Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin verilməməsi halları

posted in: Müavinət, Xəbər | 0

Əmək qabiliyyətinin müvəqqəti itirilməsi

İşçinin əmək qabiliyyətinin müvəqqəti itirilməsi sosial sığorta hadisəsi sayılır və qanunvericilikdə müəyyən edilmiş qaydada ona müavinət verilir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət:

  • itirilmiş əməkhaqqı və gəlirlərin;
  • habelə yarana biləcək xərcləri kompensasiya edilmiş formasıdır.

Amma əmək qabiliyyətinin müvəqqəti itirilməsi zamanı sığortaolunana müavinətin verilməməsi halları da olur. Bu halları araşdırmazdan öncə bəzi məsələlərə aydınlıq gətirək.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsini təsdiq edən sənəd

Müavinət almaq hüququ bu sosial sığorta hadisəsinin məcburi dövlət sosial sığorta haqqı hesablanan əmək fəaliyyəti dövründə baş verdiyi halda yaranır. Ödəniş yalnız xəstəlik vərəqəsi təqdim edildikdə həyata keçirilir, başqa sənədlər əsas hesab edilmir.

Xəstəlik vərəqləri AR Nazirlər Kabinetinin təsdiq etdiyi “Sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydası haqqında təlimat” əsasında, onun verilməsi səlahiyyəti tibb müəssisələri tərəfindən verilir.

Müavinətin verildiyi hallar

Təqdim edilmiş xəstəlik vərəqəsi əsasında işçiyə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin verilməsi hallarına aşağıdakılar nümunə göstərilə bilər:

  • xəstəlik, məişət zədəsi zamanı;
  • vərəm, psixi və zöhrəvi xəstəliklər;
  • protez-ortopedik müəssisənin nəzdindəki stasionarda olduğu və stasionara gedib-qayıtdığı vaxt üçün;
  • sanatoriya-kurort müalicəsi zamanı;
  • xəstələnmiş ailə üzvlərinin qulluğa ehtiyacı olduqda;
  • epidemioloji hallarda karantin zamanı;
  • AR NK-nın müəyyən etdiyi əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət almaq hüququ verən postvaksinal fəsadların siyahısına daxil olan postvaksinal fəsadla əlaqədar;
  • hamiləlik və doğuşa görə məzuniyyət zamanı.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin verilmədiyi hallar

Belə hallar  AR NK təsdiq etdiyi “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə” ilə nizamlanır. Əsasnamənin 25-ci maddəsinə görə aşağıdakı hallarda əmək qabiliyyətinin müvəqqəti itirilməsi zamanı sığortaolunana müavinət verilmir:

  • sosial sığorta stajı 6 aydan az olduqda;
  • işçinin əmək qabiliyyətinin müvəqqəti itirilməsi məcburi dövlət sosial sığorta haqqı hesablanmayan əmək fəaliyyəti dövründə baş verərsə;
  • sığortaolunan qəsdən sağlamlığına işdən və ya başqa vəzifədən boyun qaçırmaq məqsədi ilə qəsdən zərər vurduqda;
  • sığortaolunan özünü yalandan xəstə kimi göstərdikdə;
  • əmək qabiliyyətini müvəqqəti itirilmişi sığortaolunanın törətdiyi cinayət zamanı alınan zədə nəticəsində baş verərsə;
  • məcburi (məhkəmənin qərarı əsasında) məcburi müalicə zamanı (ruhi xəstəlik istisnadır).

Müavinət verilmədiyi digər hallar

Məzuniyyətin aşağıdakı növləri zamanı əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin verilmir:

  • əməkhaqqı saxlanılmayan məzuniyyət;
  • uşağa qulluq etməkdən ötrü məzuniyyət.

Əgər əmək qabiliyyətinin müvəqqəti itirilməsi bu məzuniyyətlərdən sonra da davam etdikdə, işçi işə başladığı gündən verilir (Əsasnamə, maddə 13).

Yuxarıda qeyd edilən Əsasnamənin 22-ci maddəsinə görə işçinin tibbi müayinədən keçirildiyi, o cümlədən stasionarda müayinə edildiyi vaxt üçün, habelə işçinin hərbi xidmətə çağırıldığı zaman xəstəxanaya yerləşdirildikdə müavinət verilmir.

Müavinətin verilməsinin müvəqqəti dayandırılması

Əgər məcburi dövlət sosial sığortası üzrə qanunvericilikdə müəyyən edilmiş hesabat təqdim edilməyən dövrdə əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı baş verərsə, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin verilməsi hesabat təqdim edilən tarixə kimi dayandırılır.

Əgər sığortaedən hesabat əvəzinə fəaliyyətin olmaması barədə arayış təqdim edərsə, bu dövr müvəqqəti olaraq işin dayandırıldığı dövr hesab olunur və bu müddət zamanı əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı baş verdikdə müavinət verilmir.

Əsas və əlavə məzuniyyət müddətlərinin cəmlənməsi qaydası

Təmirlə bağlı xərclərin gəlirdən çıxılması

posted in: Xəbər | 0

Qanunvericiliyə əsasən, əsas vəsaitlərə çəkilən təmir xərcləri müəyyən şərtlərlə vergi ödəyicisinin gəlirlərindən çıxıla bilər. Maliyyə-mühasibat üzrə ekspert Xalid Cəfərov bunun hansı qaydalarla reallaşdırılması yollarını açıqlayıb: 

Hər il üçün gəlirdən çıxılmalı olan təmir xərclərinin məbləği məhdudlaşdırılır. Bu məbləği tapmaq üçün torpaq, tikili və avadanlıqların hər bir kateqoriyasının əvvəlki ilin sonuna qalıq dəyərini müvafiq faiz dərəcəsinə görə hesablamaq lazımdır.

Vergi Məcəlləsinin 115.1-ci maddəsinə əsasən, faiz dərəcələri aşağıdakı kimi müəyyən olunub:

  • binalar, tikinti və qurğular – ilin sonuna qalıq dəyərinin 2 faizi;
  • maşınlar, avadanlıq və hesablama texnikası – ilin sonuna qalıq dəyərinin 5 faizi;
  • yüksək texnologiyalar məhsulu olan hesablama texnikası – ilin sonuna qalıq dəyərinin 3 faizi;
  • nəqliyyat vasitələri – ilin sonuna qalıq dəyərinin 5 faizi;
  • digər torpaq, tikili və avadanlıqlar – ilin sonuna qalıq dəyərinin 3 faizi;
  • köhnəlmə (amortizasiya) hesablanmayan torpaq, tikili və avadanlıqlar üzrə – 0 faiz.

Təmir xərclərinin faktiki məbləği bu hədd ilə müəyyənləşdirilən məbləğdən az olduqda, gəlirdən təmir xərclərinin faktiki məbləği çıxılır. Bu halda növbəti vergi illərində təmir xərclərinin gəlirdən çıxılan həddi təmir xərclərinin faktiki məbləği ilə müəyyənləşdirilmiş hədd hesablanmış məbləği arasındakı fərq qədər artırılır.

Müəyyən edilmiş məhdudlaşdırmadan artıq olan məbləğ cari vergi ilinin sonuna torpaq, tikili və avadanlıqların (vəsaitin) qalıq dəyərinin artmasına aid edilir.

Vergi Məcəlləsinin 152-ci maddəsinə əsasən, bu Məcəllənin 115.1-ci maddəsində müəyyən edilmiş məhdudlaşdırmadan artıq olan məbləğ cari vergi ilinin sonuna əsas vəsaitlərin (vəsaitin) qalıq dəyərinin artmasına aid edilir. Amortizasiya olunmayan, köhnəlmə (amortizasiya) hesablanmayan əsas vəsaitlərin təmirinə çəkilmiş xərclər gəlirdən çıxılmır və onların balans dəyərini artırır.

İcarəyə götürülmüş torpaq, tikili və avadanlıqların təmiri üzrə xərclərin gəlirdən çıxılan məbləği torpaq, tikili və avadanlıqların hər bir kateqoriyasının əvvəlki ilin sonuna qalıq dəyərinin yuxarıda qeyd olunan faiz həddi ilə məhdudlaşdırılır.

Misal:

İlin əvvəlinə “XX” MMC-yə məxsus avtomobilin 2022-ci ilin əvvəlinə qalıq dəyəri 5.000 manat olub. Vergi Məcəlləsinin şərtlərinə əsasən, bu avtomobilə il ərzində 250 (5000 manat x 5%) manat təmir xərci gəlirdən çıxıla bilər, yəni gəlirdən çıxılan xərcə silinə bilər:

5000 x 5% = 250 manat.

Avtomobilin təmirinə il ərzində faktiki olaraq kassadan 500 manat, yəni normadan 250 manat artıq xərclənib. Bu zaman norma daxilindəki təmir xərci birbaşa xərclər maddəsinə, normadan artıq xərc isə avtomobilin qalıq dəyərinin üstünə silinməlidir.

Mənbə: vergiler.az

İşəgötürən işçini ixtisar etdiyi halda müavinət

İşəgötürən işçini ixtisar etdiyi halda müavinət

posted in: Xəbər | 0

İşdənçıxarma müavinəti nədir?

İşdənçıxarma müavinəti işçidən asılı olmayan səbəblərdən əmək müqaviləsinin ləğvi zamanı işəgötürən tərəfindən ödənilən pul müavinətidir. Müavinətin məbləği işçinin əmək stajından və onun işdən çıxarılması səbəbindən asılıdır. Əmək müqaviləsinə xitam verilmiş işçilərin təminatları AR Əmək Məcəlləsinin 77-ci maddəsi ilə tənzimlənir. Müavinətin hesablanması ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazanılmış əməkhaqqı nəzərə alınmaqla, Məcəllənin 177-ci maddəsinə uyğun olaraq hesablanır.

İşdənçıxarma müavinəti kimlərə verilir?

İşdənçıxma müavinəti aşağıdakı hallarda verilir:

  • müəssisənin ləğvinə görə əmək müqaviləsinin xitamı zamanı;
  • ixtisarlar zamanı;
  • əmək şəraitinin şərtlərinin dəyişdirilməsi ilə bağlı əmək müqaviləsinin xitamı;
  • işçi hərbi və ya alternativ xidmətə çağırıldıqda;
  • əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə;
  • müəssisənin mülkiyyətçisinin dəyişməsi zamanı, məcəllənin 63-2 maddəsi nəzərə alınmaqla.

İşçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinin xitamı zamanı, vərəsələrə dəfn üçün müavinət ödənir.

İşdənçıxarma müavinəti necə təyin olunur?

Müəssisə ləğv olunduqda və ixtisarlar zamanı işçiyə işdənçıxma müavinəti aşağıdakı məbləğdə ödənilir (Əmək Məcəlləsi, maddə 77):

  • bir ilədək iş stajı – orta aylıq qazanc məbləğində;
  • bir ildən 5 ilədək iş stajı – orta aylıq əməkhaqqının 1,4 mislindən az olmayaraq;
  • iş stajı 5 ildən 10 ilədək – orta aylıq əməkhaqqının 1,7 mislindən az olmayaraq;
  • 10 ildən artıq iş stajı – orta aylıq əməkhaqqının azı iki misli.

Bu hallarda işçiyə orta aylıq əməkhaqqının azı iki misli miqdarında işdənçıxarma müavinəti müəyyən edilir:

  • əmək şəraiti dəyişdikdə;
  • işçi hərbi xidmətə çağırıldıqda;
  • əmək qabiliyyətini fasiləsiz olaraq altı aydan çox müddətə tam itirdikdə.

Orta aylıq əməkhaqqının ən azı üç misli miqdarında müavinət aşağıdakı hallarda təyin olunur:

  • müəssisənin mülkiyyətçisinin dəyişilməsi ilə əlaqədar əmək müqaviləsinin xitamı;
  • işçinin vəfatı zamanı, onun vərəsələrinə.

İşəgötürən bütün hallarda əmək müqaviləsinin ləğv edilməsi zəruriliyini əsaslandırmalı, işçi öncədən xəbərdar edilməlidir.

İşçi necə xəbərdar edilir?

Müəssisə və təşkilatlarda işçilərin sayı azaldıqda və ya  ştatlar ixtisar edildikdə, işçi işəgötürən tərəfindən aşağıdakı müddətlərdə rəsmi məlumatlandırılmalıdır:

  • bir ilə qədər iş stajı – ən azı 2 təqvim həftəsi;
  • bir ildən 5 ilədək iş stajı – 4 təqvim həftəsindən az olmayaraq;
  • 5 ildən 10 ilə qədər iş stajı – 6 təqvim həftəsindən az olmayaraq;
  • 10 ildən çox iş stajı – 9 təqvim həftəsindən az olmayaraq.

Əgər işçi sınaq müddətində olarsa, tərəflərdən biri digər tərəfi üç gün əvvəl yazılı şəkildə xəbərdar etməklə əmək müqaviləsinə xitam verə bilər. Xəbərdarlıq müddəti ərzində işçi məşğulluq mərkəzinə, başqa işəgötürənlərə iş üçün müraciət edə bilər. Buna görə də  işçiyə hər iş həftəsində əməkhaqqı saxlanmaq şərtilə ən azı bir gün işdən azad olunaraq iş axtarmasına imkan yaradılmalıdır.

Müavinət necə hesablanır?

Bunu nümunə əsasında izah edək (mənbə: ”Vergilər” onlayn qəzet). İşəgötürən ştatların ləğvi ilə bağlı dörd işçinin əmək müqaviləsinə xitam verməyə hazırlaşır. Onların hər birinin orta əməkhaqqısı eynidir – 450 manat, iş stajları isə fərqlənir. Onlara qanunvericiliyə uyğun qaydada rəsmi xəbərdarlıq verilib. Hər bir işçi üçün hesablanacaq işdənçıxarma müavinəti ən azı əmək stajlarına uyğun olaraq aşağıdakı kimi olacaq:

  • bir ilədək əmək stajı  – 450 manat;
  • bir ildən beş ilədək əmək stajı: – 630 manat (450 x 1,4)
  • beş ildən on ilədək əmək stajı olan işçi – 765 manat (450 x 1,7)
  • on ildən çox əmək stajı olan işçi – 900 manat (450 manat x 2).

Xəbərdarlıq müddəti pul ödənişi ilə əvəz edilə bilərmi?

Əmək Məcəlləsinin 77-ci maddəsinin dördüncü hissəsi buna icazə verir. Belə ki,

  • azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli;
  • azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli;
  • azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli;
  • azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli miqdarında pul təzminatı ödənilə bilər.

İşdənçıxarma müavinətinin ödənilməsi üçün əsas əmək müqaviləsinin xitamı əmridir. Əmək kitabçasında uyğun qeydlər aparılmaqla vəsait hesablanır, nağd şəkildə verilir və ya işçinin bank kartına köçürülür.

Müavinətlər

Əsas və əlavə məzuniyyət müddətlərinin cəmlənməsi qaydası

posted in: Xəbər | 0

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 136-cı maddəsində işçilərin əsas və əlavə məzuniyyətlərinin müddətlərinin cəmlənərək hesablanması qaydasından bəhs edilir. Qanunvericiliyin bu tələbini “AZLIFT PRO” QSC-nin İnsan resursları şöbəsinin rəhbəri Ramin Hacıyev şərh edir: 

Əmək Məcəlləsinin 136-cı maddəsinin 2-ci hissəsinə əsasən, işçinin eyni vaxtda bu Məcəllənin 115 və 116-cı maddələrində nəzərdə tutulmuş iki və daha çox əlavə məzuniyyət hüququ olduqda, onun əsas məzuniyyətinə daha çox müddətli bir əlavə məzuniyyət birləşdirilir. Təcrübədə bir çox hallarda işçinin həm əmək stajına görə, həm də əmək şəraitinə görə əlavə məzuniyyət hüququ olduğu təqdirdə, həmin məzuniyyətlərdən yalnız biri (ən çox olanı) əsas məzuniyyətə birləşdirilir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 iyun 2003-cü il tarixli qərarına əsasən, Əmək Məcəlləsinin 115 və 116-cı maddələrində nəzərdə tutulan iki və daha çox əlavə məzuniyyət hüququ olduqda, bu maddələrin ayrılıqda hər biri üzrə əldə edilən daha çox müddətli bir əlavə məzuniyyət işçinin əsas məzuniyyətinə birləşdirilir.

Yuxarıda qeyd olunanları misallarla izah edək:

Misal 1: Qaynaqçı vəzifəsində çalışan şəxsin 21 təqvim günü əsas, 4 təqvim günü əmək stajına, 6 və 12 təqvim günü isə əmək şəraitinə görə əlavə məzuniyyət hüququ var. Bu halda işçinin əmək stajına görə olan əlavə məzuniyyəti (4 gün) və əmək şəraitinə görə daha çox olan bir əlavə məzuniyyəti (12 gün) əsas məzuniyyətə birləşdirilərək verilməlidir. Beləliklə, işçinin bir iş ilinə görə 37 təqvim günü əmək məzuniyyəti hüququ vardır:

21 + 12 + 4 = 37 gün.

Misal 2: Mühəndis vəzifəsində çalışan işçinin 30 təqvim günü əsas məzuniyyət, 4 təqvim günü əmək stajına görə, 6 təqvim günü isə əmək şəraitinə görə əlavə məzuniyyət hüququ var. Bu halda işçinin əmək stajına görə olan əlavə məzuniyyəti (4 gün) və əmək şəraitinə görə əlavə məzuniyyəti (6 gün) əsas məzuniyyətə birləşdirilərək verilməlidir. Beləliklə, işçinin bir iş ilinə görə 40 təqvim günü əmək məzuniyyəti hüququ vardır:

30 + 4 + 6 = 40 gün.

Misal 3: Vergi orqanlarında çalışan vəzifəli şəxsin 30 təqvim günü əsas, 6 təqvim günü əmək stajına, 10 təqvim günü isə vergi orqanlarında xidmət illərinə görə əlavə məzuniyyət hüququ var. Bu halda işçinin əmək stajına görə əlavə məzuniyyətlərindən ən çox olanı (10 gün) əsas məzuniyyətə birləşdirilərək verilməlidir. Beləliklə, onun bir iş ilinə görə 40 təqvim günü əmək məzuniyyəti hüququ vardır:

30 + 10 = 40 gün.

Onu da deyək ki, İnzibati Xətalar Məcəlləsinin 192.5-ci maddəsinə əsasən, işçinin məzuniyyət hüququnun pozulması vəzifəli şəxslərin inzibati məsuliyyətə cəlb edilməsinə səbəb olur.

Dəfn üçün müavinət almaq hüququ olan şəxslər

1 444 445 446 447 448 449 450 2. 691