Elektron çıxarışların üstünlükləri

posted in: Xəbər | 0

Artıq elektron çıxarışa sahib olan vətəndaşlar öz sənədlərinin həqiqiliyini onlayn yoxlaya bilirlər. Bunun üçün isə istifadəçilərdən heç bir ödəniş tələb olunmur. Vətəndaşlar «Elektron hökumət» portalına daxil olaraq çıxarışın qeydiyyat və reyestr nömrələrini qeyd etməklə sənədin düzgünlüyünü yoxlamaq imkanına malikdirlər.

Əmlak Məsələləri Dövlət Komitəsindən verilən məlumata görə, yeni xidmətin təqdim olunmasında  məqsəd daşınmaz əmlakın qeydiyyatı prosesində vətəndaş-məmur təmasını minimuma endirmək, əlçatanlığı artırmaq, məmnunluğu yüksəltmək, operativliyi təmin etməkdir. Bununla mülkiyyətçilərin evlərinə kommunal xidmətlər qoşulanda tələb olunan çıxarışı müvafiq idarəyə əlbəəl təqdim etməsinə ehtiyac qalmır. Həmin qurum elektron çıxarışın yoxlanması sistemindən istifadə etməklə mülkiyyəti təsdiq edən sənədlə tanış ola bilir.

Vətəndaş kimisə öz şəxsi mənzilinə qeydiyyata aldırmaq istədikdə, bu elektron xidmətdən istifadə edə bilir. Əvvəllər mülkiyyətçi bu işi həyata keçirmək üçün əmlaklarına dair çıxarışını kağız formasında notariusa təqdim edirdilər. Ancaq indi notarius bu xidmətdən istifadə etməklə çıxarışın həmin şəxsə mənsub olub-olmadığını yoxlaya bilir. Yeni xidmət alğı-satqı prosesində də vətəndaşlar üçün olduqca faydalıdır. Belə ki, alıcı əmlakı almaq istədikdə çıxarışın sahibini rahatlıqla dəqiqləşdirərək, mülkiyyət sənədinin kimin adına olduğuna əmin olur. Bununla da alğı-satqı prosesində dələduzluq hallarının qarşısı alınır.

Qeyd edək ki, daşınmaz əmlakın dövlət reyestrindən kağız formada təqdim olunan çıxarışda göstərilən bütün məlumatlar elektron çıxarışda da əks olunur. Elektron qaydada əmlaka dair çıxarış əldə etmiş şəxs öz elektron çıxarışını bütün dövlət orqanlarında istifadə edə bilər. Bundan əlavə, elektron çıxarış sistemi kağız çıxarışın itirilməsi, yararsız hala düşməsi ilə bağlı problemlərin aradan qalxmasına rəvac verir, kağız çıxarışın başqa insanlar tərəfindən saxtalaşdırılması və qanunsuz istifadə olunması halı tamamilə istisna edilir.

Mənbə: vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Avropa İttifaqı ƏDV sahəsində əməkdaşlığı genişləndirir

posted in: Vergi, Xəbər | 0

ƏDV Avropa Parlamentinin iqtisadiyyat və valyuta məsələləri üzrə Komitəsi Avropa İttifaqının (Aİ) əlavə dəyər vergisi (ƏDV) sahəsində inzibati əməkdaşlığın genişləndirilməsi üzrə Komissiyasının düzəlişlərində bir sıra dəyişikliklər olunmasını təklif etmişdir.

Təklif olunan dəyişikliklərə Aİ daxilində vergi fırıldaqçılığına qarşı mübarizə sahəsində məsul olan qurumlar arasında daha sıx əməkdaşlıq emtəyə şərait yaradan müddəalar daxildir. Cinayətkarlıq əməllərinin təhlili, vergitutma, uçot və informasiya texnologiyaları kimi sahələrdə ekspert biliklərini bir araya gətirmək, həmçinin heç bir dil maneəsi olmadan əlaqə kanallarının fasiləsiz işini təmin etmək məqsədilə yeni dövlət prokurorluğu yaratmaq rəklif edilir. Bundan əlavə, Aİ üçüncü tərəfi təmsil edən ölkələrlə əməkdaşlıq sazişləri bağlamaq niyyətindədir və ilk belə saziş bu ilin fevral ayında Norveç ilə imzalanmışdır.

Komitə «bir tərəfdən sorğular ilə informasiyanın təhlili arasında, digər tərəfdən də məlumatların qorunması ilə məxfilik arasında düzgün tarazlığın təmin olunması» məqsədilə qanunvericilikdə düzəlişlər aparılmasını tövsiyə etmişdir.

Aİ-nin yaxın zamanlarda vergitutmanın təyinat prinsipinə əsaslanan ƏDV rejiminə keçməsi üçün yekun qərar verəcəyi gözlənilir. Bu rejim çərçivəsində mallar və xidmətlər qeydiyyat yeri üzrə deyil, faktiki fəaliyyət yeri üzrə vergiyə cəlb ediləcək.

Mənbə: vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Sığorta şirkətləri Elektron Qaimə Faktura təqdim etməlidir?

posted in: Vergi, Xəbər | 0

Elektron Qaimə

Sual: Sığorta müqaviləsi buraxılandan sonra paralel olaraq elektron qaimə faktura sığortalıya təqdim edilməlidirmi, yoxsa müqavilə Sığortalı tərəfindən imzalanıb Sığortaçıya təqdim edildikdən sonra bu baş verməlidir və ya sığorta haqqı Sığortaçının hesabına daxil olduqdan sonra EFQ Sığortalıya təqdim edilməlidir? Əgər müqavilə imzalanmamış EQF təqdim edilərsə və sığortalı hər hansı səbəbdən müəyyən müddət keçdikdən sonra müqavilədən imtina edə və onu imzalamaya bilər. Belə olan halda EQF-nin ləğv edilməsi hansı qaydada həyata keçməlidir? Həyatın yığım sığortası müqavilələri üzrə sığorta haqqı aylıq olaraq 36 ay ərzində ödənilir. Bu müqavilələr üzrə EQF aylıq olaraq təqdim edilməlidir, yoxsa 3 illik müddətə hesablanmış ümumi məbləğə?

Cavab: Bildiririk ki, sığorta fəaliyyətinin mahiyyəti sığorta müqaviləsinin bağlanması ilə bir şəxsin (sığortalının) özünün və ya digər şəxsin (faydalananın) ehtimal olunan risklərinin sığortaçıya ötürülməsi, bunun üçün sığortalı tərəfindən müqavilənin müddətində sığorta haqqlarının ödənilməsi, müqavilədə nəzərdə tutulan sığorta hadisəsi baş verdikdə isə sığortaçı tərəfindən faydalanan şəxsə sığorta ödənişinin edilməsidir. Sığorta xidmətinin başlanmasına əsas verən sənəd tərəflər arasında bağlanılan müqavilənin olduğunu və sığorta fəaliyyəti çərçivəsində göstərilən xidmətin özəlliyini nəzərə alaraq sığorta xidməti üzrə elektron qaimə-fakturası sığorta müqaviləsi bağlanılaraq qüvvəyə mindiyi tarixdə verilməlidir. Malı (işi, xidməti) təqdim edən vergi ödəyicisi göndərdiyi istənilən e-qaimə-fakturanı ləğv edə bilər. Bunun üçün o, “Göndərdiklərim” qovluğundakı ləğv etmək istədiyi e-qaimə-fakturanın üzərinə 2 dəfə sıxmalıdır. Sonra açılan pəncərədə “Qaiməni ləğv et” düyməsini sıxır və əməliyyatı təsdiqləmək üçün ləğvetmə səbəbini daxil edir və “Qəbul” düyməsini sıxır. Sonda əməliyyat, gücləndirilmiş elektron imza vasitəsilə təsdiqlənir və nəticədə, e-qaimə-faktura ləğv edilir, onun vəziyyəti həm Satıcı, həm də Alıcı tərəfdə (onun “Gələnlər” qovluğunda) “Ləğv olunub” kimi əks olunur və sətrin rəngi qırmızıya çevrilir. Onu da xatırladaq ki, elektron qaimə-fakturanın göndərilməsindən sonra vergi tutulan dövriyyənin dəqiqləşdirilməsinə əsas verən hallar (əməliyyat tam və ya qismən ləğv edildikdə, o cümlədən mal tam və ya qismən geri qaytarıldıqda, əməliyyatın xarakteri dəyişdikdə, qiymətlərin aşağı düşməsi və s.) özə çıxdıqda dəqiqləşdirilmiş elektron qaimə-faktura hazırlanır. Bunun üçün müvafiq pəncərədə “Qaimənin tipi“ bölməsində “Dəqiqləşdirilmiş” sözünü qeyd etmək və dəqiqləşdirilən e-qaimə-fakturanın seriya və nömrəsini daxil edib “Axtar” düyməsini sıxmaq lazımdır. Bu zaman qaimə üzrə məlumatlar ekrana çıxacaqdır. Müvafiq düzəlişlər edilərək gücləndirilmiş elektron imza təsdiqləndikdən sonra e-qaimə-fakturaya yeni seriya və nömrə verilir. Satıcı tərəfindən göndərilmiş dəqiqləşdirilmiş elektron qaimə-faktura Alıcı vergi ödəyicisi tərəfindən ayın sonuna kimi təsdiq edilməlidir. Əks halda elektron qaimə-faktura proqram təminatı tərəfindən silinir və dəqiqləşdirilməmiş sayılır.

Bax: “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 25 dekabr 2007-ci il tarixli 519-IIIQ nömrəli Qanununun 1-ci maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

“Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsi təsdiqlənib

posted in: Xəbər | 0
ələtParlament “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsini təsdiqləyib.

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsi müzakirə olunaraq təsdiqlənib.

Qanun Azad Zonanın fəaliyyətinin, inkişafının və idarə edilməsinin hüquqi rejimini müəyyən edir.

Azad Zonanı müvafiq icra hakimiyyəti orqanı yaradır və orada azad zona qanunvericiliyi tətbiq edilir. Bu qanunvericiliklə əsas iqtisadi qanunvericiliyi arasında ziddiyyət yaranarsa, azad zona qanunvericiliyi üstün tutulur.

Azad Zonada hüquqi şəxslərin nizamnamə kapitalının və investisiya qoyuluşunun 100%-nin xarici hüquqi və fiziki şəxslərə məxsus olmasına məhdudiyyət qoyulmur.

Azad Zona səlahiyyətli qurumu, Azad Zona inzibati müəssisələri, Azad Zona hüquqi şəxsləri və onların işçiləri, Azad Zona rezidentləri azad zonada fəaliyyətlərinə aid olan bütün vergilərdən azaddırlar.

Azad Zonaya idxal edilən mallara, işlərə, xidmətlərə görə gömrük rüsumları və vergilər ödənilmir. Mallar, işlər, xidmətlər Azad Zonadan əsas iqtisadiyyata ixrac edildikdə, bu cür ixrac edilmiş mallara, işlərə, xidmətlərə əsas iqtisadiyyat qanunvericiliyinin müddəaları tətbiq edilir.

Əsas iqtisadiyyat gömrük idarəsi Azad Zonada gömrük qaydalarının tətbiq edilməsi üçün gömrük idarəsi yaradır. Gömrük idarəsi öz fəaliyyətini Azad Zonanın strateji məqsədlərinə, qabaqcıl beynəlxalq təcrübəyə və Azad Zona qanunvericiliyinə uyğun həyata keçirir.

Azad Zonada fəaliyyət göstərmək hüququ əldə etmiş Azad Zona hüquqi şəxslərinə hər hansı milliləşdirmə, müsadirə tədbirləri və ya özəl mülkiyyətə aid hər hansı digər məhdudiyyət tətbiq edilə bilməz.

İnvestorlar, səhmdarlar, Azad Zona rezidentləri, Azad Zona hüquqi şəxsləri Azad Zonaya investisiya qoymaq və fəaliyyətlərindən əldə etdikləri pul vəsaitlərini məhdudiyyətsiz xaricə köçürmək hüququna malikdirlər.

İnvestorların, səhmdarların, Azad Zona rezidentlərinin, Azad Zona hüquqi şəxslərinin və onların işçilərinin, heç bir məhdudiyyət olmadan, hər hansı xarici valyuta ilə işləməyə və əməliyyatlar aparmağa hüququ var.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.