etdirilmir.

122 saylı hesab üzrə uçotun aparılması

“İnvestisiya mülkiyyəti üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri” hesabı (122 saylı hesab) əks aktiv hesabdır. Bu hesaba xərc hesabı kimi deyil, yığım hesabı (yığım fondu) kimi yanaşmalıyıq. Ona görə ki, xərc kimi geri dönüşü olmayan xaricolmalar nəzərdə tutulur. Yığılmış amortizasiya hesabı isə həmin aktiv balansdan silinən zaman nəzərə alınır, sonda aktivin dəyərini azaldır.

122 saylı “İnvestisiya mülkiyyəti üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri” hesabında mühasibat uçotu subyektinin mülkiyyətində olan investisiya mülkiyyəti üzrə amortizasiya məbləğlərinin, qiymətdəndüşmə zərərlərinin hərəkəti haqqında ümumiləşdirilmiş məlumatların uçotu aparılır.

122 №-li “İnvestisiya mülkiyyəti üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri” hesabı üzrə aşağıdakı subhesablar açmaq olar (yuxarıda qeyd edilən qaydaların 13.7. bəndi):

İnvestisiya mülkiyyətinin amortizasiyası ilə bağlı müxabirləşmə nümunələri ilə buradan tanış olmaq olar.

Hesablar Planının “Uzunmüddətli aktivlər” bölməsinə aid olan ayrı-ayrı hesablar üzrə uçot və müxabirləşmə nümunələri burada verilib.

Vergi Məcəlləsi

İşsizlikdən sığorta ödənişi kimə və nə qədər verilir? ŞƏRTLƏR, QAYDALAR

posted in: Xəbər | 0

İşsizlikdən sığorta ödənişi – işçinin iş yerini itirdiyi halda, müvəqqəti gəlir mənbəyi olaraq verilən ödənişdir. Bu ödəniş “İşsizlikdən sığorta haqqında” Qanuna uyğun həyata keçirilir və itirilmiş əməkhaqqının kompensasiya edilməsi məqsədi daşıyır. Bəs işsizlik statusu kimlərə verilir? Sığorta haqqının məbləği necə müəyyən olunur və hansı müddətə verilir? “vergiler.az”ın bu və digər suallarına mühasib Fərid Zalov aydınlıq gətirir. 

İşsiz statusu kimlərə aiddir?

İşsizlikdən sığorta haqqı yalnız əmək müqaviləsi ilə rəsmi şəkildə çalışan və qanuni əsaslarla işdən çıxarılmış şəxslərə verilir. Müəyyən əsaslarla əmək münasibətlərinə xitam verilmiş və “Məşğulluq haqqında” Qanunun 5-ci maddəsinə uyğun qeydiyyata alınmış sığortaolunanlar işsizlik sığortası ödənişi almaq hüququna malikdirlər. Həmin şəxslərin siyahısı “İşsizlikdən sığorta haqqında” Qanunun 13.1-ci maddəsində əksini tapıb:

• dövlət orqanı və ya hüquqi şəxs ləğv edildikdə;
• işçilərin və ya dövlət qulluqçularının say və ya ştatları ixtisar edildikdə;
• əmək müqaviləsinin müddəti bitdikdə;
• müəssisənin mülkiyyətçisi dəyişdikdə;
• məhkəmə qərarı ilə işə bərpa halı olduqda;
• həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra işə qayıdış hüququndan istifadə edildikdə.

Vətəndaşlar işsiz kimi qeydiyyata alınmaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin yerli şöbələrinə və ya DOST mərkəzlərinə müraciət etməlidirlər. Həmin şəxsə 5 iş günü ərzində uyğun vakansiya təklif edilməzsə, o, rəsmi olaraq işsiz kimi qeydiyyata alınır. Vətəndaş işsiz kimi qeydiyyata alındıqdan sonra işsizlikdən sığorta ödənişi almaq üçün ərizə ilə müraciət etməlidir. Həmin müraciətə 10 gün ərzində baxılır və qərar qəbul edilir. İşsizlikdən sığorta ödənişi fərdi məşğulluq proqramı təsdiqləndikdən sonrakı ayın 1-dən hesablanır.

Ödənişin təyin edilməsi üçün şərtlər

Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə əsasən, müddətli əmək müqaviləsinə müddət bitdikdə xitam verilir. Həmin maddənin 2-ci bəndində isə göstərilib ki, işçinin müəyyən üzrlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əməkhaqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə bu maddənin 1-ci hissəsində nəzərdə tutulmuş qaydada xəbərdar edilmişdirsə, işçi işə çıxdığı gün işəgötürən tərəfindən xitam verilə bilər.

“İşsizlikdən sığorta haqqında” Qanunun 13.2.3-cü maddəsinə əsasən, bu Qanunun 13.1.3-cü maddəsində nəzərdə tutulan halda, sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki ardıcıl gələn 36 təqvim ayı ərzində müddətli əmək müqaviləsi (“Məşğulluq haqqında” Qanuna uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən haqqı ödənilən ictimai işlərin təşkili istisna olmaqla) üzrə ən azı 24 ay sığorta stajına malik olan əmək qabiliyyətli şəxslərə işsiz kimi qeydiyyata alındığı tarixdən 3 ay sonra – bu Qanunun 16-cı maddəsində nəzərdə tutulan minimum sığorta ödənişi məbləğində sığorta haqqı ödənilir. Qanunun 16-cı maddəsində göstərilib ki, minimum sığorta ödənişi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum aylıq əməkhaqqı məbləğinə bərabər tutulur. 2025-ci il üçün minimum sığorta ödənişi 400 manat müəyyən edilib. Başqa sözlə, əmək müqaviləsinin müddətinin bitməsi səbəbi ilə işsiz qalan və işsiz statusu alan şəxs hər ay 400 manat olmaqla 3 ay müddətində sığorta haqqını ala bilər.

Müəssisənin ləğvi, ixtisar və digər hallarda isə işsiz statusu alan şəxslərə 6 ay müddətində sığorta haqqı ödənilir. “İşsizlikdən sığorta haqqında” Qanunun 13-cü maddəsinə əsasən, aşağıdakı hallarda işçinin əmək müqaviləsinə xitam verilərsə, onun sığorta ödənişi almaq hüququ yaranır:

  • müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “ç” bəndinə əsasən);
  • müəssisə ləğv edildikdə (70-ci maddənin “a” bəndi);
  • işçilərin sayı və ya ştatları ixtisar edildikdə (70-ci maddənin “b” bəndi);
  • hərbi və ya alternativ xidmətə çağırıldıqda (74-cü maddənin 1-ci hissəsinin “b” bəndi);
  • əvvəllər həmin müəssisədə çalışan işçi müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə (vəzifəsinə) qayıtmaq hüququndan istifadə etdikdə (74-cü maddəsinin 1-ci hissəsinin “ə” bəndi);
  • dövlət orqanı ləğv edildikdə (“Dövlət qulluğu haqqında” Qanuna müvafiq olaraq);
  • dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə (“Dövlət qulluğu haqqında” Qanuna müvafiq olaraq).

Bu şəxslərin son 24 ayda 12 aydan çox stajı olarsa, onlara 6 ay müddətinə sığorta ödənişi verilir.

“İşsizlikdən sığorta haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, bu Qanunun 13.2.1-ci maddəsində nəzərdə tutulan şəxslər üçün sığorta ödənişi sığorta stajından asılı olmayaraq, onların itirilmiş orta aylıq əməkhaqqının 50 faizi məbləğində hesablanır. Qanunun 17-ci maddəsində isə göstərilib ki, ilk dəfə təyin olunan sığorta ödənişi işsizlik müddətinin davamlılığına uyğun olaraq, aşağıdakı faiz dərəcələrinə mütənasib şəkildə, lakin minimum sıgorta ödənişinin məbləğindən az olmayaraq ödənilir:

ilk 2 təqvim ayı üçün – 100 faiz;
3-4-cü təqvim ayları üçün – 80 faiz;
5-6-cı təqvim ayları üçün – 70 faiz.

Əgər işçinin stajı 12 aydan az olubsa, ona hər ay minimum sığorta ödənişi, yəni 400 manat olmaqla 6 ay müddətinə sığorta haqqı ödənilir. Sığorta ödənişinin məbləği əvvəlki ildə ölkə üzrə orta aylıq əməkhaqqı məbləğindən çox və minimum sığorta ödənişi məbləğindən az ola bilməz. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü il üçün muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 1.007,5 manat olub, minimum sığorta ödənişinin məbləği isə 2025-ci il üçün 400 manatdır.

Bundan əlavə, himayəsində 18 yaşına çatmamış hər bir uşaq üçün işsiz şəxsin sığorta ödənişinə 5% əlavə olunur. Ancaq ailədə ər və arvadın hər ikisi sığorta ödənişi alırsa, yalnız birinə bu əlavə verilir.

Aşağıdakı əsaslarla işdən azad olunmuş şəxs yenidən müraciət edərsə, ona 3 ay müddətinə minimum sığorta ödənişi təyin olunur:

• müəssisənin ləğvi, ixtisar;
• mülkiyyətçinin dəyişməsi;
• məhkəmə qərarı ilə işə bərpa;
• hərbi xidmətdən qayıdış.

Əmək müqaviləsinin müddəti bitmiş şəxslər isə təkrar müraciətdə ödəniş ala bilməzlər.

İşsizlik sığortası təyin olunmayan şəxslər

Bu kateqoriyadan olan şəxslərə işsizlik sığorta ödənişi verilə bilməz:

  • Fərdi sahibkarlar (əmək müqaviləsi ilə işçi sayılmadıqları üçün işsizlik sığortası sistemi ilə əhatə olunmurlar);
  • Pay torpağı olan şəxslər (kəndli-fermer təsərrüfatı sahibləri) – onlar mülkiyyətçi və ya istifadəçi statusunda olduğu üçün işsiz hesab edilmirlər;
  • Özünüməşğul şəxslər (öz adından işləyənlər) – onlar da əmək münasibətlərində olmadıqları üçün sistemə daxil deyillər;
  • Müddətli müqavilə ilə çalışan, lakin tələb edilən sığorta stajına malik olmayanlar;
  • Tələbələr (əgər işləməyiblərsə) – əmək müqaviləsi və staj tələbi ödənilmir;
  • Qeyri-qanuni işləyən şəxslər (əmək müqaviləsiz işləyənlər);
  • Sosial yardım alan şəxslər – əgər əmək münasibətləri olmamışdırsa və ya əmək qabiliyyəti yoxdursa, onlar başqa mexanizmlərlə sosial müdafiəyə cəlb olunurlar;
  • Fərdi sığorta ödəyiciləri (sahibkar, notarius, vəkil).

Mənbə: vergiler.az

121 saylı “İnvestisiya mülkiyyətinin dəyəri” hesabı üzrə uçot

1 168 169 170 171 172 173 174 2. 693