Sərvət vergiləri
Nəzəriyyədə vergilər fərqli meyarlara görə təsnif olunur. Müasir vergi nəzəriyyəsində ödəyicilərin ödəmə qabiliyyətini nəzərə almaqla aparılan iqtisadi təsnifat daha rasional yanaşma hesab edilir. Belə yanaşmada vergi növləri aşağıdakı kimi təsnif edilir:
- qazancdan ödənilənlər – gəlir üzərinə qoyulan vergilər (məsələn, gəlir vergisi);
- mülkiyyətimizdəkilərə tətbiq edilənlər – əmlak, əşyalar və sair (əmlak, torpaq və sair);
- aldıqlarımıza görə ödənilənlər – istehlak (xərc) üzərinə qoyulan vergilər (ƏDV, aksiz vergisi).
Torpaq vergisi sərvət üzərinə tətbiq edilən vergilərdən biridir. Onun tarixi qədimdir, vergitutmanın onunla başladığın da demək olar.
Sərvət dedikdə şəxslərin gəlirlərinin:
- istehlaka sərf olunmamış;
- yığım funksiyası daşıyan hissəsi nəzərdə tutulur.
O, şəxsin müəyyən bir dövrdə sahib olduğu, pulla ifadə olunan bütün iqtisadi dəyərlərin məcmusudur. Vergi öhdəliyi onun həcminə görə müəyyən olunur.
Torpaq vergisi bəyannaməsi
Vergi öhdəliklərinin düzgün qiymətləndirilməsi üçün uçot və hesabatlılıq zəruridir. Vergi hesabatlarında səhvlər maliyyə sanksiyalarına səbəb ola bilər, odur ki, onların hazırlamasına diqqətlə yanaşmaq lazımdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin məqsədləri üçün vergi hesabatı dedikdə vergi bəyannaməsi başa düşülür. Torpaq vergisi bəyannaməsi vergi ödəyicisi olan torpaq sahibləri və mülkiyyətçilərinin vergi orqanına təqdim etdiyi hesabatlardan biridir.
Torpaq vergisi üzrə hesabat dövrü təqvim ilidir. Müəssisələr torpaq sahəsinin ölçüsünə və torpaq vergisinin dərəcələrinə əsasən torpaq vergisini illik olaraq hesablayır və may ayının 15-dən gec olmayaraq hesablamaları vergi orqanına verirlər.
Cari il üçün illik torpaq vergisinin məbləği bərabər hissələrlə – həmin il avqustun 15-dən və noyabrın 15-dən gec olmayaraq aşağıdakı qaydada ödəyirlər:
- dövlət büdcəsinə:
– hüquqi şəxslər torpaq vergisi;
– fiziki şəxslərin təyinatı üzrə istifadə edilməyən kənd təsərrüfatı torpaqları (irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadəsi mümkün olmayan hallar istisnadır).
- yerli (bələdiyyə) büdcəsinə:
– fiziki şəxslərin digər torpaqlara görə isə vergiləri.
Əgər torpaq vergisi torpağın əvvəlki sahibi tərəfindən ödənilməzsə, həmin torpağın sahibi tərəfindən müəyyən edilmiş ödəmə vaxtına ödənilir.
Bələdiyyələr:
- hər il iyulun 1-dək fiziki şəxslərə torpaq vergisi hesablayır;
- tədiyyə bildirişlərini avqustun 1-dən gec olmayaraq fiziki şəxslərə çatdırır.
Torpaq vergisi bəyannaməsi necə təqdim olunur?
Vergi bəyannamələrinin təqdim edilməsi kağız yaxud elektron daşıyıcılar vasitəsi ilə həyata keçirilir. Kağız daşıyıcıda vergi bəyannamələri və onların doldurulma qaydasını buradan yükləmək olar.
Dövlət Vergi Xidməti tərəfində həm də elektron daşıyıcıda torpaq vergisi bəyannaməsinin doldurulma qaydası da hazırlanıb. BTP proqramı ilə hazırlanmış bəyannamələri çap edərək kağız daşıyıcıda da təqdim etmək olar.
Elektron formada bəyannamənin hazırlanması üçün İnternet Vergi İdarəsinin “Avtomatik bəyannamə tərtibi” səhifəsindən istifadə etmək olar. Bu zaman sistem, vergi hesabatlarının hazırlanması üçün, əvvəlki dövrdə təqdim edilmiş məlumatlardan istifadə edir.
Fəaliyyəti müvəqqəti dayandırılmış müəssisənin torpaq vergisi bəyannaməsi
Vergi Məcəlləsinin 16.4-cü maddəsinə əsasən sahibkarlıq fəaliyyətini müvəqqəti dayandıraraq arayış təqdim edən vergi ödəyiciləri, torpağı olduqda, torpaq vergisinin hesabatını Məcəlləyə uyğun qaydada və müddətdə vergi orqanına təqdim edilir. Torpaq vergisinin hesablanması Məcəllənin 206-cı və 208-ci maddələrinə uyğun həyata keçirilir və AR VM-də müəyyən edilmiş müddətlərdə torpaq vergisi bəyannaməsi təqdim edir.
Torpaq sahəsinin satişindan tutulan vergilər
Torpaqla digər məqam torpaq sahəsinin satışı ilə bağlıdır. Düzdür, bu torpaq vergisinə aid deyil, notariuslar tərəfindən torpaq sahəsi ilə bağlı əməliyyatlarına aiddir. Belə əməliyyatlar zamanı müqavilələri təsdiq edən notariuslar sadələşdirilmiş vergini hesablayaraq 1 (bir) bank günü ərzində dövlət büdcəsinə ödəməli və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq bəyannaməni vergi orqanına təqdim etməlidirlər.
Vergi bəyannamələri və vergi nəzarəti
Vergi bəyannamələri vergi orqanlarının nəzarətedici funksiyalarının icrası zamanı da əhəmiyyətli rol oynayır. Səyyar və kameral vergi yoxlaması zamanı bəyannamələr vergi müfəttişlərinin diqqət etdiyı sahələrdəndir. Kameral yoxlama təqdim edilmiş keçmiş və cari vergi hesabatları əsasında aparılır. Bu torpaq vergisi bəyannaməsinə də aiddir. Yoxlamanın nəticəsi zamanı aşar edilmiş uyğunsuzluqlar barədə vergi ödəyicisinə kameral məktub göndərilir. “Torpaq vergisi üzrə kameral vergi məktubları barədə tövsiyələr” adlı məqaləmizdə bu haqqında ətraflı məlumat vermişik.