Mədən vergisi bəyannaməsi: hazırlanması və təqdim edilməsi

posted in: Xəbər | 0

Mədən vergisi kimdən tutulur?

Faydalı qazıntıların hasilatı ilə məşğul olan hüquqi və fiziki şəxslər, qanunvericiliklə müəyyən edilmiş hallarda, hasilat üçün mədən vergisi ödəyirlər. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə  görə “Azərbaycan Respublikasının ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan sektorunda faydalı qazıntıların çıxarılmasına görə mədən vergisi tutulur” (maddə 213).

Hesabat ayı üçün mədən vergisi bəyannaməsi faydalı qazıntıların çıxarıldığı aydan sonrakı ayın 20-dən gec olmayaraq təqdim edilir və həmin müddətdə də vergi dövlət büdcəsinə ödənir. Vergi üçün  hesabat dövrü təqvim ayıdır.

Mədən vergisi gəlirdən məhdudlaşdırılmayan çıxılmalara aid edilir.

Mədən vergisi bəyannaməsi necə hazırlanır?

Vergi hesabatları kağız və elektron daşıyıcıda hazırlana bilər. Kağız daşıyıcıda bəyannamələr:

  • əli ilə doldurulur yaxud Bəyannamələrin Tərtibi Proqramında (BTP) hazırlanaraq çap edilir;
  • müvafiq qaydada imzalanır;
  • vergi ödəyicisi tərəfindən şəxsən yaxud poçt vasitəsi ilə təqdim edilir.

Vergi bəyannamələrinin elektron daşıyıcıda təqdim edilməsi üçün Bəyannamələrin Tərtibi Proqramından (BTP) istifadə edilir. Hazırlanmış bəyannamələr paketlənərək  İnternet Vergi İdarəsi (İVİ) vasitəsi ilə onlayn rejimdə vergi orqanına göndərilir.

Mədən vergisi bəyannaməsi iki hissədən ibarətdir:

  • ümumi hissə;
  • “Verginin hazırlanması” hissəsi.

Sonuncunun iki alt hissəsi var:

  • topdan satış qiymətləri ilə verginin hesablanması;
  • faydalı qazıntıların hasilatın miqdarı ilə verginin hesablanması.

Hesablamaların iki hissədə aparılması tətbiq edilən mədən vergisi dərəcəsi ilə bağlıdır. Belə ki, qeyri-filiz faydalı qazıntılarının hər kubmetr üçün sabit məbləğ şəklində vergi dərəcəsi, digərləri üçün isə topdansatış qiymətlərə faiz dərəcələri tətbiq etməklə mədən vergisi hesablanır. Mədən vergisi bəyannaməsinin tərtib edilməsi qaydasına buradan baxmaq olar.

Bəyannamədə torpaq vergisi üzrə güzəşt necə nəzər alınır?

Mədən vergisi bəyannaməsi tərtib edilərkən Vergi Məcəlləsinə 2022-ci ilin yanvarından edilən dəyişikliklər nəzərə alınmalıdır. Belə ki, həmin tarixdən:

  • mədən vergisi yalnız dövlət büdcəsinə ödənir;
  • ödənilmiş torpaq vergisi ilə bağlı güzəştlər mövcuddur.

Məcəlləyə əlavə edilmiş 217-1 maddəsinə görə “Neft və qaz istisna olmaqla, digər faydalı qazıntılara görə vergi ödəyicisi tərəfindən təqvim ili üzrə hesablanmış̧ mədən vergisinin məbləği həmin faydalı qazıntıların çıxarıldığı torpaq sahələrinə görə onun tərəfindən həmin təqvim ili üzrə hesablanmış̧ və ödənilmiş torpaq vergisinin məbləğindən çox olmamaqla təqvim ilinin sonuncu hesabat ayında azaldılır.”

Qeyd etdiyimiz kimi, mədən vergisi hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq ödəməli və həmin müddətdə mədən vergisi bəyannaməsi təqdim edilməlidir. Eyni zamanda faydalı qazıntıların çıxarıldığı torpaq sahələri üçün ödənilmiş torpaq vergisinin tam məbləği ilin sonuncu ayında-dekabrda məlum olur. Odur ki, vergi ödəyicisi ilin son bəyannaməsində (dekabr ayı üçün) hesablayıb ödədikləri mədən vergisinin məbləğini həmin faydalı qazıntıların çıxarıldığı torpağa görə ödənilmiş torpaq vergisinin məbləği qədər azaldaraq mədən vergisi bəyannaməsinə əks etdirir.

Nümunə: Vergi ödəyicisinin ilin sonunda – dekabr ayında mədən vergisi üzrə öhdəliyi 10000 manatdır. Bu öhdəliyə neft və qaz hasilatı üzrə vergilər aid deyil. Bu vergi öhdəliyinin yaranmasında iştirak edən faydalı qazıntıların çıxarıldığı torpağa görə 1500 manat torpaq vergisi ödəyib. Bu halda torpaq vergisi məbləği mədən vergisindən çıxılır və bu vergi hesabatında nəzərə alınır: 10000 – 1500 = 8500 manat.

Yuxarıdakı nümunədə, mədən vergisi bəyannaməsində əks etdirilən mədən vergisi məbləği 8500 manat olacaqdır.

Yol vergisi bəyannaməsinin təqdim edilmə müddəti

posted in: Xəbər | 0

Yol vergisinin vergitutma obyekti

Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 211 maddəsini  müddəalarına görə:

  • xarici dövlətlərin avtonəqliyyatı respublika ərazisinə daxil olarkən (tərk edərkən), bu avtonəqliyyat vasitələri;
  • respublikamızda istehsal edilən və daxili istehlak üçün topdan satılan, habelə idxal olunan avtomobil benzini, maye qaz və dizel yanacağı yol vergisinin vergitutma obyekt sayılır.

Bəs yol vergisi bəyannaməsi hansı halda təqdim edir? Birinci halda vergi gömrük orqanları tərəfindən sərhəddə tutulur və bir bank günü ərzində dövlət büdcəsinə ödənir.

İkinci halda sadalanan yanacaq istehsalçıları yol vergisini aylıq hesablayır, yol vergisi bəyannaməsini hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq təqdim edir, vergi məbləğini həmin müddət ərzində dövlət büdcəlinə köçürür.

Yol vergisi bəyannaməsi

Vergi Məcəlləsinin 72-ci maddəsinə görə vergi bəyannaməsi Məcəllənin məqsədləri üçün vergi hesabatı sayılır. Vergi ödəyicisi qanunvericiliklə müəyyən edilmiş formada hesabatı hazırlayır və müvafiq qaydada, aşağıdakı üsulların birindən istifadə etməklə vergi orqanına təqdim edir:

  • şəxsən vergi orqanının müvafiq qurumuna təqdim etməklə;
  • rabitə təşkilatına təhvil verilməklə;
  • elektron sənəd formasında.

Yol vergisi bəyannaməsinin elektron daşıyıcıda təqdim etmək üçün:

  • Bəyannamə Tərtibi Proqramından (BTP), yaxud;
  • İnternet Vergi İdarəsinin (İVİ) avtomatik bəyannamə tərtibi bölməsindən istifadə etmək olar.

Yol vergisi bəyannaməsi və icbari tibbi sığorta

“İcbari tibbi sığorta haqqında” AR qanununa  1 yanvar 2021-ci il tarixindən qüvvəyə minmiş dəyişikliyə əsasən “Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və Azərbaycan Respublikasının ərazisinə idxal olunan avtomobil benzininin, dizel yanacağının və maye qazın hər litrinə görə – 0,02 manat”  məbləğində icbari tibbi sığorta haqqı hesablanaraq ödənilir (maddə 15-10.1.6).

Yol vergisində olduğu kimi, vergi ödəyiciləri sığorta haqqını aylıq olaraq hesablayır, hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq bəyannamə təqdim edir və hesablanan məbləği bu müddət ərzində icbari tibbi sığorta fonduna ödəməlidir.

Qeyd edilən dəyişiklikdən bu vergi hesabat “Yol vergisi və icbari tibbi sığorta haqları üzrə bəyannaməsi (hesabatı)” adlanır.  BTP-də hər yol vergisi bəyannaməsi və icbari tibbi sığorta haqları üzrə bəyannamə bir yerdə hazırlanılır və müvafiq qaydada təqdim edilir.

Avtomatik bəyannamə tərtibi

Bu qaydada vergi hesabatının hazırlanması iki vergi növü üçün nəzərdə tutulub:

  • torpaq vergisinin bəyənməsi;
  • yol vergisinin bəyannaməsi

Hesabat İVİ-nin “Avtomatik bəyannamə tərtibi” bölməsində bəyannamənin əvvəlcədən avtomatik tərtib edilməsi üçün nəzərdə tutulub. cari vergi dövrü üçün hesabat hazırlamaq üçün sistem vergi ödəyicisinin əvvəlki vergi dövrü üzrə bəyannamə məlumatlarından istifadə edir. Əgər əvvəlki dövr üçün bəyannamə mövcud deyilsə, ekran bu haqda xəbərdarlıq edir (“Əvvəlki dövrün bəyannaməsi tapılmadı!”). Əks halda bəyannamə avtomatik tərtib edilir. Tərtib edilmiş bəyannaməni “Təsdiq” yaxud “Ləğv” etmək mümkündür. Zərurət olduqda BTP-də yol vergisi bəyannaməsi üzərində uyğun düzəlişlər etmək olar.


 

Torpaq vergisi bəyannaməsinin təqdim edilmə müddəti

posted in: Xəbər | 0

Sərvət vergiləri

Nəzəriyyədə vergilər fərqli meyarlara görə təsnif olunur. Müasir vergi nəzəriyyəsində ödəyicilərin ödəmə qabiliyyətini nəzərə almaqla aparılan iqtisadi təsnifat daha rasional yanaşma hesab edilir.  Belə yanaşmada vergi növləri aşağıdakı kimi təsnif edilir:

  • qazancdan ödənilənlər – gəlir üzərinə qoyulan vergilər (məsələn, gəlir vergisi);
  • mülkiyyətimizdəkilərə tətbiq edilənlər – əmlak, əşyalar və sair (əmlak, torpaq və sair);
  • aldıqlarımıza görə ödənilənlər – istehlak (xərc) üzərinə qoyulan vergilər (ƏDV, aksiz vergisi).

Torpaq vergisi  sərvət üzərinə tətbiq edilən vergilərdən biridir. Onun tarixi qədimdir, vergitutmanın onunla başladığın da demək olar.

Sərvət dedikdə şəxslərin gəlirlərinin:

  • istehlaka sərf olunmamış;
  • yığım funksiyası daşıyan hissəsi nəzərdə tutulur.

O, şəxsin müəyyən bir dövrdə sahib olduğu, pulla ifadə olunan bütün iqtisadi dəyərlərin məcmusudur. Vergi öhdəliyi onun həcminə görə müəyyən olunur.

Torpaq vergisi bəyannaməsi

Vergi öhdəliklərinin düzgün qiymətləndirilməsi üçün uçot və hesabatlılıq zəruridir. Vergi hesabatlarında səhvlər maliyyə sanksiyalarına səbəb ola bilər, odur ki, onların hazırlamasına diqqətlə yanaşmaq lazımdır. Azərbaycan Respublikasının Vergi  Məcəlləsinin məqsədləri üçün vergi hesabatı dedikdə vergi bəyannaməsi başa düşülür. Torpaq vergisi bəyannaməsi vergi ödəyicisi olan torpaq sahibləri və mülkiyyətçilərinin vergi orqanına təqdim etdiyi hesabatlardan biridir.

Torpaq vergisi üzrə hesabat dövrü təqvim ilidir. Müəssisələr torpaq sahəsinin ölçüsünə və torpaq vergisinin dərəcələrinə əsasən torpaq vergisini illik olaraq hesablayır və may ayının 15-dən gec olmayaraq hesablamaları vergi orqanına verirlər.

Cari il üçün illik torpaq vergisinin məbləği bərabər hissələrlə – həmin il avqustun 15-dən və noyabrın 15-dən gec olmayaraq aşağıdakı qaydada ödəyirlər:

  • dövlət büdcəsinə:

– hüquqi şəxslər torpaq vergisi;

– fiziki şəxslərin təyinatı üzrə istifadə edilməyən kənd təsərrüfatı torpaqları (irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadəsi mümkün olmayan hallar istisnadır).

  • yerli (bələdiyyə) büdcəsinə:

– fiziki şəxslərin digər torpaqlara görə isə vergiləri.

Əgər torpaq vergisi torpağın əvvəlki sahibi tərəfindən ödənilməzsə, həmin torpağın sahibi tərəfindən  müəyyən edilmiş ödəmə vaxtına ödənilir.

Bələdiyyələr:

  • hər il iyulun 1-dək fiziki şəxslərə torpaq vergisi hesablayır;
  • tədiyyə bildirişlərini avqustun 1-dən gec olmayaraq fiziki şəxslərə çatdırır.

Torpaq vergisi bəyannaməsi necə təqdim olunur?

Vergi bəyannamələrinin təqdim edilməsi kağız yaxud elektron daşıyıcılar vasitəsi ilə həyata keçirilir. Kağız daşıyıcıda vergi bəyannamələri və onların doldurulma qaydasını buradan yükləmək olar.

Dövlət Vergi Xidməti tərəfində həm də elektron daşıyıcıda torpaq vergisi bəyannaməsinin doldurulma qaydası da hazırlanıb. BTP proqramı ilə hazırlanmış bəyannamələri çap edərək kağız daşıyıcıda da təqdim etmək olar.

Elektron formada bəyannamənin hazırlanması üçün İnternet Vergi İdarəsinin “Avtomatik bəyannamə tərtibi” səhifəsindən istifadə etmək olar. Bu zaman sistem, vergi hesabatlarının hazırlanması üçün,  əvvəlki dövrdə təqdim edilmiş məlumatlardan istifadə edir.

Fəaliyyəti müvəqqəti dayandırılmış müəssisənin torpaq vergisi bəyannaməsi

Vergi Məcəlləsinin 16.4-cü maddəsinə əsasən sahibkarlıq fəaliyyətini müvəqqəti dayandıraraq arayış təqdim edən vergi ödəyiciləri, torpağı olduqda, torpaq vergisinin hesabatını Məcəlləyə uyğun qaydada və müddətdə vergi orqanına təqdim edilir. Torpaq vergisinin hesablanması Məcəllənin 206-cı və 208-ci maddələrinə uyğun həyata keçirilir və AR VM-də müəyyən edilmiş müddətlərdə torpaq vergisi bəyannaməsi təqdim edir.

Torpaq sahəsinin satişindan tutulan vergilər

Torpaqla digər məqam torpaq sahəsinin satışı ilə bağlıdır. Düzdür, bu torpaq vergisinə aid deyil, notariuslar tərəfindən torpaq sahəsi ilə bağlı əməliyyatlarına aiddir. Belə əməliyyatlar zamanı müqavilələri təsdiq edən notariuslar sadələşdirilmiş vergini hesablayaraq 1 (bir) bank günü ərzində dövlət büdcəsinə ödəməli və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq bəyannaməni vergi orqanına təqdim etməlidirlər.

Vergi bəyannamələri və vergi nəzarəti

Vergi bəyannamələri vergi orqanlarının nəzarətedici funksiyalarının icrası zamanı da əhəmiyyətli rol oynayır. Səyyar və kameral vergi yoxlaması zamanı bəyannamələr vergi müfəttişlərinin diqqət etdiyı sahələrdəndir. Kameral yoxlama təqdim edilmiş keçmiş və cari vergi hesabatları əsasında aparılır. Bu torpaq vergisi bəyannaməsinə də aiddir. Yoxlamanın nəticəsi zamanı aşar edilmiş uyğunsuzluqlar barədə vergi ödəyicisinə kameral məktub göndərilir. “Torpaq vergisi üzrə kameral vergi məktubları barədə tövsiyələr” adlı məqaləmizdə bu haqqında ətraflı məlumat vermişik.


Noyabr ayında ardıcıl 5 qeyri-iş günü olacaq

posted in: Xəbər | 0

Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilib. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2023-cü il 10 noyabr iş günü ilə 4 noyabr istirahət gününün yerləri dəyişdirilib.

Beləliklə, noyabr ayında ardıcıl 5 gün – 8, 9, 10, 11 və 12 noyabr tarixləri qeyri-iş günü olacaq. Noyabrın 4-ü – şənbə günü isə rəsmi iş günüdür.

Qeyd edək ki, ​noyabrın 8-də Azərbaycanda Zəfər Günüdür. Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə Vətən müharibəsində misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-nin Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınıb.

9 Noyabr isə Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.

Mənbə: report.az


1 494 495 496 497 498 499 500 2. 700