Read More9
Read More9

121 saylı “İnvestisiya mülkiyyətinin dəyəri” hesabı üzrə uçot

posted in: Xəbər | 0

İnvestisiya mülkiyyəti nədir?

40 saylı “İnvestisiya mülkiyyəti” Mühasibat Uçotunun Beynəlxalq Standartı (IAS40) investisiya mülkiyyəti üzrə uçotu və onların açıqlanma qaydalarını şərh edir. Bu standarta görə investisiya mülkiyyəti aşağıdakı şərtləri ödəyən daşınmaz əmlak (torpaq yaxud bina (binanın bir hissəsi) və ya bunların hər ikisi kimi aktivlərdir:

  • icarə ödənişlərinin əldə edilməsi, kapitalın artırılması, yaxud hər iki məqsəd üçün saxlanılır;
  • mal və xidmətlərin istehsalında və ya tədarükündə, yaxud inzibati məqsədlər üçün istifadə olunmur;
  • adi təsərrüfat fəaliyyəti zamanı satışlar üçün nəzərdə tutulmayıb.

İnvestisiya mülkiyyəti icarə ödənişlərinin əldə edilməsi və ya kapitalın artırılması yaxud hər iki məqsəd üçün saxlanıldığından investisiya mülkiyyəti üzrə yaranan pul vəsaitlərinin hərəkəti müəssisə tərəfindən saxlanılan digər aktivlərdən əhəmiyyətli dərəcədə müstəqil olur. Bu hal, mülkiyyətçi tərəfindən istifadə olunan daşınmaz əmlakı investisiya mülkiyyətindən fərqləndirir. Malların istehsalı, tədarükü yaxud xidmətlərin təqdim edilməsi (və yaxud daşınmaz əmlakdan inzibati məqsədlərlə istifadə olunması) yalnız daşınmaz əmlaka aidiyyəti olan deyil, eyni zamanda, istehsal, tədarük prosesində istifadə olunan digər aktivlərin yaranmasına gətirib çıxaran pul vəsaitlərinin axınlarının əmələ gəlməsinə səbəb olur. 16 №-li MHBS (IFRS 16)  isə istifadə etmə hüququ olan aktiv kimi icarəçi tərəfindən saxlanılan mülkiyyətçi tərəfindən istifadə olunan daşınmaz əmlaka tətbiq edilir.

İnvestisiya mülkiyyəti ilə bağlı aşağıdakı misalları göstərmək olar:

  • adi əməliyyat fəaliyyəti çərçivəsində qısamüddətli satış üçün deyil, kapitalın uzunmüddətli artırılması məqsədilə tutulub saxlanılan torpaq sahəsi;
  • gələcəkdə qeyri-müəyyən məqsədlər üçün cari dövrdə tutulub saxlanılan torpaq sahəsi (Əgər müəssisə torpaq sahəsini gələcəkdə müəssisə tərəfindən tutulub saxlanılan daşınmaz əmlak yaxud adi əməliyyat fəaliyyəti çərçivəsində qısamüddətli satış üçün istifadə edəcəyini hələ müəyyənləşdirməzsə, bu zaman torpaq sahəsi kapitalın artırılması məqsədilə tutulub saxlanılan kimi hesab olunacaqdır);
  • müəssisə tərəfindən mülkiyyətə götürülən (və ya müəssisə tərəfindən tutulub saxlanılan tikiliyə aid olan istifadə etmə hüququ olan aktiv), bir və ya bir neçə əməliyyat icarələrinə verilən tikili.

Bəzi daşınmaz əmlak obyektləri bir hissəsi icarə ödənişlərinin əldə edilməsi və ya kapitalın artırılması məqsədilə istifadə edilən, digər hissəsi malların istehsalı, tədarükü və ya xidmətlərin təqdim edilməsi yaxud inzibati məqsədlər üçün nəzərdə tutulan hissələrdən ibarət olur. Əgər bu hissələrin ayrı-ayrılıqda satılması (ya da maliyyə icarəsi şərtlərinə uyğun olaraq ayrıca icarəyə verilməsi) mümkün olarsa, müəssisə bu hissələri ayrı-ayrılıqda uçota alır. Əgər daşınmaz əmlakın hissələrinin ayrı-ayrılıqda satılması mümkün olmazsa, bu cür əmlak, yalnız onun cüzi hissəsi malların istehsalı, tədarükü və ya xidmətlərin təqdim edilməsi üçün yaxud inzibati məqsədlərlə saxlanıldığı halda, investisiya mülkiyyəti hesab olunacaqdır.

İnvestisiya mülkiyyətinin uçotu necə aparılır?

İnvestisiya mülkiyyəti mühasibat uçotu hesablar planının 12-ci maddəsinə uyğun olaraq uçota alınır. Uçot, hesab üzrə subhesabların açılması, müxabirləşmələrin verilməsi AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” ilə tənzimlənir. Uçotun aparıldığı 121 №-saylı “İnvestisiya mülkiyyətinin dəyəri” hesabı aktiv hesabdır.

Bu hesabda mühasibat uçotu subyektinin icarə ödənişlərinin əldə edilməsi və ya kapitalının artırılması məqsədi ilə və ya hər iki məqsəd üçün saxlanılan (mülkiyyətçi və ya maliyyə icarəsi şərtlərinə əsasən icarəçi tərəfindən) əmlaklarının (torpaq və ya tikili – ya da tikilinin bir hissəsi – və ya hər ikisi) hərəkəti haqqında ümumiləşdirilmiş məlumatlar əks etdirilir.

121 №-li “İnvestisiya mülkiyyətinin dəyəri” hesabına aşağıdakı subhesablar açılır (qaydaların 13.3. bəndi).

121 №-li “İnvestisiya mülkiyyətinin dəyəri” hesabı üzrə açılan subhesablar

“Torpağın dəyəri” subhesabında mühasibat uçotu subyektinin mülkiyyətində olan, investisiya mülkiyyəti kimi təsnifləşdirilən torpaq sahələrinin dəyəri əks etdirilir.

“Binaların dəyəri” subhesabında mühasibat uçotu subyektinin mülkiyyətində olan, investisiya mülkiyyəti kimi təsnifləşdirilən binalar, onların struktur komponentlərinin dəyəri əks etdirilir.

İnvestisiya mülkiyyətinin dəyərinin nizamlanması

Ayrı-ayrı hallar üçün investisiya mülkiyyətinin dəyəri həmin qaydaların uyğun bəndləri ilə nizamlanır:

  • alış nəticəsində yaxud podrat üsulu ilə əldə edilənlər – 13.11-ci bənd;
  • mübadilə nəticəsində əldə edilənlər – 13.15-ci bənd;
  • təsərrüfat üsulu ilə yaradılanlar – 13.17-ci bənd;
  • maliyyə icarəsi ilə əldə edilənlər – 13.18-ci bənd;
  • əvəzsiz olaraq əldə edilənlər – 13.22-ci bənd;
  • investisiya mülkiyyətinin tanınmasının dayandırılması zamanı – 13.23 -cü bənd ilə nizamlanır.
  • maliyyə icarəsi nəticəsində investisiya mülkiyyətinin xaric olmasından yaranan mənfəət və ya zərər – 38-ci bənd;
  • mühasibat uçotu subyektinin investisiya mülkiyyətinin əskik gəlməsi zamanı müvafiq təqsirkar şəxslərin müəyyən edilməsi mümkün olmayan hallarda – 13.38.-ci bənd.

“121 saylı “İnvestisiya mülkiyyətinin dəyəri” hesabı üzrə müxabirləşmə nümunələri” adlı məqaləyə keçid etməklə, bu hallar üzrə investisiya mülkiyyətinin dəyərinin nizamlanması üçün müxabirləşmələlərlə tanış olmaq olar.

113 saylı “Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması” hesabı üzrə uçot

Dəyəri 500 manatdan az olan qeyri-maddi aktivlərin amortizasiyası

posted in: Uncategorized | 0

Mövzunu “Turan” Tədris Mərkəzinin təlimçisi və vergi eksperti Cavid Vəlizadə şərh edir.

Qanunvericiliyə əsasən, amortizasiya – uzunmüddətli aktivlərin faydalı xidmət müddəti ərzində dəyərinin müntəzəm surətdə azalması deməkdir. Sadə dildə desək, amortizasiya köhnəlmə anlamı verir.

Aktivlər xarakterinə görə iki qrupa bölünür: maddi aktivlər və qeyri-maddi aktivlər.

Vergi Məcəlləsinin 13.2.17-ci maddəsinə əsasən, əsas vəsaitlər dedikdə istifadə müddəti bir ildən çox olan və dəyəri 500 manatdan çox olan, bu Məcəllənin 114-cü maddəsinə uyğun olaraq amortizasiya edilməli olan maddi aktivlər nəzərdə tutulur.

Vergi Məcəlləsinin 13.2.9-cu maddəsində isə göstərilib ki, qeyri-maddi aktivlər dedikdə intellektual, o cümlədən ticarət nişanları, digər sənaye mülkiyyəti obyektləri, habelə müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada vergi ödəyicisinin mülkiyyət hüququnun obyekti kimi tanınan digər analoji hüquqlar nəzərdə tutulur.

Maddələrə əsasən, qeyri-maddi aktivlər əsas vəsait hesab edilmir. Vergi Məcəlləsində “yalnız əsas vəsaitlər amotizasiya olunur” kimi bir anlayış da qeyd edilməyib. Deməli, dəyəri 500 manatdan az olan qeyri-maddi aktivlər uçota alınmalı və amortizasiya edilməlidir.

Vergi Məcəlləsinin 114.3.6-cı maddəsinə əsasən, qeyri-maddi aktivlər – istifadə müddəti məlum olmayanlar üçün 10 faizədək, istifadə müddəti məlum olanlar üçün isə illər üzrə istifadə müddətinə mütənasib məbləğlərlə amortizasiya olunur.

Misal

Müəssisə 450 manata qeyri-maddi aktiv alıb. Bu aktivin 5 il istifadə müddəti var. Ona görə illik 90 manat amortizasiya məbləği hesablanaraq gəlirdən çıxılan xərc kimi nəzərə alınacaq:
450 : 5 = 90 manat.

Mənbə: vergiler.az

Bələdiyyə orqanında çalışan işçinin əməkhaqqından vergi tutulmaları necə hesablanır?

537 saylı “Faizlər üzrə qısamüddətli kreditor borcları” hesabı üzrə uçot: nəzəri və praktik aspektlər

posted in: Xəbər | 0

Müəssisələrin səmərəli idarə olunması, davamlı inkişafı və rəqabət qabiliyyətinin təmin edilməsi üçün borc öhdəliklərinin uçotu vacibdir. Belə uçot həm də likvidlik və ödəmə qabiliyyətini qiymətləndirmək üçün əhəmiyyətlidir. Bu kontekstdə, qısamüddətli kreditor borcları, o cümlədən faizlərə bağlı öhdəliklərin uçotu mühasibatlığın mühüm sahəsini təşkil edir. Sizə təqdim edilən məqalədə 537 saylı “Faizlər üzrə qısamüddətli kreditor borcları” hesabı üzrə belə öhdəliklərin uçotunun əsas aspektləri şərh olunur.

Faizlər üzrə kreditor borclar

Müxtəlif məqsədlər üçün borc vəsaitləri cəlb edən müəssisələr əsas borc məbləği ilə yanaşı, müəyyən faiz nisbətində əlavə məbləğlər ödəmək öhdəliyi götürürlər. Belə öhdəliklər istiqrazların alınması və ya maliyyə icarəsi əməliyyatları zamanı da yarana bilər. Ödəniş müddətinə görə bu öhdəliklər qısamüddətli və uzunmüddətli olaraq təsnif edilir;

  • qısamüddətli öhdəliklər hesabat tarixindən sonra 12 ay ərzində ödənilməsi tələb olunan borclardır;
  • uzunmüddətli öhdəliklər hesabat tarixindən sonra 12 aydan daha çox müddətdə ödənilməsi tələb olunan borclardır.

Faizlər üzrə qısamüddətli kreditor borclar AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” ilə müəssisələr üçün müəyyən edilmiş Hesablar Planının 53-cü “Qısamüddətli kreditor borcları” maddəsinə aid olan 537 saylı hesab üzrə uçota alınır.

Faizlər üzrə uzunmüddətli kreditor borcları ilə bağlı ümumiləşdirilmiş məlumatlar 434 saylı hesabda əks etdirilir.

537 saylı “Faizlər üzrə qısamüddətli kreditor borcları” hesabının təyinatı

Hesabın təyinatı AR MN-nin yuxarıda qeyd edilən qaydalarının 43.46-cı bəndində verilib. Həmin bəndə görə bu hesabda “hesabat tarixindən sonra 12 ay ərzində ödənilməli olan faizlər üzrə yaranan kreditor borcları barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir.”

Yuxarıda qeyd etdiyimiz kimi 537-ci hesab “Qısamüddətli kreditor borcları” maddəsinə aid olan hesablardan biridir. Digər hesablar aşağıdakılardır:

537 saylı “Faizlər üzrə qısamüddətli kreditor borcları” hesab öhdəlik (passiv) hesabıdır.

Hesab üzrə tənzimləmələr

537 saylı hesab üzrə mühasibat yazılışları zamanı yuxarıda qeyd edilən qaydaların 43.46-43.51 bəndlərinin aşağıdakı tələbləri nəzərə alınmalıdır.

  • faizlər üzrə qısamüddətli kreditor borcları yarandıqda həmin qaydaların 43.46.-ci, onlar uzunmüddətli kimi təsnifləşdirildikdə 43.47.-cı bəndi tətbiq edilir.
  • belə kreditor borclara görə məzənnə fərqi yarandıqda mühasibat yazılışları həmin qaydaların 43.48.-ci bəndi əsasında aparılır.
  • faizlər üzrə qısamüddətli kreditor borclar ödənilməsi halları həmin qaydaların 43.49-cu bəndi, üçüncü şəxs tərəfindən ödənilməsi halları 43.50-ci bəndi ilə nizamlanır;
  • borcların bağışlanılması və ya qanunvericiliklə müəyyən edilmiş qaydada silinməsi zamanı qaydaların 43.51-ci bəndi

537 saylı “Faizlər üzrə qısamüddətli kreditor borcları” hesabında tənzimləmələr zamanı mühasibat uçotunun beynəlxalq standartlarının tələbləri də nəzərə alınmalıdır. Aşağıdakı standartlar faiz öhdəliklərinin uçotu ilə bilavasitə əlaqəlidir :

  • 9 nömrəli “Maliyyə Alətləri” MHBS (IFRS 9)faiz öhdəlikləri maliyyə öhdəlikləri kimi bu standartın tələbləri çərçivəsində qiymətləndirilir;
  • 7 nömrəli “Pul vəsaitlərinin hərəkəti haqqında hesabat” MUBS (IAS 7) – faiz ödənişlərinin investisiya, maliyyələşdirmə və digər uyğun fəaliyyətlərdən irəli gələn pul axınları kimi təqdim olunmasın tənzimləyir;
  • 23 nömrəli “Borclar üzrə məsrəflər” MUBS (IAS 23) – borclanma xərclərinin tanınması və kapitalizasiyası ilə bağlı mühasibat uçotu qaydaları müəyyən edilir.

Müasirləşəmə nümunələri

“A” MMC-nin ilin əvvəlində bankdan 48000 manat bir il müddətinə qısamüddətli kredit götürüb. Kreditin əsas borcuna görə aylıq ödəniş 4000 manat, aylıq faiz ödənişi 600 manat müəyyən edilib. Cari ilin iyun ayının sonunda bankla kredit müqaviləsi yenilənərək ödənişin son müddəti növbəti ili sonu müəyyən edilir. Yeni razılaşmanın şərtlərinə görə sonuncu ayda 1050 manat, qalan 17 ayın hər birində 1350 manat əsas kredit borcundan ödəniş ediləcək. Əvvəlki razılaşma ilə müəyyən edilmiş faiz borcunun ümumi məbləği dəyişmədən, qalan 18 ayın hər birində 200 manat kreditə görə faiz ödəniləcək.

Müvafiq mühasibat yazılışları aşağıdakı kimi aparılır:

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (manat )
1  Qısamüddətli bank krediti uçota alınır 223: “Bank hesablaşma hesabları” 501: “Qısamüddətli bank kreditləri” 48000
2 Kredit üzrə faiz borcları uçota alınır (600manat *12 ay) 242: “Gələcək hesabat dövrünün xərcləri” 537: “Faizlər üzrə qısamüddətli kreditor borcları” 7200
3 Yanvar ayı üçün əsas kredit borcu ödənir 501: “Qısamüddətli bank kreditləri” 223: ”Bank hesablaşma hesabları” 4000
4 Yanvar ayı üçün faiz borcu ödənir 537: “ Faizlər üzrə qısamüddətli kreditor borcları” 223: “ Bank hesablaşma hesabları” 600
5 Faiz borcu xərcə aid edilir 751: “Maliyyə xərcləri” 242: “Gələcək hesabat dövrünün xərcləri” 600
Son 3 müasirləşəmə (sətir 3-5) fevral-iyun ayları üçün də təkrar olunur
6 Qısamüddətli kredit borcunun bir hissəsi uzunmüddətli kimi təsnifat edilir
(1350*5+1050)
501: “Qısamüddətli bank kreditləri” 401:”Uzunmüddətli bank kreditləri” 7800
7 Qısamüddətli faiz borcunun bir hissəsi uzunmüddətli kimi təsnifat edilir
(200*6 ay)
537: “Faizlər üzrə qısamüddətli kreditor borcları” 434: “Faizlər üzrə uzunmüddətli kreditor borcları” 1200
8 İyul ayı üçün əsas kredit borcu ödənir 501: “Qısamüddətli bank kreditləri” 223: ”Bank hesablaşma hesabları” 1350
9 İyul ayı üçün faiz borcu ödənir 537: “ Faizlər üzrə qısamüddətli kreditor borcları” 223: “ Bank hesablaşma hesabları” 200
10 Faiz borcu xərcə aid edilir 751: “Maliyyə xərcləri” 242: “Gələcək hesabat dövrünün xərcləri” 200
Son 3 müxabirləşəmə (sətir 8-10) avqust-dekabr üçün də təkrar olunur
11 İlin sonunda faiz xərci mənfəətə bağlanır (600*6+200*6) 801: “Ümumi mənfəət (zərər)” 751: “Maliyyə xərcləri” 4800.00
Növbəti ilin əvvəlinə əsas kredit borcu və faizlər üzrə qalıq məbləğlər qısamüddətli öhdəliklər kimi təsnif edilərək nümunəyə uyğun müxabirləşmələri verilir.

Yuxarıda aparılan təhlil göstərir ki, 537 saylı “Faizlər üzrə qısamüddətli kreditor borcları” hesabı müəssisənin maliyyə vəziyyətinin düzgün əks etdirilməsi üçün mühüm rol oynayır. Bu hesab, müəssisənin cari öhdəliklərini dəqiq təsnif etməyə imkan verir ki, bu da maliyyə hesabatı istifadəçiləri üçün qərar qəbuletmə prosesində vacibdir. Azərbaycan Respublikasının qüvvədə olan mühasibat uçotu qaydaları və beynəlxalq standartlar bu sahədəki uçot prinsiplərini dəqiq müəyyən edərək, mühasibat uçotu subyektlərinə fəaliyyətlərini beynəlxalq normalara uyğunlaşdırmağa kömək edir.

Naxçıvanda 7 ayda vətəndaşlara geri qaytarılan ƏDV-nin məbləği açıqlanıb

posted in: Xəbər | 0

Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında pərakəndə ticarət və yaxud ictimai iaşə fəaliyyəti göstərən obyektlərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), eləcə də tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin göstərdiyi tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin 984,8 min manatlıq hissəsi fiziki şəxs olan istehlakçılara geri qaytarılıb.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23 % çoxdur.

İndiyə qədər vətəndaşlara geri qaytarılan ƏDV-nin ümumi məbləği isə 3,3 milyon manata yaxınlaşıb.

Mənbə: report.az

Bələdiyyə orqanında çalışan işçinin əməkhaqqından vergi tutulmaları necə hesablanır?

1 170 171 172 173 174 175 176 2. 693
error: Content is protected !!