Mallar “Alış aktı” ilə alındıqda ödənişi necə etməliyik?

posted in: Xəbər | 0
alış aktıSual: Kənd təsərrüfatı məhsulları istehsalı müəssisəsi xammal məqsədilə aldığı kənd təsərrüfatı məhsullarını vergi uçotunda olmayan fiziki şəxslərdən pərakəndə formasında alırsa, bu əməliyyatı “Alış aktı” ilə həyata keçirə bilərmi? Məhsul satıcısının (kəndli) bu və digər hesab forması yoxdursa, bu zaman yaranmış kreditor borcun ödənilməsi hansı qaydada aparılmalıdır? Əgər bu zaman vəsait satıcının hesabına köçürülərsə, satıcı hər hansı hesabat verməlidirmi?

Cavab: Bildiririk ki, Azərbaycn Respublikası Prezidentinin müvafiq Fərmanı ilə təsdiq olunmuş “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”na əsasən vergi ödəyicisi malları vergi orqanında uçotda olmayan şəxslərdən aldıqda “İstehsal ehtiyatlarının alış aktı” tərtib edilir.

“İstehsal ehtiyatlarının alış aktı”nın forması (İEAA-1) Maliyyə Nazirliyinin Kollegiyasının 04.10.2017-ci il tarixli Q-12 nömrəli qərarı ilə təsdiq edilmişdir (http://www.e-qanun.az/framework/36666).

İstehsal müəssisəsi tərəfindən hesablaşma vergi ödəyicisi olmayan və kənd təsərrüfatı məhsullarının istehsalçıları olan fiziki şəxslərdən kənd təsərrüfatı məhsulları nağd qaydada satın alına bilər.

Vergi orqanında vergi uçotunda olmayan şəxsin vergi orqanına hesabatın verilməsi nəzərdə tutulmur, lakin digər tərəfdən malların təqdim edilməsi sahibkarlıq fəaliyyəti sayılmaqla malları təqdim edən şəxsin vergi uçotuna dayanmaq və uçota duran zaman seçdiyi vergi mükəlləfiyyətinə uyğun olaraq müvafiq bəyannaməni təqdim etmək öhdəliyi vardır.

Bu baxımdan da malların dəyərini ödəyən vergi ödəyicisi tərəfindən ödənilmiş məbləğlər və ödənişi alan şəxs haqqında alış aktında qeyd olunmalı məlumatlar vergi orqanına təqdim edilməlidir.

Bax: “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli 461-VQ nömrəli Qanununun 3.3-cü maddəsi, Azərbaycan Respublikası Prezidentinin 16 iyun 2017-ci il 1460 nömrəli Fərmanları ilə təsdiq olunmuş “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Həmkarlar ittifaqı barədə bilmədiklərimiz

posted in: Xəbər | 1
Həmkarlar ittifaqı Həmkarlar ittifaqı barədə bilmədiklərimiz


Əvvəla qeyd edək ki, həmkarlar ittifaqlarının fəaliyyəti 24.02.1994-cü il tarixli eyniadlı qanunla tənzimlənir. Zənnimizcə qanunun zamanın tələbləri baxımından yenidən işlənməsinə, o cümlədən həmkarlar ittifaqlarının fəaliyyətinin təkmilləşdirilməsi və müasirləşdirilməsinə zərurət vardır. Ona görə ki, hazırda bu qurumlar heç də zamanla ayaqlaşa bilmir və aktuallığını itirməkdədir.
Mövzuya keçməzdən əvvəl bildirmək zəruridir ki, həmkarlar ittifaqının fəaliyyəti və ya işinin tənqid edilməsi ilə bağlı vətəndaşın təqib edilməsinə görə vəzifəli şəxsə xəbərdarlıq edilir və ya 100 manat, hüquqi şəxsə isə 200 manat məbləğində cərimə nəzərdə tutulmuşdur.
Mövzu ilə əlaqədar bəzi sualların cavablandırılmasını həyata keçirəcəyik.
1. Həmkarlar ittifaqı nədir?
– Həmkarlar ittifaqları istehsal və ya qeyri-istehsal sahələrində çalışan işçilərin, habelə pensiyaçıların və təhsil alan şəxslərin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün iş yeri, peşələr, sahələr üzrə və respublika səviyyəsində fərdi üzvlük prinsipi əsasında könüllü birləşdiyi, nizamnamələri və qanun əsasında fəaliyyət göstərən müstəqil ictimai, qeyri-siyasi təşkilatdır.
2. Həmkarlar ittifaqı yaratmaq üçün minimum neçə nəfər birlikdə bu qurumu təsis etməlidir?
– Azı 7 nəfər həmkarlar ittifaqı yaratmaq barədə razılığa gəlib müvafiq müəssisədə könüllü surətdə belə bir qurum təsis edə bilər.
3. Həmkarlar ittifaqının fəaliyyətini tənzimləyən başlıca sənəd hansıdır?
– həmkarlar ittifaqının nizamnaməsi əsas tənzimləyici sənəd sayılır. Bu nizamnamə qanunvericiliyə zidd olmamalıdır. İttifaqın vəzifələri, fəaliyyət istiqamətləri, büdcəsininin formalaşması və xərclənməsi da nizamnamə ilə müəyyən edilir.
4. Üzvlük haqqının köçürülməməsi ilə bağlı hansı məsuliyyət tədbiri nəzərdə tutulmuşdur?
– Mülkiyyət formasından asılı olmayaraq işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçilərin əməkhaqqından mühasibatlıq vasitəsilə həmkarlar ittifaqına üzvlük haqlarının tutulmasının təmin edilməməsinə və 4 iş günü müddətində həmin idarə, müəssisə və təşkilatın həmkarlar ittifaqı təşkilatının xüsusi hesabına köçürülməməsinə görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.
5. Müəssisələrdə həmkarlar ittifaqlarının fəaliyyəti əsas hansı istiqamətlərdə vacib sayılır?
– Kollektiv müqavilə və kollektiv sazişlərin hazırlanması, o cümlədən işçilərin attestasiya zamanı işçilərin nümayəndəli orqanı qismində başlıca olaraq bu qurum çıxış edir.
6. Həmkarlar ittifaqı üzvünün hansı hüquqları var?
– Əvvəla yuxarıda adı çəkilən qanun və Əmək Məcəlləsi ilə müəyyən edilmiş hüquqlardan başlıca olaraq ittifaq üzvü olmağa görə müqavilənin (əmək) xitamı ilə işdən azad edilmənin qadağan olunması, ixtisar zamanı ittifaqın razılığı olduğu halda müqaviləyə xitamın mümkün olmasını göstərmək mümkündür.
7. Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası tərəfindən bağlanmış sonuncu kollektiv saziş nə vaxt imzalanıb və burada nəzərdə tutulmuş başlıca mütərəqqi normalar hansılardır?
– Sonuncu saziş 07.02.2018-ci il tarixdə bağlanmış, burada innovativ vasitələrdən istifadənin artırılması, məşğulluğun təmin edilməsi, gənclərin məşğulluğunun inkişafı, 3 yaşınadək uşağı olan qadınların qismən ödənişli sosial məzuniyyətdən istifadə dövrünü həmin qadının iş stajına daxil etmək, uşağa qulluğa görə ödənilən müavinətin məbləğinin artırılması, beynəlxalq aktların ölkədə tətbiqi və implementasiyasına nail olmaq, icbari tibbi sığortanın inkişafı, işçilər üçün sanatoriya-kurort müalicəsi, bədən tərbiyəsi ilə bağlı və digər sosial tədbirlərin tətbiqi üzrə müddəalar əks edilmişdir.

“Torpaq icarəsi haqqında” Qanunda dəyişiklik edildi

posted in: Xəbər | 0

Torpaq icarəsi “ Torpaq icarəsi haqqında ” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 12-ci və 13-cü bəndlərini rəhbər tutaraq qərara alır:

“Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 3, maddə 154; 2001, № 3, maddə 149; 2002, № 5, maddə 241, № 12, maddə 706; 2003, № 1, maddə 14; 2006, № 5, maddə 389, № 6, maddə 478, № 8, maddə 657; 2007, № 8, maddə 745; 2008, № 5, maddə 348, № 12, maddə 1048; 2012, № 6, maddə 503; 2015, № 3, maddə 247) aşağıdakı dəyişikliklər edilsin:

1. 10-cu maddənin ikinci hissəsinə “Dövlət” sözündən sonra “mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar istisna olmaqla, digər dövlət” sözləri əlavə edilsin.

2. Aşağıdakı məzmunda 10-1-ci maddə əlavə edilsin:

“Maddə 10-1. Dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı

torpaqların icarəyə verilməsinin xüsusiyyətləri

10-1.1. Dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini icarəyə götürmək istəyən şəxs (bundan sonra – ərizəçi) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada ərizə ilə müraciət edir. Ərizədə torpaq sahəsindən istifadənin məqsədi və müddəti göstərilir.

10-1.2. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:

10-1.2.1. ərizəçi fiziki şəxs olduqda, şəxsiyyət vəsiqəsinin surəti;

10-1.2.2. ərizəçi hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti;

10-1.2.3. ərizəçinin vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınması barədə şəhadətnamənin surəti;

10-1.2.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş formada torpaq sahəsindən istifadənin iqtisadi əsaslandırılması;

10-1.2.5. torpaq sahəsi qanuni istifadədə olduqda, torpaq istifadəçisinin razılığını təsdiq edən sənəd.

10-1.3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təqdim olunmuş ərizəyə və ona əlavə olunmuş sənədlərə 10 gün müddətində baxaraq aşağıdakı hüquqi hərəkətlərdən birini edir:

10-1.3.1. torpaq sahəsinin icarəyə verilməsini məqsədəuyğun hesab etmədikdə və ya ərizədə və ona əlavə edilmiş sənədlərdə icarə müqaviləsinin bağlanmasından imtinaya səbəb olan çatışmazlıqlar aşkar etdikdə, torpaq sahəsinin icarəyə verilməsindən imtina edilməsi barədə inzibati akt qəbul edir. Bu inzibati akt torpaq sahəsinin icarəyə verilməsindən imtina hallarına istinad edilməklə əsaslandırılmalıdır;

10-1.3.2. torpaq sahəsinin icarəyə verilməsini məqsədəuyğun hesab etdikdə, bu barədə rəy hazırlayır, həmin rəy və bu Qanunun 10-1.1-ci və 10-1.2-ci maddələrində nəzərdə tutulmuş sənədlər də əlavə olunmaqla, icarə müqaviləsini bağlamağa razılıq alınması üçün 2 gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərir.

10-1.4. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ərizədə və ona əlavə edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan və torpaq sahəsinin icarəyə verilməsindən imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar etdikdə, ərizənin qeydiyyata alındığı tarixdən 3 gündən gec olmayaraq onların aradan qaldırılması barədə məlumatı ərizəçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir və formal tələblərə əməl olunmamasının hüquqi nəticələrini ona izah edir. Bu zaman ərizəyə baxılması ilə bağlı müddətin axımı dayandırılır. Çatışmazlıqların aradan qaldırılması barədə ərizəçinin müraciətindən sonra müddətin axımı bərpa olunur.

10-1.5. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Qanunun 10-1.3.2-ci maddəsinə əsasən razılıq alınması üçün təqdim olunan müraciətə və ona əlavə olunan sənədlərə dövlət torpaq kadastrının məlumatları əsasında 15 gün müddətində baxaraq dövlət torpağının icarəyə verilməsinə razılıq verir və ya həmin müraciət və əlavə olunan sənədlər kadastr məlumatları ilə uyğunsuzluq təşkil etdikdə dövlət torpağının icarəyə verilməsinə razılıq vermir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanının (qurumun) icarə müqaviləsinin bağlanmasına razılıq verilməsindən imtina barədə qərarı imtina hallarına istinad edilməklə əsaslandırılmalıdır.

10-1.6. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Qanunun 10-1.3.2-ci maddəsinə uyğun olaraq razılıq almaq üçün təqdim olunan müraciətə 30 gün müddətində münasibət bildirmədikdə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) razılıq verilməsi prezumpsiyasından çıxış edir.

10-1.7. Bu Qanunun 10-1.5-ci və 10-1.6-cı maddələrinin müddəaları nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) icarəçi ilə icarə müqaviləsi bağlayır və ya icarə müqaviləsinin bağlanmasından imtina haqqında inzibati akt qəbul edir.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 may 2018-ci il.

Mənbə: president.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

İstirahət günü elektron qaimə yazıla bilər?

posted in: Xəbər | 1
elektron qaiməSual: Hüquqi şəxs olan məhsul istehsalçısı tələbdən aslı olaraq, istirahət günləri hazır məhsul satışı həyata keçirə və bu zaman, elektron qaimə və ya vergi hesab-fakturası yazmadan, yol qaiməsi yazıb, növbəti iş günü ərzində həmin qaiməyə əsasən elektron qaimə və vergi hesab fakturası yaza bilərmi?
Cavab: Bildiririk ki, “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”na əsasən ilkin uçot sənədi olan elektron qaimə-faktura bu vergi ödəyicisi tərəfindən malın (işin, xidmətin) alıcısına mal (iş, xidmət) təqdim edilən vaxt verilir.

Bununla belə, “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına və Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”na uyğun olaraq ilkin uçot sənədləri əməliyyatların baş verdiyi anda, bu mümkün olmadıqda isə əməliyyatlar başa çatdıqdan sonra tərtib edilməlidir.

Qeyd olunanlara əsasən müəssisə tərəfindən hər hansı səbəbdən göstərilən xidmətə görə əməliyyatın baş verdiyi anda elektron qaimə-fakturanın təqdim edilməsi mümkün olmadıqda, elektron qaimə-faktura sonrakı dövrdə tərtib edilə bilər və bu zaman elektron qaimə-fakturanın “Əlavə qeydlər” sətrində təqdim edilən malların təqdim edilməsinin hansı dövrdə (ayda) həyata keçirilməsi göstərilir.

Bax: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Kollegiyasının 30.01.2017-сi il tarixli Q-01 nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına və Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”nın 7.3-cü bəndi.
Mənbə: taxes.gov.az