Yeni publik hüquqi şəxs yaradılıb

posted in: Xəbər | 0

Azərbaycanda Müəllif Hüquqları Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi əsasında publik hüquqi şəxs statuslu Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi (ƏMHTM) yaradılıb.

Nazirlər Kabinetinin qərarı ilə Mərkəzin nizamnaməsi və strukturu təsdiq edilib.

Mərkəzin nizamnaməsinin və strukturunun təsdiq edilməsi, işçilərinin say həddinin və nizamnamə fondunun miqdarının müəyyən edilməsi və Mərkəzin yenidən təşkili və ləğv edilməsi Nazirlər Kabinetinə həvalə edilib.

ƏMHTM-in inkişaf istiqamətlərinin müəyyən edilməsi, illik maliyyə hesabatlarının təsdiq edilməsi, icra orqanının yaradılması, onun səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi, həmçinin təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, idarə, filial və nümayəndəliklərin yaradılmasına razılıq verilməsi, xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri publik hüquqi şəxsin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanılmasına razılıq verilməsi Müəllif Hüquqları Agentliyi tapşırılıb.

Mərkəzin işçilərinin say həddi 13 ştat vahidi müəyyən edilib.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Topdansatış ticarət sahəsində malların mədaxilinin sənədləşdirilməsi

posted in: Xəbər | 0

1.Topdansatış ticarət sahəsində malların mədaxilinin sənədləşdirilməsi

 

1.1. Topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinin bu fəaliyyətin həyata keçirilməsi üçün vergi ödəyicisi kimi uçotda olan şəxslərdən, o cümlədən istehsalçılardan satın aldıqları mallar aşağıdakı qaydada sənədləşdirilir:

1.1.1. topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri malları əlavə dəyər vergisinin (ƏDV-nin) məqsədləri üçün qeydiyyata alınmayan vergi ödəyicilərindən aldıqda, bu malların alışına dair Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaimə-faktura və ya elektron qaimə-faktura tələb edilir və belə malların anbara təhvil verilməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir;

1.1.2. topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri malları ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyicilərindən aldıqda, bu malların alışına dair qaimə-faktura və ya elektron qaimə-faktura ilə yanaşı, elektron vergi hesab-fakturasının da verilməsi tələb edilir və belə malların anbara təhvil verilməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir.

1.2. Mallar vergi orqanında uçotda olmayan şəxslərdən alındıqda, “Malların alış aktı” tərtib edilir. “Malların alış aktı”nda satıcının şəxsiyyətini təsdiq edən sənədin məlumatlarının (FİN, seriyası və nömrəsi) göstərilməsi mütləqdir. Belə malların anbara təhvil verilməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir.

1.3. Vergi ödəyicisi malları təhtəlhesab şəxs vasitəsilə aldıqda, təhtəlhesab şəxsə vəkalətnamə (etibarnamə) verir. Malların alışı zamanı təhtəlhesab şəxs satıcıya vəkalətnamə (etibarnamə) təqdim etdikdən sonra satıcı vəkalətnamə (etibarnamə) verən vergi ödəyicisinin adına sənədləşdirilmiş malların satışına dair qaimə-fakturanı və ya elektron qaimə-fakturanı, yaxud elektron vergi hesab-fakturasını təhtəlhesab şəxsə təqdim edir. Təhtəlhesab şəxsin malları anbara təhvil verməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir.

1.4. İdxal mallarının anbara mədaxili alış dəyərini təsdiq edən sənəd və malların anbara təhvil verilməsi ilə bağlı tərtib olunan “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir. İdxal malları uçota alınarkən həmin malların idxalına dair gömrük bəyannaməsi, faktura (invoys) və müqavilə əsas götürülür. Həmin sənədlərə idxal mallarının daşınmasına dair müqavilə, gömrük təmsilçiliyi birbaşa, yaxud dolayı yolla həyata keçirildikdə – müvafiq səlahiyyətin verilməsini təsdiq edən sənəd, əmtəə-nəqliyyat qaiməsi, gömrük ödənişlərinin ödənilməsini və ya gömrük borcuna görə təminatın verilməsini təsdiq edən sənədlər əlavə edilir. İdxal malları uçot sənədlərində qeydiyyata alınarkən həmin malların alış qiymətinin (faktura qiyməti), nəqliyyat xərclərinin, malların yüklənmə, boşaldılma, yenidən yüklənmə, saxlanma və sığorta xərclərinin cəmi nəzərə alınır.

1.5. Topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyicisinə məxsus malların təsərrüfatdaxili (bir anbardan digər anbara, bir ticarət obyektindən digər ticarət obyektinə) hərəkəti “Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” ilə sənədləşdirilir. Topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyicisinin bu fəaliyyətlə yanaşı, istehsal (o cümlədən kənd təsərrüfatı məhsullarının istehsalı) üzrə təsərrüfat subyektləri (obyektləri) mövcud olduqda, həmin təsərrüfat subyektlərindən (obyektlərdən) malların topdansatış ticarət fəaliyyətində istifadə üçün götürülməsi və ya qaytarılması “Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” ilə sənədləşdirilir.

1.6. Vergi ödəyicisinə məxsus anbarlar və ya təsərrüfat subyektləri (obyektlər) topdansatış ticarət fəaliyyəti həyata keçirilən təsərrüfat subyektinin (obyektin) hüdudlarından kənarda yerləşdikdə və malların daşınması nəqliyyat vasitəsilə həyata keçirildikdə, həmin nəqliyyat vasitəsinə, əlavə olaraq, “Yük avtonəqliyyatı üçün yol vərəqi” verilir.

1.7. Topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyicisinin təqdim etdiyi mallar Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş hallarda geri qaytarıldıqda, həmin mallar anbara və ya malların saxlandığı digər təsərrüfat subyektlərinə (obyektlərə) yenidən mədaxil edilir və onların dəyərinin alıcıya qaytarılması uçot sənədlərində nəzərə alınır.

1.8. Topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyicisinin mədaxil etdiyi mallar, həmin malların alqı-satqısına dair müqaviləyə uyğun olaraq, yararlılıq müddətinin bitməsinə və ya digər səbəblərə görə geri qaytarıldıqda, tərəflər arasında “Malların qaytarılması aktı” tərtib edilir.

1.9. Topdansatış ticarət sahəsində fəaliyyət göstərən şəxslər komissiyaya və ya məsuliyyətli mühafizəyə qəbul edilmiş malları “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirir və həmin sənədlərdə göstərilən qiymətlərlə uçota alırlar. Malların komissiyaya qəbul edilməsi ilə bağlı tərəflər arasında müqavilə bağlanır.

1.10. Malların anbara mədaxilinin uçotu məsul şəxslər, malların adları (növləri, partiyaları və s.), miqdarı və ya digər kəmiyyət göstəriciləri və saxlanma yerləri üzrə aparılır.

1.11. Mallar alış və ya satış qiyməti ilə uçota alınmalıdır. Mallar satış qiyməti ilə uçota alındıqda, alış dəyəri ilə satış qiyməti arasındakı fərq ticarət əlavəsi hesabında ayrıca uçota alınmalıdır.

1.12. Vergi ödəyicisi topdansatış ticarətlə yanaşı, digər fəaliyyət növləri həyata keçirdikdə, alınmış malları təyinatına uyğun olaraq ayrıca uçota almalıdır. Bu zaman həmin mallar “anbarda olan mallar”, “topdansatış ticarətdə olan mallar”, “dolu və boş taralar”, “satın alınan məmulatlar”, “kirayə (yolda olan) mallar” və digər təyinatlar üzrə mədaxil edilir.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Nağd pul dövriyyəsi (2-ci hissə)

posted in: Xəbər | 0

Nağd ödənişlər barədə məqalənin 1-ci hissəsində söz açmışdıq.

2-ci hissə

Nağd pul vəsaitləri ilə bağlı təşkilatlar arasında hesablaşmalardan ötrü limit də tətbiq oluna bilər. Misal üçün, Rusiya Mərkəzi bankı hüquqi şəxslər arasında (eləcə də hüquqi şəxslər və fərdi sahibkarlar arasında) bu cür bir sövdələşmə üçün 100 min rubl limit təyin edib.

Mərkəzi Bank tərəfindən təyin edilən nağd-pul dövriyyəsi ilə bağlı qayda olduqca sərt hesab oluna bilər. Amma, müəssisələrin bir çoxu, məsələn, Rusiyada bu qaydalardan necə yan ötməyə uyğunlaşıblar.

Müəssisədə təyin olunmuş limitdən artıq pul məbləği varsa, kassir onu banka təhvil verməyib, həmin pulları sadəcə guya müəyyən xidməti tapşırıqları yerinə yetirmək məqsədilə işçilərdən birinə verə bilər.  (Bundan ötrü isə təbii olaraq, müəssisə rəhbərinin və baş mühasibin imzası ilə lazım olan sənədlər tərtib edilir). İşçi isə həmin pulları müəssisəyə lazım olduğu vaxtda geri qaytarır. Və bu zaman həmin əməkdaşın xidməti tapşırığı yerinə yetirə bilmədiyi qeyd olunur.

Mərkəzi bank tərəfindən dövriyyədə olan nağd-pul kütləsinə nəzarət etmək Rusiyada kommersiya banklarına həvalə olunub. Amma, kommersiya bankları üçün bu qeyri-təbii funksiyadır, çünki təşkilatlar həmin banklar üçün ilk növbədə müştəridirlər. Biznes qanunlarına görə isə müştəriləri incitmək olmaz. Əgər, hansısa bir bank hər hansı bir qanun pozuntusu aşkar etdərsə, bu hal üzə çıxmasın deyə bank öz müştərisinə kömək etməyə çalışır. Əgər, təşkilat bir neçə kommersiya bankında hesab açıbsa (hazırda bir qayda olaraq belə edirlər) onda müəssisə nəzarətedici bankı  özü seçir. Əgər təşkilat öz kassasından digər bir təşkilata təyin olunmuş limitdən artıq məbləğdə pul köçürməyi planlaşdırırsa, bunu qaydanı pozmadan da etmək mümkündür. Həmin əməliyyat belə həyata keçirilir: iki təşkilat limit daxilində bir neçə müqavilə bağlayır. Sonra isə böyük məbləğ bir neçə müqaviləyə uyğun ödənişlər əsasında həyata keçirilir. (Təcrübədə isə bir qayda olaraq cari hesabları açılmış bütün kommersiya bankları müəssisəyə nəzarət edə bilər.) Bütün bunlarla yanaşı qeyd etmək lazımdır ki, nağd-pul dövriyyəsi ilə bağlı sərt qaydalar təşkilatlar üçün müəyyən narahatlıq yaradır. O səbəbdən, təcrübə göstərir ki, təşkilatlar bəzi pul hesablarını müəssisə hüdudlarından kənara çıxarırlar. Nəticədə müəssisənin xeyrinə olmalı olan bəzi ödənişlər əslində fiziki şəxslərin – sahibkarların və müəssisə rəhbərlərinin şəxsi istifadəsində qalır ki, onlar da təşkilatın maraqları daxilində bəzi məbləğləri həmin istiqamətlərə yönəldirlər.

Məqalənin 1-ci hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Azərbaycanda uçot dərəcəsi yenidən azaldılıb

posted in: Xəbər | 0

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 13%-dən 11%-ə endirilməsi, faiz dəhlizinin yuxarı və aşağı həddinin isə +/- 3% səviyyəsində olması barədə qərar qəbul edib.

Bu barədə AMB-nin sədri Elman Rüstəmov bu gün keçirdiyi mətbuat konfransında məlumat verib.

Xatırladaq ki, qurumun İdarə Heyəti 12 fevral 2018-ci il tarixində uçot dərəcəsinin 15%-dən 13%-ə, faiz dəhlizinin yuxarı həddinin 18%-dən 16%-ə, aşağı həddinin isə 10%-dən 8%-ə endirilməsi barədə qərar qəbul etmişdi.

Faiz dəhlizinin parametrləri növbəti dəfə bu il iyunun 14-də müzakirə ediləcək.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.