Read More9
Read More9

435 saylı “Digər uzunmüddətli kreditor borcları” hesabda uçot: nəzəri və praktiki yanaşma

posted in: Xəbər | 0

Mühasibat uçotu sistemində kreditor borclarının düzgün təsnifatı müəssisənin maliyyə hesabatlarının etibarlılığını təmin edən əsas şərtlərdən biridir. Uzunmüddətli kreditor borcları müəssisənin maliyyə öhdəliklərinin strukturunda əhəmiyyətli rola malikdir. Bu məqalədə belə öhdəliklər biri – hesablar planının 431–434 nömrəli hesablarında təsnif olunmayan digər uzunmüddətli kreditor borcları üzrə 435 saylı hesabda uçotun əsas prinsipləri şərh olunur.

435 saylı hesabın təyinatı

435 saylı “Digər uzunmüddətli kreditor borcları” hesabı Maliyyə Nazirliyi Kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”  ilə müəyyən edilmiş hesablar planının  43-cü “Uzunmüddətli kreditor borcları” bölməsinə aid olan hesablardan biridir. 43-сü bölməyə aid olan digər hesablar bunlardır:

Hesabın təyinatı yuxarıda qeyd edilən qaydaların 37.31 bəndində aşağıdakı kimi müəyyən olunub: “435 saylı “Digər uzunmüddətli kreditor borcları” hesabında mühasibat uçotu subyektinin 431- 434 №li hesablarında göstərilməyən, hesabat tarixindən sonra 12 ay ərzində ödənilməsi tələb olunmayan görülmüş işlərin və göstərilmiş xidmətlərin qəbulu nəticəsində yaranan bütün digər uzunmüddətli kreditor borcları barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir.”

Digər kreditor borclara nümunələr

Digər kreditor borcların tərkibinə aşağıdakılar aid edilə bilər:

  • Hüquqi şəxs yaratmadan birgə fəaliyyətlə bağlı əməliyyatlar üzrə hesablaşmalar;
  • Təsadüfi tərəflərlə bağlanmış uzunmüddətli borc müqavilələri, misal üçün, alıcı və sifarişçi olmayan təsadüfü fiziki şəxslərə kreditor borclar. Alıcı və ya sifarişçilərə (müəssisədən əsas fəaliyyət çərçivəsində mal və ya xidmət alan şəxsləri) kreditor borclar 431 saylı hesabda uçota alınır;
  • Səhvən daxil olmuş məbləğlər – müəssisənin bank hesabına səhvən pul daxil olub. Daxil olan vəsait qarşılıqlı razılaşma əsasında 12 ay ərzində yaxud daha çox müddət ərzində qaytarıla bilər.
  • Digər hesablaşmalar nəticəsində yaranan öhdəliklər.

Belə öhdəliklər uzunmüddətli və qısamüddətli kimi təsnifləşdirilir. Digər qısamüddətli kreditor borclarının mühasibat uçotu “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” ilə müəyyən edilmiş hesablar planının “Qısamüddətli öhdəliklər” bölməsinə aid olan 538 saylı hesabda aparılır.

“Digər uzunmüddətli kreditor borcları” hesabında uçotun tənzimlənməsi

435 saylı hesabda digər uzunmüddətli kreditor borclarının mühasibat uçotu zamanı tənzimləmələr AR MN-nin qeyd edilən qaydalarının 37.31-37.39-ci bəndləri əsasında aşağıdakı formada aparılır:

  • digər uzunmüddətli kreditor borcları yarandıqda 435-ci hesabın krediti üzrə, qaydaların 37.31-ci bəndinin tələbləri nəzərə alınmaqla;
  • görülmüş işlərin və göstərilmiş xidmətlərin qəbulu zamanı yaranan ƏDV – qaydaların 37.32-ci bəndi üzrə (debet 241-1, kredit 435);
  • belə öhdəliklər qısamüddətli kimi təsnif edildikdə – qaydaların 37.33 bəndinə uyğun olaraq (debet 435-kredit 538);
  • müsbət məzənnə fərqi yarandıqda 611-8 saylı subhesabın krediti üzrə, tikinti müqavilələri üzrə mənfi məzənnə fərqi yarandıqda 731-8 saylı subhesabın debeti üzrə (qaydaların 37.34-cü bəndi);
  • digər uzunmüddətli kreditor borcları birbaşa ödənildikdə qaydaların 34.35-ci, üçüncü şəxs tərəfindən ödənildikdə isə qaydaların 34.36-cı bəndi tətbiq edilir;
  • uzunmüddətli kreditor borcları nizamnamə kapitalına çevrildikdə qaydaların 37.38-ci bəndi, geri alınmış səhmlərin yenidən buraxılması hesabına nizamnamə kapitalına çevrildikdə 37.39-cu bəndi üzrə.

“Digər uzunmüddətli kreditor borcları” hesabı passiv hesabdır. Bu hesabın kredit dövriyyəsi borcun yaranmasını, debet dövriyyəsi isə borcun ödənilməsini və ya azaldılmasını əks etdirir. Hesabın saldosu isə hesabat dövrünün sonunda müəssisənin digər uzunmüddətli kreditorlara olan borclarının məbləğini göstərir.

Beynəlxalq uçotda 435 saylı hesabın yeri

Yuxarıda qeyd etdiyimiz kimi, 435 saylı “Digər uzunmüddətli kreditor borcları” hesabından kreditor borclar kimi təsnifləşdirilən öhdəliklərin bir hissəsini mühasibat uçotunda əks etdirmək üçün istifadə edilir. Müəssisənin digər hüquqi və ya fiziki şəxslər qarşısında maliyyə öhdəliyi olan kreditor borclar üzrə uçotun tənzimlənməsi zamanı aşağıdakı beynəlxalq standartın tələbləri nəzərə alınır:

  • IAS 1 (“Maliyyə hesabatlarının təqdimatı”) standartının 61-ci maddəsinə görə öhdəliklər  qısamüddətli (cari) və uzunmüddətli (qeyri-cari) kreditor borclar kimi fərqləndirilir.  Qısamüddətli kreditor borclar — hesabat tarixindən 12 ay ərzində ödənilməsi nəzərdə tutulan maliyyə öhdəlikləridir.
  • IAS 32 (“Maliyyə alətləri: təqdimat”) standartı baxımından kreditor borc, maliyyə öhdəliyinin tipik nümunəsidir (maddə 11).  Çünki müəssisə müqavilə şərtlərinə uyğun olaraq digər tərəfə pul vəsaiti və ya digər maliyyə aktivləri ödəmək məcburiyyətindədir. Bu baxımdan kreditor borclar müəssisənin likvidlik səviyyəsinə, maliyyə dayanıqlığına və qısamüddətli maliyyə strategiyasına bilavasitə təsir göstərir.
  • IFRS 9 (“Maliyyə alətləri”)435 saylı hesab IFRS 9-un maliyyə öhdəliklərinə dair prinsiplərinin yerli hesablar planında tətbiqini təmin edir. Standartın 4.2.1 bəndinə görə belə öhdəliklərin qiymətləndirilməsi zamanı effektiv faiz dərəcəsi metodundan istifadə edilir.

Yerli mühasibat uçotu qanunvericiliyi və mühasibat uçotunun beynəlxalq standartlarının düzgün tətbiqi mühasibat uçotu subyektlərinə maliyyə vəziyyəti haqqında hesabatda öhdəlikləri aydın şəkildə təqdim etmək imkanı yaradır.

435 saylı hesabın tətbiq nümunələri

Nümunə 1:  Müəssisə uzun müddət axtardığı avadanlığı ilin əvvəlində fiziki şəxsdən alır. Avadanlığın dəyəri 200000 manatdır, cari ildə 100000 manat, növbəti iki ildə hər il 50000 manat olmaqla ödəniləcək. İlin sonunda müəssisə tərəfindən öhdəliyin 125000 manatı ödənir. Müvafiq mühasibat yazılışları aşağıdakı kimi olacaq:

Əməliyyatın məzmunu Debit Kredit Məbləğ (manatla)
Alınmış avadanlığın dəyərinin bir hissəsi qısamüddətli kreditor borc kimi uçota alınır 111: “Torpaq, tikili və avadanlıqların dəyəri” 538: “Digər qısamüddətli kreditor borcları” 100000.00
Alınmış avadanlığın dəyərinin bir hissəsi uzunmüddətli kreditor borc kimi uçota alınır 111: “Torpaq, tikili və avadanlıqların dəyəri” 435: “Digər uzunmüddətli kreditor borcları” 100000.00
Birinci il üçün qısamüddətli kreditor borc ödənir 538: “Digər qısamüddətli kreditor borcları” 223 “Bank hesablaşma hesabı” 100000.00

 

Uzunmüddətli kreditor borcun bir hissəsi ödənilir 435: “Digər uzunmüddətli kreditor borcları” 223 “Bank hesablaşma hesabı” 2500.00
İlin sonunda uzunmüddətli kreditor borc qısamüddətli kimi təsnifləşdirilir 435: “Digər uzunmüddətli kreditor borcları” 538: “Digər qısamüddətli kreditor borcları” 25000.00

Məqalədə şərh edilən 435 saylı “Digər uzunmüddətli kreditor borcları” hesabı, müasir biznes mühitində yaranan mürəkkəb xarakterli uzunmüddətli öhdəliklərin düzgün uçotu üçün bir alət kimi çıxış edir. Bu hesab, 431-434 nömrəli hesablarda spesifik olaraq təsnif edilməyən bütün uzunmüddətli borcların  uçotu üçün vacibdir. Hesabın düzgün tətbiqi, həm şirkətin maliyyə vəziyyəti haqqında hesabatda uzunmüddətli öhdəliklərin dolğun və dəqiq əks etdirilməsini təmin edir, həm də analitiklər və investorlar üçün müəssisənin maliyyə sabitliyi haqqında etibarlı məlumatlar verir.

Kapital Bank 5 nominasiyada nüfuzlu “Stevie Awards” mükafatına layiq görüldü

posted in: Xəbər | 0

“Stevie Awards” mükafatı, Kapital BankÖlkənin birinci bankı Kapital Bank dünyanın ən nüfuzlu biznes mükafatlarından biri olan, “İş dünyasının Oskarı” kimi dəyərləndirilən “Stevie Awards” proqramında 5 kateqoriya üzrə mükafat qazanıb.

2002-ci ildən etibarən keçirilən “Stevie Awards”, dünyada ən çox iştirakçının qatıldığı beynəlxalq biznes mükafat proqramlarından biridir. 2025-ci ildə proqramda Beynəlxalq Biznes Mükafatları (“International Business Awards”) çərçivəsində 78 ölkədən 3800-dən çox müraciət dəyərləndirilib və yüzlərlə beynəlxalq layihə 22 əsas, 661 alt kateqoriyada yarışıb.

İnnovativ texnologiyaların tətbiqi və  müştəriyönümlü proseslərlə bağlı layihələrlə proqrama qatılan Kapital Bank “İstehlakçı xidmətləri” nominasiyasında proqramın qızıl mükafatı “Gold Stevie Winner”, “İstehlakçı xidmətləri üzrə ilin liderlik kampaniyası”, “İlin müştəri xidməti departamenti”, “Müştəri xidmətləri üzrə həllər”“Müştəri məmnuniyyətində nailiyyət” nominasiyalarında isə “Silver Stevie Winner” gümüş mükafatlarına layiq görülüb.

Kapital Bank-ın Bank Əməliyyatları Ofisinin lideri Məhəmməd İbrahimov bu haqda fikirlərini bölüşüb: “Kapital Bank olaraq, müştərilərimizin etimadını qazanmaq və onlara ən yüksək keyfiyyətli xidmətləri təqdim etmək bizim üçün ən prioritet məsələdir. “Stevie Awards” kimi nüfuzlu mükafat isə komandamızın peşəkarlığının, işinə bağlılığının və müştəri məmnuniyyətini ön planda tutmağının nəticəsidir. Biz hər zaman innovativ yanaşmalarla müştərilərimizin ehtiyaclarına cavab verməyə çalışırıq. Bu kimi beynəlxalq uğurlar göstərdiyimiz səylərin doğru yöndə olduğunu təsdiqləyir. Əminəm ki, bu mükafatlar müştəri xidmətləri sahəsindəki liderliyimizi daha da gücləndirmək və daha böyük uğurlar üçün komandamıza ilham olacaq” .

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 121 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün – https://kbl.az/prcrc.

537 saylı “Faizlər üzrə qısamüddətli kreditor borcları” hesabı üzrə uçot: nəzəri və praktik aspektlər

Agent fiziki şəxslərin icarə haqqı gəlirlərini ödəyərkən yaranan vergi öhdəliyini yerinə yetirə bilərmi?

posted in: Xəbər | 0

“XX” MMC tərəfindən tətbiq etdiyi platforma vasitəsilə üçüncü şəxslərin mülkiyyətində olan daşınmaz əmlakın həmin platformada yerləşdirilməsi və bundan sonra günlük və ya aylıq icarə xidmətinə görə platformaya müraciət edən şəxslərə bu sahədə vasitəçilik (agent) xidmətinin göstərilməsi (subicarə fəaliyyəti göstərilmir) həyata keçirilir və ödənişlər cəmiyyət vasitəsilə aparılır. Platformanın istifadəçi sayının minlərlə ev sahibi olması gözlənilir. Bu halda cəmiyyət fiziki şəxslərin icarə haqqı gəlirlərini ödəyərkən yaranmış vergi öhdəliyini yerinə yetirə bilərmi?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 124.1-ci maddəsinin müddəalarına əsasən, daşınar və daşınmaz əmlak üçün icarə haqqından ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur. 2025-ci il yanvarın 1-dən Vergi Məcəlləsinin sözügedən maddəsində edilmiş dəyişikliklərə əsasən, icarə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə icarəyə verən özü və ya onun təyin etdiyi vergi agenti bu maddəyə uyğun olaraq 14 faiz dərəcə ilə vergini ödəyir və bu Məcəllənin 33-cü və 149-cu maddələri üzrə vergi uçotuna alınıb bəyannamə verir. Buna əsasən, icarə haqqı vergi ödəyicisi kimi uçotda olmayan şəxslər tərəfindən ödənildikdə və cəmiyyət icarəyə verən fiziki şəxslər tərəfindən agent təyin edildikdə həmin fiziki şəxslərin icarə haqqı gəlirlərindən 14 faiz dərəcə ilə verginin tutulması və bəyan edilməsi cəmiyyət tərəfindən həyata keçirilir.

Əsas: Vergi Məcəlləsinin 124.1-ci maddəsi.

Mənbə: vergiler.az

Dəyəri 500 manatdan az olan qeyri-maddi aktivlərin amortizasiyası

121 saylı “İnvestisiya mülkiyyətinin dəyəri” hesabı üzrə müxabirləşmə nümunələri

posted in: Xəbər | 0

İnvestisiya mülkiyyəti nədir? Onun dəyərinin uçotu hansı prinsiplər əsasında aparılır? Mühasibat uçotunun hesablar planı investisiya mülkiyyətinin dəyəri üzrə uçotu necə tənzimləyir? Bu kimi sualların cavabı “121 saylı “İnvestisiya mülkiyyətinin dəyəri” hesabı üzrə uçot” adlı məqalədə verilib. Burada sizi müxabirləşmə nümunələri ilə tanış edəcəyik.

İnvestisiya mülkiyyəti haqqı ödənilməklə digər müəssisələrdən əldə edildikdə

Nümunə 1:  “A” MMC digər “F” MMC-dən dəyəri 140 000 manat olan investisiya mülkiyyəti kimi istifadə etmək məqsədilə bina əldə etmişdir. Tərəflərdən hər ikisi əlavə dəyər vergisi ödəyicisidir. Buna görə də “A” MMC ƏDV-ni əvəzləşdirmə hüququna malikdir. Həmin il binaya 9800 manat amortizasiya hesablanmışdır.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Digər müəssisədən əldə edildikdə 123 – İnvestisiya mülkiyyəti ilə bağlı məsrəflərin kapitallaşdırılması 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 140000.00
2 ƏDV hesablandıqda 241 – Əvəzləşdirilən ƏDV 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 25200.00
3 Kapitallaşdırılmış investisiya mülkiyyəti istismara verildikdə 121 – İnvestisiya mülkiyyətinin dəyəri 123 – İnvestisiya mülkiyyəti ilə bağlı məsrəflərin kapitallaşdırılması 140000.00
4 Amortizasiya hesablandıqda 731 – Sair əməliyyat xərcləri 122 – İnvestisiya mülkiyyəti üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri 9800.00

ƏDV-nin əvəzləşdirilməsi hüququ yaranmırsa, həmin ƏDV məbləği investisiya mülkiyyətinin ilkin dəyərinin üzərinə əlavə edilir.

Nümunə 2: “A” MMC digər “F” MMC-dən dəyəri 140 000 manat olan binanı investisiya mülkiyyəti kimi istifadə etmək məqsədilə əldə etmişdir. “A” MMC ƏDV ödəyicisi olmadığı üçün hesablanan 25 200 manat ƏDV məbləğini əvəzləşdirmək hüququ yoxdur.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Digər müəssisədən əldə edildikdə 123 – İnvestisiya mülkiyyəti ilə bağlı məsrəflərin kapitallaşdırılması 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 140000.00
2 ƏDV hesablandıqda 241 – Əvəzləşdirilən ƏDV 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 25200.00
3 ƏDV-ni əvəzləşdirmək hüququ olmadıqda 123 – İnvestisiya mülkiyyəti ilə bağlı məsrəflərin kapitallaşdırılması 241 – Əvəzləşdirilən ƏDV 25200.00
4 Kapitallaşdırılmış investisiya mülkiyyəti istismara verildikdə 121 – İnvestisiya mülkiyyətinin dəyəri 123 – İnvestisiya mülkiyyəti ilə bağlı məsrəflərin kapitallaşdırılması 165200.00

İnvestisiya mülkiyyəti maliyyə icarəsilə əldə edildikdə

Nümunə 3: “A” MMC digər “F” MMC-dən dəyəri 360 000 manat olan binanı investisiya mülkiyyəti kimi istifadə etmək üçün maliyyə icarəsi ilə əldə etmişdir. Bu zaman 2500 manat məbləğində dolayı məsrəflər uçota alınmışdır.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Maliyyə icarəsi ilə əldə edildikdə 121 – İnvestisiya mülkiyyətinin dəyəri 406 – Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər 360000.00
2 İnvestisiya mülkiyyəti əldə edilərkən hər hansı dolayı məsrəflər qeydə alındıqda 121 – İnvestisiya mülkiyyətinin dəyəri 538 – Digər qısamüddətli kreditor borcları 2500.00

İnvestisiya mülkiyyəti əvəzsiz alındıqda

Nümunə 4: “A” MMC “B” MMC-dən əvəzsiz olaraq, yəni hər hansı ödəniş etmədən bina əldə etmişdir. Bu binanı investisiya mülkiyyəti kimi istifadə etmək qərarına gəlmişdir. Həmin binaya bazar qiyməti tətbiq edilmiş, 95 000 manat olaraq dəyərləndirilmişdir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Əvəzsiz əldə edilən investisiya mülkiyyəti gəlir kimi tanındıqda 123 – İnvestisiya mülkiyyəti ilə bağlı məsrəflərin kapitallaşdırılması 611 – Sair əməliyyat gəlirləri 95000.00
2 Kapitallaşdırılmış investisiya mülkiyyəti istismara verildikdə 121 – İnvestisiya mülkiyyətinin dəyəri 123 – İnvestisiya mülkiyyəti ilə bağlı məsrəflərin kapitallaşdırılması 95000.00
3 Gəlir kimi tanınan investisiya mülkiyyəti Ümumi mənfəətə bağlandıqda 611 – Sair əməliyyat gəlirləri 801 – Ümumi mənfəət (zərər) 95000.00

“111 saylı Torpaq, tikili və avadanlıqlar” hesabında uçota alınmış daşınmaz əmlak ilkin dəyərlə uçota alınan investisiya mülkiyyətinə aid edildikdə

Nümunə 5:  “A” MMC balansında 111 – Torpaq, tikili və avadanlıqlar hesabında uçota aldığı dəyəri 700 000 manat olan binanın istifadə olunmayan 250 000 manatlıq hissəsini icarəyə vermək qərarına gəlmişdir. İcarə əməliyyatının baş tutduğu tarixə 250 000 manatlıq bina üzrə amortizasiya məbləği 17 500 manat təşkil etmişdir. İnvestisiya mülkiyətinin uçotu ilkin dəyər metodu ilə təşkil edilmişdir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Bina investisiya mülkiyyətinə aid edildikdə 121 – İnvestisiya mülkiyyətinin dəyəri 111 – Torpaq, tikili və avadanlıqlar – Dəyər 250000.00
2 Amortizasiya nəzərə alınır 112 – Torpaq, tikili və avadanlıqlar üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri 122 – İnvestisiya mülkiyyəti üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri 17500.00

İnvestisiya mülkiyyəti satış məqsədilə saxlanılan investisiya mülkiyyətinə aid edildikdə

Nümunə 6:   “A” MMC tərəfindən alınan 140 000 manatlıq investisiya mülkiyyəti kimi istifadə edilən bina (Nümunə 1) 4 ildən sonra satış məqsədilə saxlanılan investisiya mülkiyyətinə aid edilmişdir. Həmin dövrə yığılmış amortizasiya məbləği 39 200 manat olmuşdur. Bina 135 800 manata satılmışdır.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Əldə edilən investisiya mülkiyyəti satış məqsədilə saxlanılan digər investisiya mülkiyyətinə aid edildikdə 206 – Satış məqsədi ilə saxlanılan digər aktivlər 121 – İnvestisiya mülkiyyətinin dəyəri 140000.00
2 Yığımış amortizasiya nəzərə alındıqda 122 – İnvestisiya mülkiyyəti üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri 206 – Satış məqsədi ilə saxlanılan digər aktivlər 39200.00

Satılan zaman:

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Satılan binanın balans dəyəri silindikdə 731 – Sair əməliyyat xərcləri 206 – Satış məqsədi ilə saxlanılan digər aktivlər 100800.00
2 Bina mənfəətlə satıldıqda 217 – Digər qısamüddətli debitor borcları 611 – Sair əməliyyat gəlirləri 135800.00
3 ƏDV hesablandıqda 217 – Digər qısamüddətli debitor borcları 545 – Digər qısamüddətli öhdəliklər 24444.00
4 Bina satışından gəlir əldə edildikdə 611 – Sair əməliyyat gəlirləri 801 – Ümumi mənfəət (zərər) 135800.00
5 Binaya görə olan xərc mənfəətə bağlandıqda 801 – Ümumi mənfəət (zərər) 731 – Sair əməliyyat xərcləri 100800.00

İnvestisiya mülkiyyəti tam amortizasiya olunduqdan sonra satılanda aşağıdakı yazılış verilir:

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Tam amortizasiya olunmuş investisiya mülkiyyəti silindikdə 122 İnvestisiya mülkiyyəti üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri 121 – İnvestisiya mülkiyyətinin dəyəri 140000.00

İnvestisiya mülkiyyəti mühasibat uçotu subyekti tərəfindən malların istehsalı və ya təchizatı, yaxud xidmətlərin göstərilməsi və ya inzibati məqsədlər üçün istifadə edildikdə

Nümunə 7:  “A” MMC digər “F” MMC-dən dəyəri 140 000 manat olan investisiya mülkiyyəti kimi istifadə etmək məqsədilə bina əldə etmişdir. Tərəflərdən hər ikisi Əlavə Dəyər Vergisi ödəyicisidir. Həmin il binaya 9800 manat amortizasiya hesablanmışdır. İl bitən kimi “A” MMC qərara alır ki, bu binada malların istehsalını həyata keçirsin. Belə olduğu təqdirdə bina investisiya mülkiyyəti deyil istehsal binası sayılacaqdır. 1 il üzrə yığılmış amortizasiya məbləği də istehsal binasına aid ediləcəkdir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Digər müəssisədən əldə edildikdə 123 – İnvestisiya mülkiyyəti ilə bağlı məsrəflərin kapitallaşdırılması 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 140000.00
2 ƏDV hesablandıqda 241 – Əvəzləşdirilən ƏDV 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 25200.00
3 Kapitallaşdırılmış investisiya mülkiyyəti istismara verildikdə 121 – İnvestisiya mülkiyyətinin dəyəri 123 – İnvestisiya mülkiyyəti ilə bağlı məsrəflərin kapitallaşdırılması 140000.00
4 Amortizasiya hesablandıqda 731 – Sair əməliyyat xərcləri 122 – İnvestisiya mülkiyyəti üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri 9800.00

1 il investisiya binası kimi istifadə olunan binada malların istehsalının həyata keçirilməsi qərara alınmışdır.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 İnvestisiya mülkiyyəti binası malların istehsalı binası kimi uçota alındıqda 111 – Torpaq, tikili və avadanlıqlar – Dəyər 121 – İnvestisiya mülkiyyətinin dəyəri 140000.00
2 Yığılmış amortizasiya nəzərə alındıqda 122 İnvestisiya mülkiyyəti üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri 112 – Torpaq, tikili və avadanlıqlar üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri 9800.00

Yerli investisiyalı MMC-nin dövlət qeydiyyatı necə aparılır?

1 169 170 171 172 173 174 175 2. 693
error: Content is protected !!