Read More9
Read More9

Onlayn qaydada vergi uçotundan birdəfəlik çıxmaq mümkündürmü?

posted in: Xəbər | 0

Müvəqqəti olaraq bağlatdırdığım VÖEN-im 27.06.2024-cü il tarixindən yenidən aktivləşib. Bilmək istərdim: onlayn qaydada vergi uçotundan birdəfəlik çıxmaq mümkündurmü? Qeyd edim ki, VÖEN nömrəsini bilsəm də ASAN İmzanı unutmuşam.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, vergi ödəyicilərinin vergi uçotundan çıxarılması və fəaliyyətinin müvəqqəti dayandırılması prosedurları fərqlidir. Belə ki, fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında Arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə, fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətin dayandırılması barədə müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.

Sorğuya cavab olaraq bildiririk ki, gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) olduqda “İnternet Vergi İdarəsi” portalı üzərindən fiziki şəxsin fəaliyyətinin onlayn rejimdə ləğvi mümkündür.
Əlavə olaraq bildiririk ki, fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı Dövlət Vergi Xidmətinin rəsmi səhifəsinin müvafiq bölməsindən əldə etmək mümkündür.

Mənbə: vergiler.az

Əmək hüququnun mənbələri

Əmək şəraiti ağır və zərərli olan işlərdə çalışanların əmək hüququ

posted in: Xəbər | 0

Ağır və zərərli iş şəraiti

Ağır və zərərli iş şəraitində işləmək zərərli istehsal amilləri ilə xarakterizə olunan peşə fəaliyyətidir. Bu cür amillərin çoxlu kateqoriyaları var ki, onlar həm ayrılıqda, həm də birləşərək iş yerində mövcud ola bilər. Ağır və zərərli iş şəraitinin mövcudluğu müəyyən problemlər yaradır. Əsas problem onların işçinin sağlamlığına təsiridir ki, bu da işəgötürən tərəfindən əməkhaqqı artımı, əlavə məzuniyyət, habelə sanatoriyalarda müalicə formasında kompensasiya edilməlidir.

Ağır iş şəraitindən danışarkən, bir mütəxəssisin fəaliyyətinin ağırlığına birbaşa təsir edən fiziki, kimyəvi, bioloji və əmək prosesinin amillərinə diqqət etməliyik. Əgər bu amillərin heç olmasa bəziləri normaya uyğun gəlmirsə, o zaman ağır iş şəraitindən danışmaq olar.

Əmək şəraitinin ağır və zərərliyinin qiymətləndirilməsi

Əmək şəraitinin zərərlilik dərəcəsinin müəyyən edilməsi xüsusi qiymətləndirmə yolu ilə baş verir. Qiymətləndirmə zamanı aşağıdakı qanunvericilik aktlarından istifadə olunur:

Zərərli iş şəraiti, standartlara əməl edilməməsi xəstəliklərin inkişafına və orqanizmin  funksiyalarının pozulmasına, müvəqqəti, xüsusi hallarda isə tam əmək qabiliyyətinin itirilməsinə səbəb ola bilər. Yeraltı işlərin aparılması zamanı işəgötürən görüləcək işlərin təsdiq edilmiş texniki sənədlərə, texnoloji standartlara və istehsalatda istifadə olunan avadanlıqlara, texnoloji proseslərə, xammallara və materiallara müəyyən edilmiş tələblərə uyğun təşkilini təmin etməyə borcludur.

Zərərli və ya təhlükəli iş şəraiti ilə işləyən işçilərə güzəşt və təminatların verilməsi qaydası Əmək Məcəlləsinə uyğun tənzimlənir. Əmək şəraitinin xüsusi qiymətləndirilməsinin nəticələrinə əsasən müəyyən edilmiş zərərli əmək şəraiti olan iş yerlərində işləyən işçilərə Məcəlləsə müəyyən təminatlar nəzərdə tutulub.

Məhdudlaşdırmalar

Ağır və zərərli işlərdə çalışanların əmək hüququnu qorumaq məqsədi ilə müəyyən məhdudiyyətlər tətbiq edilir. Belə hallar aşağıdakılardır:

  • əsas iş yerində zərərli və ağır əmək şəraitində işləyən işçinin eyni əmək şəraitli əlavə iş yerində çalışması yolverilməzdir (ƏM maddə 58);
  • ağır və zərərli sahələrdə işləyən işçilərin iş vaxtından artıq işə cəlb edilməsinə yol verilmir (ƏM maddə 99)
  • zərərli və təhlükəli iş şəraitində, yeraltı işlərdə, habelə sağlamlığa xələl gətirə bilən işlərdə 18 yaşı tamam olmayan şəxslərin əməyinin tətbiqi qadağandır (ƏM maddə 250);

Əmək müqaviləsi ilə bağlı tələblər

 Ağır və zərərli işlərdə çalışanların əmək hüququnin təmin edilməsi məqsədi ilə əmək müqaviləsində müəyyən şərtlər nəzərdə tutulmalıdr:

  • ağır və zərərli iş yerlərində əmək müqaviləsi bağlanan zaman işçilər hökmən ilkin tibbi müayinədən keçməlidir. Sonralar isə onların vaxtaşırı icbari tibbi müayinədən keçməsi işəgötürənin hesabına təmin edilir (ƏM maddə 226);
  • əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə pulsuz müalicəvi profilaktiki yeməklər, süd və ona bərabər tutulan digər məhsulların verilməsi təmin edilir (ƏM maddə 215);
  • zərərli və təhlükəli iş yerlərində çalışan işçilərə müəyyən edilmiş normalara müvafiq pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələri, yuyucu və dezinfeksiyaedici maddələr verilməsi nəzərdə tutulmalıdır (ƏM maddə 222);

İş vaxtının tənzimlənməsi ilə bağlı tələblər

  • ağır və zərərli iş yerlərində çalışan işçilərə həftədə 36 saatdan çox olmayan qısaldılmış iş vaxtı müəyyən edilir. İş vaxtının qısaldılmış müddəti kollektiv müqavilələrlə, həmin müqavilələr bağlanmadığı hallarda isə işəgötürənlə Hİ təşkilatı arasında razılaşmaya əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan peşə və vəzifələrin siyahısı nəzərə alınmaqla müəyyən olunur (ƏM maddə 92);
  • ağır və zərərli iş yerlərində çalışan işçilərin gündəlik iş vaxtının ən azı yarısı gecə vaxtına düşərsə, iş vaxtının gecə vaxtına düşən hissəsi 1 saat azaldılır. Nəzərə almaq lazımdır ki, saat 22-dən səhər saat 6-dək olan müddət gecə vaxtı hesab olunur; (ƏM maddə 97)

Əmək məzuniyyəti ilə bağlı tələblər

  • yeraltı işlərdə çalışan, əmək şəraiti ağır və zərərli olan işçilərə 6 təqvim günündən az olmayan müddətdə əlavə məzuniyyətlər verilir (ƏM maddə 115);
  • əmək şəraiti zərərli və ağır olan işçilərə əlavə məzuniyyət iş ili ərzində faktik işlədiyi vaxta mütənasib olaraq verilir. Bu məzuniyyət hüququ işçi həmin iş yerində  azı altı ay işlədikdə yaranmış olur (ƏM maddə 131).

Əməkhaqqına artım əmsalları

Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində işçilərin  əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımlar (əmsallar) müəyyən edilir (ƏM maddə 159). Əmək haqqına belə artımların məbləğinin minimum miqdarı AR NK-nın 22 avqust 2002-ci il tarixli 137 nömrəli qərarına uyğun hesablanır. Müəssisə, idarə və təşkilatlarda iş yerlərinin attestasiyasının nəticələri əsasında əmək şəraiti ağır və zərərli olan işlərdə çalışan işçilərin tarif (vəzifə) maaşlarına edilən artımın minimum miqdarı aşağıdakı kimi müəyyən edilir:

  1. əmək şəraiti ağır və zərərli işlərdə əmək şəraitinin ağır və zərərliliyinin:
  • aşağı səviyyəsində  – 1,04;
  • orta səviyyəsində    – 1,08;
  • yuxarı səviyyəsində  – 1,12.
  1. əmək şəraiti xüsusilə ağır və xüsusilə zərərli işlərdə əmək şəraitinin ağır və zərərliliyinin:
  • aşağı səviyyəsində  – 1,16;
  • orta səviyyəsində    – 1,20;
  • yuxarı səviyyəsində  – 1,24.

Əmək şəraiti zərərli və ağır olan işlərdə vəzifə maaşının artım əmsalının miqdarı əmək və kollektiv müqavilələrlə, kollektiv müqavilənin bağlanmadığı halda isə əmək müqaviləsi və ya işəgötürənlə həmkarlar ittifaqı təşkilatı arasındakı razılaşmaya əsasən müəyyən olunur. Büdcədən maliyyələşən müəssisə və təşkilatlarda əmək şəraiti ağır və zərərli olan iş yerlərində tarif (vəzifə) maaşlarına artım əmsalı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş peşə və vəzifələrin siyahısına əsasən müəyyən edilir.

İşğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əmək haqqının yüksək məbləğdə ödənilməsin təmin edən əmsalların məbləği də Nazirlər Kabinetinin qeyd edilən 137 saylı qərarı əsasında tənzimlənir.

204 saylı “Hazır məhsul” hesabı üzrə uçot

Muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir: qeyri-sahibkarlıq

posted in: Xəbər | 0

Qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlər nədir?

Gəlirlər iki qrupa ayrılır:

  • muzdlu işdən əldə edilən gəlirlər;
  • muzdlu işə aid olmayan fəaliyyətdən gəlirlər.

Muzdlu iş əmək müqaviləsi əsasında çalışdığınız işdir. Muzdlu işə aid olmayan fəaliyyətdən gəlirdən biri qeyri-sahibkarlıqdan gəlirlərdir. Sahibkarlıq fəaliyyətindən gəlirlərlə buradan ətraflı tanış olmaq olar.

Gəlirlər muzdlu işə aid olmayan fəaliyyətdən gəlirlər, muzdlu işlə əlaqədar əldə edilən gəlir kimi qruplara ayırılır. Muzdlu işə aid olmayan gəlirlərə sahibkarlıq və qeyri-sahibkarlıq gəlirləri aiddir.

Vergi Məcəlləsinə görə (maddə 13.2.37) şəxsin gəlir götürməsi üçün xidmət göstərilməsi sahibkarlıq fəaliyyəti sayılır. Lakin vergi qanunvericiliyində müəyyən istisnalar var – bir sıra fəaliyyət sahələri məcəllədə qeyri-sahibkarlıq kimi təsnif olunur. Məsələn, notarius mütəmadi fəaliyyət göstərərək xidmət göstərir, amma o, sahibkar hesab edilmir. Notariat xidmətləri xüsusi hal olaraq qeyri-sahibkarlıq fəaliyyəti hesab olunur.

Məcəllədə qeyri-sahibkarlığın tərifi verilmir, amma sahibkarlığa aid olmayan fəaliyyətləri bu qrupa aid etmək olar. Əldə edilən faizlər, dividendlər, icarə, royalti ödənişləri belə gəlirlərə aiddir.

Qeyri-sahibkarlıq fəaliyyətinə nümunələr

Nümunə 1: Fərdi sahibkar xəz dəri məmulatlarının idxalı və satışı ilə məşğuldur. O, eyni zamanda armatur istehsal edən müəssisədə 20% paya sahibdir. 2020-ci ildə payçısı olduğu müəssisədən 650 manat faiz gəliri əldə edib. Eyni zamanda həmin ildə xəz dəri məmulatlarının satışından 35000 manat gəliri olmuşdur. O, vergini hesabladıqda həm faiz gəlirini, həm də sahibkarlıq fəaliyyətindən olan gəlirləri bəyan etməlidir.

Nümunə 2: Yuxarıdakı nümunədəki fərdi sahibkarın payçı kimi müəssisədən əldə etdiyi dividend gəlirləri də qeyri-sahibkarlıqdan gəlir sayılır.

Nümunə 3: Fərdi sahibkar özünə məxsus 2 mərtəbəli qeyri-yaşayış binasının birinci mərtəbəsində uşaq oyuncaqları satmaqla məşğuldur. İkinci mərtəbəni isə telefon təmiri ilə məşğul olan sahibkarlıq subyektinə icarəyə vermişdir. 2-ci mərtəbədən əldə etdiyi icarə gəlirləri fərdi sahibkarın qeyri-sahibkarlıqdan gəlirlərinə aiddir.

Nümunə 4: Fiziki şəxs hər hansı bir ixtiranın yaxud kəşfin müəllifidir. Həmin ixtiradan, kəşfdən istifadə hüququnu başqa subyektə verir. İstifadə hüququnun verilməsinə görə fiziki şəxsin aldığı haqq – royalti şəklində gəlirdir.

Royalti (ing. royalti, orta əsr fransız dilindən roialte, lat. regalis “kral, kral, dövlət”) – patentlərin, müəllif hüquqlarının, françayzinqlərin, təbii resurslar və digər qeyri-maddi aktivlərin istifadəsinə görə adətən pul şəklində verilən mükafat növüdür.

Royalti patentlərin, müəllif hüquqlarının, françayzinqlərin, təbii resurslar və digər qeyri-maddi aktivlərin istifadəsinə görə adətən pul şəklində verilən mükafat növüdür

Şirkətin vergi ödəyicisinə verilmiş borc pul ondan alınmayaraq bağışlanarsa (öz işçinə bağışlanma istisna olmaqla), bu məbləğ onun muzdlu işə aid olmayan gəlirlərinə daxil edilir.

Nümunə 5: Fiziki şəxs biznes qurmaq üçün müqavilə əsasında borc aldığı 5000 manat vəsaiti qarşı tərəf ona bağışlayır. Həmin gəlir qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərə aiddir.

Lakin əgər bu borc işəgötürən tərəfindən işçiyə verilmiş borcdursa, bu qeyri-sahibkarlıqdan deyil, muzdlu işdən gəlir kimi qiymətləndirilməlidir.  

Əgər hansısa aktiv sahibkarlıqda istifadə edilmirsə onun təqdim edilməsi fiziki şəxslər üçün qeyri-sahibkarlıq gəlirlərinə aid edilməlidir. Hüquqi şəxslərə bunun heç bir aidiyyatı yoxdur, onlar üçün bütün fəaliyyət sahibkarlıq fəaliyyəti hesab edilir.

Nümunə 6: Fərdi sahibkar sahibkarlıq fəaliyyətində istifadə etdiyi kombaynı və şəxsi avtomobilini satır. Birinci sahibkarlıqdan gəlir, ikinci isə qeyri-sahibkarlıq fəaliyyətindən gəlirdir. Birinci üzrə kombaynın qalıq dəyəri ilə satış dəyəri (bazar dəyəri) arasındakı fərq vergiyə cəlb olunur. İkinci isə Vergi Məcəlləsinin  102.1.7-ci maddəsinə əsasən vergidən azad edilib.

Hansısa onlayn platformalarda, digər məkanlarda müəyyən aktivlərinizin olduğunu düşünün. Aktivləriniz pul formasında, yaxud ekvivalent şəkildə pula çevrilə bilər. Bu aktivləri sonradan ilkin dəyərindən artıq qiymətə təqdim etsəniz, onların dəyərində hansısa artım müşahidə edilsə, bu fiziki şəxsin qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərə aid ediləcəkdir.

Nümunə 7: Dizayner Məmmədin forex əməliyyatlarında (xarici valyutada) sahib olduğu vəsait daha əvvəl onun tərəfindən alınarkən daha ucuz alınmış, lakin, sonradan satış gününə məzənnə fərqiylə əlaqədar daha çox manat ekvivalentinə çevrilmişdir. Aradakı fərq Məmmədin aktivlərinin ilkin dəyərinin artması olduğundan, qeyri-sahibkarlıq fəaliyyətindən gəlirə daxil edilməlidir.

Bilirsiniz ki, həyatın yığım sığortası üzrə müqavilənin sonunda sığortalıya, müqavilə müddəti ərzində onun ödədiyi sığorta haqqlarının ümumi məbləğindən artıq olan, müəyyən ödəniş edilir. Qanunla artıq məbləğ qeyri-sahibkarlıqdan gəlirlərə aid edilib ödəmə mənbəyində 10 faiz dərəcəylə vergiyə cəlb edilməlidir.

Nümunə 8: Fiziki şəxs illik 450 manat ödəməklə sığorta şirkəti ilə 2 illik həyatın yığım sığortası müqaviləsi bağlayıb. Müqavilədə razılaşdırıldığı kimi, sığortalı 2 il ərzində 900 AZN ödəniş etmiş, heç bir sığorta hadisəsi baş vermədiyindən 2-ci ilin sonunda ona 3500 manat sığorta ödənişi edilmişdir. 3500 ilə 900 arasındakı fərq qeyri-sahibkarlıq fəaliyyətlərindən gəlir hesab edilməlidir.

Gördüyünüz qədər fiziki şəxsin gəlirləri həqiqətən hüquqi şəxsin gəlirlərinə nəzərən daha müxtəlif, daha rəngarəng olur. Fiziki şəxs hətta idman mərc oyunundan da pul əldə edə bilər, yaxud lotoreya bileti almış olar və bileti uduşlu çıxar.

Nümunə 9: Fiziki şəxs topaz idman oyunlarından 1200 manat uduş qazanmışdır. Uduş məbləği qeyri-sahibkarlıqdan gəlirə aiddir və ödəmə mənbəyində vergiyə cəlb edilməlidir.

Hədiyyə və miraslar vergiyə necə cəlb edilir?

Vətəndaşa müxtəlif hədiyyələr, hər hansı miras qala bilər. Belə gəlirlər sahibkarlıq fəaliyyətinizlə bağlı olmadığı üçün onları qeyri-sahibkarlıqdan başqa digər təsnifata ata bilməzsiniz.

Burada hədiyyələr, miraslar pul, həmçinin natura formasında:

  • ailə üzvlərindən;
  • qohumlardan;
  • digər şəxslərdən alına bilər.

Bütün bunlar qeyri-sahibkarlıqdan gəlir şəklində dəyərləndiriləcək. Lakin işəgötürən tərəfindən alınmış hədiyyələr muzdlu işdən gəlir kimi dəyərləndirilməlidir.

Notarius, vəkil və mediatorların gəlirləri

Bunlardan başqa xüsusi notariuslar, vəkillik fəaliyyəti, mediator fəaliyyəti qeyri-sahibkarlıqdan gəlirlərə aid edilmişdir. Bu üç fəaliyyət digərlərindən biraz fərqli formada dəyərləndirilir. Yəni, qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərə nəzər salsanız görmək olar ki, onlar adətən passiv gəlirlər şəklində xarakterizə edilmişlər. Xüsusi notariusun, vəkillik fəaliyyətinin, mediator fəaliyyətinin gəlirləri aktiv fəaliyyət olsa da özünün səciyyəvi xüsusiyyətlərinə görə sahibkarlıq fəaliyyəti kimi dəyərləndirilməmişlər.

Sahibkarlıq, qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlər yuxarıda sadaladıqlarımızla məhdudlaşmır. Təcrübədə bəzi fərqli gəlirlər olur ki, həmin gəlirlər Vergi Məcəlləsinin 98, 99-cu maddələrinin ümumi ruhuna uyğun olaraq sahibkarlıq yaxud qeyri-sahibkarlıq fəaliyyətlərindən gəlir şəklində dəyərləndirilməlidir.

Əmək şəraiti ağır və zərərli olan işlərdə çalışanların əmək hüququ

Əmək hüququnun mənbələri

posted in: Xəbər | 0

Əmək hüququ – milli hüququn müstəqil bir sahəsi olub, işçilərlə işəgötürən arasında yaranan əmək münasibətlərini nizama salan hüquq normalarının məcmusudur. Əməyin hüquqi tənzimlənməsi AR Konstitusiyasında Əmək Məcəlləsində, habelə digər normativ aktlarda təsbit edilmiş bir sıra qaydalara uyğun həyata keçirilir.

Əmək hüququnun mənbələri

Əmək hüququnun mənbələri əmək münasibətlərini və onlarla sıх bağlı olan digər münasibətləri tənzimləyən, bu münasibətlərin subyektlərinin hüquq və vəzifələrini müəyyən edən və əmək hüquq normalarını təsbit edən normativ aktlardır. Əmək hüququnun mənbələri hər şeydən əvvəl əmək qanunvericiliyinin müəyyən normativ aktlarda ifadəsinin formasıdır.

Dövlət orqanlarının qəbul etdikləri normativ aktlarla yanaşı, əmək münasibəti tərəflərinin bağladıqları normativ sazişlər və lokal normativ aktlar da əmək hüququnun mənbələri içərisində mühüm yer tutur və bu aktlar hüquqi qüvvəsinə görə fərqlənirlər.

Mənbələrin təsnifatı

Bu mənbələrin əsas təsnifatı onların hüquqi qüvvəyə görə təşkilidir. Hüquqi qüvvəsinə görə mənbələr qanunlara və qanun qüvvəli aktlara ayrılır.

Həmçinin, əmək hüquq mənbələrini:

  • normativ aktın formasına görə qanunlara, fərmanlara, qərarlara, sərəncamlara, qaydalara, əsasnamələrə, əmrlərə, təlimatlara və s;
  • təsir dairəsinə görə respublika, sahələrarası, sahəvi və lokal əhəmiyyətli aktlara;
  • ümumiləşdirmə dərəcəsinə görə isə məcəllələşdirilmiş, kompleks və cari qanunlara ayırmaq olar.

Normativ hüquqi aktlar

Normativ hüquqi aktlar səlahiyyətli dövlət orqanı tərəfindən qəbul edilən, məcburi xarakter daşıyan, hüquq normalarını müəyyən edən, dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulan rəsmi yazılı sənəddir. Bu sənədlər əmək sferasında sosial münasibətlərin ən mühüm tənzimləyicisidir və onun özündə ayrı hal nəzərdə tutulmadığı halda müddətsiz qüvvədə olur. Normativ hüquqi aktlar bir qayda olaraq, bu aktları qəbul edən orqanın aid olduğu ərazidə hüquqi qüvvəyə malikdir və həmin ərazidə işləyən bütün şəxslərə şamil edilir. Əmək sahəsində  qəbul edilən bütün qanunlar, demək olar ki, respublika ərazisində fəaliyyət göstərən müəssisə, idarə, təşkilatların bütün işçilərinə şamil edilir.

Normativ hüquqi aktların hazırlanması, qəbul olunması, rəsmiləşdirilməsi, dərc edilməsi, qüvvədə olması, şərh edilməsi və sistemləşdirilməsi qaydaları “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə tənzimlənir.

Səlahiyyətli orqanlar

Əmək hüququnun mənbələrini onları qəbul edən orqanlara görə aşağıdakı kimi təsnifləşdirmək mümkündür:

  • Azərbaycan Respublikasının ali qanunvericilik orqanı tərəfindən qəbul edilən normativ aktlar (qanunlar, qərarlar);
  • Azərbaycan Respublikasının ali icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən normativ aktlar (fərmanlar, qərar və sərəncamlar);
  • mərkəzi dövlət idarəçilik orqanları tərəfindən qəbul edilən normativ aktlar (AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, digər nazirliklər və baş idarələr tərəfindən qəbul edilən aktlar);
  • yerli özünüidarəetmə orqanları tərəfindən qəbul edilən aktlar;
  • lokal normativ aktlar.

Azərbaycan Respublikasının Konstitusiyası

Əmək hüququnun mənbələri içərisində ən mühüm və əsas yeri Azərbaycan Respublikasının Konstitusiyası  və Əmək Məcəlləsi tutur. AR Konstitusiyası ən yüksək hüquqi qüvvəyə malik olub, respublika qanunvericilik sisteminin əsasını təşkil edir və bütün başqa qanunlar da ona uyğun olaraq qəbul edilir. Vətəndaşların əsas əmək hüquqları, onların realizə olunmasının təminatları, habelə əmək hüququnun prinsipləri AR Konstitusiyasına uyğun tənzimlənir.

Əmək Məcəlləsi

AR-nın 1 fevral 1999 -cu il tarixli qanunu ilə təsdiq edilən və 1 iyul 1999-cu ildən qüvvəyə minən Əmək Məcəlləsi  13 bölmə, 48 fəsil və 317 maddədən ibarətdir. AR Əmək Məcəlləsi respublika ərazisində əmək münasibətlərini nizamlayan hüquq normalarını birləşdirən və sistemləşdirən qanunvericilik aktıdır. İşçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edən bu Məcəllə fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsin təmin edən qaydaların minimum normalarını müəyyən edir.

Lokal normativ aktlar

İşəgötürənin qanunla müəyyən olunmuş qaydada qəbul etdiyi normativ hüquqi aktlar lokal normativ aktlar adlanır. Məsələn, kollektiv müqavilə, müəssisədaxili intizam qaydaları və s. Bu aktlar konkret müəssisə, idarə, təşkilat daxilində qüvvədədir və əmək hüququnun spesifik mənbəyi hesab olunur.  Lokal normativ akt müəssisə və təşkilatlarda idarəetmə orqanlarının qəbul etdikləri və hüquq normalarını təsbit edən hüquqi sənədlərdir. Onlar adətən müəyyən müddət üçün qəbul edilir və təşkilatın bütün işçilərinə yaxud aktın özündə bilavasitə göstərilmiş  ayrı-ayrı işçi kateqoriyalarına şamil olunur. Bu aktlar qanunlarla və digər qanun qüvvəli normativ hüquqi aktlarla müqayisədə işçilərin vəziyyətini pisləşdirə bilməz.

Müqavilə xarakterli mənbələr

Əmək münasibətlərinin tənzimlənməsində müqavilə xarakteri getdikcə daha çox əhəmiyyət kəsb etdiyi üçün əmək hüququnun mənbələrinə normativ məzmunlu müqavilələr – kollektiv müqavilələr və sazişlər (sosial tərəfdaşlıq müqavilələri) də daxildir. Normativ müqavilələrə AR-nın bağladığı beynəlxalq (çoxtərəfli və ikitərəfli) müqavilələr və sosial tərəfdaşlıq aktları (normativ sazişlər yaxud kollektiv müqavilə aktları) aiddir. Lakin adi müqavilələrdən fərqli olaraq, onların məzmununu tərəflərin öhdəlikləri deyil, hüquq normaları təşkil edir.

Satış üçün tikilən binalara görə əmlak vergisi ödənilməlidirmi?

1 337 338 339 340 341 342 343 2. 683
error: Content is protected !!