Bu il gömrük orqanlarının xətti ilə büdcəyə 446 milyon manat ödənilib

posted in: Vergi, Xəbər | 0

Bu ilin yanvar-fevral aylarında Dövlət Gömrük Komitəsinin xətti ilə büdcə daxilolmaları 445,752 mln. manat təşkil edib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20,8% çoxdur.

Son ildə gömrük rüsumları üzrə daxilolmalar 20,2% artaraq 118,454 mln. manata, əlavə dəyər vergisi üzrə daxilolmalar 21,3% artaraq 308,71 mln. manata, aksizlər üzrə daxilolmalar 19,3% artaraq 13,171 mln. manata, yol vergisi üzrə daxilolmalar isə 10,3% artaraq 5,417 mln. manata çatıb.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Milli Məclis “Ələt azad iqtisadi zonası haqqında” qanunu II oxunuşda təsdiqləyib

posted in: Xəbər | 0

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsi müzakirə olunaraq II oxunuşda təsdiqlənib.

Qanun Azad Zonanın fəaliyyətinin, inkişafının və idarə edilməsinin hüquqi rejimini müəyyən edir.

Azad Zonanı müvafiq icra hakimiyyəti orqanı yaradır və orada azad zona qanunvericiliyi tətbiq edilir. Bu qanunvericiliklə əsas iqtisadi qanunvericiliyi arasında ziddiyyət yaranarsa, azad zona qanunvericiliyi üstün tutulur.

Azad Zonada hüquqi şəxslərin nizamnamə kapitalının və investisiya qoyuluşunun 100%-nin xarici hüquqi və fiziki şəxslərə məxsus olmasına məhdudiyyət qoyulmur.

Azad Zona səlahiyyətli qurumu, Azad Zona inzibati müəssisələri, Azad Zona hüquqi şəxsləri və onların işçiləri, Azad Zona rezidentləri azad zonada fəaliyyətlərinə aid olan bütün vergilərdən azaddırlar.

Azad Zonaya idxal edilən mallara, işlərə, xidmətlərə görə gömrük rüsumları və vergilər ödənilmir. Mallar, işlər, xidmətlər Azad Zonadan əsas iqtisadiyyata ixrac edildikdə, bu cür ixrac edilmiş mallara, işlərə, xidmətlərə əsas iqtisadiyyat qanunvericiliyinin müddəaları tətbiq edilir.

Əsas iqtisadiyyat gömrük idarəsi Azad Zonada gömrük qaydalarının tətbiq edilməsi üçün gömrük idarəsi yaradır. Gömrük idarəsi öz fəaliyyətini Azad Zonanın strateji məqsədlərinə, qabaqcıl beynəlxalq təcrübəyə və Azad Zona qanunvericiliyinə uyğun həyata keçirir.

Azad Zonada fəaliyyət göstərmək hüququ əldə etmiş Azad Zona hüquqi şəxslərinə hər hansı milliləşdirmə, müsadirə tədbirləri və ya özəl mülkiyyətə aid hər hansı digər məhdudiyyət tətbiq edilə bilməz.

İnvestorlar, səhmdarlar, Azad Zona rezidentləri, Azad Zona hüquqi şəxsləri Azad Zonaya investisiya qoymaq və fəaliyyətlərindən əldə etdikləri pul vəsaitlərini məhdudiyyətsiz xaricə köçürmək hüququna malikdirlər.

İnvestorların, səhmdarların, Azad Zona rezidentlərinin, Azad Zona hüquqi şəxslərinin və onların işçilərinin, heç bir məhdudiyyət olmadan, hər hansı xarici valyuta ilə işləməyə və əməliyyatlar aparmağa hüququ var.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Azərbaycanda listinqə çıxan şirkətlər üçün vergi güzəştlərinin tətbiqi təklif olunur

posted in: Vergi, Xəbər | 0

Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycanda listinqə çıxan şirkətlər üçün müəyyən vergi güzəştlərinin tətbiqini təklif edir.

Bu barədə Palatanın Maliyyə bazarlarına nəzarət departamentinin direktoru Cavid Nəzərov məlumat verib.

“Beynəlxalq təcrübədə listinqə çıxan şirkətlərin vergilərinin azaldılması və yaxud hər hansı qiymətli kağızı saxlayan investorun müəyyən müddətdən sonra gəlir vergisindən azad olması kimi nümunələr var. Biz bunu Azərbaycana gətirməyi düşünürük. Hələ ki, ilkin fikirlərdir. Dövlət orqanları ilə müzakirələr apardıqdan sonra qərar veriləcək” – deyə o qeyd edib.

O həmçinin milli reytinq agentliklərinin yaradılması imkanlarının qiymətləndirilməsi üçün artıq araşdırmalara başlanıldığını da qeyd edib: “Araşdırmalar aparmışıq, amma eyni zamanda bazardan da məlumat gözləyirik. Bununla bağlı Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyasına məlumat vermişik. Onlar öz təkliflərini verəcəklər. Banklarla da bu barədə müzakirə apardıqdan sonra artıq qərar veriləcək ki, buna ehtiyac var və yaxud yoxdur”.

Milli reytinq agentliklərinin yaradılması imkanlarının qiymətləndirilməsi ilə bağlı məsələ “Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə öz əksini tapıb. Buna uyğun tədbirlər planı hazırlanacaq və icrasına başlanacaq. Sözügedən tədbirin 2018-2019-cu illərdə həyata keçirilməsi nəzərdə tutulub.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Ödənilməmiş borcların silinməsini nəzərdə tutan qanun layihəsi qəbul edildi

posted in: Xəbər | 0

Azərbaycan Milli Məclisinin bu gün keçirilən plenar iclasında ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcların silinməsini nəzərdə tutan “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Qanun layihəsinə əsasən, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir.

Qanun layihəsində bildirilib ki, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixinədək yaranmışvə 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcları tam məbləğdə silinir.

Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixindən yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcların tənzimlənməsi aşağıdakı qaydada həyata keçirilir:

1. sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-may ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 10 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 90 faizi silinir,

2. sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-iyul ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 30 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 70 faizi silinir,

3. sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-sentyabr ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 50 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 50 faizi silinir.

Layihəyə əsasən, bu, ödənilməsi barəsində məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir.

Qanun 2018-ci il aprelin 1-dən qüvvəyə minəcək.

Müzakirələrdən sonra qanun layihəsi müzakirəyə çıxarılaraq qəbul edilib.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.