Ödəmə mənbəyində tutulan vergi – Sub icarə

posted in: Vergi, Xəbər | 0

Hüquqi şəxs vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxslərdən daşınmaz əmlakı icarəyə götürərək, həmin əmlakı vergi ödəyicisi kimi uçotda olmayan digər fiziki şəxslərə icarəyə verdiyi halda, mənfəət vergisi və ya ödəmə mənbəyində tutulan vergi üzrə hansı öhdəlikləri yaranır?

Vergi Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, daşınan və daşınmaz əmlak üçün icarə haqqından, həmçinin rezidentin və ya qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin ödədiyi və ya onun adından ödənilən royaltidən gəlir Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur. Vergi Məcəlləsinin 124.3-cü maddəsinə əsasən, rezident müəssisələrə və ya qeyri-rezidentlərin daimi nümayəndəliklərinə Azərbaycan Respublikasında ödənilmiş məbləğlər 124-cü maddə üzrə vergitutma obyetki deyildir.

Qeyd olunanlara əsasən:

Hüquqi şəxs tərəfindən vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxslərdən (və ya VÖEN-i olan fiziki şəxslər) icarəyə götürülmüş əmlaka görə onlara ödənilən icarə haqlarından ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi hesablanaraq dövlət büdcəsinə ödənilir. Vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxslər (və ya VÖEN-i olan fiziki şəxslər) tərəfindən icarə haqqı hüquqi şəxsə ödənilərkən ödəmə mənbəyində vergi tutulmur və ödənilən icarə haqqı hüquqi şəxsin ümumi gəlirlərinə aid edilməklə mənfəət vergisinə cəlb edilir və hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanlarına bəyannamə verilir.

Mənbə: vergiler.az

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Sadələşdirilmiş vergi

posted in: Vergi | 0

SADƏLƏŞDİRİLMİŞ VERGİ

Bu buklet sərnişin və yük daşıması, daşınmaz əmlakın təqdim edilməsi, bina tikintisi fəaliyyətləri və aylıq sabit dərəcələri üzrə sadələşdirilmiş verginın hesablanması və ödənilməsini əhatə etmir.

Sadələşdirilmiş verginin ödəyiciləri kimlərdir?

Aşağıda göstərilən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir:

  • mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər;
  • idman mərc oyunlarının operatoru və satıcıları olan şəxslər;
  • mülkiyyətində olan torpaq, yaşayış (fiziki şəxsin azı 5 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələri istisna olmaqla) və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən şəxslər (torpaq, yaşayış və qeyri-yaşayış sahəsi hədiyyə, maddi yardım və miras kimi vergi ödəyicisinin ailə üzvlərindən alındıqda, ”Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” AR Qanununa əsasən ödənilən kompensasiya ödənildikdə, ər və arvad (və ya keçmiş ər- arvad) arasında verildikdə istisna olmaqla);
  • fəaliyyətləri zamanı işçi cəlb edən fiziki şəxslər istisna olmaqla, toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyət, fərdi foto, audio-video xidmətləri(foto studiyalar istisna olmaqla) sahəsində fəaliyyət, çəkməçi, pinəçi, saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri, fərdi yaşayış evlərində və mənzillərdə ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq xidməti, dayə, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban, aşbaz, gözətçi və digər analoji işlər, nəqqaşlıq emalatxanalarının fəaliyyəti ilə məşğul olan şəxslər (aylıq sabit vergi məbləği üzrə).

Aşağıda göstərilən şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdir:

  • ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 000 manat və ondan az olan şəxslər;
  • vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 000 manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər;
  • bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər.

Aşağıda göstərilən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməzlər:

  • aksizli mallar istehsal edən şəxslər;
  • kredit və sığorta təşkilatları, investisiya fondları, qiymətli kağızlar bazarının peşəkar iştirakçıları, lombardlar;
  • qeyri-dövlət pensiya fondları;
  • əmlakın icarəyə verilməsindən və royaltidən gəlir əldə edənlər;
  • Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş təbii inhisar subyektləri;
  • mülkiyyətində olan əsas vəsaitlərin ilin əvvəlinə qalıq dəyəri 1.000.000 manatdan artıq olan şəxslər (vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan sadələşdirilmiş vergitutma metodunu seçmiş ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər və mütləq qaydada sadələşdirilmiş verginin ödəyicisi olmalı şəxslər istisna olmaqla).

Vergitutma obyekti

Hesabat dövrü ərzində sadələşdirilmiş vergi ödəyicisi tərəfindən təqdim edilmiş mallara (işlərə, xidmətlərə) və əmlaka görə əldə edilmiş ümumi hasilatın, habelə satışdankənar gəlirlərin həcmi (ödəmə mənbəyində vergi tutulmuş gəlirlər, məsələn faizlər, dividendlər istisna edilməklə) vergitutma obyektidir. Satışdankənar gəlirlərə digər müəssisələrin fəaliyyətində payçı kimi iştirakdan gəlir, müəssisəyə məxsus səhmlər, istiqrazlar və digər qiymətli kağızlardan əldə olunan gəlirlər, habelə mal və xidmət (iş) istehsalı və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatdan götürülən digər gəlirlər, o cümlədən cərimə və zərərin ödənilməsi şəklində alınmış məbləğ, xarici valyuta əməliyyatları üzrə artan məzənnə fərqi, qanunvericiliyə müvafiq iddia müddəti keçmiş kreditor deponent borc məbləğləri daxildir.

İdman mərc oyunlarının operatoru üçün oyun iştirakçılarından qəbul edilmiş pul vəsaiti, idman mərc oyunlarının satıcısı üçün isə operatorun ona verdiyi komisyon haqq sadələşdirilmiş verginin vergitutma obyektidir.

Sadələşdirilmiş vergi ödəyən hüquqi şəxslər ƏDV-nin, mənfəət vergisinin, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər bu fəaliyyət üzrə gəlir vergisinin və ƏDV-nin ödəyicisi deyildirlər.

Qeyd: Kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışından əldə edilmiş hasilatın həcmi 2014-cü il yanvarın 1-dən 5 il müddətinə, körpələr evləri, uşaq bağçaları, xüsusi uşaq bağçaları və uşaq evləri 2014-cü il yanvarın 1-dən 10 il müddətinə sadələşdirilmiş vergini ödəməkdən azaddırlar.

Sadələşdirilmiş verginin dərəcəsi

Sadələşdirilmiş vergi, bu verginin ödəyicilərinin malların təqdim edilməsindən, işlərin görülməsindən, xidmətlərin göstərilməsindən əldə etdiyi vəsaitin məbləğindən (ümumi hasilatının həcmindən) və satışdankənar gəlirlərdən aşağıdakı dərəcə ilə hesablanır:

Bakı şəhərində – 4 faiz,

digər şəhər və rayonlarda, Naxçıvan MR-da – 2 faiz.

Bakı şəhəri istisna olmaqla Azərbaycan Respublikasının digər şəhər və rayonlarında, o cümlədən Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən vergi ödəyicilərinə bu regionlar üzrə müəyyən edilmiş dərəcələri o halda tətbiq edilir ki, bu vergi ödəyiciləri özünün istehsal sahəsi, daşınmaz əmlakı və işçi qüvvəsi ilə həmin ərazilərdə fəaliyyət göstərmiş olsunlar.

Azərbaycan Respublikasının şəhər və rayonlarında, Naxçıvan MR-da vergi uçotuna alınmış, lakin Bakı şəhərində fəaliyyət göstərən sadələşdirilmiş verginin ödəyiciləri vergini Bakı şəhəri üzrə müəyyən olunmuş vergi dərəcələri ilə ödəyirlər.

Müxtəlif vergi dərəcələri ilə vergiyə cəlb edilən gəlirlər üzrə uçot ayrı-ayrılıqda aparılmalıdır. Belə uçot aparılmadıqda ən yüksək vergi dərəcəsi tətbiq edilir.

Vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan sadələşdirilmiş vergitutma metodunu seçmiş ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olanlar üçün vergi onların fəaliyyət göstərdiyi ərazidən asılı olmayaraq aşağıdakı dərəcə ilə hesablanır:

ticarət fəaliyyəti üzrə – 6 faiz,

ictimai iaşə fəaliyyəti üzrə – 8 faiz.

İdman mərc oyunlarının operatoru tərəfindən oyun iştirakçılarından qəbul edilmiş vəsaitdən 6 faiz dərəcəsi ilə, idman mərc oyunlarının satıcısı tərəfindən isə operatorun ona verdiyi komisyon haqdan 4 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi hesablanır.

Sadələşdirilmiş verginin hesablanması qaydası, ödəmə müddəti və bəyannamənin verilməsi

Sadələşdirilmiş vergi üçün hesabat dövrü rübdür.

Hesabat dövrü üçün sadələşdirilmiş verginin məbləği müəyyən edilmiş vergi dərəcəsini hesabat dövrünün ümumi hasilatının həcminə tətbiq etməklə hesablanır. Məsələn:

Siz pərakəndə ticarətlə məşğul olursunuz və rüblük dövriyyəniz

12.000 manat olmuşdur:

Bakı şəhərində fəaliyyət göstərirsinizsə ödəyəcəyiniz verginin məbləği

12.000×4%=480 manat,

digər şəhər və rayonlarda, Naxçıvan MR-da fəaliyyət göstərirsinizsə

12.000×2%=240 manat olacaqdır.

Sadələşdirilmiş verginin ödəyiciləri, o cümlədən idman mərc oyunlarının operatoru və satıcıları hesabat dövründən sonrakı ayın 20- dən gec olmayaraq ödənilməli olan verginin məbləği haqqında vergi orqanlarına bəyannamə verir və həmin müddətdə hesablanmış vergini dövlət büdcəsinə ödəyirlər.

Məsələn: İdman mərc oyunlarını həyata keçirən Operator kimi oyun iştirakçılarından qəbul edilmiş pul vəsaitinizin (gəlirinizin) məbləği 130.000 manat olmuşdur. Bu zaman ödəyəcəyiniz verginin məbləği

130.000×6%=7800 manat,

Məsələn: İdman mərc oyunları satıcısı kimi həmin oyunların operatorları  tərəfindən  Sizə  verilən  komisyon  haqqının  məbləği 10.000 min manat olmuşdur. Bu zaman ödəyəcəyiniz verginin məbləği

10.000x4%=400 manat olacaqdır.

Əmlakın icarəyə verilməsindən və royaltidən gəlir əldə edən şəxs- lər bu fəaliyyətlə yanaşı, digər fəaliyyət növləri ilə də məşğul olduqda, ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manat və ondan az olduqda, digər fəaliyyətdən əldə etdiyi gəlirlərə sadələşdirilmiş vergini tətbiq etmək hüququna malikdirlər. Bu halda əmlakın icarəyə verilməsi, royalti və digər fəaliyyət növləri üzrə əldə edilən gəlirlərin və xərclərin uçotu hər bir fəaliyyət növü üzrə ayrılıqda aparılır.

Məsələn: Gəlir və xərclərin uçotu ayrıca aparılmaqla vergi ödəyicisi olan hüquqi və ya fiziki şəxs ticarət obyektinin bir hissəsini icarəyə verir, digərində isə ticarət fəaliyyəti ilə özü məşğul olur. Fiziki şəxsin əldə etdiyi icarə haqqı icarə götürən tərəfindən ödəmə mənbəyində vergiyə və ya bilavasitə icarəyə verən özü tərəfindən 14 faizlə gəlir vergisinə, hüquqi şəxsin belə gəliri isə mənfəət vergisinə cəlb olunur. Eyni zamanda, hər 2 şəxs ticarət fəaliyyətindən əldə olunan hasilata sadələşdirilmiş vergi tətbiq edə bilər.

Sadələşdirilmiş vergi ödəyicisi fəaliyyətini dayandırdıqda, habelə hüquqi şəxs ləğv edildikdə və ya fərdi sahibkarın fəaliyyətinə xitam verildikdə, hesabat rübündən sonrakı ayın 20-dən gec olmayaraq vergi orqanına faktiki fəaliyyət göstərilən dövrü əhatə edən bəyannamə təqdim edilməlidir.

Ödəmə mənbəyində verginin tutulması

Sadələşdirilmiş verginin ödəyicisi olan və ödəmə mənbəyində vergi tutan hüquqi şəxslər və fərdi sahibkarlar muzdla işləyən fiziki şəxslərə, habelə qeyri-dövlət pensiyaları və digər ödəmələri (rezident müəssisələrə və ya qeyri-rezidentin daimi nümayəndəliklərinə Azərbaycan Respublikasında ödənilən icarə haqqı və royalti istisna olmaqla) verərkən onlardan ödəmə mənbəyində vergini tutmağa borcludurlar.

Belə ki, sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən fiziki şəxslərə muzdlu işlə əlaqədar hesablanmış aylıq gəlirdən gəlir vergisi aylıq hesablanmalı və hesablanmış vergi növbəti ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə köçürülməli, bu barədə müvafiq bəyannamə isə hesabat ilindən sonrakı ilin yanvar ayının 31-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir.

Qeyri-dövlət pensiyaları və digər ödəmələr (rezident müəssisələrə və ya qeyri-rezidentin daimi nümayəndəliklərinə Azərbaycan Respublikasında ödənilən icarə haqqı və royalti istisna olmaqla) verilərkən qeyd edilən gəlirdən vergi tutulmalı, tutulmuş vergi gəlirin ödənildiyi rübdən sonrakı ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə köçürülməli və bu barədə müvafiq bəyannamə isə həmin müddətdə vergi orqanına təqdim edilməlidir.

Maliyyə sanksiyaları, cərimə və faizlər

Sadələşdirilmiş vergi ödəyicilərinə vergi qanunvericiliyinin pozulması hallarına görə Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq aşağıda göstərilən maliyyə sanksiyaları və faizlər tətbiq edilə bilər:

  • sadələşdirilmiş verginin hesabatını və ya vergi öhdəliyinin yaranmaması haqqında arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının qərarına əsasən 40 manat məbləğində;
  • aktivləri barədə məlumatı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının qərarına əsasən 100 manat məbləğində;
  • verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında;

təqvim ili ərzində nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə

  • birinci dəfə yol verildikdə – 400 manat (2000 manat)*;
  • ikinci dəfə yol verildikdə – 800 manat (4000 manat)*;
  • üç və daha çox dəfə yol verildikdə – 1200 manat (6000 manat)* məbləğində;

* – mötərizədə Vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan sadələşdirilmiş vergitutma metodunu seçmiş ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə tətbiq olunan maliyyə sanksiyaları göstərilib.

Səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, habelə vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə gəlirlərin və xərclərin uçotunun aparılmasına dair tərtib edilmiş sənədlərdən ən azı biri olmadıqda;

– il ərzində pul vəsaitinin 1000 manatdan çox olan hissəsinin uçotdan gizlədilməsinə və ya uçota alınmamasına görə:

– birinci dəfə yol verildikdə 1000 manatdan çox olan hissəsinin – 5 faizi

– ikinci və daha çox halda yol verildikdə 1000 manatdan çox olan hissəsinin –10 faiz miqdarında maliyyə sanksiyası tədbiq edilir.

Təqvim ili ərzində malların alışını və ya mədaxilini təsdiq edən qaimə-faktura və ya elektron qaimə-faktura, idxal gömrük bəyannaməsi, gəlirlərin və xərclərin uçotunun aparılmasına dair tərtib edilmiş sənədlərdən ən azı biri olmadıqda alınmış malların:

– birinci dəfə yol verildikdə 1000 manatdan çox olan hissəsinin – 10 faiz

– ikinci dəfə yol verildikdə – 20 faiz

– üç və daha çox dəfə yol verildikdə – 40 faiz miqdarında maliyyə sanksiyası tədbiq edilir.

Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) bağlamadan işə götürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Sadələşdirilmiş vergi müəyyən edilmiş müddətdə ödənilmədikdə, ona ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün, ancaq bir il müddətindən çox olmamaq şərti ilə, ödənilməmiş vergi məbləğinin 0,1 faizi miqdarında faiz hesablanır.

 

PIN kodlar haqqında bilmədiklərimiz (3-cü hissə)

posted in: Məqalə | 0

Bank kartından təhlükəsiz şəkildə necə istifadə etmək olur?

Bank kartlarınızın şifrələrini qoruyun. Pullarınızın təhlükəsizliyini təmin etmək üçün ən yaxşı üsul bank tərəfindən verilmiş PİN kodun yadda saxlanılmasıdır və yaxud onu sizə asan gələn (amma şifrəsinin sındırılması çətin olan variantda) digər bir şifrə ilə dəyişdirilməsidir.  Bank tərəfindən PİN kodla birlikdə verilən zərfi dərhal məhv edin və ya ən azından onu heç vaxt ödəmə kartı ilə eyni yerdə saxlamayın. Çünki həmin zərfdə PİN kodun şifrəsi yazılıb və onu evinizdə bir yerə qeyd etdikdən sonra, həmin zərfi saxlamağın özü də mənasız bir şeydir. Əgər, kiminsə sizin PİN kodunuzu öyrənməsindən şübhələnmisinizsə, kartın şifrəsini ilk imkandaca dəyişdirin. Bunu bankomatda da etmək olar. Təhlükəsizlik baxımından bank kartlarınızın şifrələrini heç kimə bildirməyin.

Bəs bankomatda PİN kodu necə dəyişdirmək olur?

Kartı bankomata daxil edib PİN kodu yazırsınız. Sonra menyunu açıb oradan Şəxsi kabinet, İnformasiya və Servis bölümünü yığırsınız. Orada PİN kodu dəyişdirmək bölümünü tapırsınız. Ardınca isə iki dəfə yeni şifrəni daxil edirsiniz.

 

Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Bir ay ərzində 2 milyard avro itki

posted in: Maliyyə, Xəbər | 0

Məlum olduğu kimi İspaniyanın Kataloniya vilayəti öz müstəqilliyini elan edib. Düzdür, BMT, ABŞ, Avropa Birliyi və demək olar ki, əksər dünya ölkələri bunu separatizm kimi qiymətləndiriblər və İspaniyanın ərazi bütövlüyünü dəstəklədiklərini ifadə ediblər. Artıq İspaniya hökuməti Kataloniyadakı yerli hakimiyyət orqanlarının buraxıldığını və dekabr ayında həmin vilayətdə yeni seçkilər keçiriləcəyini bəyan edib. Respublikamızın da uzun illərdir ki, separatizmdən əziyyət çəkdiyini nəzərə alıb, həmin məqaləni sizin diqqətinizə çatdırmaq istədik. Həm də qeyd etmək lazımdır ki, bu yazıda yalnız iqtisadi aspektlərə toxunulur.

Separatizmin qiyməti: Kataloniyadan olan şirkətlər bir ay ərzində 2 milyard avro itki ilə üzləşiblər. Kataloniyada fəaliyyət göstərən təkcə yeddi şirkətin səhmləri oktyabr ayı ərzində 2% aşağı düşüb. Madrid fond birjası İBEX-də yeddi katolon şirkəti müstəqilliklə bağlı referendum nəticəsində 2 milyard avro itirib. Həmin yeddi şirkətin dəyəri 25 gün ərzində 1,94 milyard avro aşağı düşüb. Həmin şirkətlər bunlardır: Caixabank, Sabadell, Gas Natural Fenosa, Abertis, Grifols, Cellnex və Colonial. Hazırda bütün şirkətlər, yalnız Grifols istisna olmaqla Kataloniya hüdudlarını tərk edəcəklərini bəyan ediblər. Referendum şirkətlərin Kataloniyadan kütləvi köçünə təkan verib. Mətbuatın yazdığına görə, oktyabrın 2-dən bəri regionu 1821 şirkət tərk edib.  Nəşrlərin xəbərlərində bildirilir ki, yalnız cümə günü Kataloniyanı 140 şirkət tərk edib ki, onlardan da 131-i Barselonada fəaliyyət göstərirdi. Kataloniyanın bələdiyyə orqanlarının məlumatına görə, şirkətlərin köçünə gətirib çıxaran əsas səbəb, mərkəzi hökumətin başçısı Mariano Raxoyun bəyanatları olub. Nəticələri tanınmayan referendumun ardından Caixabank və Sabadell (həcminə görə İspaniyanın 3-cü və 5-ci iri bankları) Barselonanı tərk edəcəklərini elan etdilər. Bu qərar tezliklə Moodyʼs reytinq agentliyi tərəfindən pozitiv addım kimi qiymətləndirildi. Qeyd etmək lazımdır ki, Kataloniya ölkənin ən varlı hissəsi sayılır, İspaniya ÜDM-nin 20 faizi burada istehsal edilir.

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.