İşçilər arasında ayrı-seçkiliyə yol verən hüquqi və fiziki şəxslərin məsuliyyəti

posted in: Xəbər | 0

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 16-cı maddəsinə əsasən, əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrıseçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır.

Qanunvericiliyin bu tələbini insan resursları üzrə mütəxəssis Kəmalə Yusifova şərh edir. 

İnsanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərin işləməsinə yol verilməyən peşə növləri və vəzifələr istisna olmaqla, onları insanın immunçatışmazlığı virusuna yoluxması səbəbinə görə işə qəbul etməkdən, işdə irəli çəkməkdən imtina etmək və ya işdən azad etmək qadağandır. İşəgötürən işçinin insanın immunçatışmazlığı virusuna yoluxması barədə məlumata malik olduqda bu məlumatı açıqlamamalıdır.

Şəxsin dağınıq skleroz xəstə olması səbəbinə görə əmək müqaviləsinin bağlanmasından imtina etmək və ya əmək müqaviləsinə xitam vermək (işəgötürənin müvafiq işi (vəzifəsi) olmadığı, habelə belə şəxslərin əməyindən istifadə olunmasına yol verilməyən iş yerlərinə işə götürməkdən imtina olunan hallar istisna olmaqla) yolverilməzdir.

Əlilliyi olan şəxsin səhhətinin peşə vəzifələrini yerinə yetirməsinə mane olduğu, yaxud başqa şəxslərin səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törətdiyi hallar istisna olmaqla, onunla əlillik səbəbindən əmək müqaviləsini bağlamaqdan, işdə irəli çəkməkdən imtina edilməsinə, əmək müqaviləsinə xitam verilməsinə və öz razılığı olmadan başqa işə (peşəyə, vəzifəyə) keçirilməsinə yol verilmir.
Əmək münasibətləri prosesində işçilər arasında ayrıseçkiliyə yol verən işəgötürən və ya digər fiziki şəxs qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq məsuliyyət daşıyır.

İnzibati Xətalar Məcəlləsinin 205-1.1-ci maddəsinə əsasən, əlilliyi olan şəxslərin hüquqları haqqında qanunvericiliyin pozulmasına, yəni:

  • əmək münasibətlərində əlillik əlamətinə görə hər hansı ayrıseçkiliyə yol verilməsinə, habelə kollektiv və əmək müqavilələrində digər işçilərlə münasibətdə əlilliyi olan şəxslərin əmək hüquqlarının məhdudlaşdırılmasına;
  • əlilliyi olan şəxsin səhhətinin peşə vəzifələrini yerinə yetirməsinə mane olduğu, yaxud başqa şəxslərin səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törətdiyi hallar istisna olmaqla, onunla əlillik səbəbindən əmək müqaviləsini bağlamaqdan, işdə irəli çəkməkdən imtina edilməsinə, əmək müqaviləsinə xitam verilməsinə və öz razılığı olmadan başqa işə (peşəyə, vəzifəyə) keçirilməsinə;
  • müəssisənin ləğv edilməsi halları istisna olmaqla, müddətindən asılı olmayaraq, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslərlə bağlanılmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə;
  • müəssisənin ləğv edilməsi halları istisna olmaqla, həmin istehsalatda bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş və bunun nəticəsində əlilliyi müəyyən edilmiş işçi ilə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə;
  • əlilliyi olan şəxslərin tibbi, peşə-əmək, psixoloji-pedaqoji reabilitasiyası və sosial bacarıqların inkişafı məqsədilə tərtib olunmuş Fərdi Reabilitasiya Proqramının dövlət orqanları və dövlətə məxsus olan hüquqi şəxslər tərəfindən icrasının təmin edilməməsinə;
  • işəgötürənlər həmin istehsalatda bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş və bunun nəticəsində əlilliyi müəyyən edilmiş işçilərin, onların arzusu ilə və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq təsdiq edilmiş Fərdi Reabilitasiya Proqramını nəzərə alaraq, işə düzəlməsi üçün iş yerləri ayırmamağa və ya yenilərini təşkil etməməyə görə, 300 manatdan 500 manatadək məbləğdə cərimə edilir.

İnzibati Xətalar Məcəlləsinin 205-1.2-ci maddəsinində isə göstərilib ki, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərin yaşadığı fərdi evlərin onlar üçün uyğunlaşdırılması ilə bağlı xərclərin təqsirkar hüquqi və fiziki şəxslər, dövlət orqanları tərəfindən ödənilməməsinə görə 500 manatdan 1000 manatadək məbləğdə cərimə edilir.

Qadınlara, əlilliyi olan şəxslərə, yaşı 18-dən az olan və sosial müdafiəyə ehtiyacı olan digər şəxslərə, habelə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərə əmək münasibətlərində güzəştlərin, imtiyazların və əlavə təminatların müəyyən edilməsi ayrıseçkilik hesab edilmir.

Ayrıseçkiliyə məruz qalan işçi pozulmuş hüququnun bərpa edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər.

Mənbə: vergiler.az

Hansı sahələrə edilən ianələrin məbləği vergiyə cəlb olunan mənfəətdən azaldılır?

432 saylı “Törəmə (asılı) cəmiyyətlərə uzunmüddətli kreditor borcları” hesabı üzrə uçot

posted in: Xəbər | 0

Sizə təqdim edilən məqalədə 432 saylı “Törəmə (asılı) cəmiyyətlərə uzunmüddətli kreditor borcları” hesabında yerli və beynəlxalq uçot qaydalarına uyğun uçotun aparılması şərh olunur.

Törəmə (asılı) cəmiyyətlər

Törəmə cəmiyyətlər anlayışı və onlarda mühasibat uçotunun aparılması üzrə əsas prinsiplər  həm yerli qanunvericilikdə, həm də beynəlxalq uçot standartlarında hüquqi və iqtisadi baxımdan müəyyən edilir.
Azərbaycan Respublikasının “Mülki Məcəlləsi”- nə  görə ”təsərrüfat cəmiyyəti o halda törəmə cəmiyyət sayılır ki, digər (əsas) təsərrüfat ortaqlığı və ya cəmiyyəti onun nizamnamə kapitalında üstün iştirakına görə və ya onlar arasında bağlanmış müqaviləyə müvafiq surətdə həmin cəmiyyətin qəbul etdiyi qərarları müəyyənləşdirmək imkanına malik olur.”

27 saylı MUBS: “Fərdi maliyyə hesabatları.” (IAS 27) və 28 saylı MUBS: “Asılı müəssisələrə və birgə müəssisələrə investisiya qoyuluşları.” (IAS 28) standartlarına əsasən, törəmə müəssisə ana müəssisənin nəzarəti altında olur və bu nəzarət mülkiyyət payı, idarəetmə hüquqları və ya müqavilə əsasında təmin edilir. İqtisadi mahiyyət baxımından, törəmə müəssisə ana şirkətin biznes strategiyasına uyğun fəaliyyət göstərir, lakin hüquqi baxımdan müstəqil təsərrüfat subyektidir.

Kreditor borclar nədir?

Məqalənin əvvəlində 432 saylı hesabda törəmə (asılı) cəmiyyətlərə uzunmüddətli kreditor borcların uçotu aparıldığın qeyd etmişik. Bəs kreditor borc nədir?

Kreditor borclar – müəssisənin mal, iş və xidmətlərin alınmasına, borc vəsaitlərinin cəlb edilməsinə və digər öhdəliklərin yerinə yetirilməsinə görə üçüncü şəxslərə qarşı yaranmış maliyyə öhdəlikləridir. Bu öhdəliklər müəyyən olunmuş məbləğdə və müəyyən olunmuş müddətdə ödənilməlidir.

1 saylı MUBS: “Maliyyə hesabatlarının təqdimatı” (IAS 1) standartına əsaslanaraq (maddə 61) kreditor borcları aşağıdakı kimi təsnif etmək olar:

  • qısamüddətlilər (cari);
  • uzunmüddətlilər (qeyri cari).

Uzunmüddətli kreditor borclar – hesabat tarixindən etibarən 12 aydan artıq müddətdə ödənilməsi nəzərdə tutulan öhdəliklərdir

32 saylı MUBS 32: “Maliyyə alətləri: təqdimat” (IAS 32) baxımından kreditor borc maliyyə öhdəliyi kimi tanınır, çünki bu, müəssisənin müqavilə üzrə digər subyektə pul və ya digər maliyyə aktivləri ödəmə öhdəliyini əks etdirir (maddə 11).

Uzunmüddətli kreditor borclar üzrə uçot prinsipləri

432 saylı “Törəmə (asılı) cəmiyyətlərə uzunmüddətli kreditor borcları” hesabı AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” ilə müəyyən edilmiş hesablar planının 43-cü “Uzunmüddətli kreditor borcları” bölməsinə aid olan hesablardan biridir. Bu bilməyə aid olan digər hesablar bunlardır:

Uzunmüddətli kreditor borclar beynəlxalq uçot standartlarının tələblərinə əsasən aşağıdakı prinsiplərlə uçota alınır:

  • tanınma (recognition) – müəssisə maliyyə öhdəliyini yalnız müqavilə və ya qanunvericilik əsasında real öhdəlik yarandıqda tanıyır.
  • ölçmə (measurement) – ilk tanınma zamanı öhdəlik ədalətli (fair) dəyər üzrə ölçülür;
  • təqdimetmə (presentation) – maliyyə hesabatında uzunmüddətli öhdəliklər bölməsində ayrıca göstərilir.
  • izah (disclosure) –öhdəliklərin şərtləri, faiz dərəcələri, təminatlar və ödəniş qrafikləri açıqlanmalıdır.

432 saylı “Törəmə (asılı) cəmiyyətlərə uzunmüddətli kreditor borcları” hesabı

Hesabın təyinatı AR MN-nin yuxarıda qeyd edilən qaydalarının 37.10-cu maddəsində şərh olunub: “432 №li “Törəmə (asılı) cəmiyyətlərə uzunmüddətli kreditor borcları” hesabında mühasibat uçotu subyektinin hesabat tarixindən sonra 12 ay ərzində ödənilməsi tələb olunmayan əsas fondlar, qeyri-maddi aktivlər, ehtiyatlar, görülmüş işlər və göstərilmiş xidmətlərin əldə edilməsi üzrə, habelə faizlərə görə törəmə (asılı) cəmiyyətlərə yaranan kreditor borcları barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir.”

Törəmə müəssisədən 12 aydan artıq müddətə ödənməli borc vəsaitlərinin tanınması, yəni öhdəliyin yaranması hesabın krediti, öhdəliyin qismən və ya tam ödənilməsi, müddətin 12 aydan az qalan hissəsinin qısamüddətli hesablara keçirilməsi üzrə yazılışlar isə hesabın debeti üzrə əks etdirilir.

Hesab üzrə tənzimləmələr

432 saylı “Törəmə (asılı) cəmiyyətlərə uzunmüddətli kreditor borcları” hesabı üzrə tənzimləmələr AR MN-nin qeyd edilən qaydalarının 37.10-30.17-ci bəndləri əsasında aşağıdakı formada aparılır:

Əməliyyatın məzmunu Debet Kredit
Uzunmüddətli kreditor borcun tanınması (37.10-cu bənd) Məsələn, pul vəsaitləri (221, 223) 432 saylı hesab
Aksiz vergili xammal və materiallar əldə edilən zaman, aksiz vergisinə (bənd 37.11) 241-2: “Əvəzləşdirilən aksiz” 432 saylı hesab
Əsas fondlar, qeyri-maddi aktivlər, ehtiyatlar, görülmüş işlər və göstərilmiş xidmətlərin əldə edilməsi zamanı yaranan ƏDV (bənd 37.12) 241-1: “Əvəzləşdirilən əlavə dəyər vergisi” 432 saylı hesab
Uzunmüddətli kreditor borcları qısamüddətli kimi təsnifləşdirildikdə (bənd 37.13) 432 saylı hesab 532: “Törəmə (asılı) cəmiyyətlərə qısamüddətli kreditor borcları”
Müsbət məzənnə fərqi yarandıqda (bənd 37.14) 432 saylı hesab 611-8: “Məzənnə fərqləri üzrə gəlirlər”
Mənfi məzənnə fərqi yarandıqda (bənd 37.14) 731-8: “Məzənnə xərcləri” 432 saylı hesab
Öhdəlik qısamüddətli kimi təsnifləşdirilmədən birbaşa ödənildikdə (bənd 37.15) 432 saylı hesab Pul vəsaitləri (221-225)
Öhdəliyin üçüncü şəxs tərəfindən ödənilməsi (37.16) 432 saylı hesab 171-177, 211-217, 243, 244, 538, 545
Öhdəliyin bağışlanılması və ya  silinməsi (bənd 37.17) 432 saylı hesab 611-10: “Digər əməliyyat gəlirləri”
Aksiz vergisi əvəzləşdirildikdə (bənd 37.17) 432 saylı hesab 521 saylı hesab
Aksiz vergisi əvəzləşdirilmədikdə (bənd 37.17) 432 saylı hesab 241-2 saylı hesab
ƏDV əvəzləşdirildikdə (bənd 37.17) 432 saylı hesab 521 saylı hesab
ƏDV əvəzləşdirilmədikdə (bənd 37.17) 432 saylı hesab 241-1  saylı hesab

Mühasibat yazılışlarına nümunə

 “Abc” MMC öz törəmə müəssisəsindən ƏDV məbləği 3600 manat (vergi dərəcəsi 18%), ƏDV daxil qiyməti 23600 manat olan material ehtiyatları alıb. Tərəflər arasında bağlanmış müqaviləyə görə onların dəyəri 12 aydan artıq müddətdə ödəniləcək.

432 saylı “Törəmə (asılı) cəmiyyətlərə uzunmüddətli kreditor borcları” hesabından da istifadə edilməklə mühasibat yazılışları aşağıdakı cədvəldə verilib.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Satılan malların maya dəyəri nəzərə alındıqda 201: “Material ehtiyatları” 432 saylı hesab 20000.00
2 Malların ƏDS-i hesablanır 241-1: “Əvəzləşdirilən əlavə dəyər vergisi” 432 saylı hesab 3600.00
3 12 aydan sonra malların dəyəri törəmə müəssisəyə ödənib 432 saylı hesab 223: “Bank hesablaşma hesabları” 23600.00
4 Əvəzləşdirilən ƏDV 521 saylı hesab 241-1  saylı hesab 3600.00

Törəmə (asılı) müəssisələrin uzunmüddətli debitor borcları 172 saylı hesabda aparılır.

532 saylı “Törəmə (asılı) cəmiyyətlərə qısamüddətli kreditor borcları” hesabı üzrə uçot

posted in: Xəbər | 0

Bu məqalədə 532 saylı “Törəmə (asılı) cəmiyyətlərə qısamüddətli kreditor borcları” hesabının iqtisadi mahiyyəti, tanınma və ölçmə prinsipləri, mühasibat yazılışları və praktiki tətbiqi  beynəlxalq standartların və yerli qanunvericiliyin tələblərinə uyğun olaraq izah edilir.

Törəmə (asılı) cəmiyyətlər anlayışı

Törəmə (asılı) cəmiyyət anlayışı hüquqi və iqtisadi münasibətlərdə xüsusi çəkiyə malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 67.1 maddəsinə əsasən, təsərrüfat cəmiyyəti o halda törəmə (asılı) hesab olunur ki, digər (əsas və ya ana) təsərrüfat ortaqlığı və ya cəmiyyəti onun nizamnamə kapitalında üstün iştirak payına görə və ya bağlanmış müqavilə əsasında həmin cəmiyyətin strateji qərarlarını müəyyənləşdirmək imkanına malik olsun.

Beynəlxalq mühasibat uçotu standartlarına (məsələn, IAS 27 “Fərdi maliyyə hesabatları” və IAS 28 “Asılı müəssisələrə və birgə müəssisələrə investisiya qoyuluşları”) görə törəmə müəssisə ana müəssisənin nəzarəti altında olur, onun biznes strategiyasına uyğun fəaliyyət göstərir, lakin hüquqi baxımdan müstəqil fəaliyyət göstərir. Onlar arasında əlaqələrdən yaranan öhdəliklər, o cümlədən kreditor borclar, uçotda şəffaf və dəqiq əks etdirilməlidir, çünki onlar həm konsolidə edilmiş, həm də fərdi maliyyə hesabatlarının keyfiyyətinə təsir göstərir.

Kreditor borcların iqtisadi mahiyyəti

Yuxarıda, məqalənin giriş hissəsində, 532 saylı hesabda törəmə (asılı) cəmiyyətlərə qısamüddətli kreditor borclarının uçotunun aparıldığı qeyd edilib. Bəs, ümumiyyətə, kreditor borclar nədir?

Kreditor borclar – mühasibat uçotu baxımından, müəssisənin digər hüquqi və ya fiziki şəxslər, o cümlədən törəmə müəssisələr qarşısında maliyyə öhdəlikləridi. Bu öhdəliklər mal, iş və xidmətlərin alınması, borc vəsaitlərinin cəlb edilməsi, avans vəsaitlərinin qəbul edilməsi və digər əməliyyatlar nəticəsində yarana bilər.

IAS 1 (“Maliyyə hesabatlarının təqdimatı”) standartının 61-ci maddəsinə görə öhdəliklər  qısamüddətli (cari) və uzunmüddətli (qeyri-cari) kreditor borclar kimi fərqləndirilir.  Qısamüddətli kreditor borclar — hesabat tarixindən 12 ay ərzində ödənilməsi nəzərdə tutulan maliyyə öhdəlikləridir. Belə öhdəliklərin uçotu 532 saylı hesab “Törəmə (asılı) cəmiyyətlərə qısamüddətli kreditor borcları” hesabında aparılır.

Yeri gəlmişkən, uzunmüddətli belə öhdəliklər 432 saylı hesabda uçota alınır.

 IAS 32 “Maliyyə alətləri: təqdimat” standartı baxımından kreditor borc, maliyyə öhdəliyinin tipik nümunəsidir (maddə 11). Çünki müəssisə müqavilə şərtlərinə uyğun olaraq digər tərəfə pul vəsaiti və ya digər maliyyə aktivləri ödəmək məcburiyyətindədir. Bu baxımdan kreditor borclar müəssisənin likvidlik səviyyəsinə, maliyyə dayanıqlığına və qısamüddətli maliyyə strategiyasına bilavasitə təsir göstərir.

Uzunmüddətli kreditor borclar üzrə uçot prinsipləri

Azərbaycan qanunvericiliyində kreditor borcların uçotu, öhdəliyin yaranma tarixi, müqavilə şərtləri, ödəniş müddəti, məbləğin dəqiq müəyyən olunması və mühasibat yazılışlarında düzgün əks etdirilməsi prinsiplərinə əsaslanır. Xüsusilə törəmə müəssisələrlə hesablaşmalarda şəffaflıq və qarşılıqlı təsdiqedici sənədlərin olması tələb olunur.

532 saylı “Törəmə (asılı) cəmiyyətlərə qısamüddətli kreditor borcları” hesabı AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”  ilə müəyyən edilmiş hesablar planının 53-cü “Qısamüddətli kreditor borcları” bölməsinə aid olan hesablardan biridir. Bu bilməyə aid olan digər hesablar bunlardır:

  • 531-ci hesab: “Malsatan və podratçılara qısamüddətli kreditor borcları”;
  • 533-cü hesab: “Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar”;
  • 534-cü hesab: “Dividendlərin ödənilməsi üzrə təsisçilərə kreditor borcları”;
  • 535-ci hesab: “İcarə üzrə qısamüddətli kreditor borcları”;
  • 536-cı hesab: “Tikinti müqavilələri üzrə qısamüddətli kreditor borcları”;
  • 537-ci hesab: “Faizlər üzrə qısamüddətli kreditor borcları”;
  • 538-ci hesab: “Digər qısamüddətli kreditor borcları”.

532 saylı “Törəmə (asılı) cəmiyyətlərə qısamüddətli kreditor borcları” hesabının təyinatı

Hesabın təyinatı AR MN-in yuxarıda qeyd edilən qərarının 43.10-cu bəndində müəyyən edilib. Həmin bəndə görə ə əsasən Q-01 nömrəli Qaydaların 37.26-cı maddəsinə görə, “hesabat tarixindən sonra 12 ay ərzində ödənilməli olan əsas fondlar, qeyri-maddi aktivlər, ehtiyatlar, görülmüş işlər və göstərilmiş xidmətlərin əldə edilməsi üzrə, habelə faizlərə görə törəmə (asılı) cəmiyyətlərə yaranan kreditor borcları barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir.”

Törəmə müəssisədən 12 ay ərzində ödənilməli borc vəsaitlərinin tanınması, yəni öhdəliyin yaranması hesabın krediti, öhdəliyin qismən və ya tam ödənilməsi, öhdəliyin uzunmüddətli kimi təsnif edilməsi zamanı yazılışlar hesabın debeti üzrə əks etdirilir.

Hesab üzrə tənzimləmələr

532 saylı “Törəmə (asılı) cəmiyyətlərə qısamüddətli kreditor borcları” hesabı üzrə tənzimləmələr AR MN-nin qeyd edilən qaydalarının 43.10-43.17-ci bəndləri əsasında aşağıdakı formada aparılır:

Əməliyyatın məzmunu Debet Kredit
Qısamüddətli kreditor borcun tanınması (43.10-cu bənd) Məsələn, pul vəsaitləri (221, 223) 532 saylı hesab
Aksiz vergili xammal və materiallar əldə edilən zaman, aksiz vergisinə (bənd 43.11) 241-2: “Əvəzləşdirilən aksiz” 532 saylı hesab
Əsas fondlar, qeyri-maddi aktivlər, ehtiyatlar, görülmüş işlər və göstərilmiş xidmətlərin əldə edilməsi zamanı yaranan ƏDV (bənd 43.12) 241-1: “Əvəzləşdirilən əlavə dəyər vergisi” 532 saylı hesab
Uzunmüddətli kreditor borcları qısamüddətli kimi təsnifləşdirildikdə (bənd 43.13) 532 saylı hesab 432: “Törəmə (asılı) cəmiyyətlərə uzunmüddətli kreditor borcları”
Müsbət məzənnə fərqi yarandıqda (bənd 43.14) 532 saylı hesab 611-8: “Məzənnə fərqləri üzrə gəlirlər”
Mənfi məzənnə fərqi yarandıqda (bənd 43.14) 731-8: “Məzənnə xərcləri” 532 saylı hesab
Öhdəlik ödənildikdə (bənd 43.15) 532 saylı hesab Pul vəsaitləri (221-225)
Öhdəliyin üçüncü şəxs tərəfindən ödənilməsi (43.16) 532 saylı hesab 171-177, 211-217, 243, 244, 538, 545
Öhdəliyin bağışlanılması və ya  silinməsi (bənd 43.17) 532 saylı hesab 611-10: “Digər əməliyyat gəlirləri”
Aksiz vergisi əvəzləşdirildikdə (bənd 43.17) 532 saylı hesab 521 saylı hesab
Aksiz vergisi əvəzləşdirilmədikdə (bənd 43.17) 532 saylı hesab 241-2 saylı hesab
ƏDV əvəzləşdirildikdə (bənd 43.17) 532 saylı hesab 521 saylı hesab
ƏDV əvəzləşdirilmədikdə (bənd 43.17) 532 saylı hesab 241-1  saylı hesab

Mühasibat yazılışlarına nümunə

 ““ABC” MMC öz törəmə müəssisəsindən ƏDV məbləği 1800 manat (18%), ƏDV daxil qiyməti 11 800 manat olan material ehtiyatları almışdır. Müqaviləyə əsasən, ödəniş 6 ay ərzində həyata keçiriləcək.

532 saylı “Törəmə (asılı) cəmiyyətlərə qısamüddətli kreditor borcları” hesabından da istifadə edilməklə mühasibat yazılışları aşağıdakı cədvəldə verilib.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Satılan malların maya dəyəri nəzərə alındıqda 201: “Material ehtiyatları” 532 saylı hesab 10000.00
2 Malların ƏDS-i hesablanır 241-1: “Əvəzləşdirilən əlavə dəyər vergisi” 532 saylı hesab 1800.00
3 12 aydan sonra malların dəyəri törəmə müəssisəyə ödənib 532 saylı hesab 223: “Bank hesablaşma hesabları” 11800.00
4 Əvəzləşdirilən ƏDV 521 saylı hesab 241-1  saylı hesab 1800.00

Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları 212 saylı hesabda  aparılır.

Beləliklə, deyə bilərik ki, 532 saylı “Törəmə (asılı) cəmiyyətlərə qısamüddətli kreditor borcları” hesabı, törəmə müəssisələrlə maliyyə münasibətlərinin operativ uçotu üçün mühüm əhəmiyyət daşıyır. Bu hesab üzrə uçotun düzgün aparılması müəssisənin likvidlik idarəetməsini, maliyyə intizamını və hesabatların şəffaflığını təmin edir.

112 saylı “Torpaq, tikili və avadanlıqlar üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri” hesabı – nümunələr

posted in: Xəbər | 0

Yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri üzrə uçot hesabı

Bizim daha çox əsas vəsaitlər kimi tanıdığımız torpaq, tikili, avadanlıqlar yaxud aktivlərin uçotu Hesablar Planının 11-ci maddəsi  üzrə aparır. 16 №-li “Torpaq, tikili və avadanlıqlar” MUBS (IAS 16)  onları istifadə müddəti bir hesabat dövründən artıq olan maddi aktivlər kimi şərh edir.

Torpaq, tikili, avadanlıqlar üzrə subhesabların açılması, müxabirləşmələrin verilməsi AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”  ilə tənzimlənir.

Bu qaydalara əsasən Hesablar Planının 112 saylı hesabında həmin aktivlərin amortizasiyasının və qiymətdən düşmə zərərlərinin uçotu aparılır. Amortizasiya normaları Vergi Məcəlləsinin 114-cü maddəsinə əsasən müəyyən edilir.

Torpaq, tikili, avadanlıqlarla aparılan əməliyyatlardan asılı olaraq amortizasiyanın uçotu üzrə müxabirləşmələr fərqlənə bilər. Belə əməliyyatların aşağıdakı nümunələrini göstərmək olar:

  • satış;
  • əskikgəlmə;
  • yenidən qiymətləndirildikdə.

Əsas vəsaitlərin amortizasiyası üzrə uçotun ümumi prinsipləri, habelə satış zamanı “112 saylı Torpaq, tikili və avadanlıqlar üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri” hesabı üzrə müxabirləşmə nümunələri ilə eyni adlı məqalədən tanış olmaq olar.

Torpaq, tikili və avadanlıqların əskik gəlməsi üzrə əməliyyatlar

Əskikgəlmə zamanı 2 hal mövcuddur. 1-ci halda torpaq, tikili, avadanlıqların əskik gəlməsinin səbəbləri və bundan təqsirkar hesab edilən şəxslər məlum olur. Belə olduqda, sözügedən torpaq, tikili, avadanlıqlar təqsirkar şəxsin yəni, müəssisənin işçisinin yaxud rəhbər şəxsin hesabına aid ediləcək, onun əməkhaqqısından tutulacaqdır.

Nümunə 1: “A” MMC-də aparılan audit yoxlaması zamanı müəssisəyə məxsus balans dəyəri 5000 manat, yığılmış amortizasiya məbləği 1250 manat olan əsas vəsaitin uçot sənədlərində qeyd olunmasına baxmayaraq, real olaraq mövcud olmaması, itməsi halı aşkarlanmışdır. Auditor əsas vəsaitin əskik gəlməsinin səbəbini işçinin məsuliyyətsiz yanaşması kimi qiymətləndirmiş və həmin işçi ona qarşı qaldırılan bütün iddiaları qəbul etmişdir. Bu zaman, həmin əsas vəsait işçinin hesabına aid edilmiş və əməkhaqqısından tutulmuşdur. “A” MMC üçün bu əməliyyat əsas vəsaitin təqdim edilməsi kimi hesab edilmişdir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Əskik gələn torpaq, tikili və avadanlıqlar balansdan çıxarıldıqda (balans dəyəri ilə) 731 – Sair əməliyyat xərcləri 111 – Torpaq, tikili və avadanlıqlar – Dəyər 5000,00
2 Yığılmış amortizasiya silindikdə 112 – Torpaq, tikili və avadanlıqlar üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri 731 – Sair əməliyyat xərcləri 1250,00
3 Torpaq, tikili və avadanlıqlar müəssisənin işçisinə təqdim edildikdə 217 – Digər qısamüddətli debitor borcları 611 – Sair əməliyyat gəlirləri 3750,00
4 ƏDV hesablandıqda 217 – Digər qısamüddətli debitor borcları 545 – Digər qısamüddətli öhdəliklər 675,00
5 Təqsirkar şəxsin əməkhaqqısından tutulma edildikdə 533 – Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar 217 – Digər qısamüddətli debitor borcları 4425,00
6 Daxil olan ödənişə əsasən büdcə qarşısında vergi öhdəliyi yarandıqda (ƏDV) 545 – Digər qısamüddətli öhdəliklər 521 – Vergi öhdəlikləri 675,00
7 Gəlir kimi tanınan torpaq, tikili və avadanlıqlar ümumi mənfəətə bağlandıqda 611 – Sair əməliyyat gəlirləri 801 – Ümumi mənfəət (zərər) 3750,00
8 Torpaq, tikili və avadanlıqlar qalıq dəyəri xərcə silindikdə 801 – Ümumi mənfəət (zərər) 731 – Sair əməliyyat xərcləri 3750,00

Nümunə 3. 2-ci halda torpaq, tikili, avadanlıqların əskik gəlməsinin səbəbləri, bundan təqsirkar hesab edilən şəxslər məlum olmur. Eyni misal üzərindən təsəvvür edək ki, təqsirkar şəxs məlum deyil, onun təyin edilməsi mümkün deyil. Əsas vəsait ilk alındığı tarixdə ƏDV məbləği əvəzləşdirilmişdir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Əskik gələn torpaq, tikili və avadanlıqlar balansdan çıxarıldıqda (balans dəyəri ilə) 731 – Sair əməliyyat xərcləri 111 – Torpaq, tikili və avadanlıqlar – Dəyər 5000
2 Yığılmış amortizasiya silindikdə 112 – Torpaq, tikili və avadanlıqlar üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri 731 – Sair əməliyyat xərcləri 1250
3 Alış tarixində əvəzləşdirilən ƏDV məbləği nəzərə alındıqda 731 – Sair əməliyyat xərcləri 521 – Vergi öhdəlikləri 900
4 Torpaq, tikili və avadanlıqlar qalıq dəyəri xərcə silindikdə 801 – Ümumi mənfəət (zərər) 731 – Sair əməliyyat xərcləri 3750
5 Alış tarixində əvəzləşdirilən ƏDV məbləği xərcə silindikdə 801 – Ümumi mənfəət (zərər) 731 – Sair əməliyyat xərcləri 900

 

Torpaq, tikili, avadanlıqlar yenidən qiymətləndirildikdə amortizasiya:

Yenidən qiymətləndirmə tarixinə aktiv aşağıdakı üsullardan biri ilə uçota alınır:

  • yığılmış amortizasiyanın sıfıra bərabər edilməsi üsulu;
  • aktivin ilkin dəyərinin, yığılmış amortizasiya məbləğinin proporsional şəkildə düzəldilməsi üsulu.

Topraq, tikili və avadanlıqların yenidən qiymətləndirməsi barədə geniş məlumat əldə etmək üçün buraya keçid ala bilərsiniz.

Nümunə 4: A” MMC balansında olan əsas vəsaitini yenidən qiymətləndirmək qərarına gəlmişdir. Əsas vəsaitin balans dəyəri 5000 manat, 2 illik yığılmış amortizasiya məbləği 500 manat təşkil edirdi. Lakin yenidən qiymətləndirmə aparıldıqdan sonra əsas vəsait 4900 manat olaraq dəyərləndirilmişdir. Yenidən qiymətləndirmə nəticəsində yaranan 400 manat fərq aşağıdakı şəkildə əks etdiriləcəkdir:

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Yığılmış amortizasiya məbləği sıfırlandıqda 112 – Torpaq, tikili və avadanlıqlar üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri 111 – Torpaq, tikili və avadanlıqlar – Dəyər 500.00
2 Yenidən qiymətləndirmə nəticəsində yaranan fərq balans dəyərini artırdıqda 111 – Torpaq, tikili və avadanlıqlar – Dəyər 331 – Yenidən qiymətləndirilmə üzrə ehtiyat 400.00
3 Yenidən qiymətləndirildikdən sonra amortizasiya hesablandıqda (1900 × 20%) 731 – Sair əməliyyat xərcləri 112 – Torpaq, tikili və avadanlıqlar üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri 980.00

Nümunə 5: “A” MMC balansında olan Əsas vəsaitini yenidən qiymətləndirmək qərarına gəlmişdir. Əsas vəsaitin balans dəyəri 4000 manat, 2 illik yığılmış amortizasiya məbləği 400 manat təşkil edirdi. Lakin yenidən qiymətləndirmə aparıldıqdan sonra Əsas vəsait 3100 manat olaraq dəyərləndirilmişdir. Yenidən qiymətləndirmə nəticəsində yaranan 500 manat fərq aşağıdakı şəkildə əks etdiriləcəkdir:

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Yenidən qiymətləndirmə nəticəsində yaranan fərq əks etdirildikdə 731 – Sair əməliyyat xərcləri 112 – Torpaq, tikili və avadanlıqlar üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri 500
2 Yenidən qiymətləndirmə nəticəsində yaranan fərq silindikdə 801 – Ümumi mənfəət (zərər) 731 – Sair əməliyyat xərcləri 500

Torpaq, tikili, avadanlıqlar fövqəladə hal nəticəsində balansdan çıxarıldıqda amortizasiya

Nümunə 6:  “A” MMC-nin fəaliyyət göstərdiyi inzibati binada yanğın hadisəsi baş vermişdir. Yanğın zamanı müəssisəyə məxsus digər qiymətlilərlə yanaşı, əsas vəsaitləri də yararsız vəziyyətə düşmüşdür. İlkin dəyəri 4500 manat olan əsas vəsaitin yığılmış amortizasiya məbləği 900 manat olmuşdur.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Fövqəladə hal nəticəsində Əsas  vəsait balansdan silindikdə 761 – Fövqəladə xərclər 111 – Torpaq, tikili və avadanlıqlar – Dəyər 4500.00
2 Yığılmış amortizasiya silindikdə 112 – Torpaq, tikili və avadanlıqlar üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri 761 – Fövqəladə xərclər 900.00
3 Qeyri-maddi aktivin qalıq dəyəri mənfəətdən silindikdə 801 – Ümumi mənfəət (zərər) 761 – Fövqəladə xərclər 3600.00

Vergi orqanlarına daxil olmuş inzibati şikayətlərin sayı azalıb

1 172 173 174 175 176 177 178 2. 693