İki vergi ödəyicisinin 526 min manatlıq əmlakları hərraca çıxarılıb

posted in: Vergi, Xəbər | 0

Vergi borcu olan 2 vergi ödəyicisinin əmlakı hərraca çıxarılıb. Ümumilikdə 6 əmlak hərraca çıxarılıb.

Məlumata görə, inzibati binaları hərraca çıxarılan “Sabunçu Sənaye İstehsalı” ASC Bakı şəhər Lokal Gəlirlər Departamentində, fiziki şəxs olan Aydın Əli oğlu Safkürdskiy isə 12 saylı Ərazi Vergilər İdarəsində (ƏVi) qeydiyyatdadır.

Hərraca çıxarılan əmlakların ümumi dəyəri 525 456 manatdır. Onun 520 856 manatı (99,13%) hüquqi şəxsə, 4 600 manatı (0,88%) isə fiziki şəxsə aiddir.

Əmlaklar arasında iki inzibati bina, işlənmiş televizor, çəkiliş üçün kran və soba yer alıb. Hərracların bir ay sonra keçiriləcəyi bildirilir.

“Bulud texnologiyalarının maliyyə sektorunda tətbiqi” mövzusunda tədbir keçirilib

posted in: Maliyyə, Xəbər | 0

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) və Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) təşkilatçılığı ilə Bakıda “Bulud texnologiyalarının maliyyə sektorunda tətbiqi” mövzusunda tədbir keçirilib.

Azərbaycanın bank sektoru və digər maliyyə təşkilatlarının rəhbərləri üçün nəzərdə tutulan tədbirin məqsədi “bulud” texnologiyalarının tətbiqinin maliyyə qurumlarının işində yarada biləcəyi üstünlüklər, bank sektorunun dövrün çağırışlarına operativ uyğunlaşa bilməsi üçün “bulud” həllərinin yaratdığı imkanlar və qeyd olunan texnologiyanın tətbiqi vasitəsilə maliyyə bazarlarında informasiya təhlükəsizliyi və etibarlılığın artırılması barədə məlumat verməkdir.

Tədbirdə iştirak edən nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə “bulud” texnologiyalarının artıq müasir həyatın ayrılmaz bir hissəsi olduğunu və beynəlxalq təcrübədə bu texnologiyaların müxtəlif sektorlarda uğurla  tətbiq olunduğunu qeyd edib. Nazir bildirib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “AzInTelecom” MMC-yə məxsus Data Mərkəzi beynəlxalq səviyyədə qəbul edilən TİER III yüksək etibarlılıq sertifikatına malikdir.

Mərkəzin dünyanın ən aparıcı şirkətlərinin avadanlıqları ilə təchiz edildiyini vurğulayan R.Quluzadə dövlət qurumlarına, fiziki və hüquqi şəxslərə data və “bulud” texnologiyaları xidmətləri göstərildiyini deyib. O, Data Mərkəzin “bulud” əsaslı xidmətlər göstərməklə  yerli və xarici bazarda rəqabətə davamlı və etibarlı xidmət təminatçısı kimi çıxış etdiyini qeyd edib. Nazir bildirib ki, əsas hədəflərdən biri respublikamızın regionun tranzit informasiya mərkəzinə çevrilməsidir.

MBNP-nın direktorlar şurasının sədri Rüfət Aslanlı isə çıxışında bildirib ki, informasiya-kommunikasiya texnologiyalarının inkişafı nəticəsində bu gün artıq maliyyə sektorunda yeni alətlər tətbiq olunur, ofissiz maliyyə xidmətləri göstərən yeni formalı mexanizmlər yaranır. R.Aslanlı bununla belə, informasiya texnologiyaları, o cümlədən “bulud” texnologiyaları üzərindən maliyyə xidmətlərinin göstərilməsi üçün hüquqi bazaya ehtiyac olduğunu vurğulayıb. “Bulud” texnologiyalarının maliyyə sektorunda tətbiqi ilə bağlı təşəbbüsü dəstəklədiklərini də diqqətə çatdıran R.Aslanlı NRYTN ilə MBNP arasında başlayan bu addımın səmərəli əməkdaşlığa çevriləcəyinə, eyni zamanda bu imkanlar əsasında yeni alətlərin generasiya edilə biləcəyinə ümidvar olduğunu bildirib.

Daha sonra “Ernst&Young” şirkətinin “Bulud texnologiyalarına keçidin əsas aspektləri” mövzusunda təqdimatı dinlənilib. “Bulud”a inteqrasiyanın dünya maliyyə bazarlarına verdiyi töhfələr və “bulud” həllərinin beynəlxalq iqtisadi münasibətlərə təsirindən danışılıb.

Təqdimatdan sonra R.Aslanlı, Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev müzakirələrə qoşularaq, “bulud” texnologiyaları üzrə risklər və bu risklərin idarə olunması ilə bağlı rəylərini bildiriblər.

Növbəti təqdimat “AzInTelecom”un Data Mərkəzinin fəaliyyətinə həsr edilib, qeyd edilib ki, Data Mərkəzi informasiya təhlükəsizliyinin, etibarlılığın artırılması, qəza hallarının aradan qaldırılması, kapital xərclərinin minimuma endirilməsi üçün bütün infrastrukturla təchiz olunub.

Bildirilib ki, istismar xərclərinin optimallaşdırılması sayəsində elektron xidmətlərin inkişafı və daha çevik çatdırılması təmin edilir, məlumatların ölkə ərazisində saxlanması xaricə valyuta axınını azaldır.

Mənbə: apa.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Audit nəticəsi: Pullu xidmət göstərən obyektlərin işlətdiyi enerji sərfiyyatının dəyəri büdcə vəsaiti hesabına ödənilib

posted in: Audit, Xəbər | 0

Hesablama Palatasının Kollegiyası 2016-2017-ci ilin I yarımilliyində Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin və tabeliyində olan qurumların maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə hesabatı müzakirə edərək təsdiq edib.

Müsabiqədənkənar işə götürülmüş işçilər dövlət qulluğuna qəbul olunub, həmçinin dövlət qulluqçuları üçün nəzərdə tutulmuş təminatlar verilib, eyni zamanda dövlət qulluqçularının kollektiv mükafatlandırılması zamanı staj müddəti başa çatmamış qulluqçuya mükafat artıq ödənilib, işçilərə istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya ödənişi zamanı, həmçinin məzuniyyət vaxtı üçün orta əmək haqqının düzgün hesablanmaması səbəbindən artıq vəsait ödənilib.

Kommunal xidmət, təmir və dənizkənarı bulvar ərazisinin mühafizəsi müəssisəsi tərəfindən ştat cədvəlləri tərtib edilərkən qüvvədə olan normativ-hüquqi aktların tələblərinə riayət olunmayaraq vəzifə maaşları yüksək müəyyənləşdirilib.

“Dənizkənarı Milli Park” MMC tərəfindən xidmət müqaviləsi bağlanılmış hüquqi və fiziki şəxslər üzrə “Özəlləşdirilən dövlət müəssisə obyektlərinin, habelə Nazirlər Kabinetinin “Hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Qərarının müvafiq tələblərinə tam əməl edilməyib, eyni zamanda dövlət mülkiyyətində olan torpaq sahələrinə görə icarə müqaviləsi bağlanılmalı olduğu halda, qeyd olunan tələb gözlənilməyərək dövlət büdcəsinə icarə haqqı hesablanmayıb və ödənilməyib, həmçinin pullu xidmət göstərən obyektlərin işlətdikləri enerji sərfiyyatının dəyəri büdcə vəsaiti hesabına ödənilib.

Qeyd edək ki, audit tədbiri Dənizkənarı Bulvar İdarəsi və strukturuna daxil olmayan tabeliyindəki büdcədən maliyyələşdirilən qurumları olan Dövlət Bayrağı Muzeyi və Kommunal xidmət, təmir və dənizkənarı bulvar ərazisinin mühafizəsi müəssisəsi, eləcə də təsərrüfathesablı təşkilatları olan “Sahil Xidməti” MMC və”Dənizkənarı Milli Park” MMC-ni əhatə edib. Auditlə, ümumilikdə, 66 454,5 min manat məbləğində vəsait əhatə olunub.

Hesablama Palatasının Kollegiyası Dənizkənarı Bulvar İdarəsinin və tabeliyində olan qurumları tərəfindən yol verilmiş nöqsanların qısa müddət ərzində aradan qaldırmaqla nöqsanlara yol vermiş vəzifəli şəxslərin qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi və görülmüş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə Dənizkənarı Bulvar İdarəsinə Kollegiya qərarının surəti, habelə Maliyyə Nazirliyinə və Əmlak Məsələləri Dövlət Komitəsinə müvafiq məktublar göndərilib. Auditin nəticələri barədə  Milli Məclisə məlumat təqdim edilib.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Bakıda beynəlxalq bankçılıq sərgi-konfransı keçiriləcək

posted in: Xəbər | 1

Bu il aprelin 17-18-də Bakıda beynəlxalq bankçılıq sərgi konfransı keçiriləcək.

Konfransda “Rəqəmsal Bankçılıq və Təhlükəsizlik” mövzusunda dünya maliyyə texnoloji innovasiya şirkətləri öz təcrübələrini paylaşacaqlar.

Tədbir çərçivəsində 30-a yaxın innovativ bank və maliyyə xidmətləri təklif edən şirkətlərdən olan spikerlərin və regional bankların rəhbər şəxslərinin çıxışları gözlənilir.

Belə ki, Azərbaycanın maliyyə bazarına yaxın olan Rusiya və Türkiyənin uğurlu bank-biznes modelləri, habelə çağdaş dünyada maliyyə-bankçılıq sahəsində əldə olunmuş ən son yeniliklər və İT həllər ilə tanış olmaq imkanı yaranacaq.

Konfransın gündəliyi “FinTech” (maliyyə texnologiyaları), avtomatlaşdırma, rəqəmsal təhlükəsizlik, korporativ bankçılıq, rəqəmsal bazarda bank filialları və müştəriyə yönəlmiş bankçılıq kimi mövzuları əhatə edəcək. Sözü gedən çıxışlara SWIFT, VISA, UnionPay, Ubiq Innovations, Capital Banking Solutions şirkətinin rəhbər şəxslərinin məruzələri də əlavə edilib.

Mənbə: apa.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.