Kim nə qədər işləyir??? (1-ci hissə)

posted in: Məqalə, Xəbər | 0

Müxtəlif ölkələrdə iş günü, iş həftəsi və iş vaxtı necə tənzimlənir? Bu göstəricilər ölkə iqtisadiyyatının inkişaf səviyyəsinə necə təsir edir? Məni bunları araşdırmağa  bir neçə vaxt bundan əvvəl, “yeni il tətilləri” zamanı Rusiyada işçilərin əksəriyyətinin günlərlə istirahət etməsi faktı ilə bağlı söylənilən düşüncələr sövq etdi.

Bir çox bayram günləri var ki, digər ölkələrdə, ümumiyyətlə, həmin vaxtlarda istirahət etmirlər və guya ruslar daha çox istirahətə meyillidirlər və onlara bu imkan yaradılır. Statistikanı araşdırdıqdan sonra belə bir qənaətə gəldim ki, bütün bunlar tamamilə yanlış fikirlərdir: Reallıqda ruslar dünyada ən çox işləyən insanlar sırasına daxildirlər. MDB-yə daxil olan digər ölkə sakinləri də bu sahədə bizdən elə də uzağa getməyiblər. İndi isə bu haqda daha ətraflı…

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) adlanan beynəlxalq bir təşkilat mövcuddur,  hansı ki, müxtəlif sahələrdə statistik məlumatların hesabatını aparır və onları müqayisə edir. Sözügedən təşkilat faktiki iş saatlarının (rəsmi şəkildə əlavə iş  saatları da daxil olmaqla) hesabatını da həyata keçirir.

İƏİT-in açıqladığı rəqəmlərə görə, orta statistik Rusiya sakini 2015-ci ildə, diqqət edin, 1978 saat çalışmışdır. Bu o deməkdir ki, həmin sakin 247 gün 8 saatlıq iş günü normasında çalışmışdır. Yəni, qısaldılmış iş günləri və məzuniyyət belə olmayıb.  Bu rəsmi statistikadır. Onu da əlavə etmək lazımdırmı ki, bu insanlar hələ qeyri-rəsmi şəkildə nə qədər işləmişlər?

Bu göstəriciyə görə Rusiya dünyada altıncı yeri tutur. İnsanların daha çox işlədiyi ilk beşliyə daxil olan ölkələr bunlardır:

  1. Meksika
  2. Kosta-Rika
  3. Cənubi Koreya
  4. Yunanıstan
  5. Çili

Diqqət yetirin: Bu ölkələr hələ “orta yaşayış” və “orta yaşayış həddindən aşağı” səviyyədə olan, yəni heç də inkişaf etmiş və ya ən geridə qalan ölkələr deyillər. Ümumiyyətlə, anlaşılan deyil ki, insanların demək olar ki, istirahət etmədikləri və məzuniyyət belə götürə bilmədikləri bir çox Asiya ölkələri bu siyahıda niyə yer almayıblar. Buna baxmayaraq, statistik göstəricilər belədir. Bilirsinizmi, İƏİT-in məlumatına görə ən az iş saatına malik ölkələr hansılardır?

  1. Almaniya
  2. Niderland
  3. Norveç
  4. Danimarka
  5. Fransa

Ümumiyyətlə, ilk onluğu Avropa ölkələri tutur. Məsələn, orta statistik Almaniya sakini il ərzində 1371 saat işləyir ki, bu da Rusiyada çalışanların iş saatlarından üçdə bir qədər azdır! Onluğa düşən və minimal iş vaxtı mövcud olan bütün Avropa ölkələri ən yüksək inkişaf səviyyəsinə malikdirlər.

Rusiya sakinləri və Qərbi Avropada yaşayan əhali arasında iş vaxtının bu cür kəskin fərqlənməsi nə ilə bağlıdır? Burada üç əsas səbəbi göstərmək olar:

  1. Daha qısa iş günü və iş həftəsi,
  2. Məzuniyyət günlərlərinin sayının daha çox olması,
  3. Əlavə iş saatındakı çalışmalara qəti nəzarət mexanizmi.

Özü də maraqlıdır ki, iş günü və iş həftəsi müddəti il ərzində çalışılmış faktiki saatların ümumi nəticəsinə heç də ən güclü təsir edən amil deyilmiş. Çünki İƏİT-in apardığı tədqiqatdan da görünür ki, eyni iş saatı və iş həftəsinə malik ölkələr, faktiki orta statistik işçi zamanı ilə bağlı  pozisiyaya görə diametral  şəkildə bir-birindən fərqlənirlər.

İndi isə müxtəlif ölkələrdə iş günü və iş həftəsi ilə bağlı statistik rəqəmlərə baxaq:

 

Niderland – dünyada ən minimal iş həftəsi bu ölkədədir. İş günü orta hesabla 7,5 saat, iş həftəsi isə 27 saat təşkil edir.

Fransa, İrlandiya – iş həftəsi 35 saatdır.

Danimarka – iş günü 7,3 saat, iş həftəsi isə 37,5 saat təşkil edir. Maraqlıdır ki, Danimarkada bir saata görə ödənilən məbləğ Avropa Birliyi ölkələri ilə müqayisədə 30% çoxdur. Bu ölkədə bir saata görə 37,5 avro pul verilir.

Almaniya – İş həftəsi 38 saatdır. Almanlar ənənəvi olaraq çox işləyən xalq kimi xarakterizə olunsa da, illik iş saatı burada da dünyada minimal hesab olunur.

Rusiya, Ukrayna – iş günü 8 saat, iş həftəsi isə 40 saat təşkil edir. Amma, əlavə çalışmalar (hətta rəsmi olaraq) və çox vaxt məzuniyyətlərin vaxtlı-vaxtında verilməməsi üzündən, il ərzindəki iş saatlarının çoxluğu səbəbiylə bu ölkələr, işçilərin ən çox çalışdığı ilk onluğa daxildirlər.

ABŞ – maksimal iş həftəsi 40 saat təşkil edir. Şəxsi sektorda işçilər həftədə 34,6 saat işləyirlər.

Yaponiya – iş həftəsi 40 saatdır. Yapon işgüzarlığı haqqında çox deyilsə də, rəsmi iş həftəsi Rusiyadakından fərqlənmir. Bu ölkədə karyeradan ötrü əlavə çalışmağa qeyri-rəsmi olaraq yol verilsə də, rəsmi statistikada bu öz əksini tapmayıb. O səbəbdən, çox vaxt iş həftəsi faktiki olaraq 50 saata çatır.

Böyük Britaniya – iş həftəsi 43,7 saatdır.

Yunanıstan – iş həftəsi 43,7 saatdır, iş saatının faktiki həcminə görə Avropada ən maksimal hədd sayılır.

Meksika, Tailand, Hindistan – iş həftəsi 48 saat təşkil edir və altı gün çəkir.

 

Çin – iş günü ortalama 10 saatdır, həftədə isə 60 saat təşkil edir. Çində nahar fasiləsi 20 dəqiqə çəkir, məzuniyyət isə cəmi 10 gün nəzərdə tutulub. Belə bir məlumat da var ki, çox işləmək nəticəsində Çində hər gün 1600 insan həyatını itirir.

İş gününün davamiyyəti  və  iş saatından əlavə çalışmalar ümumi iş vaxtına və məzuniyyətin davamiyyətinə öz təsirini göstərir. Avropada bu sahədə vəziyyət Rusiya, Ukrayna və digər keçmiş postsovet  ölkələrindəkindən xeyli yaxşıdır.

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Sadələşdirilmiş vergi: 4%-dən 6%-ə necə keçməli ?

posted in: Vergi, Xəbər | 0

Sual: Müəssisəmiz 46901-ixtisaslaşdırılmamış topdansatış fəaliyyəti ilə məşğuldur. Ardıcıl olaraq 12 aylıq dövrün vergi tutulan əməliyyatların həcmi 200.000 manatdan çox olduqda 6% dərəcəsi üzrə işləyə bilərikmi və bunun üçün əlavə olaraq qeydiyyatda olduğumuz vergi orqanına məlumat verməliyikmi?

Cavab: Bildiririk ki, vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan və ticarət fəaliyyəti ilə məşğul olan şəxslər sadələşdirilmiş vergi ödəyicisi olmaq hüquqdan istifadə etmək üçün “Ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan istifadə haqqında Məlumat forması” ilə vergi orqanına müraciət edə bilərlər. Bu halda ticarət fəaliyyəti ilə məşğul olan şəxslər bu fəaliyyət üzrə sadələşdirilmiş vergini 6 faiz dərəcə ilə hesablayacaqlar.

Bax: Vergi Məcəlləsinin 218.1.2-ci və 220.1-1.1-ci maddələri.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Dövlət sosial sığorta haqları üzrə borcların silinməsi barədə qanun 1 apreldən qüvvəyə minir

posted in: Xəbər | 0

Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Məcburi dövlət sosial sığorta haqları üzrə 2006-cı ilin 1 yanvar tarixinədək yaranmış borcların tənzimlənməsi

Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir.

Maddə 2. Məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış borcların tənzimlənməsi

Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcları tam məbləğdə silinir.

Maddə 3. Məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə 2015-ci ilin 1 yanvar tarixindən 2018-ci ilin 1 aprel tarixinədək yaranmış borcların tənzimlənməsi

3.0. Bu Qanunun 2-ci maddəsi nəzərə alınmaqla sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixindən yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcların tənzimlənməsi aşağıdakı qaydada həyata keçirilir:

3.0.1. sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-may ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 10 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 90 faizi silinir;

3.0.2. sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-iyul ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 30 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 70 faizi silinir;

3.0.3. sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-sentyabr ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 50 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 50 faizi silinir.

Maddə 4. Yekun müddəa

Bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barəsində məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir.

Maddə 5. Qanunun qüvvəyə minməsi

Bu Qanun 2018-ci il aprelin 1-dən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 mart 2018-ci il.

Mənbə: president.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Rusiyada vergi daxilolmalarının 40 faizi faydalı qazıntılar hesabına təmin olunub

posted in: Vergi, Xəbər | 0

Keçən il Rusiya Federasiyasının konsolidə edilmiş büdcəsinin doldurulmasında hasilat sektoru aparıcı yer tutmuşdur. Federal Vergi Xidmətinin son hesabatında bildirilmişdir ki, xammal sektorundan daxil olan vergilərin rolu ölkə iqtisadiyyatında nəzərəçarpacaq dərəcədə artmışdır.

2017-ci ildə faydalı qazıntıların (daş kömür, neft, qaz, metal filizi və s.) hasilatı sektoru konsolidə edilmiş büdcənin  gəlirlərinin 29,2 faizini təşkil etmişdir, bir il əvvəl isə bu göstərici 26,5 faiz idi. Faydalı qazıntıların hasilatından tutulan verginin payı vergi daxilolmalarının artımının ümumi məbləğində 40 faiz olmuşdur.

Mənbə: www.vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.