Read More9
Read More9

İcarə müqaviləsinin vergi orqanında qeydiyyatı

posted in: Xəbər | 0

Vergi ödəyicisi ilə fiziki şəxs arasında bağlanmış icarə (kirayə) müqaviləsi notarial təsdiq olunmalıdır? Bu müqavilə vergi orqanında necə qeydiyyatdan keçirilir? 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 34.3-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla, vergi ödəyicisinin filialı, nümayəndəliyi və ya digər təsərrüfat subyekti (obyekti) olduqda, vergi ödəyicisi həm özünün olduğu yer üzrə, həm də filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu ünvan üzrə vergi uçotuna alınır.

Vergi ödəyicisi tərəfindən filialı, nümayəndəliyi və ya digər təsərrüfat subyekti (obyekti) olduğu yer üzrə uçota alındıqda, “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə vergi uçotuna alınması haqqında ərizə” kağız formasında və ya “İnternet Vergi İdarəsi” vasitəsilə elektron qaydada doldurularaq vergi orqanına təqdim edilir. Ərizəyə təsərrüfat subyektinin bu fəaliyyətin yerinə yetiriləcəyi ünvanı təsdiq edən sənədin (mülkiyyət hüququnu təsdiq edən sənədin, icarə müqaviləsinin və ya qanunvericiliklə nəzərdə tutulmuş digər sənədin) surətləri əlavə edilir. Bu zaman icarə müqaviləsinin notarial qaydada təsdiq olunması vergi orqanı tərəfindən tələb olunmur.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü maddələri, Vergilər nazirinin 06.03.2013-cü il tarixli 1317040100206300 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar”

Mənbə: vergiler.az

ƏDV məqsədləri üçün vergi tutulan əməliyyatların yeri

Vergi ödəyiciləri qarşı tərəfə hansı məlumatları açıqlayacaq?

posted in: Xəbər | 0

Vergi Məcəlləsinə 1 yanvar 2024-cü ildən əlavə edilən 15.1.15-4-cü maddəyə əsasən, Məcəllənin 16.1.11-14-cü maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikası Prezidenti) müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada, bu Məcəllənin 30.8-ci maddəsinin tələbləri nəzərə alınmaqla həmin vergi ödəyicilərinin vergi orqanında olan məlumatlarına çıxış əldə etmək hüququ verilir. Yeniliyi iqtisadçı ekspert Anar Bayramov şərh edir. 

Vergi Məcəlləsinin 15.1.15-4-cü madddəsində qeyd edilən Nazirlər Kabinetinin qərarı artıq təsdiq edilib. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 30 iyul tarixli 365 nömrəli Qərarı ilə “Vergi ödəyicisinin digər vergi ödəyicilərinin vergi orqanında olan məlumatlarına çıxış əldə etməsi Qaydaları” təsdiq edilib.

Qaydalara əsasən, vergi ödəyicisinin razılığı ilə vergi orqanı vasitəsiylə aşağıdakı məlumatlar sorğuedənə təqdim edilə bilər:

  • qeydiyyat tarixi;
  • uçotda olduğu vergi orqanı;
  • hüquqi şəxslərə münasibətdə qanuni təmsilçisi;
  • əgər mövcuddursa əvvəlki VÖEN-i;
  • təsərrüfat subyektləri (obyektləri) barədə məlumat (təsərrüfat subyektlərinin (obyektlərin) adı, aktivlik statusu, sahəsi və uçot kodu);
  • qeydiyyat tarixi və uçotda olduğu vergi orqanı göstərilməklə Azərbaycan Respublikasında yerləşən filial və nümayəndəlikləri;
  • riskli vergi ödəyicisi olub-olmaması;
  • vergilər, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta, icbari tibbi sığorta haqları üzrə vaxtı keçmiş öhdəlikləri, o cümlədən faizlər və maliyyə sanksiyaları üzrə borclar;
  • əsas və əlavə fəaliyyət növləri;
  • hüquqi şəxslərə münasibətdə qeydiyyatdan keçmiş nizamnamə kapitalı;
  • təqdim edilmiş bəyannamə məlumatlarına əsasən dövriyyə məlumatları (3 ildən çox olmayaraq sorğu edilən dövr üzrə);
  • təqdim edilmiş bəyannamə məlumatlarına əsasən əsas vəsaitlərin və aktivlərin dəyəri (3 ildən çox olmayaraq sorğu edilən dövr üzrə);
  • son 24 ay üzrə həyata keçirilmiş idxal və ixrac əməliyyatlarının dəyəri;
  • cari tarixə muzdlu işçilərin sayı və bəyan edilmiş orta aylıq əməkhaqqı məbləği;
  • barəsində Dövlət Vergi Xidməti tərəfindən başlanılmış və ya həmin Xidmət tərəfindən ibtidai istintaqı aparılan cinayət işinin mövcud olub-olmaması;
  • 3 ildən çox olmayaraq sorğu edilən dövr üzrə əldə edilmiş mallara dair məlumatlar (təqdim edilmə tarixi, malın adı, kodu, miqdarı, dəyəri).

Siyahıdan göründüyü kimi, vergi ödəyicisinin vergi orqanlarında əksər məlumatları qarşı tərəfə təqdim edilməsinə şərait yaradılıb. Vergi ödəyicisi qarşı tərəfdən mallar aldıqda nəinki vergi ödəyicisinın hazırki vəziyyəti, habelə son 24 ay üzrə idxal və ixrac məlumatlarını əldə edə biləcək. Bundan əlavə, vergi ödəyicisinin cari dövrə işçi sayı və onların orta əməkhaqqısı haqqında məlumat da qarşı tərəf üçün əlçatan olacaq. Vergi ödəyicisinin təqdim etdiyi müvafiq bəyannaməsi üzrə əsas vəsaitləri haqqında məlumatları da əldə etmək mümkündür.

Sorğu edilən şəxs məlumatları qismən təqdim edə və ya ümumiyyətlə etməyə bilər. Qaydalara əsasən, sorğu edən vergi ödəyicisi Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında yerləşən kabineti vasitəsilə müraciət edir. Vergi orqanı həmin müraciət əsasında 2 iş günü müddətində məlumatları açıqlanan kontragentə elektron formada sorğu göndərir.

Kontragent, yəni məlumatları açıqlayan vergi ödəyicisi, təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə bu sorğuda əks olunan məlumatların hamısının və ya bir neçəsinin açıqlanmasına razılıq verə bilər. Təbii ki, vergi ödəyicisi sorğunu təsdiq etməyə də bilər. Əgər sorğu 3 iş günü ərzində təsdiqlənməzsə, bu zaman həmin sorğu ləğv olunacaq.

Sorğu edən şəxs 3 iş günü ərzində yalnız bir dəfə sorğu edə bilər. Qaydaların 3.4-cü maddəsinə əsasən, sorğu edən vergi ödəyicisi tərəfindən eyni vergi ödəyicisinə əvvəl göndərilən sorğuya 3 iş günü müddətində münasibət bildirilmədən təkrar sorğu göndərilməsinə yol verilmir.

Qeyd edək ki, portal üzərindən sorğulanmış məlumatların uçotu Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi (AVİS) vasitəsilə həyata keçirilir. AVİS Elektron Hökumət İnformasiya Sisteminə (EHİS) inteqrasiya edilir və digər dövlət informasiya ehtiyatı və sistemi ilə məlumat mübadiləsi EHİS vasitəsilə həyata keçirilir.

Sorğuedən şəxslərlə bağlı bəzi məsuliyyət tədbirləri də nəzərdə tutulub. Qaydalara əsasən, nəzərdə tutulmuş digər vergi ödəyicilərinin vergi orqanında olan kommersiya və ya vergi sirri təşkil edən məlumatlarının sorğu edən vergi ödəyicisi tərəfindən üçüncü şəxslərə ötürülməsinə görə sorğu edən vergi ödəyicisi Vergi Məcəlləsinin 30.5-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.

Mənbə: vergiler.az

521 saylı “Vergi öhdəlikləri” hesabı üzrə uçot

ƏDV məqsədləri üçün vergi tutulan əməliyyatların yeri

posted in: Xəbər | 0

ƏDV hesablanması zamanı əməliyyatın həyata keçirildiyi yer çox önəmlidir. Nəzərə almaq lazımdır ki, hesablama prosesində mal satışı yaxud iş və xidmət göstərilmə yeri kimi əməliyyatların fiziki həyata keçirildiyi yer deyil, Vergi Məcəlləsinin şərtləri çərçivəsində müəyyən edilmiş icra olunmuş yer başa düşülür.

İstər ölkə hüdudlarında, istərsə də kənarda ƏDV məqsədləri üçün əməliyyatların həyata keçirdildiyi yer Məcəllənin 167 (“Malların təqdim edildiyi yer”) və 168-ci maddələrində (“İşlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yer”) müəyyən edilir.

Xidmətlər ölkəmizdən kənarda həyata keçirildikdə ondan ƏDV hesablanmır (VM, maddə 159.2).

Malların göndərilməsi, işlər görülməsi və xidmətlərin göstərilməsi, onlar 167-ci və ya 168-ci maddəyə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində həyata keçirilirsə, vergi tutulan əməliyyatlar sayılır

Nümunəyə baxaq.

Nümunə 1: ƏDV ödəyicisi olan təmir – tikinti şirkəti qeyri-rezidentə məxsus və İzmir şəhərində yerləşən binanı təmir etmişdir. İşlər Azərbaycandan kənarda olduğu üçün ƏDV-yə cəlb olunmur.

Vergi ödəyiciləri əməliyyatların həyata keçirildiyi yeri öz mülahizələrinə əsaslanıb müəyyən edə bilməzlər. Malların təqdim edildiyi, işlərin görüldüyü, xidmətlərin göstərildiyi yer bir vergi ödəyicisi üçün bir yer, digəri üçün isə başqa yer sayıla bilər. Belə yanaşmanın mahiyyəti Azərbaycanda fəaliyyət göstərən şəxslə ölkə hüdudundan kənarda fəaliyyət göstərən şəxs arasındakı iqtisadi münasibətlərdə vergi prosedurunu tənzimləməkdir. Ölkə daxili əməliyyatlarda bu əhəmiyyət kəsb etmir. Bəzi əməliyyatlar vardır ki, təqdim edilmə ölkə hüdudunda edilsə də,  Azərbaycanda təqdim edilmiş yaxud əksinə sayıla bilər. Bu haqda aşağıda məlumat verilir.

Malların təqdim edilməsi zamanı ƏDV əməliyyatlarının yeri

Yuxarıda qeyd etdiyimiz kimi, bu hal 167-ci maddə ilə tənzimlənir. Maddəyə görə mal harada verilibsə, ora da təqdim edilmə yeri sayılır.

Bəzən, biz malı müqavilənin tələbi ilə yola salmalı oluruq. Bu halda ƏDV əməliyyatlının yeri hara hesab olunur: satış (istehsal) məntəqəsinin olduğu yer, yoxsa alıcının olduğu yer? Məcəllə bu suala birmənalı şəkildə: “Nəql edildiyi, yəni yola salındığı yer.” cavabını verir.

Lakin bəzən ticarət münasibətlərində istehsalçı özü malları maşınlara yükləyir, sonra isə onu alınan yerdə quraşdırır. Belə vəziyyətdə malın verilməsi ilə onun yüklənib sonra alıcının yerində quraşdırması arasında heç bir fərq qalmır. Bu halda əlavə dəyər vergisi məqsədləri üçün harada quraşdırılma gedibsə, orada da mallar təqdim edilmiş hesab edilə bilər.


ƏDV haqqında sualınız var? Biz cavablandırarıq


İş və xidmətlərin təqdim edilməsi zamanı ƏDV əməliyyatlarının yeri

Belə hallarda 168-ci maddənin tələblərini bilmək lazımdır. Məcəllənin 168.1 maddəsi əlavə dəyər vergisi məqsədləri üçün işlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yerin müəyyən edilməsinin müxtəlif hallarını sadalayır. 168.2-ci maddəyə görə isə belə əməliyyatlara sadalanan hallardan bir neçəsini tətbiq etmək mümkün olduqda, müvafiq yerin sıra üzrə birincisi ilə müəyyən edilməsini təsbit edir.

Belə halların bəziləri aşağıda verilib:

  • daşınar əşyalarla bağlı xidmətlər üzrə, xidmətlərin faktiki göstərildiyi yer haradırsa, əlavə dəyər vergisinin hesablanması üçün xidmətlərin göstərildiyi yer ora hesab ediləcək;
  • tək daşınar əşyalar deyil, bəzi ümumiyyətlə əşyalarla bağlı olmayan xidmətlər də onların faktiki göstərildiyi yerlə bağlıdır. Təhsil, mədəniyyət sahəsində göstərilən xidmətlər buna bariz nümunə ola bilər. İdman, habelə digər analoji sahələrini bu siyahıya qoşmaq olar.

Nümunə 2: Rezident müəssisəyə məxsus avtonəqliyyat vasitəsi Batumidə təmir olunub. Xidmətlər AR-dan kənarda edildiyi üçün ƏDV-yə cəlb edilmir.

Nümunə 3: Müəssisə işçisini Kiyev şəhərinə 3 aylıq ixtisasartırma kurslarına göndərmişdir. Xidmətlər AR-dan kənar yerdə görüldüyü üçün ƏDV-ə cəlb edilməyəcək.

Bir sıra hallarda xidmət alıcısı üçün malları nəql etmək lazım gəlir. Bu zaman nəqletmə haradan başlayırsa, ora nəqletmə ilə bağlı xidmətin göstərildiyi yer hesab edilir.

ƏDV əməliyyatlarının yerinin müəyyən edilməsin zamanı 168.1.5. maddəsinin əhatəsi daha genişdir. Burada onları sadalamaq istəmirik,  tövsiyə edərdik ki, maddəni oxumaqla onlarla yaxından tanış olasınız. Qısa olaraq deyək, həmin xidmətlərin siyahısına:

  • ticarət markası, lisenziya, bunlara bənzər digər qeyri-maddi aktivlər üzərində hüquqların bağışlanması;
  • reklam, mühasibat, hüquq, məsləhət, rabitə-telekommunikasiya xidmətləri;
  • kompüter və analoji qurğular, internetə çıxış vasitələri ilə göstərilən xidmətlər daxildir.

Nümunə 4: ƏDV ödəyicisi olan müəssisə İran şirkəti olan qeyri-rezidentə Sumqayıtda 1500 AZN dəyərində məsləhət, İngiltərə şirkətinə isə 1500 avroluq hüquq xidməti göstərib. Xidmətlərin alıcıları İranda və İngiltərədə yerləşir. Bu səbəblə əməliyyat xidmətin ixracıdır deyə hər ikisi VM 165.1.3-cü maddəsi ilə 0 dərəcə ilə vergiyə cəlb ediləcək.

Nümunədən də göründüyü kimi, belə xidmətlər zamanı əsas olan alıcının yerləşdiyi, təsis edildiyi yerdir.

Vergi ödəyiciləri qarşı tərəfə hansı məlumatları açıqlayacaq?

Beynəlxalq daşımaya görə ödənilən məbləğdən vergi tutulması

posted in: Xəbər | 0

Azərbaycanda qeydiyyatda olan rezident şirkətin qeyri-rezidentə Azərbaycan ərazisinə daxil olmadan digər ölkələrarası beynəlxalq daşımaya görə ödədiyi məbləğlərdən ödəniş zamanı hansı vergilər tutulmalıdır?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 125.1-ci maddəsinə əsasən, qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəlirindən ödəmə mənbəyində xərclər çıxılmadan vergi tutulur. Azərbaycan mənbəyindən əldə olunan gəlirlər dedikdə, Vergi Məcəlləsinin 13.2.16-cı maddəsində qeyd olunan gəlirlər nəzərdə tutulur.

Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və ya beynəlxalq daşımalar həyata keçirilərkən rabitə və ya nəqliyyat xidmətləri üçün rezident müəssisənin və ya sahibkarın ödəmələrinin 6 faizi vergiyə cəlb olunur. Azərbaycan Respublikasının hüdudlarından kənarda digər dövlətlərdəki təyinat (göndərilmə) məntəqələri arasında, habelə Azərbaycan Respublikasının ərazisindən tranzit qaydada həyata keçirilən daşımalara görə rezident müəssisənin və ya sahibkarın ödəmələri vergitutuma obyekti deyil. Bu baxımdan sorğuda qeyd olunan xidmət ödəmə mənbəyində vergiyə cəlb edilmir.

Əlavə olaraq nəzərə çatdırılır ki, Vergi Məcəlləsinin 165.1.4-cü maddəsinə əsasən, beynəlxalq poçt xidmətləri istisna olmaqla, beynəlxalq və tranzit yük və sərnişin daşınması, habelə tranzit yük daşınması ilə bilavasitə bağlı yük aşırılma xidməti, beynəlxalq və tranzit uçuşlarla bilavasitə bağlı olan işlərin görülməsi, xidmətlərin göstərilməsi, habelə beynəlxalq və tranzit yük daşınması ilə bağlı ekspeditor xidmətlərinin göstərilməsi ƏDV-yə 0 dərəcə ilə cəlb olunur. Tranzit və beynəlxalq daşıma anlayışları Vergi Məcəlləsinin 13.2.33-cü maddəsi ilə tənzimlənir.

Azərbaycan Respublikası ərazisindən tranzit – gömrük qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikası sərhədindəki iki məntəqə arasında Azərbaycan Respublikasının ərazisi ilə daşınmasıdır. Beynəlxalq daşıma isə yüklərin, sərnişinlərin, baqajın və poçtun daşıma sənədləri əsasında müxtəlif nəqliyyat növləri ilə Azərbaycan Respublikasında yerləşən göndərilmə (təyinat) məntəqəsi ilə digər dövlətdəki təyinat (göndərilmə) məntəqəsi arasında daşınmasıdır.

Sorğuda qeyd olunan daşıma beynəlxalq və tranzit daşıma sayılmır və ƏDV məqsədləri üçün vergitutma obyekti deyil.

Mənbə: vergiler.az

Yol vergisinin vergitutma obyekti

1 331 332 333 334 335 336 337 2. 691
error: Content is protected !!