Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru Ramil İmamov: “Bu gün istehlak krediti məhsulu üzrə satışlarımızın təxminən 25%-i onlayn formada həyata keçirilir”

posted in: Xəbər | 0

Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru Ramil İmamov: “Bu gün istehlak krediti məhsulu üzrə satışlarımızın təxminən 25%-i onlayn formada həyata keçirilir”

Artıq bir ildən çoxdur ki, bütün dünyada olduğu kimi ölkəmizdə də pandemiya şəraiti hökm sürür. Pandemiya ilə əlaqədar bir sıra sahələrdə müştərilərin təhlükəsiz və rahat şəraitdə xidmət almalarını təmin etmək məqsədilə onlara adət etdikləri formada bank xidmətlərinin göstərilməsində bir sıra çətinliklər yaranıb. Bu çətinliklərin aradan qaldırılaraq müştərilərə xidmət üçün zəruri dəyişiklikləri təmin etmək isə bankların qarşısında yeni hədəflər qoyur, xüsusən də bankçılıqda yeni dövrə keçidi sürətləndirir. Ölkənin birinci bankı olan Kapital Bank bu yeniliklərin həyata keçirilməsində də lider banklardan biri sayılır. Bu dövr ərzində həyata keçirilən və hazırda üzərində işlənən yeniliklər, istiqamətlər və hədəflər barədə məlumat almaq üçün Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru Ramil İmamovdan müsahibə aldıq.

Ramil müəllim, Kapital Bank-ın yeni strateji dövrə qədəm qoyması barədə dəfələrlə məlumat verilib. İlk əvvəl növbəti strateji dövrdə əsas məqsədlər və prioritetlər barədə məlumat almaq istərdik.

Qeyd etdiyiniz kimi artıq bankımız daha bir strateji dövrü uğurla başa vuraraq yeni strateji planın icrasına başlayıb. Ötən dövr ərzində filialların transformasiyası həyata keçirilərək korporativ standartlara uyğun şərait yaradılıb və müasir tələblərə, müştəri istəklərinə cavab verən, bütün növ bank xidmətlərini operativ şəkildə göstərməyi bacaran, tam universal işçi heyəti formalaşdırılıb. Ümumi olaraq qeyd etmək istərdim ki, yeni strateji planımız kifayət qədər geniş və yüksək hədəflərlə əhatə olunub. Onlayn bank xidmətlərinin tətbiq olunma miqyasını genişləndirmək, müştərilərimizin ehtiyaclarına uyğun olaraq yeni məhsul və xidmətlərimizi onlara təqdim etmək, bunların bilavasitə nəticəsi kimi müştəri məmnuniyyətini yüksəltmək bu strateji dövrdə də prioritet məqsədlərimizdəndir.

Son zamanlar müştərilərin bank xidmətlərindən onlayn şəkildə – məsafədən yararlanması üçün Kapital Bank bir sıra yeniliklərə imza atıb. Əldə edilən göstəricilər nə dərəcədə qənaətbəxşdir?

Kapital Bank müştəri məmnuniyyətini və keyfiyyətli bank xidməti göstərilməsini daim diqqət mərkəzində saxlayaraq, bank sektorunda yeniliklərin tətbiqinə hər zaman önəm verib. İnnovasiyaların tətbiq olunduğu bir dövrdə biz də öz növbəmizdə müştərilərimizi innovativ xidmətlər və yeniliklərlə sevindirməkdə davam edirik. Artıq müştərilərimiz evdən, işdən və yaxud olduğu məkandan ayrılmadan bankımızın bir çox məhsullarından onlayn yararlana bilirlər.

Pandemiyanın başladığı dövrdə bazarda ilk olaraq tərəfimizdən müştərilərə nağd pul krediti və BirKart-dan, həmçinin debet kart kimi qeyri-kredit məhsullarından onlayn şəkildə faydalanma imkanı yaratdıq. Artıq məmnuniyyət hissi ilə deyə bilərik ki, bu gün istehlak krediti məhsulu üzrə satışımızın təxminən 25%-ni müştərilərimiz bankın filiallarına gəlmədən, tam onlayn formada əldə edirlər. Məlumat üçün qeyd edim ki, nağd pul krediti məhsulu onlayn şəkildə rəsmiləşdirildikdən dərhal sonra müştərinin kartına mədaxil edilir və müştəri bankın istənilən bankomatından vəsaiti nağdlaşdıra, həmçinin vəsaitdən nağdsız və ya onlayn ödənişlərində istifadə edə bilir.

BirKart məhsulunun onlayn satışı zamanı isə kart limiti müştərinin BirBank mobil tətbiqində aktivləşir və müştəri rəsmiləşmədən dərhal sonra BirKart-dan istifadə edə bilir. Həmçinin, müştərilərimiz debet kartını da onlayn formada sifarişini həyata keçirə bilirlər. Onlayn formada bank xidmətlərindən yararlanmaq üçün müştərinin internet çıxışını dəstəkləyən mobil telefonunun və yaxud kompüterinin olması kifayət edir. Müştəri kredit üçün müxtəlif kanallar vasitəsilə Kapital Bank-a müraciətini yönləndirə bilər və bank əməkdaşları tərəfindən dərhal operativ şəkildə onlarla əlaqə saxlanılır. Bu zaman müştərilər filiallarda növbə gözləməyəcəklər və dəyərli vaxtlarına qənaət etmiş olacaqlar. Bunu tətbiq etməklə məhsulların daha əlçatan olmasını, həmçinin xidmət səviyyəsini yüksəltmək kimi önəmli faktorları önə çəkmiş oluruq.

Onlayn xidmətlərin inkişafı ilə bağlı hansı yeniliklər gözlənilir?

Bildiyiniz kimi, hazırda ölkə üzrə 2 milyondan artıq müştəri BirBank mobil tətbiqinin istifadəçisidir və biz də BirBank vasitəsilə onlayn xidmətlər üzrə daim yeniliklər təklif edirik. Qeyd edim ki, xidmətlərin fasiləsiz fəaliyyətini təmin etmək üçün və həmçinin xidmətalma imkanlarının artırılması istiqamətində daim təkmilləşmə işləri həyata keçirilir. Bu istiqamətdə təbii ki, əsas məqsədimiz müştərilərə daha çox məhsullardan faydalanma imkanlarını yaratmaq, xidmətalma prosesini daha da sadələşdirərək, vaxt itkisini minimuma endirməkdir. Hazırda əsas məqsdələrimizdən biri də BirBank tətbiqi üzərindən müştərinin özü tərəfindən həm kredit, həm də qeyri-kredit məhsullarını (cari hesabın açılması, depozit əməliyyatları və s.) rahat əldə etmə imkanlarını genişləndirməkdir.

Belə yeniliklərdən biri BirBank mobil tətbiqi və digər onlayn kanallar vasitəsilə BirKart taksit kartını dərhal rəsmiləşdirmək funksiyasını yaratmaqdır. Müştərilərimiz həmçinin əldə etdikləri BirKart-la dərhal partnyor şəbəkəmizdə olan 10 minlərlə mağazalarda NFC vasitəsilə istədikləri alış-verişi edə biləcəklər. Fiziki olaraq kartı əldə etmək üçün istədikləri an, istədikləri ünvana kuryer xidməti vasitəsilə kart çatdırılması üçün müraciət etmələri kifayət olacaq.

Ramil müəllim, son zamanlar Kapital Bank müştərilərinin müraciətlərində hansı növ məhsullara tələbatın daha çox olduğu nəzərə çarpır?

Son zamanlar müştərilərimizin müraciətləri sırasında şəxsi mənzil ehtiyaclarının ödənilməsi və yeni mənzil əldə etmək məqsədilə ipoteka kreditlərinə olan tələbatın artdığını qeyd etmək istərdim. Ötən il ərzində bu tələbatın qarşılanması üçün xeyli işlər görülüb və çox yaxşı nəticələr əldə etmişik. Belə ki, Kapital Bank bu məqsədlə ipoteka kreditləşməsinin əhatə dairəsini genişləndirib və kreditləşmə həcmini 2019-cu il ilə müqayisədə 3 dəfə artıraraq, 45 milyon manat səviyyəsinə çatdırıb. Ötən il üzrə həmçinin bank sektorunda ilk dəfə olaraq Kapital Bank tərəfindən daxili resurslar hesabına regionlarda güzəştli şərtlərlə ipoteka  kreditlərin verilməsinə başlanıb.

Qeyd olunan məhsulun regionlarda mənzil bazarının aktivləşməsində dəstəyinin olması, əsas etibarilə sosial müştəri təbəqəsini əhatə etməsi və sərfəli şərtlərinin mövcudluğu müştərilər arasında yüksək marağa səbəb olub. Bu məhsul növü üzrə ötən il ərzində 363 ailə yararlanıb və mənzil sahibi olub. 2020-ci il üzrə digər ipoteka məhsulları üzrə statistik göstəricilərə nəzər salsaq, İpoteka və Kredit Zəmanət Fondu, həmçinin MİDA vəsaiti hesabına 28 milyon manat, daxili resurslar hesabına isə planlaşdırıldığı kimi 10 milyon manat məbləğində ipoteka limiti rəsmiləşdirilib.

Daxili ipoteka kreditləşməsi üzrə cari ildə müştəriləri hansı yeniliklər gözləyir, bankın bu sahə üzrə planları barədə məlumat verməyinizi xahiş edərdik.

Əvvəlki illərdə olduğu kimi, bu ildə bankımız İpoteka və Kredit Zəmanət Fondu, həmçinin MİDA vəsaiti hesabına kreditləşməni davam etdirir və cari ilin 3 ayı üzrə 13 milyon manat vəsait müştərilərin mənzil ehtiyaclarının qarşılanmasına yönləndirilib. İpoteka sahəsində qarşımıza qoyduğumuz əsas hədəflərdən biri daxili ipoteka məhsulu üzrə kreditləşmə həcmini 100 milyon manat səviyyəsinə çatdırmaqdır. Qeyd olunan məhsul növü üzrə satışın artırılması və kreditin müştərilər üçün daha əlçatan olması üçün məhsul şərtləri asanlaşdırılıb. Müştərilərimiz üçün sevindirici xəbər olaraq bildirək ki, yeni şərtlərə əsasən artıq onlar bu kredit növünü 10 il deyil, 20 il müddətinədək əldə edə bilərlər.

Müddətin artması müştərilərə daha az aylıq ödəniş etməklə, daha böyük məbləğdə kredit əldə etməyə imkanı yaradır. Daxili İpoteka məhsulundan həm rəsmi iş yeri olan şəxslər, həm də biznes fəaliyyəti ilə məşğul olan sahibkarlar yararlana bilərlər. Müştərilərimizin bir daha nəzərinə çatdırmaq istərdim ki, daxili ipoteka kreditinin məbləği 30 000 – 250 000 manat aralığında dəyişir, illik faiz dərəcəsi isə 10%-dən başlayaraq müəyyən olunur.

Daha bir mühüm yenilik ondan ibarətdir ki, artıq çıxarış sənədi olmayan mənzilləri də bankın daxili ipoteka məhsulu vasitəsilə əldə etmək mümkündür. Yeni şərtlərə əsasən müştərilər özlərinin və yaxud birinci dərəcəli qohumlarının mülklərini (mənzil, obyekt, qeyri-yaşayış sahəsi və s.) təminat qismində girov qoymaqla, çıxarış sənədi olmayan mənzili daxili ipoteka krediti vasitəsilə əldə edə bilərlər. Bir məlumatı da bildirim ki, daxili ipoteka məhsulu üçün müraciət edən müştərilərin əlavə vaxt itkisinin qarşısını almaq üçün əmlakın qiymətləndirilməsi, sığortalanma və digər proseslərin bank daxilində həyata keçirilməsi və kreditin sürətli şəkildə rəsmiləşdirilməsi üçün əlverişli şərait yaradılıb.
Artan ipoteka kreditləşməsi tələbatını ödəmək və müştərilərə operativ xidmət göstərmək məqsədilə Kapital Bank tərəfindən ipoteka krediti verən xidmət nöqtələrinin sayı artırılaraq, regionlar üzrə 52, Naxçıvan Muxtar Respublikası üzrə 1, Bakı şəhəri üzrə 6, ümumilikdə isə 59 filiala çatdırılıb. Gələcəkdə yarana biləcək əlavə ehtiyacların ödənilməsi üçün bu sayın daha da artırılması planlaşdırılır. Həmçinin ipoteka kreditləşməsi üzrə müştərilərin müraciətlərinin operativ şəkildə qəbulu, təhlili və cavablandırılması filiallarla yanaşı müxtəlif onlayn kanallar – (+99451) 250 99 99 WhatsApp nömrəsi, 8196 qısa nömrəsi, 196 Məlumat Mərkəzi, bankın rəsmi internet səhifəsi (www.kapitalbank.az/loans) vasitəsilə də həyata keçirilir.

Bankımız bu sahədə görüləcək işlər sırasında həmçinin tikinti sektorunda fəaliyyət göstərən biznes subyektləri ilə əməkdaşlığı da genişləndirməyi planlaşdırır. Məlumat üçün qeyd edə bilərəm ki, mülkiyyət hüququnu təsdiq edən sənəd yəni, çıxarışı olan və eyni zamanda çıxarışı olmayan mənzil satan tikinti şirkətlərinin Kapital Bank-la əməkdaşlıq etməsi üçün cəlbedici fürsətlər mövcuddur. Hər kəsə məlumdur ki, tikinti sektorunda fəaliyyət göstərən biznes subyektlərinin təklif etdiyi mənzillərin daha tez satılmasının əsas amili kreditləşmədir. Belə ki, satışa çıxarılan mənzillərin tikinti şirkətinin daxili krediti hesabına deyil, ipoteka krediti hesabına tam dəyərinin ödənilməsi onlara nağd pul dövriyyəsinin axınını təmin edir.

Bu da öz növbəsində həmin şirkətlərə yeni yatırım üçün likvid vəsait formalaşdırılmasını yaradaraq, tikinti prosesini sürətləndirmələrinə və bizneslərini genişləndirmələrinə imkan yaradır. Kapital Bank ilə partnyor olan tikinti şirkətlərindən əldə ediləcək mənzillər üzrə kredit məbləği 500 000 manata kimi artırıla bilər. Qeyd etmək istərdim ki, hazırda bu yanaşma ilə 30-dan artıq tikinti şirkəti ilə əməkdaşlıq müqaviləsi bağlanılıb. Kapital Bank ipoteka istiqamətində də işi genişləndirməkdə maraqlıdır və tikinti şirkətləri ilə birgə əməkdaşlıq sayəsində müştərilərimizin mənzilə olan tələbatlarını ödəmək üçün sərfəli təkliflər təqdim ediləcək.

Ölkənin ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank cari ildə başqa hansı yenilikləri müştərilərə təqdim edəcək?

Son bir il ərzində dünyada və ölkəmizdə mövcud olan pandemiya şəraiti real sektora öz təsirini göstərdi. Pandemiyadan zərər çəkən sahələrə ötən il ərzində dövlət tərəfindən xeyli sayda dəstəkləyici layihələr həyata keçirilib və hazırda da davam etməkdədir. Biz də, Kapital Bank olaraq 2021-ci il ərzində mikro biznes subyektlərinə müxtəlif çeşidli bank məhsullarının təqdim edilməsini strateji inkişaf planımıza əlavə etmişik.

Hamımız bilirik ki, real sektor ölkə iqtisadiyyatının onurğa sütunudur. Real sektorun digər iştirakçılarından fərqli olaraq mikro biznes subyektləri müxtəlif növ bank xidmətlərinə, xüsusən də maliyyə resurslarına daha çox ehtiyac duyan bir seqmenti təşkil edir. Post-pandemiya dövründə onların maliyyə resurslarına daha çox ehtiyaclarının olacağını nəzərə alaraq yeni mikro kredit məhsulumuzun hazırlanıb və tezliklə satışı planlaşdırılır.

Mikro biznes subyektlərinə hansı bank xidmətlərini göstərməyi planlaşdırırsınız?

İstənilən Bank məhsulu hazırlanarkən və ya təkmilləşdirilərkən potensial müştərilər arasında sorğunun keçirilməsi və müştərilərin istəklərinin nəzərə alınması komandamızda artıq bir vərdişə çevrilib. Mikro kredit məhsulumuz da eyni inkişaf mərhələsini keçir. Müştəri araşdırmaları onu göstərir ki, mikro biznes subyektlərinin ehtiyac duyduqları bank məhsulları arasında kreditlər prioritet təşkil edir. Bu səbəbdən hazırda mikro kredit məhsulumuzun daha əlçatan, təhlil modelinin daha sürətli olması, kredit məhsullarının onlayn kanallar vasitəsilə əldə edilməsi, rahat geri ödəniş şərtlərinin mövcudluğunu nəzərdən keçiririk. Təqdim edəcəyimiz məhsul rəqabətə dayanıqlı olmaqla yanaşı, həm də müştərilərimizin istəklərini özündə cəmləyəcək. İndidən onu deyə bilərəm ki, sahibkar hesabı Kapital Bank-da olan mikro biznes subyektləri heç bir təminat, o cümlədən zamin təqdim etmədən, əlavə təhlillər olmadan, dərhal yerindəcə kredit ala biləcəklər.

Lakin, təqdim olunacaq bank xidmətləri yalnız kredit məhsulları ilə məhdudlaşmır. O cümlədən mikro biznes subyektlərinə bank  hesablarının açılması, biznes kartların verilməsi, hesabların onlayn idarə edilməsi üçün mobil tətbiq, POS terminallar, overdraftlar da müştərilərə təqdim ediləcək məhsullar sırasındadır.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Sıfır təcrübə ilə necə mühasib olmalı?

posted in: muhasibat, Məqalə, Xəbər | 0

Sıfır təcrübə, mühasib,Sıfır təcrübə ilə necə mühasib olmalı?

İlk növbədə onu deyim ki, bütün digər sahələrdə olduğu kimi mühasib olaraq iş tapmaq müvafiq təcrübə olmadığı zaman çox böyük problemə çevrilir. Hətta çoxları iş axtarmaqdan bezib sevmədiyi, heç əlaqəsi olmayan işlərdə zaman itirirlər. Sahibkarlar təcrübəli kadrlar arzusundadır, sahə üzrə təhsil almış, iş təcrübəsi olmayanlar isə onlara təcrübə keçmək şansının yaradılmasını istəyirlər. Hər iki tərəf xeyli dərəcədə haqlıdır. Çünki müəssisə rəhbəri öz işlərini yüksək səviyyədə təşkil edəcək mühasibə ehtiyac duyur, çox zaman iş çoxluğundan, əlavə xərc və vaxt tələb etdiyindən təcrübəsizlərə şərait yaratmağa meyilli olmurlar.

Təcrübəsi olmayanlar da haqlı olaraq öyrənməyə bir yer, şərait istəyirlər. Hətta təcrübəsizlərin böyük əksəriyyəti pulsuz olaraq öyrənənədək işləməyə məmnuniyyətlə razıdırlar. Lakin belə bir imkan da asanlıqla ələ düşmür.

Yaxşı, bəs onda hər il mühasibatlıq sahəsi üzrə məzun olmuş yüzlərlə və bəlkə də minlərlə tələbə nə etsin? Necə iş tapsın? Necə deyərlər bu suallara cavab vermək çox qəliz məsələdir!

Elə isə cavablandırmağa çalışaq. Aşağıda qeyd edəcəyim məsələlər sırf subyektiv yanaşmadır, yəni ötən 3 ay ərzində təcrübə olmadan mühasib kimi işləmək cəhdlərimin yekunudur.
ƏLA BİR CV-NİZ OLSUN!

Sıfır təcrübə

Bu barədə çox deyilib, çox yazılıb. Lakin yenidən, bir daha CV-nin önəmini vurğulamaq istərdim. Düşünürəm ki, CV tərtibatı ilə əlaqədar ciddi problemlər yaşayan insanlar var. Sadə bir misal olaraq deyərdim ki, öncəki işimdə yəni müəllim olaraq çalışarkən bizə bir xanım CV göndərmişdi. Demək, şəkili CV-yə yerləşdirə bilmədiyinə görə döşəmənin üstünə qoyub çəkərək CV-ni ayrıca, şəkili də ayrıca göndərmişdir. Bu nəyin göstəricisidir? Həm qeyri-peşəkarlığın və həm də işə qarşı ciddiyətsizliyin. Siz sahibkar olsanız bu şəxsi işə qəbul edərsiniz?

CV sizin işəgötürənin sizinlə ilk ünsiyyətidir, sizin CV-niz xarakteriniz, mütəxəssis olaraq hansı səviyyədə olduğunuz, öz işinizə nə qədər ciddi yanaşdığınızı göstərən bir sənəddir. Dolayısıyla sizin vizitkartınızdır. Bu səbəbdən vacibdir ki, qüsursuz olsun. CV-də qeyd olunmalı məlumatlar:

  • Şəxsi məlumatlarınız – Ad, soyad, əlaqə vasitələri (email mütləq), doğum tarixi, adres dəqiq şəkildə qeyd olunmalıdır;
  • Müraciət etdiyiniz vəzifəni daim CV-nin əvvəlində göstərin;
  • Təhsil haqqında dolğun məlumatlar qeyd edin;
  • İş təcrübəniz haqqında detallı yazın, ən sonuncu iş yerinizdən başlayaraq tarixi göstərməklə keçmişə doğru sadalayın;
  • Tələbəlik dövründə, məktəb vaxtı və ya fərqli bir yerdə ictimai fəaliyyətləriniz olubsa qısa təsvirini yazın (tutduğunuz vəzifə, öhdəlikləriniz). Məsələn, Avropa Oyunlarda Team Leader və ya universitet dövründə Tələbə Gənclər Təşkilatında hər hansı bir layihənin rəhbəri, təşkilatçısı olmusunuzsa qeyd edin;
  • Əldə etdiyiniz sertifikatlar, diplomlar və s. haqqında qısa qeydlər mütləq yazın;
  • Dil biliyi ən önəmli məsələlərdən biridir. Dil biliyinizi göstərin və s.

Rəsmi geyimdə, təbəssümlü bir şəklinizin olması da MÜTLƏQDİR!

Qeyd: Yaxşı olardı ki, CV-ləri PDF formatında göndərəsiniz və CV-nizi tərtib edəndən sonra onu özünüz başqa bir şəxs gözü ilə oxuyun və əgər siz işəgötürən şəxs olsaydınız özünüzü işə götürərdinizmi?

ÖZÜNÜZƏ DƏYƏR QATIN!

Sıfır təcrübə

Uyğun iş tapanadək vaxtınızı hədər yerə sərf etməyin. Oturub niyə sizin CV-nizə baxmadılar deyə gözləməyin ya da cavab gəlmədi deyə məyus olub, axtarışdan vaz keçməyin. Sizin CV-nizi daha gözəgəlimli edəcək, sizə iş müsahibəsində əlavə müsbətlər qazandıracaq nələrsə edin. Məsələn,
– 1C kursuna yazılın, proqramı kompüterinizə köçürüb orada özünüz üçün bir şirkət yaradın, kursda öyrəndiklərinizi tətbiq edin, əlavə şeylər öyrənin, biliyinizi zənginləşdirin. YouTube-da 1C proqramını izahlı başa salan xeyli videolar var.

– Excel proqramını yaxşıca, dərindən öyrənin. Kursa yazılın ya da YouTube-dan öyrənin. Mühasibin iki ən vacib silahı var: 1C və Excel.

– Mühasibatlığa dair baza biliklərinə sahib olun. Məsələn, hansı vergi növləri var, faiz dərəcələri nə qədərdir, ödəniş tarixləri nə vaxtdır, e-taxes.gov.az saytıyla necə işləmək lazımdır, asan imza nədir, necə istifadə olunur, elektron qaimə nədir, Vergi Hesab Fakturası nə üçün vacibdir, onları 1C proqramına necə işləmək lazımdır? Bunların hamısını işləmədən də öyrənmək olar, dost-tanışın və ya araşdırmaların köməyi ilə.

– Dil biliyiniz olsun, ən azı rus dili və ya ingilis dilini yaxşı bilməlisiniz. Əgər hələ tələbəsinizsə vaxtkən özünüzə edə biləcəyiniz ən böyük yaxşılığı edin: ingilis və ya rus dilini yaxşı öyrənin.

DAİM AXTARIŞDA OLUN!

Kurslara gedib bu biliklərə sahiblənməklə yanaşı daim, təkrar edirəm, DAİM CV-lər göndərin. Bankların siyahısını tutun hər birinə CV verin, xarici şirkətləri araşdırın, tələblərini öyrənin CV göndərin. Cavab gəlmir, zəng etmirlər ya da müsahibədən keçə bilmirsiniz deyə üzülmək mənasızdır. Evdə oturub kədərlənməklə heç kim sizi kəşf etməyəcək, sizə iş verməyəcəklər.

Vakansiya saytlarını daim açıq saxlayın, mühasib vakansiyası görən kimi dərhal CV-nizi göndərin. Bank ofislərinə, şirkətlərə yaxınlaşıb CV-nizi əlbəəl verin.

Mühasibatlıq ən çox tələb olunan sahədir!

Mühasibatlıq sahəsində iş axtardığım müddətdə baxdığım vakansiyalar arasında ən çox tələb olunan ilk 5 işdən biri mühasibatlıq idi.

MÜSAHİBƏYƏ HAZIRLAŞIN!

Sıfır təcrübə

Görüş zamanı sizin işəgötürənə hansı təsiri bağışlamanız çox mühüm rol oynayır. Danışığınız, özünüzü ifadə etmək bacarığınız, pozitivliyiniz, özündən əminliyiniz çox əhəmiyyətlidir. Çalışın rəsmi geyinəsiniz, səliqəli görünüşünüz olsun. Nə çox özünüzdən razı nə də utancaq olun. Özündən, öz bacarıqlarından, öhdəsinə qoyulan işi bacaracağına əmin olan bir insan kimi davranın. Hiss etdirin ki, siz hal-hazırda tələb olunan təcrübəniz olmasa belə öz ciddiyətiniz, çalışqanlığınızla verilən işin öhdəsindən müvəffəqiyyətlə gələcəksiniz.

İnternetdə araşdırma edin. Orada müsahibədə verilən suallar və onlara necə cavab vermək haqqında araşdırma edin. İngiliscə, türkcə çox zəngin informasiyalar var.

Yuxarıda qeyd olunan məsələlərə sahib olsanız ― hansı ki, o qədər də mürəkkəb deyildir ― əminliklə deyə bilərəm ki, çox asanlıqla özünüzə uyğun bir iş tapa bilərsiniz.

Son olaraq isə, nə olursa olsun özünüzə inanın. İnam uğurun yarısıdır. Unutmayın ki, siz bu həyatdakı ən dəyərli insansınız. Gec-tez haradasa, sizə layiq şəkildə iş tapacağsınız. Heç nədən narahat olmadan yavaş-yavaş sizi məqsədinizə aparacaq şeyləri özünüzə aşılayın! Uğurlar hər birinizə!

Müəllif: Turan Abdullayev


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Əmlak vergisi üzrə maliyyə sanksiyaları

posted in: Xəbər | 0

Maliyyə sanksiyası

Maliyyə sanksiyaları vergi hüquqpozmasına görə məsuliyyət tədbiridir və pul şəklində tətbiq edilir. Vergi orqanları tərəfindən qanunvericiliyinin pozulması zamanı vergi ödəyicilərinə tətbiq edilən maliyyə sanksiyaları, habelə faizlərin hesablanması və ödənilməsi qaydası Azərbaycan Respublikasının Vergi Məcəlləsinin ümumi hissəsində, Məcəllənin beşinci fəslində verilib. Əmlak vergisi üzrə maliyyə sanksiyaları ayrıca şərh edilmir, çünki bu qaydalar ayrı-ayrı vergi növləri üçün nəzərdə tutulmayıb, ümumidir, hər biri üçün eyni formada mahiyyəti üzrə tətbiq edilir. Əmlak vergisi üzrə maliyyə sanksiyasının hesablanması və tətbiq edilməsi, digər vergi növlərində olduğu kimi, yoxlama nəticəsində müəyyən edilmiş vergi qanunvericiliyinin pozulması faktları üzrə vergi orqanları tərəfindən həyata keçirilir.

Əmlak vergisi üzrə maliyyə sanksiyaları tətbiq edilən halları şərti olaraq aşağıdakı qruplara bölmək olar:

  • vergi bəyannaməsinin təqdim edilməməsi;
  • əmlak vergisinin ödənilməməsi və ya vaxtında ödənilməməsi;
  • əmlak vergisinin aşağı göstərilməsi;
  • təqdim edilmiş vergi bəyannaməsində hesabi və ya metodik səhvlərin müəyyən edilməsi.

Əslində bu bölgü digər vergi növlərinə də aiddir.

Vergi bəyannaməsinin təqdim edilməməsinə görə sanksiya

Maliyyə sanksiyalarının bu növünə rast gəlməmək üçün hesabatları vaxtında vermək lazımdır. Bəzi əmlak vergisi ödəyiciləri vergini özləri hesablamır, vergi orqanlarına hesabat təqdim etmir. Odur ki, bəyannamənin təqdim edilmə vaxtı onlar üçün maraqlı deyil.

Müəssisələr və fərdi sahibkarlar balanslarında olan əsas vəsaitlər üçün əmlak vergisi bəyannaməsini illik, hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmamaqla təqdim edirlər. Əgər son təqdim edilmə tarixi istirahət yaxud bayram gününə düşərsə, hesabatın təqdim edilmə günü növbəti iş günü hesab olunur.

Əmlak vergisi hesabatları vaxtında təqdim edilmədikdə 40 manat maliyyə sanksiyası tətbiq edilir.

Əmlak vergisinin ödənilməməsi və ya vaxtında ödənilməməsi

Binalara, su və hava nəqliyyatı vasitələrinə görə əmlak vergisinin ödənilməsi bələdiyyələrin tədiyyə ödənişi əsasında ildə iki dəfə bərabər hissələrlə avqustun 15-dək və noyabrın 15-dək ödənilir. 

Müəssisələr və fərdi sahibkarlar əmlak vergisini cari vergi ödəmələri formasında, hər rübün ikinci ayının 15-dən gec olmamaqla ödəyir.

İllik bəyannamələr üzrə vergilər cari vergi ödəmələri nəzərə alınmaqla əmlak vergisi bəyannaməsinin təqdim edilməsi üçün müəyyən edilən tarixədək ödənir.

Ödənilməli cari vergi məbləğləri müəyyən olunmuş müddətdə ödənilmədikdə, hər gecikmiş gün üçün faiz tutulur (VM, maddə 59).

Bütün hallarda ödəməmə həm ödənişin tam icra olunmaması, həm də vergi məbləğinin müddətləri pozmadan, amma natamam ödənilməsi hesab edilir.

Düzgün sənədləşdirilməyən əsas vəsaitlərə görə sanksiyalar

Düzdür, bu hal birbaşa əmlak vergisi ilə bağlı deyil, amma əmlak vergisinin vergitutma bazasına (əsas vəsaitlərə) tətbiq edildiyindən maraq doğurur. Bu barədə taxes.gov.az saytında verilmiş sual-cavabı diqqətinizə çatdırırıq.

Sual: Vergi ödəyicisinin sahibliyində və istifadəsində olan əsas vəsaitlərin Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada sənədləşdirilmədən alınmasına görə vergi ödəyicisinə maliyyə sanksiyaları tətbiq edilirmi?

Cavab: Bildiririk ki, vergi ödəyicisinin sahibliyində və istifadəsində olan əsas vəsaitlərin Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada sənədləşdirilmədən alınması və ya mədaxil edilməsinə görə Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə uyğun olaraq maliyyə sanksiyası tətbiq edilir.

Belə ki, Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinin müddəalarına əsasən malların alışını və ya mədaxilini təsdiq edən müvafiq sənədlər olmadıqda həmin malların alıcısı olan vergi ödəyicisinə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir..

Əmlak vergisinin aşağı göstərilməsi

Əgər vergi ödəyicisi bəyannamədə əmlak vergisini az göstərmişsə, yaxud hesabat təqdim etmədən yayındırmışa, ona büdcəyə çatmayan vergi məbləğinin 50%-i miqdarında əmlak vergisi üzrə maliyyə sanksiyası tətbiq olunur (kameral yoxlama zamanı hesablanan əlavə məbləğ istisnadır) (VM, maddə 58.1).

Maliyyə sanksiyasına əlavə olaraq yoxlama zamanı aşkar edilmiş əlavə vergi öhdəliyinə Məcəllə ilə müəyyən edilmiş ödəniş müddəti başa çatdıqdan sonra cərimə də hesablanır.

Əgər əmlak vergisi ödəyicisinin büdcəyə borcu varsa, o zaman ödəmə məbləğindən ilk növbədə vergi borcu, sonra maliyyə sanksiyaları, sonda isə cərimə ödənilir.

Azaldılmış vergi məbləğinə görə digər vergi növləri üzrə maliyyə sanksiyalarının tətbiqinə nümunələr burada verilib.  


Superkompüterlər nəyi hesablayırlar?

posted in: Xəbər | 0

SuperkompüterYaponiyada dünyanın ən güclü superkompüteri “Fujitsu” tam gücü ilə işə salınıb. Onun qurulmasına 2014-cü ildə başlanılıb, 2020-ci ildə isə bu işlər başa çatıb. Elə həmin vaxt o, dünyada ən güclü hesablama sistemləri reytinqində – Top500 – liderlik edir.

Güman edilir ki, “Fujitsu” ilk növbədə koronavirusun yayılması ilə bağlı vəziyyəti modelləşdirmək üçün istifadə olunacaq. Superkompüter genişmiqyaslı məlumatları emal etməlidir: virusun maska vasitəsilə nüfuz etməsi ehtimalı, bu və ya digər məhdudlaşdırıcı tədbirlərin təsiri, covid-dissidentlərin və pandemiyaya təsir göstərən təhlükə səviyyəsini anlayaraq, mənzildən çıxmaq məcburiyyətində qalanların internet məlumatlarının təhlili vasitəsilə aşkarlanması və digər amillər.

Yüksək məhsuldarlıqlı hesablamalardan çox mürəkkəb alqoitmləri tətbiq etməklə, böyük həcmli məlumatların emal olunmasında istifadə olunur. Adi kompüterlə bu cür tapşırıqların öhdəsindən gəlmək üçün həftələr və hətta illər lazım gəlir.

Superkompüter texnologiyalarının müsbət effekt verməyəcəyi təsərrüfat sahələri demək olar ki, yoxdur. Onlarsız bizim günlərdə nə tibb, nə energetika, nə də aviakosmik sahə inkişaf edə bilər. Superkompüterlərdən milli təhlükəsizliyin təmin edilməsi məqsədilə müdafiə sahəsində də istifadə olunur, buna görə də onlara qənaət etmək olmaz.

Tətbiqi.

Birincisi, bu yeni texnikanın yaradılmasıdır. Rusiyada vertolyot pərlərinin hesablamasını həyata keçirən proqramlar var. Onlar səsin generasiyasını, hava burulğanının pozulmasını, qaldırıcı qüvvəni hesablayırlar. Proqramlar var, amma, hesablama gücləri çatışmır. Superkompüter texnologiyalarının tətbiqi yeni texnika nümunələrinin ortaya çıxmasını 2-2,5 dəfə sürətləndirir.

İkincisi, yüksək məhsuldarlıqlı hesablamalar neft hasilatını 2-3% artırmağa kömək edir.

Üçüncüsü, onlar fəlakətləri və fövqəladə vəziyyətləri əvvəlcədən proqnozlaşdırmaqda, riskləri qiymətləndirməkdə kömək edir. Bu isə tez reaksiya verməyə və düzgün qərarlar qəbul etməyə yardım edir.

Riyazi modelləşdirmə olmadan, atom sənayesinin inkişafı artıq mümkün deyil, çünki bu, əsasən mürəkkəb hesablamalara əsaslanır. Daha nələri demək olar: riyazi hesablamalar rəqəmsal iqtisadiyyatın bir hissəsinə çevrilir. Superkompüterlərin köməyi ilə biz müxtəlif prosesləri modelləşdirə bilərik: məsələn, böyük bir ölkədə nəqliyyat axınlarının ən yaxşı şəkildə təşkili. Hətta hər bir vətəndaşın optimal menyusunu seçməklə, onları qidalandırmağa qədər!

Bu, müasir nutrisiologiyanın – qidalanma elminin vəzifələrindən biridir. Obyektiv qiymətləndirməni çıxarmaq üçün bir çox amillər nəzərə alınmalıdır: yaş, cins, gəlir səviyyəsi, fiziki aktivlik, yaşayış bölgəsi, milli xüsusiyyətlər, xroniki xəstəliklər və s. Bütün bunlar hesablama sisteminə qoyulur və o, ölkənin hər bir vətəndaşı üçün bir il əvvəldən optimal qidalanma üzrə tövsiyələr verəcəkdir. Bu hesablamalar dietoloq-mütəxəssislərə təkcə ən səmərəli menyunu tərtib etməyə kömək etmir, həm də sənaye və kənd təsərrüfatı üçün sorğu da hazırlayır: nəyi və hansı həcmdə istehsal etmək lazımdır. Beləliklə, bu sahələr də faydalanacaqdır.

Tibb sahəsində də geniş tətbiq olunur. Buraya infeksiyaların yayılmasının proqnozlaşdırılması və yeni dərmanların modelləşdirilməsi daxildir. Superkompüter molekulların milyonlarla variantını nəzərdən keçirir və onun əsasında ən effektiv birini seçir və dərmanı hazırlayırlar.

Gec və ya tez superkompüter texnologiyaları zəlzələləri yüksək dəqiqliklə proqnozlaşdıra biləcək. Hətta gələcək seysmik hadisənin konkret yeri və vaxtına qədər bilmək olacaq. Digər bir tətbiq sahəsi iqlim proseslərinin modelləşdirilməsidir. Burada əsas komponentlər atmosfer və okeandır. Onların dinamikası çox mürəkkəb tənliklərlə təsvir olunur, lakin, superkompüter onları emal etmək və neçə illərdən sonra planetdəki iqlimin  necə olacağını proqnozlaşdırmağa qadirdir.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 978 979 980 981 982 983 984 2. 693